25 Aprel 2024 08:05
166
SİYASƏT
A- A+

Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi prosesinə başlandı

 

Artıq hər iki tərəfdən ilk sərhəd dirəkləri basdırılıb

 

Azərbaycan Ordusunun 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində qazandığı qələbə bir çox tarixi reallıqları dəyişdi. Zəfərlər arxasınca zəfərlər gəldi. Ən başlıcası 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra ordumuz 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı keçirdi. Uğurla başa çatan  əməliyyat nəticəsində Xankəndi və ətraf əraziləri işğaldan azad olundu. Ölkəmizin suverenliyi və ərazi bötövlüyü bərpa edildi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan qarşısında uzun illərdən bəri erməni işğalında qalmış Qazax rayonunun  kəndlərinin dinc yolla qaytarılması tələbini qoymuşdu. 2023-cü il oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin azad edilməsinin vacibliyini vurğulamışdı. Nəhayət, gözlədiyimiz gün gəldi. Ermənistan dövlət başçımızın tələblərini yerinə yetirərək Qazax rayonunun erməni işğalı altında olan dörd kəndinin danışıqlar yolu ilə qaytarılmasına razılıq verdi. 
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri Komissiyasının səkkizinci iclası keçirildi. Komissiyanın iclası zamanı bir sıra məsələlər, o cümlədən Qazax rayonunun əvvəllər işğal olunmuş dörd kəndinin Azərbaycan tərəfinə qaytarılması barədə razılıq əldə edildi.
Yayılan məlumatda bildirilir ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflərin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli və bu, tərəflər arasında 2024-cü il mayın 15-dək müvafiq protokol-təsvirlə sənədləşdirilərək, razılaşdırılmalı və imzalanmalıdır.
Ermənistandakı separatçı qüvvələr Qazax rayonunun kəndlərinin qaytarılmasının əleyhinə  çıxsa da, Azərbaycan Prezidenti  İlham Əliyevin qətiyyətli təkidi və tələbi sonda müsbət nəticəsini verdi. İki ölkə arasında əldə olunan razılaşma başqa qaranlıq mətləblərin üstünə də aydınlıq işığı saldı. Bu razılaşma Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması, Ermənistana qarşı ərazi iddiasının olmasına dair Fransa və digər Qərb dövlətlərinin cəfəng anti-Azərbaycan təbliğatını da ifşa etdi. Ən çox diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu məsələdə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan razılığa gəlib. Bakı həmişə İrəvanla birbaşa danışıqların tərəfdarı olub. Çünki ikitərəfli formatda görüşlər daha böyük səmərə verir. Lakin bəzi ölkələr və beynəlxalq təşkilatlar bu məsələdə də ikiüzlülük nümayiş etdirərək, Bakı və İrəvanın birbaşa təmaslarına imkan verməməyə çalışırdılar.  
Ermənistanın qeyri-anklav dörd kəndi 34 ildən sonra heç bir güllə atılmadan, qan tökülmədən, qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. Bu qələbə Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış işğalçılardan azad edən Prezident İlham Əliyevin xalqına növbəti zəfər müjdəsidir.
Çox keçmədi ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başladı. Belə ki, iki dövlət arasında ilk sərhəd dirəklərinin quraşdırılması son dərəcə mühüm əhəmiyyət kəsb etdi. Bu ilk addım, başlanğıc həm də rəsmi İrəvanın Bakının birbaşa sülh danışıqları təşəbbüsünü qəbul etməsi deməkdir. Bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli siyasəti və diplomatik məharəti ilə Azərbaycan dövlətinin qazandığı növbəti tarixi uğurdur. 
Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük məqsədlərinə doğru inamla addımlayır. Qarabağda erməni separatizminin yuvasını dağıdan, 30 ilə yaxın bu gözəl diyarda məskən salmış xunta rejimini məhv edən, Xankəndi şəhərində üçrəngli bayrağımızı dalğalandıran Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dediyi sözün sahibi olduğunu bir daha dünyaya göstərdi. Ürəkdən sevdiyi xalqını daim qələbələrilə sevindirən, Zəfər paradını bir-birinin ardınca sıralayan, nəyi, necə və nə zaman etdiyini dəqiq bilən Liderin sərkərdə və diplomat dühasına heyran qalmamaq mümkün deyil. Bu gün "dəmir yumruq" ətrafında sıx birləşən Azərbaycan xalqına dünya qibtə edir. Zəfərlərimizə dostlarımız sevinir, düşmənlərimiz xar olur. Təbiidir ki, bu Zəfər  son deyil.  Zəfərlər arxasınca yeni zəfərlər gələcək. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni zəfərlərin sevincini yaşayacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video