Çinin elektrik avtomobil istehsalçısı “Xpeng” 2027-ci ilə qədər uçan avtomobillərin genişmiqyaslı istehsalına başlamağı və bu ilin dördüncü rübündə humanoid robotların kütləvi buraxılışına başlamağı planlaşdırır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, şirkətin prezidenti Brayan Qunun sözlərinə görə, “Xpeng” uçan avtomobillər üçün artıq 7000-dən çox sifariş alıb və bunların əksəriyyəti Çindəndir. Şirkət hazırda aviasiya tənzimləyicilərindən lazımi təsdiqləmə prosesindən keçir.
Qu, həmçinin Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı ilə əməkdaşlığın böyük potensialını qeyd edib. Mart ayında alman şirkəti “Xpeng” ilə birgə hazırlanmış ilk elektromobilin seriyalı istehsalına başlayıb.
Şirkət bu il Çinin cənubundakı Quançjou şəhərində robotaksi sınaqlarına başlamağı planlaşdırır. “Xpeng”in prezidenti 2027-ci ili tərəfdaşlarla qlobal sınaq üçün “kritik” adlandırıb. Şirkət qarşıdakı on səkkiz ay ərzində bir neçə yüz ilə bir neçə min arasında robotaksi avtomobili istehsal etməyi planlaşdırır.
İlkin mərhələdə humanoid robotlar müştəri xidmətlərində, qəbul işçiləri və satış məsləhətçiləri kimi istifadə ediləcək. Şirkət rəhbərliyinin fikrincə, uzunmüddətli perspektivdə robototexnika miqyas baxımından avtomobil sənayesini üstələyə bilər.
“Humanoid robotların həyatımızda getdikcə daha çox tətbiq olunduğunu görəcəyik”, - deyə Brayan Qu vurğulayıb.
“Xpeng” beynəlxalq iştirakını fəal şəkildə genişləndirir və hazırda təxminən 60 ölkədə fəaliyyət göstərir. Keçən il xarici bazarlar şirkətin satışlarının təxminən 10 faizini və gəlirlərinin təxminən 15 faizini təşkil edirdi. Növbəti beş-on ildə “Xpeng” gəlirlərinin yarıdan çoxunun Çindən kənardan daxil olacağını gözləyir.