15 Sentyabr 2023 09:00
27432
CƏMİYYƏT
A- A+

UZUN YOLUN  YOLÇUSU

Bəzən yolçular yola böyük amalla, arzu və istəklə çıxırlar...
Yollar isə həmişə təhlükəsiz, hamar və rahat olmur.
Amma əqidə yolçularını heç bir çətinlik və məhrumiyyət qorxudaraq məqsədlərindən çəkindirə bilmir!
Hərdən müxtəlif maneələr səbəbindən yarıyolda dayananlar, uzunmüddətli cəzalara məhkum edilərək ləngidilənlər də olur...
Lakin zaman və həyat çox şeyi dəyişə, yeni şərait və mühit də formalaşdıra bilir.
Belədə əqidə və ideya yolçuları yenidən fəaliyyətə başlamaqla missiyalarının icrasını davam etdirirlər. 
Müstəqillik amalı ilə çətin və təhlükəli, sınaqlarla dolu yola qədəm qoyan "Azərbaycan" qəzeti də məhz belə bir tale yaşadı!
Qismətinə əvvəli uğursuz və faciəli, sonda isə niyyətinə çataraq istəyinə qovuşan, ağrı-acıları xoş günlərlə əvəzlənən bir tale nəsib oldu!

 

İllər əvvəl "Azərbaycan"ın 100 yaşı münasibətilə yazdığım məqalədən bir cümləni yenidən diqqətə çəkmək istəyirəm:

"Azərbaycan"ın dünyaya gəlişi qeyri-adi, keçdiyi "həyat yolu" bənzərsiz, taleyi uğursuz, həm də şərəfli oldu!

"Azərbaycan" 15 sentyabr 1918-ci ildə o zaman yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yerləşdiyi Gəncə şəhərində doğuldu.

Yeni dövlətin yeni qəzetinin yaradılması ilə ikinci hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsini tutan Nəsib bəy Yusifbəyli məşğul oldu. Çünki mətbuat məsələsinə də maarif və dini etiqad naziri baxırdı.

İstək və ideya xoş olsa da, problemlər də az deyildi.

Ən əvvəl yaxşı qələmi olan jurnalistlər tələb olunurdu.

Nəsib bəy Yusifbəyli həmin vaxt Gəncədə yaşayan Ceyhun Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin yaxşı qələmlərinin olduğunu bilirdi. Odur ki, bu işi onlara tapşırdı.

İkincisi, qəzet buraxmaq üçün mətbəənin olması vacibdir.

Gəncədə yalnız bir mətbəə - quberniya mətbəəsi vardı.

Üçüncü problem isə ondan doğurdu ki, mətbəədə kifayət qədər zəruri mal, material və avadanlıq yox idi.

Başqa sözlə, bu mətbəənin şriftləri rus-kiril əlifbalı şriftlər idi.

Azərbaycan dilindəki hürufat lap az idi.

***

Gəncədə işıq üzü görən "Azərbaycan" qəzetinin 12 səhifədən ibarət cəmi 4 nömrəsi çıxır.

Söylənilən səbəbdən - hürufat qıtlığından 9 səhifə rus, 3 səhifə Azərbaycan dilində çap edilir.

Sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçür.

Yeni nəşrə başlayan "Azərbaycan"ın köçürülməsi məsələsini də Nəsib bəy Yusifbəyli həll edir.

Həmin vaxt Bakıda Orucov qardaşlarına məxsus müasir mətbəə vardı.

Həmin mətbəə büdcə vəsaiti hesabına Orucov qardaşlarından alınır.

Baxın, Xalq Cümhuriyyəti hökuməti bolşeviklər kimi müsadirə etmir, zorla əllərindən almır, pulunu ödəyir!

Halallıq, düzlük, təmizlik yolu hər şeydən uca tutulur.

Bununla bağlı görkəmli mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun söylədiyi daha bir maraqlı fakt:

- Dövlət büdcəsindən maliyyələşdirilən "Azərbaycan" müxtəlif səbəblərə görə hökumətin tərkibində və Məclisi-Məbusanda yer tuta bilməyərək məvacibsiz qalan əqidə yoldaşlarının da dadına çatır.

