Prezident İlham Əliyevin çağırışları, tövsiyə
və tapşırıqları ilə Azərbaycanın tarix elmi saxtalaşdırmalardan və təhriflərdən
təmizlənir. Bunun nəticəsidir ki, A.A.Bakıxanov adına Tarix İnstitutunda Qarabağın,
Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımılarının, itirilmiş torpaqlarımızın
tarixinə dair onlarla qiymətli əsərlər, ilk mənbələr nəşr olunmuşdur.
Ölkə rəhbərinin birbaşa göstərişi ilə yazılmış
"İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”
kitabı və bu seriyadan olan digər əsərlər müxtəlif dillərə tərcümə edilərək dünya
ölkələrində yayılmaqda davam etdirilir.
Tarix İnstitutunun direktoru, akademik Yaqub
Mahmudovun rəhbərliyi ilə institutun bir qrup əməkdaşının (elmi katib, dosent İradə
Əliyeva, Qarabağ tarixi şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli, şərqşünas, dosent
Gülnur Mahmud və Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın rəhbəri
Elçin Nəsirli) bu günlərdə Küveyt Dövlətinə elmi-işgüzar səfəri reallaşdı. Tarix
İnstitutunun və Küveytdəki Azərbaycan səfirliyinin birgə hazırladığı proqram çərçivəsində
reallaşan səfərin məqsədi Azərbaycanın itirilmiş torpaqlarının tarixini əks etdirən,
erməni saxtakarlığını ifşa edən ərəb dilinə tərcümə edilmiş "İrəvan xanlığı” və
bu seriyadan olan "Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan qalası
- qəhrəmanlıq qalası”, "Erməni vandallarının yox etdiyi Xan sarayı”, "Cuxursəd hakimləri
və İrəvan xanları” və "Real tarix və Böyük Ermənistan uydurması” kitablarının elmi
ictimaiyyətə, oxucu kütləsinə və müxtəlif informasiya vasitələrinə çatdırılması
olmuşdu.
Küveytdə 10 min nəfərdən çox erməninin yaşadığını,
erməni lobbisinin hər zaman Azərbaycan-Küveyt dostluq əlaqələrinə əngəl olmağa çalışdığını
və Azərbaycan tarixi, o cümlədən Qarabağ məsələsi ilə bağlı saxta məlumatlar yaydığını
nəzərə alaraq Azərbaycan həqiqətlərinin islam ölkələrinə çatdırılması, çap olunmuş
kitabların təqdimatının keçirilməsi xüsusi diqqət mərkəzinə götürülmüşdür. Hələ
2019-cu ilin fevralında akademik Yaqub Mahmudovun rəhbərliyi ilə institutun bir
qrup əməkdaşı Misirin paytaxtı Qahirə şəhərində elmi işgüzar səfərdə olmuş və müxtəlif
müəssisələrdə kitabların təqdimatını keçirmişdir. Tarix İnstitutu ilə Misirdəki
Azərbaycan səfirliyi arasında əldə olunan razılaşmaya görə burada "Azərbaycanşünaslıq
mərkəzi” açılmış və hazırda həmin mərkəzdə 200 nəfərə yaxın gənc Azərbaycan dilini
öyrənir.
Küveyt
"İslam araşdırmaları və Quran elmləri departamenti”nin əməkdaşları öz təəccüblərini
gizlədə bilmədi
Tarix İnstitutunun nümayəndə heyəti əvvəlcə
Küveyt Dövləti Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən "İslam araşdırmaları
və Quran elmləri departamenti”nin direktoru doktor Fəhd Əl-Canfavi ilə görüşdü.
Görüşdə akademik Yaqub Mahmudov Küveytin Azərbaycanla dost, qardaş ölkə olduğunu
bildirdi. Akademik islamın hələ xəlifə Osmanın dövründən (VII əsrin ortaları) Azərbaycanda
yayıldığını və bunu sübut edən tarixi faktların olduğunu, ümumiyyətlə, Azərbaycanın
Qafqazda və Mərkəzi Asiyada ilk islam ölkəsi olduğunu qeyd etdi. Və buna görə də
Azərbaycanın ağır günlər yaşadığını, bolşevik Rusiyasının burada islam dini ilə
bağlı olan nə varsa hər şeyi məhv etməyə
çalışdığını xüsusi vurğuladı. Məscidlərimızın bağlanması, görkəmli islam alimlərimızın
və din xadimlərimizin məhv edilməsi və ya Sibirə sürgünə göndərilməsi, Qurani-Kərimin
tonqallarda yandırılması və bu kimi həyata keçirilən qanlı tədbirlərə baxmayaraq
Azərbaycan xalqı islamı qoruyub saxladı. Akademik Yaqub Mahmudov Ulu Öndər Heydər
Əliyevin sovetlər dönəmində dağıdılmış "Bibi Heybət” məscidini yenidən qurduğunu,
indi Azərbaycanda yüzlərlə məscidin olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın məscidlərin bərpası ilə bağlı məsələlərə xüsusi diqqət yetirdiyini
vurğuladı.
