Bir zamanlar gözəlliyi ilə dünyanı heyran qoyan, indi məzarının yeri də bilinməyən Sona Mehmandarovanın acı taleyi
Ömür yolu haradasa dənizin dalğalarına bənzəyir. Bu dalğalar gah aram-aram ləpələnir, gah da küləyin şıltaqlığından qəzəblənib şahə qalxır. Bir göz qırpımında qarşısına çıxan hər şeyi tamamilə yuyub aparır. Elə yuyur ki, yerində kiçik də olsun nişanəsi qalmır.
İnsan həyatında da belə anlar çox olur. Bir də görürsən ki, ömür yolu öz axarı ilə asta-asta gedir. İnsan heç bir maneəyə rast gəlmədən yaşayır, həyatın gözəlliyindən zövq ala-ala ömür yoluna davam edir. Varı, dövləti, şan-şöhrəti bütün dünyanı dolaşır. Çoxları onun bu gözəl həyatına qibtə edir, həsəd aparır.
Amma təəssüflər olsun ki, şan-şöhrət, var-dövlət heç də həmişə insanlara xoşbəxtlik gətirmir. Günlərin birində bədbəxtlik qapını döyür. Bundan sonra nə şan-şöhrət, nə də var-dövlət ona kömək edir. Dünənə qədər adı dünyanın hər yerini dolaşan insan illər sonra unudulur. Kimsə onu xatırlayıb yada salmır.
Dünyadan köçəndən sonra məzarına gedən yolları ot basır. Bəzən isə heç dəfn olunduğu yer də bilinmir. Bir zamanlar adı dillərdən düşməyən, şanı, şöhrəti dünyanı dolaşan 1912-ci ildə Parisdə keçirilən müsabiqədə "Dünya gözəli" titulunu qazanan, indi heç məzarının yeri də bilinməyən azərbaycanlı qadın Sona Nağı qızı Mehmandarova kimi.
Kim idi Sona xanım? Necə olmuşdu ki, onun gözəlliyinin şan-şöhrəti qısa müddət ərzində dünyaya yayılmışdı? Bəs hansı səbəbdən onun taleyi belə acılarla yekunlaşdı? Bu işdə kim günahkar idi? Onun qismətinə düşən taleyimi, yoxsa içində yaşadığı zamanmı, dövranmı...
Şuşadan Lənkərana gedən yollar, ayrılan qollar
Əlimiz çatan mənbələrdə Sona Mehmandarovanın doğum tarixi dəqiq göstərilməyib. Onun XIX əsrin 90-cı illərinin ortalarında, təxminən 1894-1896-cı illər arasında Lənkəranda Nağı bəyin ailəsində dünyaya gəldiyi göstərilir. Amma Sona xanımın yaşadığı acılarla dolu ömür yolundan söz açmazdan əvvəl onun daşıdığı Mehmandarov soyadı barədə. Bəzi tədqiqatçıların bildirdiyinə görə, bu nəsil Qarabağ xanlığı ilə bağlı olub. Xanlıqda işi yalnız Qarabağa təşrif buyuran fəxri qonaqları qarşılamaq olan mehmandar vəzifəsi var imiş. İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərində bu vəzifədə Mirzə Əli bəy işləyirmiş. Sonralar onun övladları, nəvə və nəticələri Mehmandarov soyadını qəbul etmişlər.
Bəzi araşdırmaçılar isə Mehmandarovlar nəslinin bünövrəsinin Arazın o tayında qoyulduğunu, sonralar Qarabağa köçdüyünü bildirirlər. Bu məsələ ətrafında fikirlər haçalansa da, hər iki halda Mehmandarovların Qarabağla, Şuşa ilə bağlı olduğu danılmaz faktdır.
Tarixin səhifələrində az-çox qorunub qalmış məlumatlardan Mehmandarov nəslinin bir qolunun da Lənkəran şəhərində məskunlaşdığı məlum olur. Mənbələrin verdiyi məlumatlara görə, Şuşada dünyaya göz açan Mirzə Sadıq bəy Mehmandarov Peterburqda Hüquq fakültəsində oxuyanda Hacı Mir Abbas bəy Talışinski ilə yaxından tanış imiş. Bu tanışlıqdan onların arasında isti münasibət yaranır və həmin dostluq Hacı Mir Abbasın onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsinə dəvət etməsi ilə nəticələnir. Mirzə Sadiq bəy də dəvətə hörmətlə yanaşır. Beləcə, Şuşadan Lənkərana cığır salınır. İllər keçdikcə bu xoş münasibət qohumluq əlaqəsinin qurulmasına, dostluğun daha da möhkəmlənməsinə gətirib çıxarır.
