İnsanın Həyata
və Ölümə münasibəti sözsüz ki, dünyəvi məzmun daşıyır. Onu həm də ümumbəşəri mədəniyyətdən
kənarda təsəvvür etmək olmaz. Həkim və tibb işçisi üçün isə onun peşə əxlaqı və
dəyəri ən vacib şərtlərdəndir. Bu mənada Həyata və Ölümə münasibət prosesində tibbin
maraqları fəlsəfənin, hüququn, dinin, ədəbiyyatın və incəsənətin maraqları ilə üst-üstə
düşür. Bütün hallarda tibb üçün bu məsələ xüsusi problemlidir, yəni burada reallıq və təcrübə mühüm rol oynayır,
çünki həkim müxtəlif vəziyyətlərdə daim o problemlə - "olum ya ölüm”lə üzləşir.
Məlumdur ki,
hələ qədim zamanlardan təbabətlə məşğul olan həkim üçün ali etik norma müəyyən edilmişdi:
"Non nocere!”, yəni zərər vurma! Daha dəqiq desək, pasiyentin həyatına, sağlamlığına,
dincliyinə zərər vurma! Xəstənin həyatına və şəxsiyyətinə ehtiram göstərmək həkimlik
etikasının ana xəttidir, Hippokratdan ta bu günə kimi qüvvədədir və öz mahiyyətini
də itirməyib. O zamandan tibbdə insan həyatı və onun sağlamlığı problemi həyatın
əsas etik normasına dönüb.
Əlbəttə, zaman-zaman həkimlik peşəsiylə bağlı, təbabətlə
həyatın mənəvi-əxlaqi mənası və münasibətlərinə dair müxtəlif filosofların müxtəlif
baxışları və konsepsiyaları olub və bu gün də mövcuddur. Bulqakovun, Dostoyevskinin,
Bekonun, Frankın, Fyodorovun və onlarca zəka sahiblərinin Hippokrat andından qaynaqlanan
etik normalarının əsas məğzini elə insan sağlamlığı təşkil edib. Bütün bu ümumi
baxışlar məcmuəsindən savayı, bir də var canlı etika, yəni kökü qədim hind sivilizasiyasının
buddist ideyaları ilə mayalanan etika. Bu təlimə görə, bizim planetimiz Od dövrünə
qədəm basıb. Burada psixi enerjinin rolu getdikcə çoxalır və o da təbiətin mənəvi
yeniləşməsini ehtiva edir. "Canlı etika” həm də həmrəylik deməkdir, birlik simvoludur,
humanistlik, mərhəmət, şəfqət, ədalət kimi fəzilətləri özündə cəm edir. Bu gün belə
etik-fəlsəfi dəyərləri özündə birləşdirən baxışlar çoxdur, onları da birləşdirən
bir ümumi xətt var: ən qiymətli dəyər HƏYATdır.
Lakin mən
bu gün dünyanın belə bir ağır durumunda, xüsusilə ən qiymətli dəyər olan insan həyatına
qəflətən və amansızcasına hücum edən naməlum bir düşmənin - koronavirus pandemiyasının,
COVID-19 virusunun sürətlə yayıldığı və ölkəmizi də qismən bürüdüyü bir zamanda
bizim qəhrəman səhiyyə işçilərinin vəzifə borcları ilə yanaşı, vicdanlı və məsuliyyətli
əməyi barədə söz açmaq istəyirəm.
Səhiyyə sistemi
təkcə həkimlərdən ibarət deyil, həkimlər bu sistemin çox cüzi faizini təşkil edir.
Burada minlərlə personal çalışır - tibb işçiləri, yuxarı və orta menecment, texniki
personallar, əczaçılar, təchizatçılar... Səmimi deyirəm: bu gün əsas yük, güc və
enerji də onların üzərinə düşür. Həkim-xəstə münasibətləri, həkim-personal münasibətləri,
personal-menecment münasibətləri, xarici və daxili əlaqələr və tənzimləmələr - bütün
bunlar nəhəng bir səhiyyə sisteminin normal işləməsi üçün lazım olan ən mühüm idarəetmə
prosesləridir. Belə bir ağır durumda bu işlərin öhdəsindən bacarıqla gəlmək, sözün
əsl mənasında, qəhrəmanlıqdır. Çöldən hər şey asan görünə bilər, amma mənə inanın
- bu, görünən kimi deyil...
