25 Aprel 2024 08:40
173
İQTİSADİYYAT
A- A+

COP29 ərəfəsində "yaşıl külək"

 

Bu il Azərbaycanda 5 bərpaolunan enerji stansiyasının tikintisinə başlanacaq  

 

Azərbaycan  "yaşıl enerji" qarşısında yaşıl işıq yandırıb. Keçən ilin  oktyabr ayında  Bakıda istifadəyə verilən 230 meqavatlıq "Qaradağ" stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Növbəti bərpaolunan  enerji layihələri  reallaşmasının müxtəlif mərhələlərindədir. 
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası  Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan edilib.  Hazırda Cəbrayıl rayonunda inşa ediləcək "Şəfəq" stansiyasının tikinti işləri start ərəfəsindədir. Azərbaycanın cənub-qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda "Şəfəq" layihəsi çərçivəsində fotovoltaik (PV) günəş-elektrik stansiyasının yaradılması məqsədini daşıyan layihə üzrə işlər BP şirkəti tərəfindən aparılır. Stansiya təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan gücünə malik olacaq. 
Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgənin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çayların böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.
Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. Bütün bunlar deməyə əsas verir ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda "Şəfəq"lərin sayı çox olacaq.
Naxçıvan Muxtar Respublikasının ərazisi də "yaşıl enerji" məqsədinin həyata keçirilməsi üçün ideal imkanlara malikdir. Odur ki, burada 1500 MVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması hədəflənir. Prezident İlham Əliyev bu barədə Azərbaycanda və xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq tədbirlərdə də məlumat verib. Bu məsələ həmçinin dövlətimizin başçısının sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"nda öz əksini tapıb. 
"Qaradağ" Günəş-Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın "yaşıl enerji" zonası elan olunduğunu bir daha vurğuladı. Tədbirdən sonra isə dövlətimizin başçısının iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company- "Masdar" şirkəti arasında Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda günəş elektrik stansiyaları, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı investisiya müqavilələri imzalandı. Deməli, "yaşıl enerji" marafonu Bakıdan, Naxçıvandan, Qarabağdan, Şərqi Zəngəzurdan keçərək Azərbaycanın digər bölgələrinə də üz tutub.
Elə bu günlərdə  Azərbaycanın  energetika naziri Pərviz Şahbazov Nyu Yorkda BMT Baş Assambleyasının "Dayanıqlılıq Həftəsi" çərçivəsində "Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid" mövzusunda keçirilən sessiyada çıxış edərkən bildirib ki, cari ildə  ölkəmizdə ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.
Ümumiyyətlə, Azərbaycan hazırda "yaşıl enerji"yə keçidi sürətləndirən təşəbbüslərə liderlik edir, "Qlobal Metan Vədi"nə qoşulmaqla və "Enerji Effektivliyi Fondu"nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verir. Bərpaolunan enerji  dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında "təmiz ətraf mühit" və "yaşıl artım" prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini möhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycan beynəlxalq enerji şirkətləri ilə 28 QVt "yaşıl enerji", "yaşıl hidrogen" və "yaşıl ammonyak" layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq edir, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 33 faizə yüksəldəcək 2 QVt-lıq "yaşıl enerji" güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirir. Cari ildə 5 günəş-külək stansiyasının inşasına da   məhz  bu çərçivədə başlanacaq. Eyni zamanda ilkin mərhələdə 5 QVt "yaşıl elektrik", "yaşıl qaz"ların ixracı üçün "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", həmçinin Qazaxıstan və Özbəkistandan "yaşıl enerji"ni nəql edəcək "Azərbaycan-Mərkəzi Asiya-Avropa"   "yaşıl enerji" dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır. 
Azərbaycanın bərpaolunan enerjinin inkişafına BMT-nin "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi" kontekstində yanaşması ölkəmizdə "yaşıl enerji" zonalarının yaradılmasına daha da  təkan verib. Qeyd etdiyimiz kimi, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi bizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir. "Yaşıl enerji" sahəsində gördüyü  işlər və COP29-a evsahibliyi etməsi  dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə ölkəmizin layiqli töhfəsi olacaq və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaq. 
Şübhəsiz ki, Azərbaycanda keçiriləcək COP29 ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bərpaolunan enerjinin  səmərəliliyinin artırılması, xalis sıfır emissiyalı enerji sistemlərinin tətbiqinin sürətləndirilməsi  üçün imkanlar yaradan mühüm platforma olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video