İnsanın ən təmənnasız dostu kitabdır. Əbəs yerə deyilməyib ki, kitab olan ev qaranlıq olmaz. Çox kitab oxuyan insanın üzü nur saçar. Kitab insanı depressiyadan xilas edir, stressi azaldır, yuxusuzluğu aradan qaldırır, beynin fəaliyyətini gücləndirir...
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ərəfəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovla görüşüb söhbət etdik. Söhbət zamanı Kamran İmanov qeyd etdi ki, Əqli Mülkiyyət Agentliyi aprel ayında üç beynəlxalq tədbirdə iştirak edib. Aprelin 10-da Cenevrə şəhərində keçirilən ÜƏMT-nin Müəlliflik Hüququ Daimi Komitəsində "Süni intellekt və əqli mülkiyyət" prezentasiyası zamanı ölkəmizdə görülən işlər barədə iştirakçılara geniş məlumat verilib. Aprelin 14-də Cenevrə şəhərində İnformasiya Kommunikasiya Texnologiyaları məsələləri üzrə ÜƏMT-nin Yüksək Səviyyəli Dialoqunda Azərbaycan nümayəndəsinin məruzəsi dinlənilib. Aprelin 21-də isə Moskva şəhərində ənənəvi təşkil edilən məşhur "Avtor/Author - 2025" beynəlxalq konfransında əsas məruzəçi qismində "Melodiya, harmoniya və ritmlərin başında duran yaradıcılıqdır" mövzusunda geniş prezentasiya-təqdimatla iştirak edib.
Professor aprel ayının bu sahədə çalışanlar üçün həqiqi mənada əqli mülkiyyət ayı olduğunu xüsusi olaraq vurğuladı və bildirdi ki, iki ildir bu bayramı suverenliyini tam bərpa edən qalib xalqın və müzəffər millətin nümayəndələri kimi ərazi bütövlüyünü bərpa edən doğma Vətənimizin hər bir guşəsində qeyd edirik. Fürsətdən istifadə edib bizə bu sevinci yaşadan, arzularımızın gerçəkləşməsində, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində, Azərbaycan ruhunun yüksəlməsində müstəsna xidmətləri olan Prezident İlham Əliyevə dərin ehtiram və sevgi duyğularımızı çatdırmaq istəyirik.
Professor məşhur "Qutadqu-bilik"ə istinad edərək söylədi ki, insanı səadətə aparan əqldir. 30 il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saat 43 dəqiqədə bizə şərəf və sevinc gətirən Ali Baş Komandan səadətimizi qurdu. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri, yaratdığı kölgəsinin həcmi və uzunluğu ilə ölçülməlidir: "Burada mütləq qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyev sabahın memarı olaraq hər bir ötən günü səxavətlə gələcək naminə qura bilib. Hadisələrin göstərdiyi kimi, Prezident İlham Əliyev nə qədər uzaqgörən, səbirli, düşməni səhv etməyə vadar edən və həmin səhvlərdən məharətlə gərəkli hadisələri yaratmağı bacaran, baş verənlərdən ustalıqla istifadə edən dahi siyasətçidir".
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri qeyd etdi ki, hazırda dövlətimiz qalib ölkə olmağına baxmayaraq, Ermənistanla sülh sazişi bağlamağın təşəbbüskarıdır: "Heç uzağa getməyək, cənab Prezidentin 2025-ci il aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda səsləndirdiyi fikirlərə nəzər salaq. Yeni dünya düzəni, Cənubi Qafqazda inteqrasiya ilə bağlı suala cavab verərək dövlətimizin başçısı deyib: "…Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi".
"…Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, "böyük Ermənistan" arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq…"
"…Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər".
Bu məqamda Prezidentin bir fikri üzərində dayanaq - hay-ermənilərin səmimiyyətdən uzaq olduqlarının, ikiüzlü davranışlarının səbəbini məğlubiyyətlə barışmazlığı və revanşizm istək və arzularında görürük.
