Revanşistlərin din xadimlərindən vasitə kimi istifadə etmək cəhdləri də puç olur
Hayastanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir.
Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin Hayastan cəmiyyətinin müəyyən bir qismi tərəfindən etirazla qarşılanması, bununla yanaşı, bu aksiyalarda daha çox erməni din adamlarının adının hallanması, əslində, aparılan sülh danışıqlarını hərbi-siyasi, diplomatik kontekstdən çıxarıb dini aspektlərə yönəltmək cəhdidir.
Xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin din xadimlərindən vasitə kimi istifadə edilməsi açıq-aydın ortadadır. Burada əsas nüans da bu yürüşə erməni keşişin başçılıq etməsidir. Hakimiyyət isə bəyan edib ki, sərhədlərin delimitasiyası ölkənin təhlükəsizliyinin təmin edilməsinin yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Hayastanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir.
Revanşistlər kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər.
Dünən də parlament binasının yerləşdiyi Dəmirçyan və Baqramyan küçələrinə əlavə polis qüvvələri cəlb edilib. Binanın qarşısına tikanlı məftillər və xüsusi texnika gətirilib. Üçmüədzin kilsəsinin keşişi Ruben Zarqaryan deyib ki, Hayastan hakimiyyəti çox təhlükəli prosesə başlayır, insanları sıralayır, din xadimlərini ikinci dərəcəli adamlar hesab edir.
Zarqaryan vurğulayıb ki, Paşinyan Baqrat Qalstanyanın yanına adam göndərib, onunla görüşməyə çalışıb. "Paşinyan bir həftə əvvəl Baqratın təklif etdiyi liturgiyaya istehza etdikdən sonra onunla görüşmək təklifi ilə çıxış edib. Aydındır ki, görüşmək istəyirdi, çünki Tavuşda müqavimət ocağının olduğunu anlayırdı. Bu ocaq indi də var", - deyə o əlavə edib. Bu arada, erməni keşiş Baqrat Qalstanyan deyib ki, hakim fraksiyadan olan deputatlar hakimiyyətin rəhbərlərini sevindirmək, mükafat almaq üçün bir-birilərinə növbə vermədən çıxışlar edirlər. Qalstanyan ona 2018-ci ildə deputat olmaq təklif edildiyi ilə bağlı şayiələrə toxunaraq bildirib: "Sizdən xahiş edirəm ki, Suren Papikyanı tapın, soruşun ki, bunu kimə, necə və hansı şərtlərlə təklif edib? O deməsə, mən deyəcəm, amma onu tapıb soruşun, çünki o yoxdur".
Həftələrdir revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Görünən odur ki, Hayastanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir.
Elçin CƏFƏROV,
"Azərbaycan"