16 Avqust 2022 01:04
1356
SİYASƏT
A- A+

Qədimiliklə müasirliyin görüş yeri - Basqal

 

Tarix yalnız müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi deyil. Müdriklər hesab edirlər ki, tarix yer üzündə yaşamış və köçüb getmiş insanların tarixi portretlər qalereyasıdır. Hər qarış torpağından tarix boylanan ana yurdumuz babalarımızın qəhrəmanlığını daş kitabələrin daş yadddaşına yazdıqları milyon illərin mədəni abidələrinin saxlanc yeridir. Yurdumuzun bənzərsiz təbii gözəlliklərlə əhatə olunmuş qədim yaşayış məskənlərindən biri də İsmayıllı rayonunun Basqal qəsəbəsidir. Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektar ərazidə əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindəndir. 
Basqal qəsəbəsi  iki əsas hissədən - qədim Basqaldan və son 70-80 ildə Basqal çayının sağ sahilində salınmış yerli sakinlərin "O tay" adlandırdığı, yəni müasir Basqaldan ibarətdir. 
Həsən xan bağı ilə  Əmrəki dağının ətəyində məskən salan qədim "Qalalar" ərazisinə qədər uzanan "Yeni Basqal " füsunkar gözəlliyi ilə adamı heyran edir. Basqal çayının sol sahili boyunca uzanan yamacda salınmış qədim Basqal isə plan və memarlıq quruluşu baxımından qədimiliyi, özünəməxsusluğu və gözəlliyi ilə seçilən Lahıca bənzəyir. Daş döşəmələrdən salınmış qədim Basqalın baş küçəsi Bazar meydanından Kəlfərəc yolunadək uzanır. 
Ta keçmiş zamanlardan ipəkçilik, dəmirçilik əhalinin əsas məşğuliyyəti olub. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraqla qarşılanıb.
Basqallı xanımların əl işləri, toxuduqları kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. "Heyratı", "Hələbi", "Gülvəngi", "Saçaqlı", "Sumağı", "Ağzəmin", "Bağdadı" və sair adlı əlvan kəlağayılar əsas yer tuturdu. Hazırda bu sıraya "Basqalı" və "Yeddi rəng" adlı kəlağayılar da əlavə edilib. Basqalda hazırlanan kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunurdu. Həmin qədim qəliblər bu gün də qalmaqdadır.
Azərbaycan mədəniyyətinin növlərindən olan "Azərbaycan kəlağayısı sənəti" Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi, Mədəni İrsinin Reprezentativ siyahısına daxil edilmişdir.
2500-3000 illik tarixi olan qəsəbənin adı Basqal toponimi çoxmənalı sözdür. Təmiz türk sözü olduğu və "qala qur", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Bu ulu ad qədim türkdilli  Basil tayfa  birləşməsinin də ünvanını yada salır.
Milli-mənəvi dəyərlərin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət verən Prezident İlham Əliyev 3 oktyabr 2018-ci ildə "Basqal Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında" sərəncam imzaladı. Dövlət başçısının bu sərəncamı Basqalın sosial-iqtisadi inkişafına və tarixi-mədəni irsinin layiqli səviyyədə mühafizəsinə, təbliğinə, bərpa və konservasiyasına göstərilən dövlət qayğısının  təzahürüdür.  
Prezident İlham Əliyevin bu sərəncamından sonra Basqalın yeni həyatı başladı. Basqal yolu, eləcə də yolu Basqaldan keçən Zeyvə, Tağlabiyan, Kəlfərəc, Mücü, Kürdüvan, Xan kəndi, Sulut və onun ətrafındakı kəndlərin yolları ilk dəfə asfalt örtük gördü. Basqal qəsəbəsi daxilində eyni vaxtda bir sıra iritutumlu infrastruktur layihələrinin icrasına başlanıldı. Bir sözlə, Basqal bütün tarixi boyu heç vaxt olmadığı qədər intensiv bir tikinti, quruculuq, konservasiya və abadlıq meydanına çevrildi. Məqsəd də, vəzifə də ecazkar təbiəti və Orta əsr şəhər mədəniyyəti elementlərini özündə birləşdirən bu tarixi məkanı həm də beynəlxalq standartlara cavab verən cəlbedici turistik məkana çevirməkdən ibarətdir.
Xatırladaq ki, Basqalın şəhər tipli yaşayış məntəqəsi olduğu, daha dəqiq desək, şəhər mədəniyyəti elementlərinə malik olduğu yazılı qaynaqlarda, həmçinin yerli əhalinin yaddaşında müvafiq izlər qoymuşdur. Məsələn, XIX əsrin sonlarında orada olmuş rus şərhçisi Konstantin Lebedevin "Qafqaz" qəzetinin 1882-ci il 310-cu sayında dərc edilmiş qeydlərində göstərilir: "Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları evlərin eyvanını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim kişi bu səsin məscid minarəsindən gələn azan səsi olduğunu mənə başa saldı".
