Deyirlər ki, dərdli, kədərli günlər insanı
müdrikləşdirir, səbrini, gücünü, cəsarətini toplamaqda ona kömək olur. Şəhid mayor
Anar Novruzovun oğlu, 7-ci sinif şagirdi Nihadla apardığımız söhbət zamanı bunun
bir daha şahidi olduq. Balaca müsahibimi ilk dəfə görsəm də, hiss etdim ki, atasının
ölümündən, daha doğrusu, ölümsüzlüyə qovuşduğu vaxtdan keçən bir ay ona çox şeyləri
öyrədib. Şəhidin dəfni zamanı respublika Müdafiə Nazirliyi, Masallı Rayon İcra Hakimiyyəti
nümayəndələrinin, deputatların, ayrı-ayrı hörmətli adamların atası - mayor Anar
Novruzov haqqında dedikləri sözlər onu qürurlandırıb, yaddaşına həkk olunub, gələcək
taleyini, ömür yolunu seçməkdə, müəyyənləşdirməkdə ona öz diktəsini edib. Nihad
qəti şəkildə hərbçi olmaq, atasının, onun şəhid olmuş döyüş yoldaşlarının qisasını
almaq qərarına gəlib. Bunun üçün ilk öncə Sərhəd Qoşunları Gimnaziyasında, sonra
isə həmin qoşun növünün akademiyasında təhsil almaq arzusundadır. Belə bir deyim
var: "Ataların yolu övladların yoludur”. Orta məktəb şagirdi Nihadın atası, 44 yaşında
şəhidlik zirvəsinə ucalan mayor Anar Novruzovun həyatı təkcə doğma oğluna deyil,
digər gənclərimizə də nümunədir, örnəkdir.
Anar Novruzov 12 may 1976-cı ildə Masallı
rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 3 qardaş, 7 bacı olublar. Qəhrəman
ana Pürzə xanımın və Gülverdi kişinin böyüdüb boya-başa çatdırdığı 10 uşaqdan biri
idi şəhid zabitimiz. Bütün çoxuşaqlı ailələrin övladları kimi onların da maddi sıxıntıları
az olmayıb. Amma heç bir çətinlik onları qorxutmayıb, haqq yolundan uzaqlaşdırmayıb.
Əksinə, aldıqları düzgün tərbiyə sayəsində halal zəhmətə bağlanıblar, vətənə layiqli
övlad olmağı hər şeydən üstün tutublar. Qardaş və bacılar erkən yaşlarından gələcək
həyat yollarını özləri müəyyən ediblər. Əsgəri xidmətdən sonra vətən sevdası ilə
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Ali Komandirlər Məktəbinə daxil
olur, 1999-cu ildə taktiki motoatıcı qoşunların komandiri kimi təhsilini başa vuraraq
hərbi xidmətə başlayır. Qulluq etdiyi 26 il ərzində bir dəfə də olsun hər hansı
nöqsana yol vermir. Özündən yuxarı vəzifəli komandirlərin tapşırıqlarını vaxtında
və yüksək keyfiyyətlə yerinə yetirir. Kəşfiyyatçı zabit olaraq xidmətə başlayan
A. Novruzov siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinədək yüksəlir.
Tabeliyindəki əsgərlərə, gənc zabitlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara
ata, böyük qardaş qayğısı göstərir.
Mayor A. Novruzovun ən yaxşı xüsusiyyətlərindən
biri həmişə öyrənməyə can atması olub. Böyük qardaşı Sücəddin Novruzov deyir ki,
dəfn mərasiminə gələn zabit yoldaşları onun AQS-17 silahının ən kamil bilicisi olduğunu
söyləyiblər. Həmin silahla da şəkil çəkdirib. Elə bil ürəyinə damıbmış. "Qoy bu
şəkil məndən yadigar qalsın”, - söyləyib. Döyüşkənliyi, mübarizliyi A. Novruzova
"Akula” ləqəbini qazandırıb. Hiyləgər düşmən kəşfiyyatçı mayorun nəyə qadir olduğunu
bilərək onun başı üçün xüsusi mükafat da təsis edibmiş.
Biz Masallıda olarkən Tovuz döyüşlərində
şəhid olan A.Novruzovun ölümünün 40-cı gününə az qalırdı. Şəhidin bu vaxtadək yaşadığı
evdə oğlu Nihadla, böyük qardaşı Sücəddin və digər yaxınları ilə görüşüb onun ruhuna
dualar etdik, ailəyə başsağlığı verdik. Masallı-Yardımlı magistral şose yolunun
üstündə yerləşən həyət evinin daş hasarından qıraq tərəfdə aparılan tikinti diqqətimizi
cəlb etdi. S. Novruzov dedi ki, burada şəhid qardaşı mayor A.Novruzovun büstü qoyulacaq,
habelə abidə kompleksində Tovuz, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuş ərkivanlı igidlərin hər birinin qara mərmərdə surəti öz əksini tapacaqdır.
"Sağ olun, yaxşı fikirdir. Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim hər birimizin
müqəddəs borcumuzdur. Buraya gələnlər, xüsusilə məktəblilər A. Novruzov və digər
şəhidlərimiz haqqında məlumat alacaqlar. Bu isə gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsinə müsbət təsir edəcək” deyərək belə bir xeyirxah təşəbbüsü təqdir etdik.