Mirzə Sadiq bəy general-leytenant Mir Mustafa xan Talışınskinin nəvəsi Bikə xanımla ailə qurur. Bu izdivacdan onların 10 övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizə adı qızıl hərflərlə yazılıb. Səməd bəyin qardaşı gözəlliyi ilə dünyanı heyran qoyacaq Sona xanımın atası Nağı bəy də Avropa təhsili görmüş, gənc yaşında Lənkəranın şəhər rəisi vəzifəsinə təyin edilmişdir. Rəsmi işi ilə yanaşı, Nağı bəy həm də dövrünün tanınmış nüfuzlu ziyalılarından biri olmuşdur.
Yaşadığı zamanın ağıllı, zəkalı ziyalısı olan Nağı bəy müasir düşüncə sahibi kimi yaşıdlarından, tay-tuşlarından seçilirdi. Sona doğulanda sevinc içində deyib ki, qızı savadlı və ağıllı olacaq, ona təhsil verəcək. Sonrakı illər Nağı bəy sözünün sahibi olmaq, qızına təhsil vermək üçün bütün imkanlarından istifadə edir. İllər keçib arxada qaldıqca Sona böyüyür. Artıq oxumaq yaşı çatanda atası dünyalarca sevdiyi qızını gimnaziyaya qoyur. O dövrdə bu təhsil ocağında dünyəvi elmlərlə yanaşı, xarici dillər də tədris olunurdu. Elmə, biliklərə böyük maraq göstərən Sona xanım gimnaziyada oxumağa başladığı ilk günlərdən başqa fənlərlə bərabər, sevimli müəllimlərindən fransız və rus dillərində də dərs alırdı. Bu dilləri mükəmməl öyrənməyə çalışırdı. Onun balaca ürəyi arzu və istəklərlə dolub-daşırdı. Uşaqlıq illərindən gözəl ailə tərbiyəsi və mükəmməl təhsil görən Sona taleyin onun üçün hansı ömür yolu hazırıladığından xəbərsiz idi. O, gələcək həyatını ürəyində gəzdirdiyi arzular üstündə qurmaq istəyirdi. Bu arzu ilə də gimnaziyanı uğurla başa vurdu. Lakin ali təhsil almaq arzusuyla yaşasa da, qismətinə gözləmədiyi tale düşdü.
Gözəlliyi ona şöhrət gətirsə də, bəxtəvərlik vermədi
Deyilənlərə və yazılanlara görə, Sona xanım yeniyetmə çağlarından bənzərsiz gözəlliyilə el-obada ad çıxarıbmış. Onun təkcə zahiri gözəlliyi yox, həm də kübarlığı və nəcibliyi görənləri heyran edirmiş. Elə buna görə də həddi-büluğa çatar-çatmaz elçilər Nağı bəyin qapısını döyməyə başlayır. Amma həm valideynləri, həm də gənc Sonanın özü elçilərə müsbət cavab vermir. Çünki qızın da, ata-anasının da övladlarının gələcək taleyilə bağlı işıqlı planları var idi.
Elçilərə hörmətlə verilən "yox" cavabları isə onların bəzilərinin inadkarlıq etməsinə gətirib çıxarırdı. Sanki elçiliyə gələnlər qızı özünün razılığı olmadan, arzu və istəklərinə məhəl qoymadan zorla qaçırıb aparmaq istəyirdi. Təəssüflər olsun ki, bütün bu inadkarlıq sonda ağlagəlməz faciə ilə nəticələndi. Gözəllikdə tayı-bərabəri olmayan Sonanı hansı vasitəylə olur-olsun özünə həyat yoldaşı etmək istəyən gənc Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürüb dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi gördüyünə görə cinayətin üstü açılır. Qatillər Sibirə sürgün olunur. Gözlənilmədən baş verən dəhşətli faciə gənc Sonanın qəlbində qanlı izlər qoyur, həyatını alt-üst edir. Başçısını itirən ailə yasa batır. Kiçik yaşlarından Sonanın çətinliklərlə, ağrı-acılarla dolu günləri başlayır.
