21 Avqust 2020 00:45
980
CƏMİYYƏT
A- A+
Vətəni candan əziz tutanlar

Vətəni candan əziz tutanlar


Deyirlər ki, dərdli, kədərli günlər insanı müdrikləşdirir, səbrini, gücünü, cəsarətini toplamaqda ona kömək olur. Şəhid mayor Anar Novruzovun oğlu, 7-ci sinif şagirdi Nihadla apardığımız söhbət zamanı bunun bir daha şahidi olduq. Balaca müsahibimi ilk dəfə görsəm də, hiss etdim ki, atasının ölümündən, daha doğrusu, ölümsüzlüyə qovuşduğu vaxtdan keçən bir ay ona çox şeyləri öyrədib. Şəhidin dəfni zamanı respublika Müdafiə Nazirliyi, Masallı Rayon İcra Hakimiyyəti nümayəndələrinin, deputatların, ayrı-ayrı hörmətli adamların atası - mayor Anar Novruzov haqqında dedikləri sözlər onu qürurlandırıb, yaddaşına həkk olunub, gələcək taleyini, ömür yolunu seçməkdə, müəyyənləşdirməkdə ona öz diktəsini edib. Nihad qəti şəkildə hərbçi olmaq, atasının, onun şəhid olmuş döyüş yoldaşlarının qisasını almaq qərarına gəlib. Bunun üçün ilk öncə Sərhəd Qoşunları Gimnaziyasında, sonra isə həmin qoşun növünün akademiyasında təhsil almaq arzusundadır. Belə bir deyim var: "Ataların yolu övladların yoludur”. Orta məktəb şagirdi Nihadın atası, 44 yaşında şəhidlik zirvəsinə ucalan mayor Anar Novruzovun həyatı təkcə doğma oğluna deyil, digər gənclərimizə də nümunədir, örnəkdir.

Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 3 qardaş, 7 bacı olublar. Qəhrəman ana Pürzə xanımın və Gülverdi kişinin böyüdüb boya-başa çatdırdığı 10 uşaqdan biri idi şəhid zabitimiz. Bütün çoxuşaqlı ailələrin övladları kimi onların da maddi sıxıntıları az olmayıb. Amma heç bir çətinlik onları qorxutmayıb, haqq yolundan uzaqlaşdırmayıb. Əksinə, aldıqları düzgün tərbiyə sayəsində halal zəhmətə bağlanıblar, vətənə layiqli övlad olmağı hər şeydən üstün tutublar. Qardaş və bacılar erkən yaşlarından gələcək həyat yollarını özləri müəyyən ediblər. Əsgəri xidmətdən sonra vətən sevdası ilə 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Ali Komandirlər Məktəbinə daxil olur, 1999-cu ildə taktiki motoatıcı qoşunların komandiri kimi təhsilini başa vuraraq hərbi xidmətə başlayır. Qulluq etdiyi 26 il ərzində bir dəfə də olsun hər hansı nöqsana yol vermir. Özündən yuxarı vəzifəli komandirlərin tapşırıqlarını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir. Kəşfiyyatçı zabit olaraq xidmətə başlayan A. Novruzov siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinədək yüksəlir. Tabeliyindəki əsgərlərə, gənc zabitlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara ata, böyük qardaş qayğısı göstərir.

Mayor A. Novruzovun ən yaxşı xüsusiyyətlərindən biri həmişə öyrənməyə can atması olub. Böyük qardaşı Sücəddin Novruzov deyir ki, dəfn mərasiminə gələn zabit yoldaşları onun AQS-17 silahının ən kamil bilicisi olduğunu söyləyiblər. Həmin silahla da şəkil çəkdirib. Elə bil ürəyinə damıbmış. "Qoy bu şəkil məndən yadigar qalsın”, - söyləyib. Döyüşkənliyi, mübarizliyi A. Novruzova "Akula” ləqəbini qazandırıb. Hiyləgər düşmən kəşfiyyatçı mayorun nəyə qadir olduğunu bilərək onun başı üçün xüsusi mükafat da təsis edibmiş.

Biz Masallıda olarkən Tovuz döyüşlərində şəhid olan A.Novruzovun ölümünün 40-cı gününə az qalırdı. Şəhidin bu vaxtadək yaşadığı evdə oğlu Nihadla, böyük qardaşı Sücəddin və digər yaxınları ilə görüşüb onun ruhuna dualar etdik, ailəyə başsağlığı verdik. Masallı-Yardımlı magistral şose yolunun üstündə yerləşən həyət evinin daş hasarından qıraq tərəfdə aparılan tikinti diqqətimizi cəlb etdi. S. Novruzov dedi ki, burada şəhid qardaşı mayor A.Novruzovun büstü qoyulacaq, habelə abidə kompleksində Tovuz, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş ərkivanlı igidlərin hər birinin qara mərmərdə surəti öz əksini tapacaqdır. "Sağ olun, yaxşı fikirdir. Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim hər birimizin müqəddəs borcumuzdur. Buraya gələnlər, xüsusilə məktəblilər A. Novruzov və digər şəhidlərimiz haqqında məlumat alacaqlar. Bu isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edəcək” deyərək belə bir xeyirxah təşəbbüsü təqdir etdik.