Şəhid zabitimizin məzarını ziyarət etmək
fikrində olduğumuzu Sücəddinə söylədikdə o: "Olar. Qəsəbə qəbiristanlığı beş addımlıqdadır”,
- dedi. Şəhidin məktəbli oğlu Nihadı da götürüb Təpə adlanan məzarıstana yollanırıq.
Ziyarətə gələnlər üçün burada hər bir şərait yaradılıb. Giriş qapısının yaxınlığında
ətrafına təzə əklillər, gül-çiçəklər düzülmüş məzarın yanına gəlirik. Burada bizdən
başqa da ziyarətçilər var. Quranın "Həmdi-surə” ayəsi oxunur. Sonra ortaya sükut
çökür. Qara mərmərdən nəfis şəkildə düzəldilmiş baş və sinə daşları şəhidlərə göstərilən
qayğının bariz nümunəsidir. Şəhidlərin ailələri, övladları da həmişə ölkə rəhbərinin
nəzarətindədir, dövlət qayğısı ilə əhatə olunublar.
Qəbrin yanında düzəldilmiş xüsusi yerdə
"Xatirə kitabı” qoyulmuşdur. Onu vərəqləyirik. Yaxından-uzaqdan gələn ziyarətçilərin
ürək yanğısı ilə yazdığı sözləri həyəcansız oxumaq mümkün deyil. Göygöl rayonundan Z. Abdullayev adına 5 saylı
tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ramin Hacıyev yazıb:
"Əziz qardaşım Anar! Sizin və yoldaşlarınızın bu ilin iyul ayında Tovuz rayonu ərazisində
gedən döyüşlərdə göstərdiyiniz igidliklər Azəbaycanın hərb salnaməsinə yeni səhifə
kimi daxil oldu. Siz şəhid oldunuz, lakin mənfur, hiyləgər düşməni sərhədlərimizi
keçib torpaqlarımıza girməyə qoymadınız. Öz cəsarətinizlə bir daha göstərdiniz ki,
vətən candan da əzizdir. Bütün Azərbaycan xalqı indi sizin şücaətinizdən danışır.
Belə zabitləri, igid oğulları olan xalq hökmən düşmən üzərində qələbə çalacaq, əzəli
torpaqlarımız olan Qarabağı geri qaytaracaqlar. İnanırıq ki, o gün uzaqda deyil”.
Döyüşçü yoldaşı Qadir Həbibov isə belə yazıb:
"Rəis, salam! Sənin məzarın başında durub sənə baş əyirik. Sən bizim üçün nümunəvi,
unudulmaz bir komandir idin. Nə qədər canımızda can var, qəlbimizdəsən. Sənin qalxdığın
uca şəhidlik zirvəsinə yüksəlməyi özümə də arzulayıram. Ruhun şad olsun!”
Şəhid general-mayor Polad Haşımovun qardaşı
İlham Haşımov, şəhid polkovnik İlqar Mirzəyevin qardaşı Rafael Əsədov, xidmət yoldaşı
polkovnik-leytenant Loğman Xanlarov isə öz hisslərini belə ifadə etmişlər: "Torpaq
su ilə yoğrulanda palçıq, qanla qarışanda isə vətən olur. Torpağı qanı ilə vətən
edənlərdən biri də, Anar qardaşımız, sənsən. Allah sənə rəhmət eləsin! Ruhun şad
olsun!”
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə,
deputatlardan Məşhur Məmmədov, Anar İsgəndərov, Fəzail İbrahimli, Qənirə Paşayeva,
Cavanşir Paşazadə və yüzlərlə ziyalılarımız şəhid Anar Novruzovun dəfn mərasimində
iştirak etmişlər. Pandemiya rejimi dövrü olsa da, qayda-qanuna əməl etməklə insanlar
şəhidin məzarını ziyarətə gəlməkdədirlər.
İstər 2016-cı ilin aprel, istərsə bu ilin
iyul ayında Tovuz döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizin qanını
almağa tələsən minlərlə gənclərimizin ayağa qalxdığını, "Vətən bölünməz, şəhidlər
ölməz!” şüarı altında döyüşə hər an hazır olduqlarını bütün dünya gördü. Bu gənclərin
əksər hissəsi Respublika Səfərbərlik və Çağırış Xidmətinin şöbələrinə gedərək döyüşə
hazır olduqlarını bildirməkdədirlər. Bunları görəndə qürur hissi keçirirsən, fikirləşirsən
ki, çətin günlərdə bir olan, bir zindana vuran xalq torpaqlarını düşməndə qoymayacaq,
geri qaytaracaqdır. O zaman şəhidlərimizin ruhu şad olacaq. Bir şeirimdə dediyim
kimi:
Yayılsın
bu sədam şəhərə, kəndə,
Dedim
sözlərimi ürək dinəndə.
Bütün
Azərbaycan bütövləşəndə
Şəhidlər
qayıdar yenə bu yurda.
S.CAVADOV,
"Azərbaycan”