UNEC-də 3 yeni ikili diplom proqramının təqdimatı keçirilib. Tədbirdə UNEC-in
müvafiq struktur rəhbərləri ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, təhsil üzrə ekspertlər və digər
ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli
sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın
əhəmiyyətindən danışıb. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin
beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasının və yeni təhsil mühitinin
yaradılmasının dövlət proqramının əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.
Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərdən söz açan nazirlik rəsmisi UNEC-in
ikili diplom proqramlarına diqqət çəkib. O, UNEC-in ölkənin ali təhsil müəssisələri
arasında ikili diplom proqramlarının sayına görə lider olduğunu vurğulayıb.
Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət
müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin Fransa dövlətinin
ikili diplom proqramları istiqamətində məqsədyönlü strategiyasının olduğunu bildirib.
UNEC-in Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdığını
diqqətə çatdıran səfirlik rəsmisi proqramın əhəmiyyətindən danışıb. O, proqramda
iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr
göstərdiklərini deyib.
Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti
ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun
təbrik videoçarxı nümayiş olunub.
UNEC-in Fransanın iki aparıcı universiteti
ilə ikili diplom proqramı reallaşdırdığını bildirən tədris və təlim texnologiyaları
üzrə prorektor, dosent Anar Rzayev bu istiqamətdə Fransa səfirliyi tərəfindən UNEC-ə
hər zaman dəstək göstərildiyini qeyd edib. A.Rzayev yeni tədris ilindən reallaşdırılacaq
3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. O, Fransanın Paris şəhərində
yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi
ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universitetil
ilə MBA və magistratura pilləsi üzrə ikili
diplom proqramlarının şərtlərini açıqlayıb.
Tədbirdə bildirilib ki, UNEC hazırda London
Universiteti İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, İsveçrənin
UBİS Universiteti (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) ilə ikili diplom
proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti
ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpellier Universitetindən UNEC-in 5 tələbəsi,
bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən
məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.
Tədbirdə iştirakçıların
sualları cavablandırılıb.
"Azərbaycan”