Şəhid zabitimizin məzarını ziyarət etmək fikrində olduğumuzu Sücəddinə söylədikdə o: "Olar. Qəsəbə qəbiristanlığı beş addımlıqdadır”, - dedi. Şəhidin məktəbli oğlu Nihadı da götürüb Təpə adlanan məzarıstana yollanırıq. Ziyarətə gələnlər üçün burada hər bir şərait yaradılıb. Giriş qapısının yaxınlığında ətrafına təzə əklillər, gül-çiçəklər düzülmüş məzarın yanına gəlirik. Burada bizdən başqa da ziyarətçilər var. Quranın "Həmdi-surə” ayəsi oxunur. Sonra ortaya sükut çökür. Qara mərmərdən nəfis şəkildə düzəldilmiş baş və sinə daşları şəhidlərə göstərilən qayğının bariz nümunəsidir. Şəhidlərin ailələri, övladları da həmişə ölkə rəhbərinin nəzarətindədir, dövlət qayğısı ilə əhatə olunublar.

Qəbrin yanında düzəldilmiş xüsusi yerdə "Xatirə kitabı” qoyulmuşdur. Onu vərəqləyirik. Yaxından-uzaqdan gələn ziyarətçilərin ürək yanğısı ilə yazdığı sözləri həyəcansız oxumaq mümkün deyil. Göygöl rayonundan Z. Abdullayev adına 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ramin Hacıyev yazıb: "Əziz qardaşım Anar! Sizin və yoldaşlarınızın bu ilin iyul ayında Tovuz rayonu ərazisində gedən döyüşlərdə göstərdiyiniz igidliklər Azəbaycanın hərb salnaməsinə yeni səhifə kimi daxil oldu. Siz şəhid oldunuz, lakin mənfur, hiyləgər düşməni sərhədlərimizi keçib torpaqlarımıza girməyə qoymadınız. Öz cəsarətinizlə bir daha göstərdiniz ki, vətən candan da əzizdir. Bütün Azərbaycan xalqı indi sizin şücaətinizdən danışır. Belə zabitləri, igid oğulları olan xalq hökmən düşmən üzərində qələbə çalacaq, əzəli torpaqlarımız olan Qarabağı geri qaytaracaqlar. İnanırıq ki, o gün uzaqda deyil”.

Döyüşçü yoldaşı Qadir Həbibov isə belə yazıb: "Rəis, salam! Sənin məzarın başında durub sənə baş əyirik. Sən bizim üçün nümunəvi, unudulmaz bir komandir idin. Nə qədər canımızda can var, qəlbimizdəsən. Sənin qalxdığın uca şəhidlik zirvəsinə yüksəlməyi özümə də arzulayıram. Ruhun şad olsun!”

Şəhid general-mayor Polad Haşımovun qardaşı İlham Haşımov, şəhid polkovnik İlqar Mirzəyevin qardaşı Rafael Əsədov, xidmət yoldaşı polkovnik-leytenant Loğman Xanlarov isə öz hisslərini belə ifadə etmişlər: "Torpaq su ilə yoğrulanda palçıq, qanla qarışanda isə vətən olur. Torpağı qanı ilə vətən edənlərdən biri də, Anar qardaşımız, sənsən. Allah sənə rəhmət eləsin! Ruhun şad olsun!”

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, deputatlardan Məşhur Məmmədov, Anar İsgəndərov, Fəzail İbrahimli, Qənirə Paşayeva, Cavanşir Paşazadə və yüzlərlə ziyalılarımız şəhid Anar Novruzovun dəfn mərasimində iştirak etmişlər. Pandemiya rejimi dövrü olsa da, qayda-qanuna əməl etməklə insanlar şəhidin məzarını ziyarətə gəlməkdədirlər.

İstər 2016-cı ilin aprel, istərsə bu ilin iyul ayında Tovuz döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizin qanını almağa tələsən minlərlə gənclərimizin ayağa qalxdığını, "Vətən bölünməz, şəhidlər ölməz!” şüarı altında döyüşə hər an hazır olduqlarını bütün dünya gördü. Bu gənclərin əksər hissəsi Respublika Səfərbərlik və Çağırış Xidmətinin şöbələrinə gedərək döyüşə hazır olduqlarını bildirməkdədirlər. Bunları görəndə qürur hissi keçirirsən, fikirləşirsən ki, çətin günlərdə bir olan, bir zindana vuran xalq torpaqlarını düşməndə qoymayacaq, geri qaytaracaqdır. O zaman şəhidlərimizin ruhu şad olacaq. Bir şeirimdə dediyim kimi:

Yayılsın bu sədam şəhərə, kəndə,

Dedim sözlərimi ürək dinəndə.

Bütün Azərbaycan bütövləşəndə

Şəhidlər qayıdar yenə bu yurda.

S.CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!