Üzeyir bəy Hacıbəyli 1919-cu ilin martında Parisə - Paris Sülh Konfransına gedən qardaşı Ceyhun bəy Hacıbəyliyə göndərdiyi məktubunda yazırdı: "Sən gedəndən sonra Nəsib bəy Yusifbəyli mənimlə görüşərək dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al. Məhəmməd Əmin də sənin məvacibini alsın. Smetada da belə nəzərdə tutuldu".

"Azərbaycan" qəzeti yaranışından

3 əsas qayəyə xidmət edib!

Qəzetin ilk redaktorlarından biri olan Üzeyir bəy Hacıbəylinin təbirincə desək:

- Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir.

"Azərbaycan" daim dövlətin və xalqın maraqlarına xidmət edib!

Qəzetin ilk redaktoru Ceyhun bəy Hacıbəylinin dediyi kimi: "Azərbaycan bir firqənin, bir sinfin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi..."

"Azərbaycan" öz mövqeyində, öz əqidəsində heç zaman təhrifə, kənar sapmalara və dəyişikliyə yol verməyib!

Əqidəsinə, özünə və sözünə daim sadiq qalıb!

***

Həyatda bir neçə həqiqət olur:

* Hər kəsin ürəyində gizli saxladığı həqiqət;

* İki nəfərin bildiyi və heç kəsə demədikləri həqiqət:

* Bir qrup insana bəlli həqiqət:

* Hamının bildiyi həqiqət.

"Azərbaycan" həmişə həqiqəti deyib və həqiqəti yazıb!

"Azərbaycan" yalan söyləməyib, saxtakarlıq etməyib!

Həqiqəti demək mümkün olmayanda isə susub!

Yaxud da susdurublar!

Hətta elə bir zaman gəlib ki, "Azərbaycan"ın nə vaxtsa açıq danışdığı həqiqətləri xalqdan gizlətməyə çalışıblar.

Bunun üçün hər vasitəyə əl atıblar.

"Azərbaycan"ın söylədiyi ən böyük həqiqətlərdən biri o olub ki, Azərbaycan xalqı özünə müstəqil dövlət qurmağa, onu yaşatmağa və inkişaf etdirməyə qadirdir!

Azərbaycan xalqının vətənpərvər, savadlı, yüksək intellektli və dünyagörüşlü, bəsirətli övladları 1918-ci il mayın 28-də əl-ələ verərək ilk müstəqil dövlətlərini qurdular, onun parlamentini təşkil etdilər, bu dövləti çox çətinliklər və müsibətlər şəraitində 23 ay yaşatdılar!

Sonra şimaldan gələn "qırmızı taun" bu dövləti işğal etdi.

Beləliklə, yenicə müstəqillik qazanmış gənc dövlət "kommunizm" adlı uydurulmuş bir xülya pərdəsi altında yeni yaradılan "qırmızı imperiya"nın tərkibinə qatıldı.

Dərhal da çox böyük məharətlə hazırlanan və uzun illər boyu dayanmadan işləyən "repressiya maşını" işə salındı.

"Kim bizdən deyilsə, o bizə qarşıdır" prinsipi əsas tutularaq yaşa, cinsə, sinfi mənsubiyyətə baxmadan hamı çox amansızlıqla, qəddarlıqla cəzalandırılırdı.

Bu cəzadan "Azərbaycan" da kənarda qalmadı.

Bir gecənin içində bütün əmlakını əlindən aldılar.

Əməkdaşlarını "yeni quruluş"u təbliğ və tərənnüm etməyə yönəltdilər.

Özünü isə həbsxanaya - arxivlərin ən qaranlıq küncünə atdılar.

73 il "təkadamlıq kamerada" saxladılar.

Kiminləsə "görüşü"nə icazə vermədilər.

Hətta "Azərbaycan"ı tarixçilərdən, mətbuat tədqiqatçılarından belə gizlətdilər.

Qorxdular ki, "Azərbaycan"ın yazdıqlarını "on beş müttəfiq respublikanın tərkibində bəxtəvərcəsinə yaşayan" azərbaycanlı gənclər oxuyar və keçmiş həqiqətləri bilərlər.

* Bilərlər ki, Azərbaycan xalqı bir zamanlar özünün müstəqil dövlətini qurub!

* Bilərlər ki, Azərbaycan xalqı müstəqil yaşamağa, yaratmağa qadir xalqdır!

* Bilərlər ki, xalq özünə müstəqil dövlət quranda öz sərvətlərinə sahib çıxır, öz qazancı özünə qalır, ölkə əhalisinin rifahına yönəldilir!

