№ 31
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596 (Cild I); 2024, № 3, maddə 335, № 9, maddə 1067; 2025, № 5, maddə 507, № 9, maddə 870) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissədə “hesablanması və ödənilməsi haqqında Əsasnamə” sözləri “təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissədə “Əsasnamənin” sözü “Qaydanın” sözü ilə əvəz edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir.
3. Bu Qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) ödənişinin bu Qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 30 ” “ yanvar ” 2026-cı il