Amma qızın anası özünü itirmir. Övladını xilas etmək üçün yollar axtarır. Sonanın etibarlı qorunması və yaşaması üçün onu Lənkərandan çıxarmaq qərarına gəlir. Ən etibarlı yer kimi Bakıda yaşayan qohumlarının yanı seçilir. Bununla da, Sonanın həyatında yeni və gözlənilməz səhifələr açılır. Günlər keçdikcə şəhər mühiti gənc qızı sirli-sehrli bir aləm kimi qoynuna alır. Əvvəllər heç vaxt Sonanın ağlına da gəlməzdi ki, acılarını yaşadığı, ağrılarını ürəyində hiss etdiyi faciə üzündən sığındığı Bakı onun üçün dünyaya açılan geniş bir qapı olacaq. O, bu qapıdan keçərək müxtəlif ölkələr gəzəcək, milyonların ürəyini fəth edəcək, insanların sevimlisinə çevriləcək.
Əvvəllər ağlına gəlməyənlər gözəl günlərin birində gənc qızın başına gəldi. Qohumlarının diqqət və qayğısı, yeni dostlarının, rəfiqələrinin böyük sevgisi, getdikcə gözəlləşən Bakının aşıb-daşan qaynar həyatı, ətrafında gördüyü yeniliklər sanki Sona xanımı gələcəyə aparırdı. Gənc qız Bakıda özünü çox rahat və arxayın hiss edirdi. Təəssüf ki, sevincini yaşadığı həftələr, aylar çox çəkmədi. Gözəlliyinin şöhrəti dillərə düşən Sonaya aşiq olanlar yenə də ona evlənmək təklifləri etməyə başladılar. Günlər keçdikcə elçiləri çoxalırdı. Sona xanımsa bu barədə düşünmək belə istəmirdi. Çünki onun ürəyində başqa arzuları vardı. O, təhsilini davam etdirmək, xarici dilləri öyrənmək istəyi ilə yaşayırdı.
Sona xanımın Lənkərandan elçilərin əlindən qaçıb Bakıya gəldiyi illər inkişaf edən şəhərin mədəni həyatında da bir-birindən maraqlı, diqqətçəkən hadisələr yaşanırdı. Şəhər sakinlərinin böyük marağına səbəb olan belə hadisələrdən biri də 1912-ci ildə baş verdi. Həmin tarixdə "Obşestvennoye sobraniye" adlanan təşkilat o illər tədbirlərin məkanına çevrilmiş binada (indiki Azərbaycan Dövlət Filarmoniyası) gözəllik müsabiqəsi keçirirdi. Bu barədə əvvəlcədən şəhər sakinlərinə məlumat verildiyinə görə qədd-qamətinə güvənənlər müsabiqədə iştirak etməyə can atırdılar.
Rəfiqələri Sonadan təkidlə müsabiqəyə qatılmağı xahiş etdilər. Onu yarışmada qalib gələcəyinə, uğurlu nəticə qazanacağına inandırırdılar. Amma nə qədər dilə tutsalar da, Sona razılaşmaq istəmir, tərəddüd içində çırpınırdı. Düşünürdü ki, Bakıda doğulmuş, şəhər mühitində böyümüş gözəl qızlarla yarışmaq və hələ üstəlik, onlara qalib gəlmək çətin olacaq. Axır ki, rəfiqələrinin və ətrafındakı insanların ona ürək-dirək verən sözləri Sonaya qol-qanad verdi, inamını daha da gücləndirdi. Gənc qız müsabiqədə iştirak etmək qərarına gəldi.