Basqalda hər birinin özünəməxsus tarixi olan neçə-neçə ictimai bina, məhəllə və bulaq var. Dəmirçibazar, Qoşabulaq, Qəlibgah, Xarabiyan, Qalabaşı, Dərəməhəllə... Hər birinin nəinki daşında, divarında, hətta adında belə böyük və incə mənalar uyuyan həmin məhəllələr bu gün də Basqalın qədim tarixinə şahidlik edir. Əslində, Basqalda hər bina, hər döngə özü bir tarixdir. Basqalın Orta əsrlərə aid əksər tikililəri yonulmuş çay daşı, qaya daşı və palçıq məhluldan istifadə edilməklə inşa olunub. Yalnız bəzi yerlərdə, özü də nisbətən son dövrə aid tikililərdə az miqdarda bişmiş kərpicdən istifadə olunub. Həm də bişmiş kərpicdən inşaat materialı kimi daha çox binaların giriş hissəsinə aid tağların inşasında istifadə olunub. 
Dövlət Turizm Agentliyinin sifarişi əsasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən Basqalın tarixinin elmi cəhətdən araşdırılması istiqamətində önəmli işlər görülmüşdür. Qalabaşı ərazisində şimal qala divarları və Basqal hamamının kürəbəndinin qismən öyrənilməsi, Şeyx Məhəmməd məscidi adı ilə tanınan Basqal məscidi və onun ətrafında, habelə məscidin yan otağı və həyətində arxeoloji tədqiqatlar nəticəsində minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə - yaşayış qatı olduğu müəyyənləşdirilmişdir. Basqal yaşayış yerinin mədəni təbəqəsi ümumi qalınlığı 2-2.5 metr olan 6 mühüm tikinti qatından ibarət formalaşmışdır. Bəzi nöqtələrdə isə tikinti qatlarının sayı hətta 7-8-ə çatır. Basqalda X əsrdən başlayaraq 1000 il ərzində təqribən hər 120-150 ildən bir mövcud tikililər dövriyyədən çıxmış və onların üzərində yeni tikililər meydana gəlmişdir. Bu isə o deməkdir ki, arxeoloji cəhətdən öyrənilən həmin ərazi bütün dövrlərdə sıx yaşayış sahəsi olmuşdur. Tikinti qatlarının çoxluğu, əksər hallarda bir-biri ilə kəsişdiyi, demək olar ki, boş nöqtələrin olması buna sübutdur. 
Şeyx Məhəmməd məscidi daxilində tədqiqatlar davam etdirilərkən orada, həmçinin dəmirçi emalatxanası, hovuz, saxsı borulardan və daş kürəbəndlərdən ibarət su və kanalizasiya xətlərinin qalıqları da aşkar olunmuşdur. Hovuzun yanındakı ətrafı və içərisi daşla səliqəli döşənmiş yerin isə ibadət edən insanların dəstəmaz aldığı yer olduğu ehtimal edilir.
Məscidin yan otağında və həyətində tədqiqatlar davam etdirilərkən bir neçə yerdə həm əsaslı, həm də yardımçı bina qalıqları aşkar olunmuşdur. Həmin tikililərin XVI əsrə aid Şeyx Məhəmməd məscidi ilə əlaqəli olduğu daha inandırıcıdır. Məscid həyətində aşkar olunmuş bina qalıqlarının isə daha çox məhz ehsan mərasimlərinin icra edildiyi yer olduğu bildirilir. Son illərin arxeoloji tədqiqatları Basqalın minillik tarixindən, mədəniyyətindən, sənət və məişət dünyasından xəbər verir.
Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış oldular. Səfər zamanı dövlət başçısı və xanımı Şeyx Məhəmməd məscidində, Bazar meydanında, Qalabaşı ərazisində görülən işlərin gedişi ilə maraqlandılar. Dövlət başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri müəyyən olunub, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılıb. Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.
Eyni zamanda etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni meydana çıxarılaraq  fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanaraq qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb.
Basqalın mərkəzi hesab olunan Orta əsrlər yol mədəniyyətinə xas pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.
Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.
Basqal inanclı insanların yurd yeri, vətənidir. Qəsəbədə aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən, Basqal camaatı tərəfindən "Pir Çinar" adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş "Pir çinar bulağı" və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.
Basqalın qədim sənətkarlıq mərkəzlərindən olan 7 sənətkar emalatxanası da, magistral yoldan qoruğa qədər uzanan yol da yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb. Bir sözlə, ölkəmizin qədim yaşayış məskənlərindən biri olan Basqal gələn turistləri qarşılamağa tam hazırdır.

Elşən QƏNİYEV,  
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video