* Bilərlər ki, Azərbaycan xalqının zəkalı insanları qurduqları dövlətin maraqlarını təmin etməyə, müstəqil siyasət yürütməyə, müasir, sivil, ` demokratik cəmiyyət qurmağa qadirdirlər!

Dövləti çox uğurla qoruyub yaşatmağı da bacarırlar!

***

Görkəmli ziyalı, professor Hafiz Paşayevin təşəbbüsü və rəhbərliyi ilə ADA Universiteti çox nəcib və xeyirxah bir iş görüb!

"Azərbaycan" qəzetinin Xalq Cümhuriyyəti dövründə işıq üzü görmüş 443 nömrəsinin transliterasiya olunaraq qəzet (orijinal formada) və kitab şəklində nəşrinə başlayıblar!

Artıq 5 belə kitab oxuculara çatdırılıb!

Bu xeyirxah təşəbbüsə dəstək və minnətdarlıq əlaməti olaraq müasir "Azərbaycan" öz sələfinin transliterasiya olunmuş nömrələrinə səhifələrində yer ayıraraq yenidən oxucularının diqqətinə təqdim edir.

Beləliklə, dövrlərin və qəzetlərin müqayisəsinə də imkan yaranmış olur.

Oxucular da görürlər ki, dövrlər müxtəlif olsa da, müstəqil Azərbaycanın problemləri bir çox halda eyniymiş:

* Bədnam qonşularımız o zaman da çar Rusiyasının çöküşündən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün silahlanaraq yaşayış məntəqələrimizə hücumlar edir, soyqırımları törədir, bir sıra ərazilərimizi ələ keçirirdilər.

* İndiki havadarları o zaman da onlara arxa duraraq yardım göstərir, işğalçını və haqsızı müdafiə edirdilər.

* "Qırmızı ordu" Azərbaycana azadlıq və xoşbəxtlik deyil, qırğın və fəlakət gətiribmiş.

Maraqlıdır ki, bir sıra hallarda hər iki "Azərbaycan"ın bir çox mövzusu eyniyyət təşkil edir!

Əsl xoşbəxtlik isə onda oldu ki, XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanan Azərbaycanın Ulu Öndər Heydər Əliyev kimi dahi övladı vardı!

Ümummilli Liderimiz qurtuluş və xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müasir Azərbaycanın qurucusuna və memarına çevrildi!

Azərbaycanın budəfəki müstəqilliyini əbədi və dönməz etdi!

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev isə daha da irəli getdi!

Xalqın milli birliyinə nail olaraq möhtəşəm ordu qurdu!

44 günlük Vətən müharibəsində möhtəşəm zəfərə imza atdı, işğal altındakı torpaqları azad edərək düşmənə acınacaqlı məğlubiyyət yaşatdı, təkcə hərb meydanının deyil, diplomatiya və informasiya müharibəsinin də baş qəhrəmanına çevrildi!

Otuz illik işğaldan sonra Azərbaycan yenidən bütövləşdi!

Bütün bu şücaət və qəhrəmanlıqlardan "Azərbaycan" böyük həvəs və sevinclə, dönə-dönə, yorulmadan yazdı, rəhbərin, xalqın, ordunun qəhrəmanlıqlarını tarixin qızıl səhifələrinə çevirdi!

***

"Azərbaycan"ın 105 yaşının tamam olduğu gündə yenidən dövlətin rəsmi qəzetinin keçdiyi yola qısaca, xəyalən nəzər salmaq istəyirik.

İlk dörd nömrəsi Gəncədə çıxan "Azərbaycan" oxucuları ilə görüşə xoş bir müjdəylə gəlmişdi:

Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu sentyabrın 14-də gecə saat 2-00-da Bakını düşmənlərdən azad etmişdi.

Qəzetin 1918-ci il 15 sentyabr tarixli 1-ci nömrəsində bununla bağlı verilən xəbər və təbrik teleqramlarını olduğu kimi diqqətinizə təqdim edirik:

 

Bakının süqutu

Dün gecə Azərbaycan Cümhuriyyəti Rəyasəti naminə [adına] Nuri paşa həzrətləri tərəfindən böylə bir teleqraf kəşidə edilmişdir [çəkilmişdir]:

"Biminnətil-Kərim, Bakı şəhəri 15/9/34 saat 9 əvvəlində [9-a işləmiş] qitəatımız [birliklərimiz] tərəfindən zəbt olundu.

