22 Noyabr 2023 09:30
816
SİYASƏT
A- A+

Ulu Öndər Heydər Əliyev müasir məhkəmə sisteminin banisidir

 

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər. 
Belə liderlər bizim xalqın tarixində də yetişmiş, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların  arasında öz işıqlı əməlləri ilə bu xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin adı hər zaman qürur hissi ilə çəkilir. 
Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq ölçüyəgəlməz irəliləyişə nail olmuşdur.
1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başladı. Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratmışdır. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərlə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin fədakar siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.
Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqilliyini bərpa etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövr  ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc və təhlükəsiz yaşamasını mümkünsüz etmişdi.
Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq imkanı əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verirdi.
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışarkən Ulu Öndərin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanının misilsiz rolu xüsusi vurğulanmalıdır. Sözügedən sahədə aparılan islahatlar, o cümlədən sözügedən fərman hüquq-mühafizə orqanlarını qanunların pozulması hallarına, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər etməklə, "cəzanın labüdlüyü" prinsipinin real təmin olunması istiqamətində ən ciddi tədbirlər görülməsini təmin etmişdir.
Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. 
Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. 
12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoymuşdur. Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə həyata keçirilən islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilmişdir. 
Müstəqillikdən sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etmişdir. 1993-cü ilin iyun ayından ölkəmizdə icrasına moratorium qoyulmuş ölüm cəzası 10 fevral 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edilmişdir. 
Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun siyasətinin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Geniş ürəyə və zəngin mənəviyyata malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xeyirxahlığı, insanpərvərliyi bəzi hallarda cinayətkarları bağışlamağa sövq edirdi. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası qeyd olunanların əyani göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə 3 mindən artıq məhkum azadlığa buraxılmış, eyni zamanda onun təşəbbüsü ilə bu dövrdə qəbul edilmiş "Amnistiya haqqında" Milli Məclisin yeddi qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.
Ulu Öndərin 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm".  Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu Öndərin gələcək nəsillərə misilsiz töhfəsi olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən  bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında Ümummilli Liderimiz Heydər Əliyev demişdir: "Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan, məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, - bir il, iki il, - hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun".
Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında" sərəncamdır. Sənədə əsasən,  beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" qanunlar, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələr qəbul olunmuşdur.
Mahiyyət etibarı ilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. Ulu Öndərin dühası ilə yeni üçpilləli müstəqil məhkəmə sistemi bərqərar olunaraq fəaliyyətə başlamış, məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verilmiş, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən olmuşdur. 
Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz" deyərək qanunun aliliyini əsas meyar saymışdır. Ölkədə aparılan hüquq islahatlarının tərkib hissəsi olaraq 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçiminin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə aparılaraq hakim korpusu yenilənmişdir. Bununla əlaqədar Ümummilli Lider demişdir: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu".
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülmüş, yeni Konstitusiya və mütərəqqi qanunların qəbul edilməsi və həyata keçirilən təşkilati işlərin nəticəsində ölkəmizdə yeni hüquqi dövlətin möhkəm əsası yaradılmışdır. Nəticədə qısa zaman ərzində yeni dövlət idarəetmə sistemi formalaşmış, yuxarı pilləsində Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi təsis edilmişdir.
Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan Avropa hüquq məkanına inteqrasiya olunmağa başlamışdır. O cümlədən ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edilmiş, Avropa İnsan hüquqları Konvensiyasına qoşulmuş və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirmişdir.
Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndirilmişdir.
Ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri yaradılmış, məhkəmə infrastrukturu müasirləşdirilərək yüksək texnoloji - "hi-tech" bina və kompleksləri inşa olunub istifadəyə verilmiş, "Elektron məhkəmə" informasiya sistemi geniş tətbiq edilmiş, hakimlərin ən şəffaf seçimi Avropada örnək kimi dəyərləndirilmişdir. 
Bu gün Ulu Öndər Heydər Əliyevin məhkəmə sahəsində islahat siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinə öz töhfəsini verir. Ümummilli Lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başlatdığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. 
Ümummilli Liderin hüquqi siyasət kursunu davam etdirən yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını mükəmməl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Müzəffər Ali Baş Komandan İlham Əliyev hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə, eyni zamanda ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi üçün bir sıra tədbirlər görülmüş və 2004-cü il yanvarın 13-də Avropa Şurası ilə əməkdaşlıqla hazırlanmış "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul edilmişdir. 2004-cü il sentyabrın 3-də isə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) Prezident tərəfindən təsdiq olunmuşdur. Dövlət proqramı normativ-hüquqi aktların qəbul olunmasını, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət, o sıradan hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur.
Ölkəmizdə sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir, praktiki tədbirlərin dairəsi genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verir. Bunun nəticəsidir ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli fərmanının icrası qanunvericiliyə çoxsaylı dəyişikliklər edilməsini şərtləndirmişdir.
Hüquqi islahatların uğurlu olması üçün ilk növbədə onun təməlində sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır. Bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və s. dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılır. Son illər Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar ölkənin sosial-iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edir. Prezidentin apardığı uğurlu siyasətin əsas istiqamətlərindən olan hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldırır, hüquq sisteminin müasirləşməsini təmin edir.

Rafail ƏLİYEV,
Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video