Sadəcə tibbi
baxımdan həkimin vəzifə borcunu yerinə yetirməsində Hippokrat andı kimi etik dəyərdən
yox, bütövlükdə tibb və səhiyyə işçilərimizin öz işlərinə vicdanla yanaşmasını,
məsuliyyətlərini və öhdəliklərini daha mükəmməl bir şəkildə icra etdiklərini vurğulamaq
istərdim. Bəs, bunlar hansı meyarlarla ölçülür? Onları necə müəyyən etmək olar?
Quru statistik rəqəmləri misal gətirmək istəmirəm, bunlar sizə məlumdur. Sadəcə,
səhiyyə işçilərimizin bu günlər görünməyən, daha doğrusu, ictimaiyyətə məlum olmayan
ağır və şərəfli əmək fəaliyyətini dilə gətirmək istəyirəm. Bayaq vicdan məsələsini
elə - belə qeyd etmədim. Əvvəla, yaxşı həkimin, tibb işçisinin vicdanlı olmağının
bəhrəsi ruhi sakitlikdir. Və düşünürəm ki, bu təyin təkcə həkimə yox, bütün bəşər
övladına aid ola bilər: bir anlıq düşünün, ruhən özünü arxayın və əmin hiss edən
adam vicdanı qarşısında necə ola bilər? Əlbəttə,
bu məsələdə həkimlik sənəti üçün bir çox başqa amillər də tələb olunur: həkimin,
ya bir tibb işçisinin, ya da elə orta səhiyyə işçisinin dürüstlüyü, mədəniyyəti
və intellektual təfəkkürü olmalıdır ki, ona etibar eləsinlər, inansınlar. Yalnız
bundan sonra onun nə dərəcədə həkimlik, yaxud tibb işçisi kimi vəzifə borcunu yerinə
yetirərkən əxlaq prinsiplərinə necə riayət etməsindən danışmaq olar. Onun vicdanı
qarşısında məsuliyyəti həm də bununla müəyyən edilir ki, peşəkarlığı hansı səviyyədədir,
ona inanırlarmı, etibar edirlərmi?
Vicdan və
ləyaqət məsələsi təkcə həkimin, yaxud səhiyyə işçisinin özündən asılı deyil, həm
də çox vaxt dövlətin ona yaratmış olduğu şəraitdən asılı olur. Gəlin görək son illər
dövlətimiz səhiyyə üçün, səhiyyə işçilərimiz üçün nələr edib? Fəxarət hissiylə bildirirəm:
dövlət başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə səhiyyə sahəsində aparılan
islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Ümumdünya
Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən tədbirlərdə bu dəyərləndirmələr
dəfələrlə səslənib və deyilib. Səhiyyəmizdə aparılan uğurlu islahatlar nəticəsində
tibb müəssisələrinin maddi texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə
səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin,
o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların
inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi modern avadanlıqlarla
təmin edilib. Bu sahədə inkişaf istər yeni tibb ocaqlarının inşasında, istər mövcud
xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir
avadanlıqla təchiz edilməsində özünü daha qabarıq göstərir. Bütün bunlar sübut edir
ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində
icra olunan layihələri dövlət başçısı daim nəzarətdə saxlayır. Bu layihələr eyni
zamanda vətəndaşımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması
ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. Onu da əlavə edim ki,
səhiyyə işçilərimizin həyat və məişət şəraiti də xeyli yaxşılaşıb, bu sahədə də
yeni-yeni addımlar atılmaqdadır.
Koronavirus
(COVID-19) pandemiyasının yaratdığı kəskin dalğalanmalar, bizim ölkənin iqtisadiyyatına,
iş ahənginə, eləcə də bütün sahələrə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra
tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam və göstərişləri,
habelə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gündəlik diqqət
və qayğısı ilə bütün səhiyyə sisteminin səfərbər olunması bu bəladan bizim çox az
zərərlə çıxacağımıza böyük inam yaradır.
