Abidələşən düha
Bəşəri dəyərlərin fövqündə dayanan, şöhrəti əsrləri kölgədə qoyan Azərbaycan şairi İmadəddin Nəsimi... O, Sözlə öz pünhan duyğularının, fəlsəfi düşüncəsinin rəsmini çəkdi. Bütün zamanlarda rəssamlar, heykəltəraşlar, şairlər, yazıçılar, bəstəkarlar İmadəddin Nəsimi obrazını yaratmaq üçün mütləq bu rəsmi "oxumalıdırlar”. Yoxsa Nəsimini "görə bilməzlər”...
Zamana meydan oxuyan şair
...Orta əsr dərvişlərinin yundan hazırlanan geyimində, əlləri arxadan birləşib, başı azca sağa yönlənib. Məğrur duruşu ilə o, sanki zamana meydan oxuyur. Mütəfəkkir şairin simasından bu məşhur:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam,-
misralarını oxumaq olar. İmadəddin Nəsimi bu möhtəşəm görünüşü ilə qırx ildir ki, Bakının mərkəzi küçələrindən birində qərar tutub. Heykəl iki istedadlı heykəltəraşın - Tokay Məmmədov və İbrahim Zeynalovun birgə işidir.
"İmadəddin Nəsimi”ni seyr etdikcə düşünürsən ki, qüdrətli şairin söz dünyasına, fəlsəfi düşüncəsinə bələd olmadan belə möhtəşəm abidə yaratmaq mümkünsüzdür. Yaşadıqları XX əsrin 70-ci illərindən XIV əsrin Nəsimisini "görmək”, onun xarici görünüşünü və daxili aləmini, həm dövrünə uyğunluqlarını, həm də özünəməxsusluqlarını təsirli bir şəkildə canlandırmaq müəlliflərdən istedadlı olduqları qədər də, dərin bilgi, məlumatlılıq tələb edirdi.
Müəlliflər şairin heykəlini çox əlamətdar bir vaxtda yaratmağa başladılar. Ötən əsrin 70-ci illəri idi. Bakı şəhərsalmanın coşqun çağlarını yaşayırdı. Yeni binalar tikilir, parklar, müəssisələr salınırdı. Həmin vaxtlar UNESCO Azərbaycanın dünyaya bəxş etdiyi dühalarından birinin - şair İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi barədə qərar verdi. Tədbirlər planında şairə məmləkətində heykəl ucaldılması da nəzərdə tutulurdu.
1973-cü ildə böyük mütəfəkkirin 600 illiyi dövlət səviyyəsində qeyd olundu. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazıldı. Həmin il dövlət sifarişi ilə Həsən Seyidbəyli "Nəsimi” filmini çəkdi, Fikrət Əmirov "Nəsimi dastanı” baletini başa çatdırdı, İsa Muğanna "Məhşər” romanını, Qabil "Nəsimi” poemasını yazdı. Sonradan müəlliflərə dövlət mükafatları da təqdim edildi. Heykəltəraşlıq sahəsində də şair unudulmadı. Nəsiminin heykəlini yaratmaq sifarişi monumental abidə ustası Tokay Məmmədova həvalə olundu. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğundan heykəltəraş bu işi başqa bir istedadlı həmkarı - İbrahim Zeynalovla yerinə yetirdi. Heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldildi.
Əsərin müəllifləri...
6,5 metr hündürlükdə monumental əsər şairin yaradıcılığına və şəxsiyyətinə böyük ehtiramla, yüksək peşəkarlıqla hazırlandı. Başqa cür olacağını da kimsə gözləmirdi. Çünki hər iki heykəltəraş öz sənətinin peşəkarı idi. Tokay Məmmədov da, İbrahim Zeynalov da bu əsərə qədər heykəltəraşlıq sənətində təqdirəlayiq yol keçmişdilər.
Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəlmişdi. Atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı idi. Tokay Məmmədovun bu sənətdə ilk müəllimi də anası oldu. Hələ uşaqlıq illərində onu gələcəyin rəssam-heykəltəraşı hesab edirdilər. Bu sənət üzrə əvvəl Bakıda, sonra Leninqradda (indiki Sankt-Peterburq) təhsil aldıqdan sonra Tokay Məmmədov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başladı. O, mərmər, tunc, gips materiallardan yüzlərlə portret yaratdı. Həmin əsərlərdə heykəltəraş qəhrəmanlarının xarici görünüşü ilə bərabər daxili aləmini təsirli şəkildə təsvir edə bildi. Onun Azərbaycanın şöhrətli bəstəkarı Üzeyir Hacıbəyli, xalq rəssamı Rüstəm Mustafayev, rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Şopen, Avstriya bəstəkarı Motsart kimi dahilərin büst-portretləri bu qəbildəndir.
Heykəltəraşın yaradıcılığı monumental heykəllərlə də zəngindir. Həmin əsərlərdə Azərbaycanın dövlət, ədəbiyyat, elm xadimləri və qəhrəmanlarının surətləri əksini tapdı.
"İmadəddin Nəsimi” heykəlinin həmmüəllifi İbrahim Zeynalov da Bakıda 1934-cü ildə dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasında davam etdirib. 1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Sonralar Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.
İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, eləcə də Mücirəddin Beyləqani, Əcəmi Naxçıvani, Şah İsmayıl Xətai, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını dəyərli abidələrə çevirdi. Həmmüəllifi olduğu "İmadəddin Nəsimi” heykəli də belə böyük sənətkarlıqla yaradılmış əsərlərdəndir.
İbrahim Zeynalovun yaradıcılığı ilə tanışlıq onun Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, xalqımızın unudulmaz qəhrəmanları barədə geniş və əhatəli məlumatlara malik olduğunu, bunları ustalıqla öz daş əsərində əks etdirdiyini söyləməyə əsas verir. Bu baxımdan "İmaddəddin Nəsimi” heykəlinin birinci müəllifi kimi Tokay Məmmədovun adının çəkilməsi, İbrahim Zeynalovun onun kölgəsində qalması inandırıcı görünmür.
Nəsiminin heykəli təmirdən sonra
Gərgin zəhmət, böyük əziyyətlər və ən əsası, şairə sevgidən yoğrulan heykəl 2008-ci ilin aprelində yerindən götürüldü. 2010-cu ildə bağ-park kompleksi ilə bərabər "İmadəddin Nəsimi” də yenidən şəhərin mərkəzinə "döndü”. Heykəl və park sahmana salındı.
Heykəltəraşlıqda monumental abidələrlə ətrafda olan tikililər arasında standartlara uyğun məsafənin saxlanılması əsas şərt sayılsa da, "İmadəddin Nəsimi”də buna əməl edilmədi. Adətən belə vəziyyət abidənin təsiredici estetik qüvvəsini zəiflədir. İllər keçdikcə, arxitektura baxımından az da olsa, monumental əsərə xələl dəydi. Yeni tikililər görüm nöqtəsini zəiflətsə də, bu modern binaların əhatəsində belə "İmadəddin Nəsimi” öz möhtəşəmliyini hifz edir.
Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”
Etməgil!
Üzün məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!
Qaşların qövsində müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!
Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!
Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil!
Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrari əyan etmək dilərsən, etməgil!
Yandırırsan önlümü eşqində, məlum oldu kim,
Ani risvayi-cahan etmək dilərsən, etməgil!
Doğruyam eşqində oxtək, kiprigin tanıq durur,
Qəddimi neyçün kəman etmək dilərsən, etməgil!
Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!
Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
Ol yəqini sən güman etmək dilərsən, etməgil!
Neylərəm
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?
Tacü təxtü, mülkü malü xanimani neylərəm?
İstərəm vəsli cəmalın ta qılam dərdə dəva,
Mən sənin bimarinam özgə dəvanı neylərəm?
Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,
Çünki yardan ayrı düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən Xaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Dilbər aydır, ey Nəsimi sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
Mərhəba
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!
Çün ləbin cami-Cəm oldu nəfxeyi-Ruhülqüdüs,
Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba!
Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!
Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!