Şuşa Qlobal Media Forumu faktiki olaraq Azərbaycanın xarici siyasət
strategiyasının ən mühüm elementlərindən birinə çevrilmiş, diplomatiyanı,
informasiya siyasətini və milli maraqların beynəlxalq arenada təşviqini unikal
şəkildə birləşdirən platformadır. Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər
agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən
10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81
ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir. Bu rəqəmlər Azərbaycana
olan böyük marağın açıq göstəricisidir.
Son dörd ildə Şuşanın beynəlxalq dialoq mərkəzi kimi möhkəm nüfuz
qazanması olduqca rəmzidir. Bu, ölkəmizə Qarabağı hər il daha dərindən qlobal
informasiya məkanına inteqrasiya etməyə imkan verir və bu məqamı dövlət başçısı
forumdakı çıxışında xüsusi vurğuladı:“ Forumun ideyası maraq doğuran məsələləri,
qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ
və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri
üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya
gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər”.
IV Şuşa Qlobal Media Forumu da
istisna olmadı. Tədbirin mövzusu özü-özlüyündə çox şeyi ifadə edir — “Sülhün təşviqində
medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması”. Bəli, bu
gün dünyada baş verən proseslərin fonunda
medianın rolu xüsusi olaraq qeyd
edilir. Və beynəlxalq ictimaiyyətin
düzgün, qərəzsiz informasiyaya ehtiyacı hər zaman olduğundan daha çoxdur. Forumda dünyanın aparıcı KİV-lərinin və beynəlxalq
təşkilatların nümayəndələrinin iştirakı Azərbaycana regional proseslərə dair öz
baxışını birbaşa çatdırmaq, eyni
zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərlə yerində
tanış olmaq, ölkəmizin 30 ilə yaxın məruz qaldığı erməni işğalının ağır nəticələrini
görmək imkanı yaradır.Prezident İlham Əliyevin Forumda iştirakı, çıxış, verilən
suallara səmimi və dolğun cavabları ümumilikdə Azərbaycanın xarici siyasi və
iqtisadi prioritetlərinin aydın ifadəsidir.
Beynəlxalq münasibətlərin klassik nəzəriyyəsi uzun müddət dövlətləri
böyük güclər və onların maraqlarının axarında manevr etməyə məcbur olan digər
ölkələr kimi ikiqütblü, sadələşdirilmiş sistem üzrə təsnif edirdi. Lakin qlobal
təhlükəsizlik arxitekturasının dərin transformasiyası və çoxqütblülüyə keçid
yeni bir oyunçu kateqoriyasını – “orta güclər”i ön plana çıxardı. Nüvə nəhəngləri
statusuna malik olmasalar da, bu cür ölkələr makroregional proseslərə həlledici
təsir göstərmək qabiliyyətinə malikdir və tam xarici siyasət müstəqilliyi
nümayiş etdirirlər.
Azərbaycanın yeni statusu ilə bağlı müzakirələr
Şuşada keçirilən Qlobal Media Forumunda keyfiyyətcə yeni mərhələyə yüksəldi.
Beynəlxalq ekspertlər və jurnalistlər qarşısında çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev dedi: “Mən bəzi analitik yazıları oxuyuram və həmçinin
Azərbaycanın artıq “orta gücə” çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi
ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin “orta güc”
olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər.
Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən
edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin
necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını
müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün
potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə
tutur”.
Dövlət başçısının fikrincə, bu status yalnız deklorativ xarakter daşıya
bilməz – o, mütləq praktik resurslarla dəstəklənməlidir. Burada əsas arqument
nominal deyil, real dövlət gücüdür. Bu konseptual yanaşma mühüm bir dönüşü əks
etdirir: Azərbaycan artıq sırf Cənubi Qafqaz liderliyi çərçivəsini aşaraq
suveren iradəsi ilə qlobal oyunçuların hesablaşmağa məcbur olduğu dövlətlərin
“yüksək liqa”sına daxil olub.
Müasir reallıqlarda “orta güc”ün ilk və ən mühüm meyarı xarici diktədən
azad, suveren xarici siyasət yürütmək qabiliyyətidir. Bir çox ənənəvi Avropa
dövlətlərinin faktiki olaraq suverenliklərini fövqəlmilli strukturlara həvalə
etdiyi şəraitdə Bakı milli maraqların qəti prioritetini nümayiş etdirir. Dünya
güc mərkəzlərinin təzyiqlərinə qarşı durmaq bacarığı İlham Əliyevin
diplomatiyasının vizit kartına çevrilib. ABŞ Konqresində və Avropa
paytaxtlarında fəaliyyət göstərən ermənipərəst lobbi dairələrinin koordinasiyalı
sanksiya və siyasi təzyiqlərinə tab gətirmək Azərbaycanın bu qabiliyyətini
aydın şəkildə göstərir. Bakı nəinki tab gətirdi, hətta Vaşinqtonla bərabərhüquqlu
strateji tərəfdaşlıq formatına keçidə nail oldu ki, bu da ABŞ-ın
vitse-prezidenti Cey Di Vens ilə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamədə
əksini tapıb.
Bu suverenliyin miqyasının bariz sübutu Azərbaycanın dörd il ərzində
Qoşulmama Hərəkatına sədrliyi olub. Bakı yalnız BMT-dən sonra ikinci ən böyük
beynəlxalq təşkilata rəhbərlik etməklə kifayətlənmədi, həm də COVID-19
pandemiyası dövründə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasını
təşəbbüs etməklə və inkişaf etmiş ölkələrin “vaksin millətçiliyi”nə qarşı
çıxmaqla ona yeni nəfəs verdi. Bu, qlobal koordinator rolunu öz üzərinə götürən
“orta güc”ün klassik addımı idi.