Misal üçün, ötən ilin aprelində və sonra fikrini təkrarlayan Paşinyan parlamentdə çıxışında qonşularla münasibətdə Ermənistanın keçmişinin yenidən dərk olunmasına çağırış edib. Onun söylədiyinə əsasən, "tarixi Ermənistan" və "real Ermənistan" bir-biri ilə ziddiyyətdə olduğuna görə, təhlükələr yaradır. Bir daha vurğulayıb ki, dünyaya Van çarlığının mövqeyindən yox, bugünkü Ermənistan dövlətinin mövqeyindən baxılmalıdır, əks halda dövlətçiliyimizin qurulmasına zərər gətiriləcək.
Bunlar yalnız sözlərdir, əslində, onların dedikləri ilə əməlləri düz gəlmir. Sərhəddə atəş açılması fonunda sülh sazişinin perspektivindən danışır, özü də ümidə əsaslanmaq yox, planlı və davamlı fəaliyyət göstərmək lazımdır deyir. Əgər bu etiraflar səmimidirsə, bəs real Ermənistan hansı səbəbdən sülh sazişinin bağlanmasını uzadır, dövlətimizin şərtlərini həll etmir?"
Söhbətin bu məqamında professor Kamran İmanov qeyd etdi ki, doğrudan da, hər şey kitabdan başlayır və hər şey kitabdadır. Bir həqiqətdir ki, tarixə aid yalanlarla dolu keçmişin və müasir erməni müəlliflərinin kitabları çoxsaylı olaraq bir-birinə istinadən həqiqətə uyğun olmayan "fakt"ları tirajlayır və bununla "ermənisayağı mənbə", yəni "dəlillər" sistemi yaratmaqdadırlar.
O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır.
"Biz 9 ildir ki, "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir…" devizi altında ənənəvi konfrans keçiririk. Bu, heç də təsadüfi deyil. Hayların Milli EA-nın (Tarix İnstitutu) dərc etdiyi son kitablardan biri V.Q.Tunyanın müəllifliyi ilə belə adlanır: "İstoriçeskoe pristrastie Azerbaydjana k istorii Armenii: mifı i realii" ("Azərbaycanın Ermənistan tarixinə olan ehtirası (həvəsi): miflər və reallıqlar"). Bir baxın, yalan səpənlər bizi yalanda suçlayırlar. Dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin manuskriptlərinin tapılması müşkül bir işdir. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş "Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa" kitabı çapdan çıxmışdı və kitabın tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan professor Yuriy Petrosyanın yazdığı kimi, minlərlə nüsxədə qorunub saxlanan erməni əlyazmaları çərçivəsində bir dənə də orijinal yoxdur, əksəriyyəti, 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir və bəlkə də onlardan birini XII əsrə aid etmək mümkündür. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir".
Professor söhbət zamanı sarkazmla qeyd edir ki, əqli oğurluq ənənəsini davam etdirən və folklorun bir qolu - miflərin yaradılmasında ustalıq göstərən erməniçilik digər xalqların, xüsusən də biz azərbaycanlıların maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkmir, özününküləşdirmək, mənimsəmək, əqli oğurluq, saxtakarlıq və uydurma cəhdləri ilə çantalarını "zənginləşdirir". Bunlar istər real siyasi həyatımıza, istərsə də keçmişə, tarixi hadisələrə aiddir.
Tarixə baxış... uydurmalar və həqiqətlər
Professor Kamran İmanov bildirdi ki, gəlin iki mif - Şərqi Armeniya və Qərbi Armeniya mifləri üzərində dayanaq.
Haylara məxsus olmayan armen/erməni etnonimini və Arminiya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma "böyük Armeniya" mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal etdiyi və Qacar şahın İranın ruslara güzəştə getdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları Şərqi Armeniya ərazisi elan olundu, halbuki müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.
"İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan, Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qoparılmasına gətirib çıxardı. Lakin 1921-ci ildə Türkiyə və sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göyçə (Şərur-Dərələyəz) Azərbaycandan qopardılıb Ermənistana verildi. Bu azmış kimi, 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Nədir Şərqi Armeniya?
Uydurma Şərqi Armeniya torpaqsız sovet Ermənistanının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır.
Əvvəlcə Şərqi Armeniya çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur".
Professor K.İmanov xüsusi vurğuladı ki, uydurma "parçalanmış erməni torpaqları" tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki bu, sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi.
