20 Aprel 2024 08:55
209
İQTİSADİYYAT
A- A+

Kapital sabitlik və sakitlik sevir

 

3 ay ərzində ölkə üzrə əsas kapitala 3,8 milyard manat vəsait qoyulub

 

Qlobal səviyyədə baş verən məlum səbəblərdən dünya iqtisadiyyatı əziyyət çəkməkdə davam edir. Ölkələrin bir-birilərinə tətbiq etdikləri sanksiyalar ticarət əlaqələrinə mənfi təsir göstərməklə yanaşı, investisiya qoyuluşunu da azaldır. Necə deyərlər, əsl domino effektidir.
Prezident İlham Əliyevin uğurlu iqtisadi islahatlarının əsas hədəflərindən biri də iqtisadi dinamizmi qorumaq üçün investisiya qoyuluşunu təmin etməkdir. Xüsusən ölkəyə xarici investisiyaların cəlb olunması üçün müxtəlif stimullaşdırıcı tədbirlərin görülməsi dövlət başçısının diqqət mərkəzindədir. Yeri gəlmişkən qeyd edək ki, bu istiqamətdə atılan addımlar, aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dəfələrlə Dünya Bankı, Davos Dünya İqtisadi Forumu və digər beynəlxalq reytinq qurumları tərəfindən Azərbaycandakı mövcud durum yüksək qiymətləndirilib. Növbəti belə bir açıqlama Beynəlxalq Valyuta Fondu tərəfindən bəyan edilib. Belə ki, fondun 2024-cü ilin hesabatına görə, Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkə elan ediləcək "Top-7"yə daxil olub. Sözsüz ki, fondun apardığı araşdırmaların nəticəsi olaraq ölkəmizə belə bir yüksək qiymət verilib. Son dövrlər dövlət tərəfindən xarici investisiyaların qorunması, təşviqi və yabançı sahibkarlara qeyri-neft sektoruna sərmayə qoyuluşunda edilən güzəştlər Beynəlxalq Valyuta Fondunun diqqətindən yayınmayıb və nəticədə qurum öz yüksək qiymətini verib.
Son rəqəmlərə gəldikdə, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 809,2 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox investisiya yönəldilmişdir. Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyanın həcmi 2,7, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artmışdır. Ümumi sərmayənin 2 milyard 122,6 milyon manatı məhsul istehsalı, 1 milyard 453,1 milyon manatı xidmət sahələrinin, 233,5 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.
Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, kapital qoyuluşunda dövlətin payı yüksəkdir. Bu da təbii ki, dünyada baş verən proseslərlə bağlıdır. Qlobal səviyyədə baş verən siyasi və hərbi qarşıdurma, Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələri, indi də İran-İsrail arasında baş verən hərbi qarşıdurma beynəlxalq səviyyədə investisiya qoyuluşuna mənfi təsir göstərir. Dünyanın iri sərmayədarları bu üzdən baş verən proseslərin nə ilə bitəcəyini gözləyir. Belə çətin şəraitdə hökumətin milli iqtisadiyyatın inkişaf tempini qorumaq üçün dövlət vəsaiti hesabına investisiya qoyuluşunu davam etdirmək barədə qərar verməsi doğru yoldur. Bununla ölkə iqtisadiyyatında inkişaf dinamikası qorunub saxlanılır.
Beləliklə, hesabat dövründə ümumi sərmayənin 54,6 faizi dövlət, 45,4 faizi qeyri-dövlət sektorları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 70,4 faizinin tikinti-quraşdırma işlərinə sərf edilməsi isə işğaldan azad olunan ərazilərdə aparılan nəhəng bərpa-quruculuq işləri ilə bağlıdır. Onu da nəzərə çatdıraq ki, 3 ay ərzində daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların dəyəri ümumi sərmayənin 79,4 faizini təşkil etmişdir. Bu dövr əsas kapitala yönəldilən investisiyalarda müəssisə və təşkilatların vəsaitləri 1 milyard 924,1 milyon, büdcə vəsaitləri 1 milyard 475,6 milyon, digər maliyyə mənbələri isə 409,5 milyon manat olmuşdur.
Azərbaycandakı mövcud münbit investisiya mühiti və ölkəmizə olan inam sayəsində xarici sərmayə qoyuluşu da davam edir. Cari ilin ilk 3 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən investisiyanın həcmi 756,1 milyon manat təşkil etmişdir. Bu sərmayənin 96,4 faizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olmuşdur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video