İordaniyanın “Petra” dövlət informasiya agentliyi, “Jordan Daily”, “əl-Ray” və “əl-Ənbat” qəzetləri, eləcə də “royanews”, “əl-Bələd”, “Nayrouz”, “nbnjo.com”, “əl-Ənbat” və “Johinanews.com” xəbər portalları Azərbaycanın bu ölkədəki səfirliyinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanatını geniş şəkildə işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərində dinc və silahsız əhaliyə qarşı törətdiyi kütləvi qırğının Azərbaycan xalqının müasir tarixində ən faciəli, eyni zamanda, milli azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən hadisələrdən biri olduğu vurğulanıb. Bu qanlı hadisənin Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq məqsədi daşımasına baxmayaraq, əks nəticə verdiyi, xalqın birliyini və müstəqillik əzmini daha da gücləndirdiyi xüsusi olaraq diqqətə çatdırılıb.
Bəyanatı şərh edən səfir Şahin Abdullayev 20 Yanvar hadisəsinin Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu, bu faciənin ölkənin 1991-ci ildə müstəqilliyini bərpa etməsinə aparan yolun əsas mərhələlərindən birini təşkil etdiyini vurğulayıb. Bildirilib ki, hər il yanvarın 20-də Azərbaycan xalqı şəhidlərin xatirəsini dərin ehtiramla yad edir və bu tarix ölkədə milli hüzn günü kimi qeyd olunur.
Dərc olunmuş materiallarda, həmçinin Azərbaycanın müstəqillik dövründə üzləşdiyi mürəkkəb siyasi sınaqlardan, o cümlədən Ermənistanın uzun illər davam edən işğal siyasətindən bəhs edilib, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdiyi vurğulanıb, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkə ərazisi üzərində tam suverenliyin təmin edildiyi bildirilib.
Bəyanatda 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin razılaşdırılmış mətninin paraflanması barədə fikirlərə yer verilib, bu addımın Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün mühüm mərhələ olduğu qeyd edilib.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastruktur layihələri, yaşıl enerji təşəbbüsləri və regionun sosial-iqtisadi inkişaf perspektivləri barədə geniş məlumat verilib.
Mətbuatda İordaniya-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi xüsusi qeyd edilib.