Bununla da Qərbi Armeniya məsələsi gündəmə gəldi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan Şərqi Armeniya çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi. Bu azmış kimi, sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, Şərqi Armeniyanın Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi, ümumiyyətlə, hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu "sübut" edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı.
Kamran İmanov dedi: "Bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüfi deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çünki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin "Eçmiədzin dövrü" adlandırdılar.
Bundan başqa, onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladılar ki, Qərbi Armeniya hələ də Türkiyənin tərkibində qalıb.
Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir?
Armenistlərin yazı ənənəsini qoyan "erməni tarixinin atası" M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində, müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı "Hayların tarixi", "İncili" təftiş, "Xalqlar cədvəli"nə Hayk, Armenak və s. fantomları daxil edərək hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq hətta Torqom (Toqarma) əcdadlarına (türk soykökü) çevirərək 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz "Aşxaratsuyts"unda ("Coğrafiya") yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə "Armeniya"ların sayı 35-ə çatıb.
Bəs neçə "Armeniya" adlı dövlət mövcud idi? Bugünkü dövlətləri istisna olmaqla heç bir dənə də yoxdur. "Armeniya" adı ilə tarixdə qələmə verilən dövlətlər isə hayların yox, digər xalqların yaratdığı və başçılıq etdiyi dövlətlərdir".
Həmsöhbətimiz onu da dedi ki, elə erməni alimlərinin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qruplar təşkil edir və əlavə edim ki, bu qədər "Armeniya" olduğu halda, hansı "Armeniyanın tarixi"ndən söhbət gedəcək? Odur ki, avtoxton xalqlardan fərqli olaraq erməni alimləri "Armeniya tarixi"ni yox, hay etnosunun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da "Hayastan" adlı ölkəsi olmayan mifoloji hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.
Armenistlər bundan vaz keçir, erməni yazarları armeniyaların çoxluğuna əsaslanaraq Aralıq, Qara və Xəzər dənizləri arasındakı "böyük Ermənistan" xülyasını yaşatmağa çalışırlar, bu mifologem ayrı-ayrı, parça-parça olan uydurma armeniyaları yeni bir uydurma "kompleksinə" çevirməyə dəstək verərək, buraya Türkiyə, Gürcüstan və Şimal-Cənubi Azərbaycan torpaqlarını daxil edirlər.
Kamran müəllim xüsusi olaraq qeyd etdi ki, hər bir xalqın, o cümlədən erməni xalqının özünəməxsus tarixi var, millətin keçmişində baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər gerçəkliyin ayrılmaz bir hissəsidir. Biz erməni xalqına qarşı deyil, erməniçiliyə, sağlam olmayan dünyagörüşünü dəstəkləyən bədnam qonşularımızın millətçi müəllifləri, ya da sifarişlə tutulmuş muzdlu xaricilər tərəfindən yazılan yalan, uydurma və böhtanlarla dolu kitablara və digər yazılara qarşı çıxış edirik. Xüsusən tarixşünaslığa aid bu növ əsərlərdə əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və buradan guya itirilmiş torpaqlarla bağlı ərazi iddialarına qarşı çıxış edirik.
"Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı quruluşuna və praktiki təyinatına görə birləşərək siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin, bir neçə müasir politoloqun, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaqdan və yaşadığı yerləri özləri üçün növbəti "Ermənistan" adlandırmaqdan ibarətdir.
Lakin erməniçilik mifomaniyası bununla bitmir. Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflər tərəfindən yazılan çoxlu sayda "əsərlər" riyakarlığa əsaslanaraq tarixi saxtalaşmaya yol açır. Uydurmalar isə qəbul edilmədiyi halda "çox əzabkeş" xalqın millətçiləri təcavüz və terrora əl atırlar".
Professor K.İmanov qeyd edir ki, tanınmış avstriyalı tarixçi Erik Fayql "Erməni mifomaniya" kitabında yazdığı kimi "…Erməni terrorizminin kökləri tarixə yanlış baxımdan irəli gəlir… Müasir erməni terrorçularının unikallığı ondadır ki, tarix (daha doğrusu, tarixə öz baxışı) onlar üçün yeganə bəraətdir". Odur ki, "insanlıqdan uzaq əməllərə bəraət qazandırmaq məqsədilə tarixin yenidən yazılması terrorçuluğun unikal xüsusiyyətidir". Bəli, bu, həqiqətən belədir.
