Bakıda birinci Xəzər İnnovasiya Konfransı keçirilib
Dekabrın 4-7-də keçirilən "Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində birinci Xəzər İnnovasiya Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın bundan sonra ənənəvi olaraq hər il "Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.
Tədbir "Genişzolaqlı bağlantı”, "Süni intellekt”, "Əşyalar interneti”, "Elektron xidmətlər”, "İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, "Dördüncü Sənaye İnqilabı”, "Elmtutumlu istehsalat”, "Kiberhazırlıq” kimi mövzuları əhatə edib.
İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsünü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi irəli sürüb.
Belə bir təşəbbüsə səbəb Beynəlxalq Telekommunikasiya İttifaqının hesablamalarına əsasən, dünya əhalisinin 52 faizinin və ya 3,7 milyard insanın hələ də internetə çıxışının olmaması, rəqəmli fərqin aradan qaldırılması və inkişaf edən texnologiyaların tətbiqi üçün qurulacaq və ya təkmilləşdiriləcək infrastrukturun həcminin böyük və bahalı olmasıdır.
Xəzər İnnovasiya Konfransında çıxış edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, ilk dəfə təşkil olunan Xəzər İnnovasiya Konfransının mövzusu təsadüfi seçilməyib. Çünki dünyanın müxtəlif regionlarında, o cümlədən Xəzər və Qara dəniz regionu ölkələrində yeni elektron xidmətlərin, innovativ həllərin tətbiqi, ilk növbədə, dayanıqlı infrastrukturun qurulması və davamlı inkişaf etdirilməsini şərtləndirir. O qeyd edib ki, bunu nəzərə alaraq, builki konfransın mövzusu "Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” kimi müəyyən olunub.
Nazir bildirib ki, simsiz genişzolaqlı şəbəkələrin dinamik inkişafına baxmayaraq, genişzolaqlı sabit şəbəkələr əhəmiyyətini qorumaqdadır: "Bildiyiniz kimi, simsiz genişzolaqlı şəbəkələr hələ də sabit şəbəkələrdən daha az trafik daşıyırlar və adətən daha aşağı sürət və etibarlılıq təklif edirlər. Bundan əlavə, mobil datanın artması faktiki olaraq sabit şəbəkələrə tələbatın artmasına səbəb olur. Elektrik və su təchizatı kimi genişzolaqlı bağlantı infrastrukturu da artıq kritik infrastruktur hesab olunur və Azərbaycan Respublikası hökuməti ölkədə genişzolaqlı infrastrukturun qurulması, mövcud infrastrukturun təkmilləşdirilməsi və dayanıqlığının təmin olunması istiqamətində davamlı addımlar atır, GPON və LTE texnologiyalarının geniş tətbiqini nəzərdə tutan layihələr həyata keçirir”, - deyə nazir vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, görülən işlər sayəsində Azərbaycanda mobil rabitə abunəçiləri sayı ölkə əhalisinin 106 faizini təşkil edir. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68 faizində kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir.
R.Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2020-ci ilədək 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılmasının nəzərdə tutulduğunu bildirib. "Hazırda bununla bağlı tərəfimizdən texniki hazırlıq işləri həyata keçirilir, həmçinin beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır”.
Nazir deyib ki, aşağı tezlik diapazonunun auksion əsasında LTE xidmətləri üçün ayrılması telekommunikasiya operatorlarının investisiya xərclərini azaldacaq, telekommunikasiya bazarının daha da liberallaşmasına və LTE texnologiyalarının geniş tətbiqinə şərait yaradacaq.
O, eyni zamanda vurğulayıb ki, Azərbaycan Respublikası hökuməti region ölkələrində, xüsusilə açıq dənizlərə çıxışı olmayan ölkələrdə genişzolaqlı infrastrukturun inkişafına töhfə verəcək layihələrin təşəbbüskarı qismində çıxış edir.
"Bu məqamda mən təşəbbüskarı olduğumuz və BMT Baş Məclisinin 3 qətnaməsi ilə dəstəklənən "Trans-Avrasiya Super İnformasiya Magistralı”, qısaca TASİM layihəsinə xüsusi toxunmaq istərdim. TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honkonq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. TASİM layihəsinin reallaşdırılması Avrasiyada, xüsusilə də açıq dənizlərə çıxışı olmayan ölkələrdə rəqəmsal uçurumun aradan qaldırılmasına xidmət edəcək. Əminəm ki, TASİM və Xəzər İnnovasiya Konfransı kimi təşəbbüslər region ölkələrində rəqəmsal həllərin inkişafına və regional əməkdaşlığa öz töhfəsini verəcək”, - deyə nazir əlavə edib.
Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Gul Ayrobi bildirib ki, hazırda Avrasiyada bir çox ölkənin açıq dənizə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışı yoxdur. Bu baxımdan Xəzər İnnovasiya Konfransı rəqəmsal bağlantı həllərinin biznes çevrələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından böyük əhəmiyyətə malikdir. Konfrans İKT sektorunda qlobal çağırışların və yeni nailiyyətlərin müzakirəsi üçün əlverişli platformadır. O, dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət”in əhəmiyyəti və üstünlüklərindən də danışıb.
Xəzər İnnovasiya Konfransının Şərq və Qərb arasında körpü rolunu oynadığını deyən İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib ki, Bakıda keçirilən bu əhəmiyyətli konfrans regionun potensialını ortaya çıxaracaq. Azərbaycan, Türkiyə, Rusiya və İran arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, innovasiya tətbiqlərinin genişləndirilməsi qlobal əhəmiyyət daşıyır. Bu dörd dövlət regionda startapların təşkil edilməsində də mühüm addımlar ata bilər.
Onun sözlərinə görə, İKT sənayesində innovasiyaların tətbiqi dinamik inkişaf üçün yeni imkanlar açır. Bu gün startaplar dünyanın, eləcə də İranın innovativ inkişafının əsas konturlarını müəyyən edir. İranda startapçılar tərəfindən 10 mindən çox tətbiq yaradılıb. "Biz Azərbaycanla mütəmadi olaraq startaplara zəruri dəstəyin göstərilməsi sahəsində birgə əməkdaşlığı müzakirə edirik. Bugünkü tədbirə və Xəzər İnnovasiyalar Konfransının təşəbbüsünə görə təşəkkür edirəm, konfransın davamlı olacağına ümid edirəm və qeyd etmək istəyirəm ki, İran bu beynəlxalq tədbirin işinə dəstək verəcək”.
Nazir qeyd edib ki, "Bakutel” sərgisi texnologiya sahəsində iqtisadi münasibətlərin inkişafına, qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin şirkətlər üçün də yeni müstəviyə çıxarılmasına təkan verən sərgidir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan isə deyib ki, ölkəsi İKT sahəsində mühüm nailiyyətlər əldə edib: "Bu konfrans regionda və qlobal miqyasda İKT sektorunun iştirakçısı olan şirkətlərin təcrübə mübadiləsi aparmalarına töhfə verəcək. Həmçinin bu platforma yeni əməkdaşlıqlara vəsilə olacaq”.
Nazir "Bakutel-2018” sərgisində İKT sektoru üzrə təqdim olunan ən son yenilikləri yüksək qiymətləndirib. O bildirib ki, Türkiyə Azərbaycanda bütün sahələrdəki inkişafı təqdir edir və eləcə də İKT sektorundakı inkişafı yüksək qiymətləndirir.
"Huawei Technologies” şirkətinin vitse-prezidenti Qreqori Foks öz çıxışında bildirib ki, bu gün bütün dünyada sənaye rəqəmsallaşdırılır. Təşkilatlar, dövlət strukturları bu rəqəmsallaşdırılmanın əsas iştirakçılarıdır. Onun sözlərinə görə, müşahidələr göstərir ki, 2020-ci ilədək dünya iqtisadiyyatı sürətlə inkişaf edəcək.
Regional platforma rolunu oynayan konfrans işini "Dayanıqlı inkişafın təmin edilməsində genişzolaqlı bağlantının rolu: çağırışlar və imkanlar” və "Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası” mövzularında plenar sessiyalarla davam etdirib. Sessiyalarda İKT sektorunun iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışlar müzakirə olunub.
Sessiyalarda Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, "Cisko Systems” şirkətinin ölkələrin rəqəmsallaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin, "Türk Telekom” International şirkətinin baş icraçı direktoru Mehmet Toros, "Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təxminlərinə görə, növbəti 1.5 milyard insanın bağlantı ilə təmin edilməsi təqribən 450 milyard ABŞ dolları həcmində vəsait tələb edir.
GSM Assosiasiyasının təxminlərinə əsasən isə, 2020-ci ilədək dünya əhalisinin 4.1 milyardı LTE xidmətlərindən istifadə edəcək. Həmçinin ehtimallara görə, 2021-ci ildə "5G” xidmətlərindən istifadə edənlərin sayı 740 milyona çatacaq.
Bütün bunlarla yanaşı, Avrasiyanın bir çox ölkəsinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə rəqəmli bağlantı həlləri biznes dairələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından çox böyük əhəmiyyətə malikdir.
Xəzər İnnovasiya Konfransı da məhz rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!