Pakistan onları bir həmlədə məhv etdi
Sözdə sülh tərəfdarı olduğunu deyən Ermənistanın geniş silahlanma prosesi həyata keçirməsi və hərbi eskalasiyanı artırması diqqət çəkir. Təcavüzkar ölkənin silahlandırılmasında isə Azərbaycana qarşı qərəzli mövqedə dayanan Fransa və Hindistan xüsusilə fərqlənir.
Yayılan məlumatlara əsasən, son iki ildə Ermənistan Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Keçən ilin sonunda Hindistan Ermənistana ilk "Akash" zenit-raket komplekslərini göndərib. Ümumiyyətlə, Ermənistan 2022-ci ildə Hindistanla 15 "Akash" raket sistemi almaq üçün 60 milyard rupi (təxminən 710 milyon dollar) dəyərində müqavilə imzalayıb və bu silahı alan ilk xarici ölkə olub.
Fransadan isə Ermənistana müasir "CAESAR 155" mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və "hava-hava" tipli raketlər tədarük edilib. Bundan əlavə, Ermənistan ordusu R511 və R530 "hava-hava" raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 ("bunkerfaust") qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri əldə edib. Həmçinin Ermənistan silahlı qüvvələrinə Fransanın Apilas tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi tədarük olunub.
Bu günlərdə isə Hindistanın Ermənistana "Akaşh" hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcəyi haqda xəbərlər yayılıb.
"Düşməni böyrü üstə qoyduq"
Hindistan və Fransanın əli ilə sürətlə silahlandırılan Ermənistanın müharibə eyforiyasına qapılması məlumdur. Son zamanlar təcavüzkar ölkə tərəfindən ərazilərimizin atəşə tutulmasına dair xəbərlərin intensivliyindən, yaxud sərhəddə erməni əsgərlərin hərbçilərimizi təxribata çəkmək üçün çirkin davranışlar sərgiləməsindən də bunu aydın görmək mümkündür.
2020-ci ildə 44 günlük müharibədə Ermənistanın ordusu darmadağın edildi, 11 mindən çox fərarisi oldu. İrəvanın Bakıya kapitulyasiya, yəni məğlubiyyət aktına imza atması sözün əsl mənasında Ermənistanın bir dövlət olaraq qurtuluşu oldu.
Mayın 10-da Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim edən zaman Prezident İlham Əliyev də vurğuladı ki, 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik.
Azərbaycanın təcavüzkara verdiyi ağır dərs bölgədə dayanıqlı sülh üçün də mühüm zəmin yaratdı. Ancaq ötən müddətdə Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınması və yenidən hərbi güc qazanmaq üçün vaxt uzatması da faktdır. İrəvan Bakının irəli sürdüyü və beynəlxalq hüquqa uyğun sülh şərtlərini də yerinə yetirmir. Konstitusiyasında dəyişiklik etmir, bununla Azərbaycana qarşı ərazi iddiasından vaz keçmədiyini göstərir. Həmçinin ATƏT-in keçmiş Minsk qrupunun ləğvi üçün ölkəmizlə birgə müraciət etməyə qol qoymur. Əvəzində sərhədlərimizə üçüncü ölkələrin hərbi qüvvələrini - Aİ-nin hərbi missiyasını yerləşdirir və geniş silahlanma prosesi həyata keçirir, revanşa hazırlaşır.
Ancaq Ermənistanın havadarlarına və onlardan aldığı köhnə-kürüş silahlara güvənərək müharibə iştahasına düşməsi gülüncdür.
Özünə umac ova bilmir, amma...
Yuxarıda vurğuladığımız kimi, Ermənistan ən çox Hindistan və Fransadan silah alır ki, bu ölkələrin silahlarının nə dərəcədə zəif və yararsız olduğunu elə bu yaxınlarda Hindistan və Pakistan arasında baş verən hərbi qarşıdurmada bütün dünya gördü. Hərbi eskalasiyanın elə ilk günündəcə Pakistan hava hücumundan müdafiə qüvvələri tərəfindən Hindistanın 5 qırıcı təyyarəsi məhv edildi. Məlumatlara görə, vurulan 5 təyyarədən 3-ü Fransa istehsalı olan "Rafale" təyyarəsidir.
Pakistanın əzici qələbəsi ilə yekunlaşan bu hərbi toqquşma həm də Hindistanın qürrələndiyi hərbi hava qüvvələrinin nə qədər zəif və döyüşdə aciz qaldığını göstərdi.
Hərbi gücü ilə dünyada ilklərdən olan Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Respublikamızla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq mövcuddur və iki qardaş ölkə mütəmadi birgə hərbi təlimlər keçirirlər.
Hindistanın təcavüzkar Ermənistana dəstək verməsi, onu silahlandırması isə Azərbaycana qarşı bu ölkənin qərəzindən irəli gəlir.
Pakistanla Hindistan arasında olan hərbi qarşıdurmada Hindistanın hərbi qüvvələrinin zərərsizləşdirilməsi onu göstərdi ki, Yeni-Dehli heç özünə umac ova bilmir, o da qala ki, Ermənistana əriştə kəssin...
Hələ iki il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi müsahibələrin birində əminliklə bəyan etmişdi ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.
Təbii ki, ötən müddətdə də ölkəmizdə ordu quruculuğu və müdafiə potensialımızla bağlı bütün məsələlər dövlətimizin prioriteti olub.
Bütün bunlardan o nəticə hasil olur ki, özünü müdafiə edə bilməyən, uğradığı biabırçı məğlubiyyətlə adını dünyada rüsvay edən Hindistanın İrəvana verdiyi zəif, köhnə silahlara güvənərək Azərbaycanla müharibəyə hazırlaşması Ermənistanın sonunu gətirəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"