İran Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, Tehranın raket imkanları İsveçrədə ABŞ ilə danışıqlarda müzakirə olunmayıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin İrana qarşı ABŞ-İsrail müharibəsi zamanı hədəfə alınan nüvə obyektlərinə baş çəkməsinə icazə verilməyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın raket proqramı ilə bağlı məsələsinin heç vaxt Vaşinqtonla danışıqlara daxil edilmədiyini bildirib.
İran mediasının məlumatına görə, Bəqai mətbuat konfransında deyib: “İranın raket imkanları ABŞ ilə danışıqların bir hissəsi deyildi”. O, həmçinin bildirib ki, Tehran AEBA müfəttişlərinin ABŞ və İsrail tərəfindən hücuma məruz qalan nüvə obyektlərinə girişinə icazə vermək niyyətində deyil.
Bəqai əlavə edib: “Biz AEBA müfəttişlərinin münaqişə zamanı hədəfə alınan nüvə obyektlərinə baş çəkməsinə icazə vermək niyyətində deyilik. O, həmçinin İsveçrədə AEBA-nın baş direktoru Rafael Qrossi ilə təmasları barədə məlumatları təkzib edib: “Biz İsveçrədə AEBA-nın baş direktoru ilə heç bir görüş keçirməmişik və bombalanan nüvə obyektlərimizin yoxlanılması üçün planımız yoxdur”.
XİN sözçüsü vurğulayıb ki, İran Vaşinqtonla davam edən anlaşmalar çərçivəsində sərbəst buraxılan vəsaitlərin istifadəsində heç bir məhdudiyyətlə qarşılaşmayacaq: “Biz sərbəst buraxılacaq dondurulmuş aktivlərimizdən istifadə etməkdə sərbəstik və onlara heç bir məhdudiyyət yoxdur”.
Bu arada, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, hökumətin prioriteti İran xalqının hüquqlarını qorumaq, regional sülh və təhlükəsizliyi təşviq etməkdir
“Mehr” xəbər agentliyi onun sözlərini sitat gətirib: “Biz ABŞ ilə imzalanmış müddəaların beynəlxalq hüquq və İran xalqının hüquqları çərçivəsində tam şəkildə həyata keçirilməsini istəyirik. Əgər buna nail olunarsa, regionun bir çox problemi azalacaq və təcavüzlər məhdudlaşdırılacaq”.