Qafqaz İslam Ordusu
Komandanı Fəriq Nuri."

 

Bakının süqutu münasibətilə Azərbaycan Cümhuriyyəti Rəyasəti tərəfindən zeyldə [aşağıda] dərc edilən təbrik teleqramları göndərilmişdir:

"Qafqaz İslam Ordusu Komandanı səadətli Nuri paşa həzrətlərinə:

Təhti-komandanızda [komandanız altında] olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, əfəndim.

Heyəti-Vükəla Rəisi
[Nazirlər Kabinetinin Sədri] Fətəli xan."

 

"Şərq Orduları Qrupu komandanı Xəlil paşa həzrətlərinə:

Bakının, Azərbaycanın istiqbalını, səadətini iqtisadən və siyasətən təmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmananə hücumları sayəsində düşmənlərindən xilası münasibətilə zati-aliyi-həmiyyətpərvəranələrini ən səmimanə bir surətdə təbrik edirəm.

Heyəti-Vükəla Rəisi
[Nazirlər Kabinetinin Sədri]
Fətəli xan."

 

İlk nömrədə Məhəmməd Hadinin böyük coşqu və ilhamla qələmə aldığı "Türkün nəğməsi" şeiri də verilmişdi:

 

TÜRK NƏĞMƏSİ

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,

Məfkurə yolunda tökülən qan hədər olmaz.

Qiymətli olan xuni-şəhidan hədər olmaz,

Dul qalmış olan növheyi-nisvan hədər olmaz,

Bax sən sonuna, himməti-türkan hədər olmaz.

Bədbəxt olan əfqani-yetiman hədər olmaz,

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməyiz əldən,

Xövf eyləmədik atəşi-dəhhaşi-düvəldən,

Bir zərrə belə qorxmayırız dəsti-əcəldən

İstərsə cahan çevrili versin də təməldən

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək müslih əməldən.

***

 Bu möhtəşəm qələbə sayəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə bərabər "Azərbaycan" qəzetinin də Bakıya yolu açıldı.

Beləliklə, ongünlük Gəncə dövründən sonra "Azərbaycan" qəzeti də paytaxta köçürüldü.

Qəzetin redaksiyası Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasında yerləşir.

Beləliklə, həm Xalq Cümhuriyyətinin, həm də "Azərbaycan"ın bir o qədər də uzun sürməyən yeni, həm də şərəfli dövrü başlayır.

Qəzet dövrün salnaməçisi funksiyasını sonadək uğurla yerinə yetirir.

***

"Azərbaycan" mətbuat bolluğu şəraitində fəaliyyətə başlamışdı.

1905-1907-ci illər rus inqilabından sonra Azərbaycanda da çoxsaylı qəzetlər nəşrə başlamışdı.

Onların sırasında "Kaspi", "İrşad", "Həyat", "Tazə həyat" , "Tərəqqi", "Səda", "Açıq söz" qəzetləri, pedaqoji və uşaq jurnalları, daha sonralar müxtəlif partiyalara məxsus nəşrlər vardı. Bu mətbu orqanlar məişətdən tutmuş siyasətədək, mədəniyyətdən iqtisadiyyatadək ən müxtəlif mövzularda yazırdılar.

"Molla Nəsrəddin"in nəşrə başlaması isə satirik jurnalistikanın, felyeton janrının inkişafına yeni nəfəs, yeni üslub gətirdi.

Bu nəşrlər həm də Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə yaratdığı milli mətbuatımızın və jurnalistikamızın milli ənənə və prinsiplərini yaşadaraq davam etdirirdilər.

"Azərbaycan" qəzeti milli mətbuatın ənənələrinə sadiq qalmaqla yanaşı, həm də yeni cığır, yeni yol açmış oldu.

Ulu Öndər Heydər Əliyev qəzetin bu cəhətini xüsusi qeyd etmişdir:

- "Azərbaycan" qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir.

Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının və jurnalistikasının əsasını qoydu. Demokratik fikir və ideyaların, elm və maarifin təbliği, dini xurafata qarşı mübarizə yazıların ana xəttini təşkil edirdi. Qəzetdə habelə "Əkinçi"yədək digər qəzetlərdə olmayan mövzulardan da bəhs edilib. Xüsusən kənd təsərrüfatına, insan sağlamlığına dair bilgilərin təbliğinə, ana dili, poeziya, musiqi və digər məsələlərə müəyyən yer ayrılıb.