Yeni statusun ikinci ayrılmaz meyarı hərbi gücdür. “Orta güc” üçün ordu
yalnız kağız üzərində saxlayıcı alət deyil, dövlətçiliyin qorunması üçün real,
yüksək texnoloji və mobilizasiya qabiliyyətli vasitədir. Şuşadakı çıxışında Azərbaycan
lideri bu aspekti dövlətin dayanıqlığının əsas praktiki sübutu kimi qeyd etdi:
“Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş
həmin qabiliyyət vacibdir. daha bir
meyar – bir neçə cəbhədə müdafiə oluna bilmək imkanının olmasıdır”. 2020-ci il
İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal
antiterror tədbirləri aparıcı dünya ordularının müasir hərbi dərsliklərinə
daxil edilib. Azərbaycan mürəkkəb dağlıq şəraitdə pilotsuz uçuş aparatları,
yüksək dəqiqlikli silahlar və xüsusi təyinatlı qüvvələrin geniş tətbiqi ilə
beşinci nəsil müharibə modelini nümayiş etdirdi.
Lakin Bakının strateji dayanıqlığı klassik hərbi əməliyyatlarla məhdudlaşmır.
Prezidentin qeyd etdiyi “bir neçə cəbhədə müdafiə” qabiliyyəti ilk növbədə
müasir hibrid çağırışlara qarşı effektiv müqavimət deməkdir. Azərbaycan uzun
müddətdir ki, informasiya müharibələrinə qarşı mübarizə aparır, beynəlxalq
institutlarda görünməmiş siyasi və diplomatik təzyiqlərə tab gətirir və daxili
işlərə müdaxilə cəhdlərinin qarşısını alır. Media, hüquqi və siyasi sahələrdə zərbələrə
davam gətirərək strateji kursunu qorumaq qabiliyyəti Bakının “orta güc”
meyarlarından birini – sistemli dayanıqlığını təsdiqləyir.
Eyni zamanda yüzlərlə adda müdafiə məhsulu istehsal edən və ixrac edən hərbi-sənaye
kompleksinin formalaşdırılması Azərbaycanın kritik anlarda xarici təchizatçılardan
asılılığını minimuma endirməsinə imkan verir ki, bu da yalnız “orta güclərə”
xas xüsusiyyətdir.
Həqiqi “orta güc” öz siyasi və iqtisadi təsirini coğrafi sərhədlərindən
kənara proyeksiya edə bilir. Onun bəyanatları aparıcı dünya mərkəzlərində təhlil
olunur, xarici siyasət təşəbbüsləri isə makroregional xəritəni dəyişir. Bununla
bağlı, Prezident İlham Əliyev bildirdi:
“Fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə
təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də
olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib”. Eyni zamanda, bu
terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin
daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir”.
Bu gün Bakının təsir coğrafiyası Mərkəzi Asiya və Yaxın Şərqdən
Balkanlara və Afrika qitəsinə qədər uzanır. Bunun əsas sübutlarından biri 40
milyard dollardan artıq dəyəri olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ilə
ölkənin enerji liderliyidir.Hazırda Azərbaycan qazı İtaliya, Yunanıstan,
Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya daxil olmaqla Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır və faktiki olaraq qitənin enerji balansının konturlarını müəyyənləşdirir.
Eyni zamanda Azərbaycan Suriyaya qaz tədarük etməklə bu müharibədən əziyyət çəkmiş
ölkənin bərpasına töhfə verir. Bununla paralel olaraq “Orta dəhliz” layihəsi
Çin və Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirir. Bakı
limanının tutumunun 25 milyon tona qədər artırılması və Bakı–Tbilisi–Qars dəmir
yolunun modernləşdirilməsi respublikanı Avrasiyanın əvəzolunmaz quru körpüsünə
çevirib.
Nəhayət, Azərbaycanın təsiri neokolonializmə qarşı mübarizə sahəsində də
özünü göstərir. Bakı Təşəbbüs Qrupu müxtəlif regionlarda kolonial siyasətlə üzləşən
xalqların hüquqlarını müdafiə edən effektiv platformaya çevrilib. Yeni
Kaledoniya, Fransız Polineziyası və Martinikada aparılan ifşaedici fəaliyyətlər
geniş rezonans doğursa da, təşkilatın gündəliyi daha genişdir. O, həmçinin
Niderlandın kolonial irsi və Hindistanda sikh icmasının hüquqları kimi məsələləri
də gündəmə gətirir. Bu fəaliyyət Azərbaycanın beynəlxalq səviyyədə söz sahibi
olduğunu və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə belə rəqabət
aparmaq qabiliyyətini göstərir.
“Orta güc” statusu dövlət üzərinə beynəlxalq ictimaiyyət qarşısında müəyyən
öhdəliklər də qoyur. Güc yalnız qalib gəlmək qabiliyyəti ilə deyil, həm də
regionun inkişafı və münaqişələrin həlli üçün məsuliyyət götürmək hazırlığı ilə
ölçülür. Cənab İlham Əliyevin dediyi kimi: “Eyni zamanda, bu terminologiyaya
aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən
dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Fikrimcə,
sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu
dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra
ekspertlər bizi “orta güc” adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm”.
Beləliklə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı
fikirləri Azərbaycanın müstəqil, balanslı və milli maraqlara əsaslanan siyasət
kursunu bir daha nümayiş etdirdi.
Hicran Hüseynova,
Milli
Məclisin komitə sədri,
professor