Çünki bəllidir ki, "bəziləri qəsdən yalan səpir, digərləri isə aldanaraq yalan yayır".
Mifomaniya, saxtakarlıq və yalanlara uyanlara erməni mənşəli tanınmış alimin bir fikrini xatırladıram. Söhbət Miçiqan və Çikaqo universitetlərinin professoru Ronald Qriqor Sünidən gedir. Onun "Ararata baxış. Armeniya yeni tarixdə" adlı tədqiqatında söylədiyi fikirləri nəzərdən keçirək: "Ermənilər - xüsusi xalqdır, əvvəla ona görə ki, onlar digər millətin içərisində yaşayan millətdir və ikincisi bu xalq adətən heç bir təsəvvürü olmayan irsi ilə fəxr edir".
Tanınmış erməni aliminin etiraf-xəbərinə baxmayaraq, saxtakarlıq yuvaları artır, deməli, yalanlar da çoxalır.
Erməni xisləti dəyişmir
Kamran İmanov deyir ki, ermənilərdə saxtakarlıq və yalan sağalmaz xəstəlik halını alıb. Fikir verin, 2023-cü ilin əvvəllərində Armeniyada çox gurultulu adı olan bir ictimai struktur peyda olub - "Gardman-Şirvan-Naxçıvan Ümumerməni İttifaqı". Fəallığı müxtəlif bəyanatlarla, beynəlxalq strukturlara müraciətlərlə və təbii olaraq mediada, müsahibələrdə saxta və uydurmalara əsaslanan məlumatların yayılması və ölkəmizi daim pisləməyi ilə səciyyələnir. Məqsədi isə bəyan etdikləri kimi, yaranan ictimai birlik 1988-1992-ci illərdə Azərbaycanın müxtəlif regionlarından Ermənistana köçən hay-ermənilərin hüquqlarının müdafiəsi ilə bağlıdır.
Əslində isə, təşkilatın yaranması 2022-ci ilin sonunda Qərbi Azərbaycan İcmasının formalaşmasına "simmetrik cavabdan" ibarətdir. Erməni müxalif mediasında qeyd olunduğu kimi, təşkilatın peyda olmaq təşəbbüsü baş nazir N.Paşinyandan olub və bu struktura başçılıq edən şəxs "Mülki saziş" hakim partiyasının üzvü, deputat, Bakıda doğulan və Paşinyanın yaxın adamı olan Vilen Qabrielyandır. Kamran İmanov bildirdi: "Bu struktur haqqında əlavə məlumat vermək fikrində deyiləm, lakin onun başçısı haqqında bir neçə söz söyləmək istərdim. Bu, həmin Vilendir ki, bu yaxınlarda deputat mandatını qaytarmalı oldu. Səbəbi isə media nümayəndələri ilə Gümrüdə yaratdığı biabırçılıq ucbatından idi. Məsələ ondadır ki, hakim partiya "Mülki saziş (dialoq)" Gümrüdə Ağsaqqallar Şurasına olan seçkilərdə öz nümayəndəsini keçirdə bilməyib. Halbuki hakim partiyanın mövqeyini gücləndirmək məqsədilə Paşinyan buraya həmin Vilen Qabrielyanı yollamışdı. Media nümayəndələri ilə hay-küylü dava nəticəsində Qabrielyanı istefaya göndərdilər. Vilen isə öz növbəsində hakim partiyada mövcud olan əhvali-ruhiyyənin sağlamlaşdırılması ilə məşğul olmağına vəd verib. Bu, onların daxili işləridir, lakin xüsusi olaraq qeyd etməliyəm ki, bu günə qədər onun başçılıq etdiyi "Ümumerməni İttifaqı" yalnız və yalnız işlənmiş silaha - plagiata əsaslanır və Qərbi Azərbaycan İcmasının qanuni və dəlillərə əsaslanan addımlarını təkrarlayır".
İradə ƏLİYEVA,
"Azərbaycan"