Bununla "Əkinçi" həm də özündən sonra çıxan qəzet və jurnalların mövzu dairəsini daha da genişləndirib.

"Azərbaycan" isə prinsipcə yeni dövrün yeni qəzeti idi.

Onun nəşrə başladığı günə qədər Azərbaycanın müstəqil dövləti və dövlətçiliyi, peşəkar parlamenti, dövlət qurumları, ideoloji prinsipləri olmamışdı.

Bütün bunlar qəzet üçün yeni mövzular idi və ilk dəfə olaraq "Azərbaycan"ın səhifələrində işıqlandırılırdı.

"Azərbaycan"ın birinci dövr (1918-1920-ci illər) fəaliyyəti ilə bağlı mətbuat tədqiqatçılarımız xeyli araşdırma aparmış, elmi məqalələr və dissertasiyalar yazılmış, dəyərli fikirlər söylənilmişdir.

Mətbuat araşdırmaçılarının müxtəlif zamanlarda söylədikləri bəzi fikirləri yenidən diqqətə çəkirik:

 

Şamil VƏLİYEV,

filologiya üzrə elmlər doktoru,

professor:

- "Azərbaycan" qəzeti dövrün ən populyar və oxunaqlı qəzeti idi. Rəsmi materialların nəşrinə, ciddi analitik yazılara, janr müxtəlifliyinə, habelə siyasi fikir rəngarəngliyinə meydan açan qəzet idi. Redaksiyada dövrün tanınmış ziyalılarının birləşməsi onun peşəkar səviyyəsini daha da mükəmməlləşdirir, qəzetdə xəbər-informasiya işinin doğru-düzgün balansının həyata keçirilməsinə səbəb olurdu. Bütün bunlarla yanaşı, qəzetin müstəqil dövlətçilik, informasiyalı vətəndaş cəmiyyəti mövqeyində dayanması onun psixoloji xüsusiyyətlərini müəyyənləşdirirdi.

 

Alxan BAYRAMOĞLU,

filologiya üzrə elmlər doktoru,

professor:

- "Azərbaycan" qəzeti 1918-ci ilə qədər milli ictimai-mədəni şüurda XIX əsrin ortalarında (bəlkə də daha əvvəl) formalaşıb gələn bütün mütərəqqi keyfiyyətləri - milli mənlik duyğusunu, dövlətçilik şüurunu, siyasi düşüncəni, mədəni, mənəvi dünyamızı, dövrün sosial-psixoloji proseslərini öz səhifələrində peşəkarlıqla əks etdirən, geniş oxucu kütləsi tərəfindən sevilən və tariximizin işıqlı səhifələrindən birinə çevrilən mətbu orqan idi.

 

Asif RÜSTƏMLİ,

filologiya üzrə elmlər doktoru, professor:

- "Azərbaycan" qəzeti ilk saylarından ictimai-siyasi mühitin, fəaliyyət göstərdiyi dövrün salnaməsinə çevrildi, istiqlal məfkurəsinin intişarında, milli şüurun təkamülündə misilsiz xidmətlər göstərdi.

Mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst düşüncənin, fikir plüralizminin mötəbər tribunası idi. Dövlətçiliyə və qanunlara sədaqət nümayiş etdirməklə müstəqil mətbuat orqanı imicini qazandı.

"Azərbaycan" qəzeti operativliyi, obyektivliyi, peşəkarlığı, qərəzsizliyi ilə Cümhuriyyət dövrünün jurnalistika universitetinə çevrildi.

Mübaliğəsiz və istisnasız demək olar ki, "Azərbaycan" qəzeti Xalq Cümhuriyyətinin tarixi salnaməsi, mənəviyyat xəzinəsi, çağdaş dövlətçiliyimizin ensiklopediyasıdır.

***

"Azərbaycan"ın ikinci ömrü də asan və rahat keçmədi.

Artıq qəzet müstəqilliyin qeyri-rəsmi atributuna çevrilmişdi!

Əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanılanda onun yenidən nəşrinə zərurət yarandı.

