Prezident İlham Əliyev seçkidən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi
Azərbaycan və Türkiyə əlaqələri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq, qardaşlıq münasibətləri sayəsində daha da inkişaf edib, möhkəmlənib və tarixindəki ən yüksək zirvəyə çatıb.
Ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinə ən bariz nümunələrdən biri də həm İlham Əliyevin, həm də Rəcəb Tayyib Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərlərini Türkiyəyə və Azərbaycana etmələrinin xoş ənənə halı almasıdır. Fevralın 7-də növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsi də bunun daha bir möhtəşəm təcəssümü oldu.
"...Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib", - deyə fevralın 19-da Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışı zamanı bildirdiyi kimi, Türkiyə-Azərbaycan birliyinin təməl gücü ortaq tarixi köklərimizə, gündən-günə inkişaf edən qardaşlıq əlaqələrinə dayanır. Və bu sarsılmaz birliyin gücü təkcə ölkələrimizin, regionumuzun rifahı üçün deyil, qlobal xarakterli məsələlərin həlli üçün də vacib rol oynayır.
Danılmaz reallıqdır ki, bu gün dünyanın istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablaşır, regionla bağlı bütün məsələləri, gerçəkləşdiriləcək layihələri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir.
Şuşa Bəyannaməsində ortaya qoyulan ruh
Azərbaycan və Türkiyə hər zaman birlik nümayiş etdirir, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birgə mübarizə aparır, bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması istiqamətində bir-birilərinə dayaq-dəstək dururlar.
Bu birliyin sarsılmaz gücünə bütün dünya 44 günlük Vətən müharibəsində əyani şəkildə bələd oldu. Haqq uğrunda çıxdığımız Zəfər yürüşündə qardaş Türkiyənin siyasi, mənəvi dəstəyini hiss etdik. Azərbaycan öz hərbi gücü ilə cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Müharibə zamanı qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi ilə daim yanımızda olması haqq işimizə maneçilik törətmək istəyən xarici qərəzli qüvvələrin müdaxilələrinin qarşısını aldı, onların məkrli planlarını alt-üst etdi.
"Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı", - deyə sözügedən bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.
2021-ci ilin 15 iyununda - Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti Qarabağın baş tacı Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayaraq münasibətlərini yeni və daha yüksək müstəviyə daşıdılar.
Fevralın 19-da mətbuata bəyanatında Prezident Rəcəb Tayyib Ərdoğan da xüsusi vurğuladı ki, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.
Xoş gündə də, dar gündə də həmrəylik
Azərbaycan hər zaman xoş günündə də, dar günündə də Türkiyənin yanında olur. 2023-cü il fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk beynəlxalq yardımı da məhz Azərbaycan göstərdi.
Həmin vaxt dövlət başçısının tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi. Təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə dövlət qurumlarımız səfərbər oldular.
Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərildi. Ümumiyyətlə, həmin çətin günlərdə ölkəmizin ən ali şəxslərindən tutmuş, sıravi vətəndaşlarına qədər hər kəs Türkiyənin yanında olmaq üçün can-könüldən səfərbər oldu...
Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il martın 16-da zəlzələ ilə əlaqədar Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi.
Digər yardımları ilə yanaşı, ölkəmiz Kahramanmaraşda "Azərbaycan bulvarında" 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa edir. Bütün bunlar Azərbaycan-Türkiyə həmrəyliyinə bariz nümunələrdir.
"Ordularımız bir yumruq anlamına gəlib"
Bu gün iki qardaş ölkənin birgə həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən xeyli sayda layihələri var. Bura nəqliyyat, enerji layihələri və sair daxildir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artması və rekord həddə 7,5 milyard dollara çatması isə xüsusi vurğulanası haldır. O cümlədən də Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin növbəti rəmzi oldu.
Türkiyə-Azərbaycan əməkdaşlığının önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Ankarada mətbuata sözügedən bəyanatında Prezident İlham Əliyev bununla bağlı söylədi ki, bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır: "İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub".
Dövlət başçısı onu da bildirdi ki, bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparılıb. Birgə istehsalla əlaqədar konkret planlar var.
Xatırladaq ki, bu il fevralın 9-da Türkiyənin "Baykar" şirkətinin "Akıncı" hücum PUA-sı Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya qəbul edildi. Bu, Azərbaycan-Türkiyə güc birliyinin daha bir təntənəli nümayişi oldu.
Türk dünyası ailəsi
Azərbaycanın Vətən müharibəsindəki zəfəri türk birliyinin də güclənməsinə mühüm təkan verib. Təkcə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının tarixi uğuru kimi qiymətləndirilən bu zəfərə, türk dünyasının birliyinə verdiyi bu qiymətsiz töhfəsinə görə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görülüb.
Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi əzmləri və səyləri nəticəsində Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənib. Eyni zamanda bu sarsılmaz həmrəylik türk dünyasının birliyini gücləndirib.
Prezident İlham Əliyev də bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Bu ilin iyul ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı bununla əlaqədar məlumat verdi ki, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də onun dəvəti ilə bu görüşdə iştirak edəcək: "Bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək".
Göründüyü kimi, vaxtilə Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə birliyi ən uca zirvəyə yüksəlib. Bu qürurlu dostluq, qardaşlıq əlaqələri türk xalqları arasındakı birgəliyin inkişafında da yeni və daha parlaq üfüqlər açıb.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"