Akademik müasir Ermənistan Respublikasının
ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, vaxtilə Azərbaycan dövləti olan İrəvan
xanlığında 300-dən çox, İrəvan şəhərində isə 8 məscidin olduğunu, lakin 1918-ci
ildə Azərbaycan torpaqlarında Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövləti yaradıldıqdan
sonra bu məscidlərin erməni vandalları tərəfindən tamamilə məhv edildiyini qeyd
etdi. Hazırda Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ torpaqlarında erməni
vandalizminin davam etdiyini, məscidlərimizin və digər tarixi abidələrimizin məhv
olunduğunu vurğuladı. Bu zaman "İslam araşdırmaları və Quran elmləri departamenti”nin
direktoru doktor Fəhd Əl-Canfavi və qurumun digər əməkdaşları öz təəccüblərini gizlədə
bilmədilər. Sonra bütün bunları sübut edən videoçarx göstərildi.
Görüşün sonunda akademik Yaqub Mahmudov Tarix
İnstitutunun ərəb dilində nəşr etdirdiyi bütün kitabları və videoçarxı "İslam araşdırmaları
və Quran elmləri departamenti”nə təqdim etdi.
Nümayəndə heyətinin növbəti görüşü elə həmin
gün buradakı Azərbaycan səfirliyində oldu. Görüşdə Yaqub Mahmudov səfirliyin təşkil
etdiyi səfər proqramına görə öz təşəkkürünü bildirdi.
Səfir Elxan Qəhrəmanov isə öz növbəsində
bu kimi tədbirlərin keçirilməsinin hər bir Azərbaycan vətəndaşı üçün şərəf işi olduğunu,
tarixi həqiqətlərin islam dünyasına çatdırılmasının zəruriliyini vurğuladı.
Küveyt
televiziyasının "Sabah Al-Xeyir Küveyt” və "Scope TV” adlı canlı proqramlarında
Azərbaycan həqiqətləri bəyan edildi
Hər iki canlı
proqramda akademik Y.Mahmudov Azərbaycan tarixi ilə bağlı bir çox məqamlara toxundu,
1918-ci ildə ermənilərə Azərbaycanın qədim şəhəri İrəvanla birlikdə 9 min kvadratkilometr
ərazi verildiyini qeyd etdi. İndi həmin torpaqlarda bir nəfər də
olsun azərbaycanlının yaşamadığını qeyd etdi. Akademikin çıxışı zamanı arxa fonda
"İrəvan xanlığı” kitabının nümayiş etdirilməsi də Azərbaycan həqiqətlərinin Küveyt
ictimaiyyətinə çatdırılması üçün çox təqdirəlayiq bir hadisə idi.
Səfərin ikinci günü nümayəndə heyətinin Küveyt
Milli Kitabxanasının direktoru Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabahla və bir qrup əməkdaşı
ilə görüşü oldu. Burada kitabların təqdimatı keçirildi.
Küveyt Milli Kitabxanasının rəisi yaxınlarda
Tarix İnstitutunun hədiyyə etdiyi bütün nəşrlərin kitabxananın elektron kataloquna
daxil ediləcəyini, həmçinin institutun nəşrlərinin əsas girişdəki sərgidə də nümayiş
etdiriləcəyini bildirdi. Bundan başqa, görüşdə Tarix İnstitutu ilə Küveyt Milli
Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq da əldə
olundu. Nümayəndə heyəti qarşı tərəfin Azərbaycan tarixi ilə bağlı bütün suallarını
ətraflı cavablandırdı.
Səfər ərəfəsində Azərbaycan həqiqətlərini
bəyan edən kitablar Küveytdə BMT Baş katibinin humanitar məsələlər üzrə nümayəndəsinə
də təqdim edildi. Nümayəndə heyətimiz Küveyt Dövləti Əmirinin Humanitar məsələlər
üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, BMT Baş katibinin humanitar
məsələlər üzrə nümayəndəsi doktor Abdullah Əl-Mətuq ilə də görüşdü.
"Dəyirmi masa” ətrafında keçirilən bu görüşdə
əsas diqqət Azərbaycanın itirilmiş torpaqlarının tarixini əks etdirən, erməni saxtakarlığını
ifşa edən ərəb dilinə tərcümə olunmuş "İrəvan xanlığı” və digər kitabların təqdimatına
yönəldi.
