Payız mövsümü olmasına baxmayaraq, Azərbaycanda, demək olar ki, yaz havası müşahidə olunur. Əgər öncəki illərdə oktyabr-noyabr aylarında havaların əsasən soyuq, yağışlı, küləkli olmasını müşahidə edirdiksə, hazırda bunun əksi ilə rastlaşırıq. Oktyabr ayında olduğu kimi, demək olar ki, noyabrın ilk günlərində də günəşli havalar üstünlük təşkil edir.
Bəs hazırda müşahidə olunan hava şəraiti iqlim normasına uyğundurmu? Payız fəslində havaların bu cür keçməsi insan orqanizminə necə təsir göstərir? Suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Oktyabr və noyabrın əvvəlində havanın isti keçməsi normal haldır
Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyir ki, oktyabr və noyabrın əvvəlində havanın isti keçməsi normal haldır: "Bu tip təbiət hadisəsi hava kütlələrinin hərəkət xarakterindən asılıdır. Bilirik ki, hansısa əraziyə hava kütlələri şimaldan daxil olarsa, temperatur aşağı düşür, hərəkətlilik cənubdan şimala doğru olduğu zaman hansı ay olmasından asılı olmayaraq, havanın isindiyini müşahidə edirik. Buna görə bəzən nəinki oktyabr, noyabr ayında, eləcə də yanvar, fevral aylarında da havanın qəfil isindiyini görə bilirik. Yəni bu cür hallar havanın hərəkət istiqaməti ilə bağlıdır".
Lokal istiləşmələr barədə danışan S.Səfərov bildirib ki, bu, fyon hadisəsi ilə əlaqədardır: "Fyon hadisəsi zamanı hava kütlələri hər hansı bir maneəni, məsələn, təpəni və ya dağ silsilələrini aşandan sonra havanın temperaturu artmağa başlayır və bu, güclü küləklə müşayiət olunur. Bu hadisə Bakı şəhəri üçün xarakterik olmasa da, daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur".
Havanın payız aylarında isti keçməsinin qlobal istiləşmənin təzahürü olub-olmaması barədə fikrini bildirən şöbə müdiri vurğulayır ki, qlobal istiləşmə ümumi bir fondur və bütün dünyada bunun təzahürləri özünü göstərir, lakin bu, bütün aylar üçün eyni deyil: "Orta statistik rəqəmlərə görə, havanın orta temperaturunun artması mart, avqust və oktyabr aylarında daha çox müşahidə olunur. Bu hal bəzən noyabrda da müşahidə edilirsə, nəzərəçarpacaq qədər deyil. Məsələn, son 30 ildə Bakı şəhəri üzrə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına nisbətən artması, təxminən, 1,5 dərəcə olub. Noyabrda isə bu rəqəm 0-a yaxındır. Yəni hansısa ay daxilində ayrı-ayrı günlərdə və ya müddətdə havanın temperaturunun bu və ya digər dərəcədə artması və ya azalması qlobal istiləşmə ilə bağlı deyil. Bu, atmosferin ümumi sirkulyasiyası xüsusiyyətləri ilə əlaqədardır, bunu birbaşa qlobal istiləşmə ilə əlaqələndirmək doğru deyil".
Qeyri-normal hava şəraiti xroniki xəstəliyi olanlar üçün daha risklidir
Hava şəraitinin təsirindən danışan terapevt Sübhan Hacıyev deyir ki, makro və mikro elementlər orqanizmdə mövcud olduğu üçün təbiətdə baş verən bütün dəyişikliklər insana təsirsiz ötüşmür: "Hava dəyişkənliyi, xüsusilə atmosfer təzyiqinin artması meteohəssas insanlara, xroniki ürək-damar, şəkərli diabet, böyrək, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə daha çox təsir edir. Bu hava şəraiti həmin insanlarda xəstəliklərin provokasiya olmasına şərait yaradır. Gənclərdə adaptasiya prosesləri sürətli getdiyi üçün onlar hər hansı problem yaşamırlar. Xroniki xəstəliyi olan şəxslərdə ağırlaşma halları daha çox müşahidə olunur. Onlarda ürək-damar xəstəliklərinin aktivləşməsi, bəzən hipertonik kriz kimi beyin qan dövranına mənfi təsir göstərə biləcək dərəcədə arterial təzyiqin yüksəlməsi baş verir. Bu zaman allergik xəstəliklər özünü daha çox büruzə verir ki, bu da boğulma simtomplarına kimi gətirib çıxara bilir".
Həkimin sözlərinə görə, hava şəraitinin mövsümə uyğun olmaması immun sistemini də zəiflədir: "İmmun sisteminin zəifləməsi isə xüsusilə respirator virus infeksiyalarının artmasına gətirib çıxarır. Son günlərdə həm uşaqlarda, həm də böyüklərdə virus infeksiyalarının artmasının şahidi oluruq".
S.Hacıyev tövsiyə edir ki, profilaktika olaraq, birincili xəstəlikləri hər zaman nəzarətdə saxlamalıyıq: "Ürək-damar xəstəlikləri, şəkərli diabet və digər hədəf orqanlarının zədələnməsi ilə gedən xəstəliklərin müalicəsini nəzarətdə saxlayaraq, düzgün qidalanaraq, vitamin C, vitamin D, sink, selen kimi mikroelementlərdən istifadə edərək, şəxsi gigiyenaya diqqət edərək, immun sistemimizi gücləndirərək qeyri-normal hava şəraitinin fəsadlarından qoruna bilərik".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"