Adı başqa qəzetdə olduğundan (Qarabağa Xalq Yardımı Komitəsinin həftəlik orqanı həmin vaxtlar "Azərbaycan" adını daşıyırdı) "Həyat" adı ilə 1991-ci ilin yanvarından fəaliyyətə başladı.

Yalnız 20 ay sonra - 14 sentyabr 1992-ci ildə əsl adına qovuşdu.

Əslində, "Həyat"ın 440 nömrəsi də "Azərbaycan" deməkdir və onun 443 nömrəsindən sonrakı davamı sayılır.

Yeni müstəqillik dövrü də təlatümlərlə dolu idi.

Birinci Qarabağ müharibəsi zamanı torpaqların itirilməsi, ölkəyə qorxaqların, səriştəsizlərin və xəyanətkarların rəhbərlik etmələri, nəticədə xaos və anarxiyanın baş alıb getməsi, vətəndaş müharibəsinin qığılcımlarının alışması, nəhayətdə nəinki müstəqilliyin, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğunun təhlükə altına düşməsi tarixi fakt və reallıqlar idi.

Belə bir vəziyyətdə yüz minlərlə tirajı olan qəzet buraxmaq, sözün oda çevrildiyi zamanda xalqa düz yol göstərmək, qərəzsiz, obyektiv olaraq yazmaq o qədər də asan məsələ deyildi.

Yalnız xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması suları durultdu, xalqın itmiş inamını özünə qaytardı, vahid ideya xəttini formalaşdırdı.

Ulu Öndərin yorulmaq bilmədən fəaliyyət göstərməsi, vətəndaş müharibəsinin qarşısını alması, qanunsuz silahlı dəstələri zərərsizləşdirməsi, müharibə bölgəsində atəşkəsə nail olması, ölkəni inkişaf, quruculuq, yüksəliş yoluna yönəltməsi mətbuatın da yazdığı əsas mövzular idi.

"Əsrin müqaviləsi" neft kontraktının imzalanması, yeni transmilli layihələrin icrasına başlanılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində zəruri tədbirlər görülməsi yeni reallıqların başlanğıcı idi.

Yeni Konstitusiyanın qəbulu, bazar iqtisadiyyatı münasibətlərinə keçidin təmini, özəlləşdirilməyə dair dövlət proqramlarının icrası, torpaq islahatlarının keçirilməsi, demokratik təsisatların yaradılması, senzura nəzarətini ləğv edərək azad mətbuatın formalaşdırılması, vətəndaş cəmiyyətinin, çoxpartiyalı sistemin cəmiyyətdə yer almasına münbit şəraitin hazırlanması və digər çoxsaylı məsələlər təkcə dövlət üçün deyil, mətbuat üçün də yeniliklər sayılırdı.

Qəzet öyrənə-öyrənə yazmalı, yaza-yaza öyrənməli, yeniliklərin insanların şüuruna daha tez çatmasına nail olmalı idi!

Yeni dövrün yeni "Azərbaycan"ı bax, belə işləyir, məsuliyyət yükünü daşımaqdan qorxmurdu!

Həm də dəfələrlə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüş Ulu Öndər Heydər Əliyev kimi rəhbərimiz, İlham Əliyev kimi dövlət başçımız vardı.

Onların yerinə yetirdikləri tarixi missiyanı olduğu kimi əks etdirmək tək jurnalistin vəzifə borcu yox, həm də mənəvi borcu sayılırdı!

Qəzetin yeni dövr fəaliyyəti barədə saatlarla və günlərlə danışmaq mümkündür.

Bircə onu qeyd edək ki, Azərbaycanda müstəqilliyin otuz ilində nələr baş veribsə, hamısı "Azərbaycan"çılar tərəfindən qələmə alınaraq "Azərbaycan"ın səhifələrində hifz olunur, yaşadılır!

***

Mürəkkəb və çoxsaylı hadisələrlə zəngin həmin dövrdə baş verənlərin qəzetimizdə necə əks olunduğunu qiymətləndirmək üçün cəmiyyətin məşhur və tanınmış simalarından bəzi iqtibasları yığcam şəkildə təqdim edirik:

 

Ramil USUBOV,
Azərbaycan Respublikası
Təhlükəsizlik Şurasının katibi:

- Ötən əsrin sonlarında nəşri bərpa olunmuş "Azərbaycan" qəzetinin fəaliyyətində məhz Ümummilli Lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra əsaslı dönüş yaranmış və qəzet öz dəyərli ənənələrini davam etdirmişdir. Ulu Öndərin azərbaycançılıq və milli dövlətçilik konsepsiyasının, habelə möhtərəm Prezident İlham Əliyevin respublikamız haqda həqiqətlərin dünyaya çatdırılmasına, onun demokratik imicinin yüksəldilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş siyasi kursunun fəal təbliğatçısına çevrilmiş və bu gün də daşıdığı yüksək ideallara sədaqət nümayiş etdirir.