Müzakirə zamanı doktor Abdullah Əl-Mətuq
Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edəcəyini
bildirdi. O, dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, onun müasir
dünyanın böyük dövlət xadimlərindən biri olduğunu, Azərbaycanda gedən sürətli inkişafdan
məmnun qaldığını bildirdi və həmçinin Şeyxülislam Allahşükür Paşazadə ilə dostluq
əlaqələrindən danışdı.
Görüşün sonunda akademik Yaqub Mahmudov Azərbaycan
nümayəndə heyətini səmimi qəbul etdikləri, Azərbaycan həqiqətləri ilə dərindən maraqlandıqları
üçün qarşı tərəfə təşəkkür etdi.
Azərbaycan
həqiqətləri Küveyt Dövlət Universitetində də səsləndirildi
Öncə universitetin
Sosial elmlər fakültəsinin dekanı doktor Hamud Əl-Qaşaanla görüş oldu.
Doktor Əl-Qaşaan tez-tez Bakıya səfər etdiyini
və Azərbaycanı çox sevdiyini dedi. "İrəvan xanlığı” kitabının ingilis dilindəki
variantını oxuduğunu bildirdi. Keçən il fakültədə "Azərbaycan haqqında nə bilirəm”
mövzusunda müsabiqə keçirdiyini, indi isə "İşğal edilmiş Azərbaycan torpaqları”
haqqında inşa müsabiqəsi elan etdiyini və bu müsabiqənin nəticəsinə görə fərqlənən
tələbənin Azərbaycana yaradıcı səfərə göndəriləcəyini bildirdi.
Doktor Əl-Qaşaan "İrəvan xanlığı” kitabının
artıq müvafiq şöbəyə verildiyini və tədris prosesində ondan istifadə olunacağını
söylədi. O, müasir gənclərin kitabları daha çox digital şəkildə oxuduğunu nəzərə
alaraq bu nəşrlərin elektron şəkildə tələbələrə çatdırılacağını qeyd etdi. Bundan
əlavə, doktor Əl-Qaşaan Azərbaycana səfər etdikdən sonra Azərbaycan xalqının özünü
müdafiə etdiyini, Ermənistanın isə təcavüzkar ölkə olduğunu xüsusi vurğuladı.
Akademik Yaqub Mahmudov "İrəvan xanlığı”
kitabının bir sıra dünya dillərinə tərcümə edildiyini, ermənilərin əvvəllər Balkan
yarımadasında yaşadığını, Asiya qitəsinə isə gəlmə olduğunu, Rusiya imperiyası tərəfindən
Azərbaycan torpaqlarına köçürüldüyünü və İrəvan xanlığının ərazisində yerləşdirildiyini
qeyd etdi.
Sonra fakültənin mühazirə salonunda kitablarımızın
təqdimat mərasimi keçirildi. Fakültənin professor, müəllim və tələbə heyətinin qarşısında
çıxış edən akademik Y.Mahmudov ilk növbədə gənclərə müraciət edərək Azərbaycanla
Küveytin qardaş ölkə olduğunu vurğuladı və dedi: "Azərbaycanın çox qədim, 5 min
illik tarixi var. Biz böyük imperiyalar yaratmışıq. Orta əsrlərdə Azərbaycan imperiyalarının
sərhədləri İran (Ərəb) körfəzinə qədər uzanıb.
Azərbaycan Cənubi Qafqazda ən böyük islam
dövlətidir. Son tədqiqatlar
sübut edir ki, 728-ci ildə Azərbaycanda ilk məscid tikilib. Alimlərimiz Bağdadda,
Hələbdə, Dəməşqdə dərs deyiblər, elmlə məşğul olublar. Amma orta əsrlər başa çatdıqdan
sonra tarixdə dəyişikliklər oldu. XIX əsrin əvvəllərində keçmiş Rusiya imperiyası
Qafqazı işğal etməyə başladı. Bununla da islamın ən faciəli qanlı tarixi başladı.
Bizim bu gün təqdimatını keçirdiyimiz bu kitablar həmin tarixdən bəhs edir”.
Görüşün sonunda
müəllim və tələbə heyətini maraqlandıran çoxsaylı suallara Azərbaycan nümayəndə
heyəti tərəfindən ətraflı cavablar verildi. Tarix İnstitutunun ərəb dilində nəşr
etdirdiyi bütün kitablar və videoçarx Küveyt Dövlət Universitetinin Sosial elmlər
fakültəsinə təqdim edildi.
Güntəkin NƏCƏFLİ,
AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutunun "Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent, Dövlət mükafatı laureatı