Yüzillik təminat
İlham Əliyevin qlobal təşəbbüsləri əsasında reallaşan layihələr Avropanın enerji təminatına davamlı töhfələr verəcək
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin yaratdığı yeni reallıqlar fonunda enerji diplomatiyasında da güclü platforma yaradır. Avropanın əsas enerji təminatçılarından biri olan ölkəmiz artıq "köhnə qitə"dəki tərəfdaşlarını həm də "yaşıl enerji" ilə də təmin edəcək.
Bunu reallaşdırmaq üçün həm kifayət qədər təbii resursu, həm də güclü siyasi iradəsi var. Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının birinci toplantısı da bu missiyanın hədəflərinin təqdimatı oldu.
Bu toplantıda səslənən fikirlər isə bir daha onu deməyə əsas verdi ki, Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir.
Azərbaycanın enerji layihələri getdikcə coğrafiyasını genişləndirir
Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin enerji siyasətinin məntiqi nəticəsi və ona verilən dəyərin göstəricisidir desək, yanılmarıq. Məhz bu siyasətlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətini çəkir. Azərbaycan Prezidentinin qlobal təşəbbüsləri əsasında ərsəyə gələn və ölkəmizin iştirakçısı olduğu enerji layihələri getdikcə öz coğrafiyasını genişləndirir və tərəfdaş dövlətlərin və bu prosesdə iştirak edən tanınmış beynəlxalq şirkətlərin sayı getdikcə artır. Bunu "Gülüstan" sarayında gerçəkləşən beynəlxalq toplantı da bir daha təsdiqlədi. Belə ki, toplantıda Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri, beynəlxalq şirkətlərdən isə SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların təmsil olunması bunun bariz təcəssümüdür.
Mərasimdə çıxış edən İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VIII iclasından ötən dövr ərzində Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən, imzalanan sazişlərdən bəhs edərək bildirdi ki, bu gün ölkəmizin Avropanı enerji ilə təmin etməyə yetərincə potensialı mövcuddur.
Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada gedən proseslərə diqqət çəkən dövlətimizin başçısı bildirdi ki, artıq dünya sürətlə dəyişməkdədir və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi, enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulmasını və yeni mənbələrimizi nümayiş etdirir.
Dövlət başçısı ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenlə birgə imzaladıqları enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumu xatırladaraq dedi ki, bu sənəd, əslində, gələcək planlar üçün aydın yol xəritəsidir. Ümumiyyətlə isə, Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bu, mümkündür, çünki resurslarımız var: "Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. "Cənub qaz dəhlizi" layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur".
Bu bir həqiqətdir ki, Azərbaycanın təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Bu il isə onun 24,5 milyard kubmetr olması gözlənilir. Prezidentin söylədiyi kimi, bu o deməkdir ki, Avropa Komissiyası ilə anlaşma memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir: "Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək".
"Yaşıl enerji" ölkəsi
Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələrə marağı daha da artırır. Belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır. Avropa liderlərinin Azərbaycana müraciətinin kökündə ölkəmizin ilk növbədə etibarlı tərəfdaş imici dayanır. Rəsmi Bakının formalaşdırdığı etibarlı tərəfdaş imici Azərbaycanın yeni qlobal səviyyəli enerji tədbirlərinə evsahibliyi etməsi ilə nəticələnir.
Bununla yanaşı, Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur. Artıq ölkəmiz neftlə, qazla yanaşı, dünya bazarına, Avropaya "yaşıl enerji" ixracına da başlayır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsindəki iclasda, birinci "Yaşıl Enerji" Məşvərət Şurasının iclasında da məhz bu məsələ ətrafında geniş müzakirələr aparıldı.
İlham Əliyev bir daha tədbir iştirakçılarına Azərbaycanın bu istiqamətdə reallaşdırdığı layihələri təqdim edərək bildirdi ki, ölkəmizdə "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda bp şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq. Bu, Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Yəni cəmi 710 meqavat. Əgər hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində Azərbaycan bu həcmdə bərpaolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.
Bərpaolunan enerji ilə bağlı planlara gəldikdə İlham Əiliyev vurğuladı ki, hələlik üç əsas enerji şirkəti ilə razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaq. "ACWA Power" şirkəti isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcək. Bu, əlbəttə ki, çox böyük potensialdır.
Prezident eyni zamanda Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli barədə də məlumat verdi. İş planını mərhələli və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur: "Bu həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Əminəm ki, Rumıniya və Macarıstan "yaşıl enerji"ni qəbul edəcək son məntəqələr olmayacaqdır".
Azərbaycan çox böyük "yaşıl enerji" potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Prezident dedi ki, yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad edilən torpaqlarda 10 qiqavata yaxındır. Bununla yanaşı, Naxçıvanda da böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.
Qazın paylanması ilə əlaqədar da Azərbaycanın yaxşı uğurları var. Həmçinin "yaşıl enerji" ilə bağlı da saziş imzalanıb. Prezident vurğuladı ki, tərəfdaşlar təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməlidirlər: "Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr - istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də "Cənub qaz dəhlizi" - hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq".
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!