16 Avqust 2022 01:02
462
SİYASƏT

Qafqazın siyasi güc mərkəzi

 

İlham Əliyevin uğurlu diplomatiyası, qlobal təşəbbüsləri  dünyanın Azərbaycana olan marağını getdikcə artırır

 

İkinci Qarabağ müharibəsindən şanlı zəfərlə çıxan Azərbaycan inkişaf etmiş ölkələr kimi gələcək yüksəliş strategiyasını dövrün tələblərinə uyğun müəyyən edir. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir. Bu bir həqiqətdir ki, son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətlə Azərbaycan iqtisadi və siyasi müstəqilliyə, müzəffər orduya sahib olan qüdrətli dövlətə çevrilib. 
Hazırda dünyanı təhdid edən qlobal iqtisadi böhran fonunda Azərbaycanın dayanıqlı inkişafı məhz İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində əldə edilib. Uzaqgörən lider kimi qəbul etdiyi qərarlarla, reallaşdırdığı inkişaf strategiyası ilə Azərbaycanın gücünə güc qatan İlham Əliyevin bütün dövrlərdə müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin istənilən böhrandan az itki ilə çıxmasını təmin edib.      
Bəllidir ki, dünya dövlətləri son 3 ildə həm qlobal iqlim dəyişikliyinin, həm də pandemiyanın yaratdığı fəsadlara qarşı mübarizə aparırlar. Bu da təbii ki, ölkələrin iqtisadi durumuna təsirsiz ötüşmür. Azərbaycan da dünyanın bir parçası olaraq qlobal pandemiyaya qarşı mübarizə tədbirləri həyata keçirib və bu gün də bu proses davam etməkdədir. Ancaq bunun fonunda ölkə iqtisadiyyatında artımın qeydə alınması bir daha onu deməyə əsas verir ki, İlham Əliyevin düşünülmüş və mütərəqqi islahatları müsbət nəticələr verib. Yəni Azərbaycan artıq öz iqtisadi müstəqilliyini təmin edib. Bu da əminlik yaradır ki, dövlət bundan sonra da öz gücünə, öz hesabına qarşıya qoyulan hədəfləri uğurla reallaşdıra biləcək.
Hazırda Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən illər ərzində respublikamızın bölgələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkəmizin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də sosial-iqtisadi inkişafa yönəlik istənilən layihə uğurla reallaşdırılacaq, dövlət proqramları icra olunacaq.
Əlbəttə ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə mühüm qlobal layihələr icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb.
Müstəqilliyinin bərpasından ötən 30 ildə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider dövləti statusuna sahiblənən Azərbaycan bu gün həm də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynamağa layiqli şəkildə davam edir. Demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın ən mötəbər kürsülərindən eşidilir.
İlham Əliyevin uğurlu diplomatik gedişləri nəticəsində Azərbaycan tam müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınmaqla yanaşı, bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də özünü göstərir. Bu həqiqət hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, forumlarda, sərgilərdə və digər tədbirlərdə özünü bir daha təsdiqləyir.
Ümumiyyətlə, İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycana bir çox dividendlər qazandırıb. Ölkəmiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun güc və beyin mərkəzi statusuna sahiblənib.
Son 20 ildə Azərbaycan sürətli və hərtərəfli inkişafla bərabər, həm də beynəlxalq tədbirlərin, forum və konfransların, sərgilərin keçirildiyi məkan kimi də tanınıb. Dünyanın elə bir mötəbər təşkilatı tapılmaz ki, Bakıda onun toplantısı keçirilməsin. Bu da əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyasda siyasi çəkisinin yüksəlişinə xidmət edən amillərdən biridir.
2022-ci ilin ötən dövrü ərzində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə diqqət etsək, görərik ki, Azərbaycan həm dünyanı təhdid edən qlobal problemlərin həlli istiqamətində təşəbbüskar kimi çıxış edir, həm də beyin mərkəzlərinin, tanınmış siyasətçilərin, iqtisadçıların iştirakı ilə keçirilən beynəlxalq forumlara, konfranslara yüksək səviyyədə evsahibliyi edir. 
IX Bakı Qlobal Forumu, 24 dövlətin 449 şirkətinə qucaq açan XV Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi, Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı, 26-29 may tarixlərində "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri, Bakı Enerji Forumu və "Formula-1" Azərbaycan Qran-prisi bir daha təsdiq edir ki, Azərbaycan 2022-ci ilin ötən dövrü ərzində də bir sıra beynəlxalq toplantılara, idman və mədəniyyət tədbirlərinə yüksək səviyyədə evsahibliyi edib və bu gün də öz təcrübəsini bölüşməkdədir.
Bu toplantılar ilk növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verir. Tədbirlərin əksəriyyətində iştirak etmək üçün Azərbaycana səfər edən əcnəbi qonaqlar işğaldan azad edilmiş torpaqlarımıza da səfər edərək erməni vandalizmi ilə əyani tanış olublar. 
Bütün bunlar həmçinin Azərbaycanın beynəlxalq rolunu xeyli dərəcədə gücləndirir və ölkəmizin dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksəksəviyyəli görüşlərə evsahibliyi edərək ən mütərəqqi əməkdaşlıq platformasına çevrildiyini təsdiqləyir.
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bunu tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşür.
Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıq bildirirlər.
Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb. Prezidentin söylədiyi kimi, 3500 kilometr uzunluğu olan "Cənub qaz dəhlizi" boru kəməri sistemləri inteqrasiya edilib və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. Bu dəhliz tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Bu əməkdaşlığın artıq müsbət faydası görülür.
Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkənin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən müstəqil siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video