 

Əli ƏHMƏDOV,
Azərbaycan Respublikas Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyasının sədr müavini:

- Tarixinin ən qüdrətli müstəqillik və əzəmətli tərəqqi dövrünü yaşayan Azərbaycanda ölkəmizin adını daşıyan qəzetin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Çox sevindiricidir ki, bu məsuliyyət lazımınca dərk edilir, yüksək peşəkarlıq və yaradıcılıqla icra olunur. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən möhtəşəm quruculuq və inkişaf dövrünün misilsiz nailiyyətləri "Azərbaycan"ın səhifələrində, onun konseptual və fundamental araşdırmalarında geniş və əhatəli şəkildə əksini tapır, maraqlı, rəngarəng yazılarda və fotoşəkillərdə əbədiləşir, tarixə çevrilir.

 

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, Milli Məclisin deputatı:

- Azərbaycan Xalq Cümhuriyyətinin əsas mətbuat orqanı kimi 15 sentyabr 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər fəaliyyətini davam etdirən "Azərbaycan" qəzeti qalib gəlmiş bir ölkənin və xalqın ilk rəsmi dövlət qəzetidir.

"Azərbaycan" qəzeti - müstəqil Azərbaycan dövlətinin birinci mətbu sözçüsü idi.

"Azərbaycan" qəzeti - cümhuriyyət, yeni və respublika tipli demokratik dövlət quruculuğu proseslərinin güzgüsüdür.

"Azərbaycan" qəzeti - azərbaycançılıq məfkurəsini ümummilli ideyadan dövlət ideologiyası səviyyəsində təqdim və təbliğ etməyin start nöqtəsidir.

 

Mübariz QURBANLI,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri:

- Eyni adlı sələfindən aldığı məşəli ləyaqətlə daşıyan "Azərbaycan" ölkə mediasında əsl jurnalistika məktəbi hesab oluna bilər.

Ölkənin baş qəzeti - rəsmi dövlət qəzeti və Milli Məclisin orqanı kimi fəaliyyəti ilə yanaşı, ona xüsusi rəğbət oyadan bir cəhət də hər zaman dövlət və vətəndaş mövqeyindən çıxış etməsidir.

 

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, akademik:

- "Azərbaycan" qəzeti ölkənin ictimai-siyasi həyatında baş verən hər bir hadisəyə daim düşünülmüş, həssas şəkildə və peşəkar səviyyədə reaksiya verib. Hər zaman Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin maraqları mövqeyindən çıxış edib. Öz fəaliyyətində daim Azərbaycan xalqı və dövlətinin mənafelərini üstün tutub, dövlətçiliyin yanında olub.

 

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı:

- Mətbuat aləmində özünəməxsus dəst-xəti ilə seçilən, fəaliyyətini mütərəqqi tarixi ənənələr üzərində quran, qarşıya qoyduğu prinsipial hədəflərə bu gün də sadiqlik göstərən "Azərbaycan" qəzeti respublikanın keçmişinə, bu gününə, sabahına mükəmməl elmi, fəlsəfi baxışı özündə əks etdirir, xalqa, dövlətçiliyə bağlılığını nümayiş etdirir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu davamlı və dinamik inkişaf strategiyası, "Azərbaycan" qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

Bütün bu dəyərli fikirlərdə söylənilənlərlə yanaşı, "Azərbaycan"ı oxuculara sevdirən və onun yüksək peşəkarlığına dəlalət edən ciddi məqamlar da var.

Onlardan bir qismini xatırlatmaq istərdik.

