Dövlət Departamenti bu qərarın Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj olduğunu vurğulayıb
ABŞ Suriya Prezidenti Əhməd Əl Şaraanın sanksiyaların hədəf aldığı beynəlxalq terror təşkilatları siyahısından çıxarıldığını elan edib.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqotun dediyinə əsasən, dövlət katibi Marko Rubio əvvəllər "Məhəmməd Əl Culani" adı ilə qeydə alınmış Əl Şaraanı Xüsuslə təhlükəli beynəlxalq terrorçular (SDGT) siyahısından çıxardığını açıqlayıb.
Piqot, bu qərarın "Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj olduğunu" vurğulayıb.
Dövlət Departamentinin sözçü müavini həmçinin ABŞ Maliyyə Nazirliyinin Suriyanın daxili işlər naziri Ənəs Xəttabı sanksiyalar siyahısından çıxardığını açıqlayıb.
"Bu addımlar Bəşər Əsədin hakimiyyətdən getməsindən bəri Suriya rəhbərliyinin əldə etdiyi irəliləyişlərin tanınması üçün atılır. Prezident Əl Şaraa başda olmaqla yeni Suriya hökuməti itkin düşmüş amerikalıları axtarmaq, terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizə öhdəliklərini yerinə yetirmək, kimyəvi silahların ləğvi, regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi və Suriyanın özünün rəhbərlik etdiyi və nəzarət etdiyi inklüziv siyasi prosesi dəstəkləmək üçün fəal səylər göstərir", - deyə o bildirib.
Piqot qeyd edib ki, ABŞ Suriya xalqının sülhə, sabitliyə və yenidənqurmaya nail olmaq səylərini dəstəkləməyə davam edəcək.
Məlum olduğu kimi, noyabrın 6-da BMT Təhlükəsizlik Şurası Suriya prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaların ləğvini təsdiqləyən qətnamə qəbul edib.
Noyabrın 10-da Əhməd Əl Şaraa Ağ evdə ABŞ Prezidenti Donald Trampa görüşəcək.
Rizvan CƏFƏROV,
“Azərbaycan”