Məlumdur ki, yüksəkkeyfiyyətli elit və superelit toxumlardan istifadə edilmədən kənd təsərrüfatında məhsuldarlığın artırılması mümkün deyil. Ona görə də həm ölkə rəhbərinin çıxışlarında, həm də müvafiq proqram sənədlərində ölkədə toxumçuluğun inkişafı prioritet istiqamət kimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu fikirləri komitənin iyunun 25-də keçirilən iclasında səsləndirib.
O bildirib ki, yeni qanun layihəsi dövrün tələblərini özündə əks etdirərək Azərbaycanda toxumların istehsalı, emalı, qablaşdırılması, saxlanılması, daşınması, ticarət dövriyyəsi, idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı münasibətləri tənzimləyir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Komitə sədri vurğulayıb ki, Qanun layihəsində nəzərdə tutulan yeniliklərdən biri toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron qaydada aparılmasıdır. Bu isə prosesin operativliyinin və şəffaflığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Qanun layihəsində toxumların təsvir kartının yaradılması da nəzərdə tutulur. Bu kart vasitəsilə toxumların bioloji və iqtisadi göstəriciləri, eləcə də digər xüsusiyyətləri barədə məlumat əldə etmək mümkün olacaq.
Yeni qanun layihəsi rəqabətli mühitin formalaşmasına şərait yaradır və toxumçuluq sahəsinin iqtisadi əsaslarını gücləndirir. Əvvəlki qanunvericilikdə yüksəknəsilli toxumların dövriyyəsi ilə bağlı bəzi məhdudiyyətlər mövcud idi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabətin inkişafına mane ola bilirdi", - deyə Tahir Rzayev əlavə edib.