"AZƏRBAYCAN" QƏZETİ:

* Etibarlıdır - yalnız həqiqətləri yazır və yayır;

* Doğruçudur - faktlar dönə-dönə yoxlanıldıqdan sonra qəzet səhifəsinə çıxarılır;

* Mövqeyi aydın və qətidir - daim müstəqil dövlətimizin və xalqımızın maraqlarını müdafiə edir;

* Tərəfsizdir - dövrlər dəyişsə də, əqidəsini dəyişməyib, korporativ maraqlara uyaraq haqsız mövqe sərgiləməyib;

* Dövlətə və xalqa sədaqəti daim uca tutub, onu öz amalına çevirib;

* Milli mətbuatımızın ənənə və prins

iplərinə daim sadiq qalıb, öz kökündən ayrı düşməyib;

* Özünün yaratdığı ənənə və prinsiplərini də heç zaman dəyişməyib;

* Yüksək qələm sahiblərinin, peşəkarların çalışdığı orqan olub!

***

"Azərbaycan" üçün növbəti sınaq dövrü 44 günlük Vətən müharibəsinin başlaması oldu!

Bu, adi müharibə deyildi!

Bu, otuzillik işğala son qoyan, XXI əsrin müharibələr tarixində yeni səhifə açan, dünyanın ən güclü dövlətləri üçün belə nümunəyə çevrilən müharibə idi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yeni strategiya və taktika tətbiq edərək BMT-nin, ATƏT-in, beynəlxalq hüququn və qurumların bacarmadıqları işi 44 gündə zəfərlə həll etdi!

Beşəsrlik dövrdə ilk dəfə itirilmiş Azərbaycan torpaqlarını geri qaytardı, ikiəsrlik Qarabağ münaqişəsinə son qoydu!

Düşmən ordusunu məhv edərək "dəmir yumruğ"u ilə başlarını əzdi, kapitulyasiya aktına imza atdırdı!

Xalqın milli birliyinə nail oldu, müstəqillik dövründə doğulmuş gənclərdən ibarət müasir ordu quraraq bütün Qarabağı, Şərqi Zəngəzuru və Şuşanı düşməndən azad etdi!

Bu müharibədə Azərbaycan əsgər və zabitləri, xüsusi təyinatlılar qeyri-adi şücaət və qəhrəmanlıqlar göstərdilər, bir qismi Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı!

"Azadlıq" meydanında möhtəşəm qələbə paradı keçirilərək hərbi zəfərimiz bütün dünyaya nümayiş etdirildi!

Bütün bunlar barədə "Azərbaycan" qəzeti böyük məhəbbətlə, qürurla, heyranlıqla, peşəkarlıqla yazdı, Vətən müharibəsi qəhrəmanları, şəhidlər, ordu bölmələri barədə məqalə, oçerk və reportajlar verdi.

Sonra bu yazıların bir qismi toplanılaraq "Xilaskar İlham Əliyev" adlı Vətən müharibəsi barədə yeni kitab nəşr etdirdi.

***

Bu gün müstəqil Azərbaycan başladığı işləri uğurla davam etdirir:

* İqtisadi gücünü və hərbi qüdrətini artırır.

* Qarabağın və Şərqi Zəngəzurun bərpa və yenidən qurulması prosesini sürətlə davam etdirir.

* Beynəlxalq nüfuzunu artırır, Qoşulmama Hərəkatına uzaqgörən rəhbərliyi sayəsində dünyada gedən siyasi proseslərə müəyyən təsir göstərir.

* Türkiyə ilə əlaqəli fəaliyyəti, hərbi müttəfiqliyi gücləndirir.

* İsrail və Pakistanla əməkdaşlığı və dostluğu yeni səviyyəyə qaldırır.

* Avropa İttifaqı ilə münasibətləri daha da gücləndirərək qitənin "mavi yanacaq" və "yaşıl enerji" ilə təminatında fəal rol oynayır.

* Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlığa və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.

* Kapitulyant ölkə ilə qoyduğu şərtlər əsasında danışıqlar apararaq iradə və istəklərini sonadək həyata keçirmək əzmi nümayiş etdirir.

Bütün bu və digər məsələlər barədə "Azərbaycan" qəzeti sistemli və rəngarəng yazılar dərc edir, Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətini geniş və hərtərəfli işıqlandırır.

Bu gün görülən möhtəşəm işlər sabah müstəqil dövlətimizin şərəfli səhifələrindən birinə çevriləcəkdir.

"Azərbaycan" dövrün doğru və obyektiv salnaməsinin yazılmasına da öz dəyərli töhfələrini verməkdədir.

 

 Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video