Koronavirus
pandemiyası başlayandan bu günə qədər dövlətimiz çox böyük tədbirlər həyata keçirib.
Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu yaxınlarda
Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli
xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirilən qiymətli fikirlər
biz həkimləri də səfərbər edərək daha məsuliyyətli olmağa, eyni zamanda pandemiyaya
qarşı mübarizədə qayda və qanunlara əməl etməyə çağırır.
Xalqımız dünyanı
çənginə alan pandemiya dövründə bir daha əmin oldu ki, dövlət başçısı İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva üçün insanların sağlamlığı birmənalı qaydada tərəddüdsüz
həmişə birinci yerdə olub. Cənab Prezident bir daha bəyan etdi ki, "şəxsən mənim
üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub,
o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza
mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Bizim əsas vəzifəmiz
insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki,
itkilərimiz də olub, amma bəzi ölkələrlə
müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş
siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə
nəticə də olur”.
Bəli, cənab
Prezidentin və hörmətli Birinci vitse-prezidentin xalq naminə atdıqları səmərəli
addımlar nəticəsində COVID-19 virusuna qarşı önləyici tədbirlər həyata keçirilir,
koronavirusla mübarizənin bazası gücləndirilir.
Beynəlxalq aləmdə də Azərbaycanın koronavirusla bağlı mübarizə metodları
təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi
ölkə adlandırıb, özü də bir neçə dəfə.
Bunu da qeyd
etməyi özümə borc bilirəm: dövlət başçısı fədakar peşə sahibləri olan həkimlərimizin
əməyini də yüksək qiymətləndirir. Pandemiya ilə mübarizədə həkimlər ön xətdədir
və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın
sağlamlığı üçün çalışırlar. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək
istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən
də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını
risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər, çox ağır şəraitdə
xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər.
Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, səhiyyə
işçilərimizin fədakarlığı hesabınadır. Bizdə
yoluxanların sayı da o biri ölkələrə nisbətən çox azdır, çünki bizdəki yanaşma əvvəldən ən düzgün, ən humanist
yanaşma oldu.
Buna görə
də vətəndaşlarımıza bir daha müraciət etmək istəyirəm ki, pandemiyaya qarşı mübarizədə qayda və qanunlara əməl etsinlər, sağlamlıqlarını
qorusunlar. Məsuliyyətli, nizam-intizamlı
olsunlar. Xüsusi karantin rejimini pozmasınlar, vətəndaş həmrəyliyi göstərsinlər.
Bu günlər hər bir vətəndaşımızın bunu dərk etməsi vacibdir. Bir məsuliyyətsiz adam
yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına atmış olar. Axı,
bizim həkimlərimiz və tibb işçilərimizin həyatı da risk altındadır. Mən onların
bu qorxulu xəstəliklə mübarizədə necə fədakarlıq nümayiş etdirdiklərinin də şahidiyəm.
Orta tibb personalının, tibb bacılarının qısa müddət ərzində modern tibb ləvazimatlarından
və cihazlarından istifadə etmək bacarıqları, heç nəyə baxmadan gecə-gündüz COVID-19
virusuna yoluxmuş vətəndaşlarımızın xidmətində durmaları, minlərlə riskli və ya
yoluxmuş pasiyentin test yoxlamalarını aparmaları, laborator analizləri vaxtında
və dəqiq yerinə yetirmələri sadəcə məndə heyrət doğurur! Mən onların bu vətənpərvərliyi
və fədakarlığı qarşısında baş əyirəm.
Həkimin rolu
ilk növbədə insanın həyat və sağlamlığı ilə əlaqədardır. Onun vəzifə borcundan savayı,
vicdanı da, məsuliyyət hissi də məhz pasiyentə münasibətdə özünü büruzə verir, bütövlükdə
isə səhiyyə işçilərinin həm öz həmkarlarına, həm də cəmiyyətə münasibətlərində özünü
göstərir.
Fürsətdən
istifadə edib bayram günündə bütün səhiyyə işçilərimizi təbrik edir, onlara son
dərəcə ağır və yorulmaz fəaliyyətlərində dözüm, səbir və möhkəm iradə arzulayırıq!
Rəşad MAHMUDOV,
Milli Məclisin deputatı