Gözlənildiyi kimi, müsabiqə çox maraqlı keçdi, yarışmada yaddaqalan anlar yaşandı. Gözəlliyi ilə qəlbləri, ürəkləri fəth edəcəyini düşünüb tədbirdə iştirak edən bütün qızları diqqətlə nəzərdən keçirən münsiflər heyəti təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızı olan Sonaya üstünlük verərək onu yarışın qalibi elan etdi. Qalib olduğunu eşidən gənc qızın sevinci yerə-göyə sığmırdı. Rəfiqələri, yaxınları onu təbrik edir, sevincinə qoşulurdular. Belə anlarda Sona qazandığı qələbənin mahiyyətini dərindən dərk etmir, o qədər də bunun fərqinə varmırdı. Düşünürdü ki, yəqin bir müddət onun haqqında danışılacaq, sonra hər şey heç nə olmayıbmış kimi unudulacaq, yaddan çıxacaq. Bakı küləyi yaddaşlardan hər şeyi sovurub aparacaq. Amma gözəlliyi ilə qazandığı uğurlar əlindən tutub onu dünyanın ən gözəl şəhərlərinə apardı. Qarşıda Sonanı Tiflis, Sankt-Peterburq və Paris səfərləri gözləyirdi.
Bakıdan Tiflisə və Parisə uzanan yollar
Sirli-sehrli möcüzəsi ilə insanların marağını özünə cəlb edən belə gözəllik müsabiqələri o vaxtlar təkcə Bakıda deyil, Cənubi Qafqazın ovaxtkı mərkəzi olan Tiflisdə də keçirilirdi. Mövcud qaydalara görə, Bakıdakı yarışmanın qalibi həmin müsabiqənin birbaşa iştirakçısı olurdu. Deməli, Sona Mehmandarovanı qarşıda daha bir sınaq gözləyirdi. Gənc qız doğmalarının xeyir-duasıyla, ömrünün ən sevincli anlarını yaşaya-yaşaya Tiflisə yola düşdü. Gözəlliyinə nə qədər güvənsə də, həyəcan keçirir, gələcək həyatını, yenicə addımlamağa başladığı bu yolun onu haralara aparıb çıxaracağını düşünürdü.
Nə qədər həyəcanlı olsa da, Sona Mehmandarova qarşıdakı gözəllik müsabiqəsində də qalib gələcəyinə inanırdı. Hiss edirdi ki, son zamanlar tale onun üzünə gülür. Buna görə də Tiflisdə keçiriləcək müsabiqədə də yüksək pilləyə çıxacaq, gözəlliyi ilə dünyaya meydan oxuyacaqdı. Gənc qız gözəllik müsabiqəsinə bu arzu və istəklərlə qoşuldu. Bakıdakı kimi burada da tale üzünə güldü, onun gözəlliyinə yüksək dəyər verildi. Sona Mehmandarova Tiflisdə keçirilən gözəllik müsabiqəsinin də qalibi oldu.
Tiflisdən sonra Sona xanımın yolu Parisə uzanırdı. Gənc qız bu şəhərdə keçirilən "Dünya gözəli" müsabiqəsində də iştirak etməliydi. 1912-ci ildə Parisdə keçirilən "Dünya gözəli" final müsabiqəsində də Sona Mehmandarova qalib oldu. Bu, onun həyatını kökündən dəyişdi. Həmin günlərdə qəzetlər ilk səhifələrində onun baş mükafat və zümrüd tacla olan şəklini və haqqında silsilə yazılar dərc edirdilər. Artıq "Qafqaz incisi" adlandırılan Sona Mehmandarovanı bütün dünya tanıyırdı.
Qələbələr isə davam edirdi. Bir müddətdən sonra Sona Mehmandarova Sankt-Peterburqda keçirilən "Miss Rusiya" müsabiqəsində də qalib gəldi. Gözəlliyi ilə qazandığı bu birincilik ona qiymətli tac gətirdi. Ətrafında baş verənlər ona yuxu kimi gəlirdi, həyatını bir zamanlar həvəslə oxuduğu nağıllara bənzədirdi. Hara gedirdisə, orada heyranlıq süzülən baxışlarla qarşılaşırdı. Dünya Lənkəranda dünyaya göz açmış Sonanın qənirsiz gözəlliyinə heyran qalmışdı.
Artıq Sona Mehmandarova nəinki Lənkərana, heç Bakıya da, Tiflisə də qayıda bilməzdi. Çünki o, böyük bir imperiyanın fəxriydi, qüruruydu. Sona Mehmandarovanın çar ailəsində belə, nüfuzu vardı. İndi əvvəlki kimi kaslb deyildi, kifayət qədər sərvət qazanmışdı. Deməli, imperiya paytaxtında yaşamalıydı. Bu, onun haqqı idi.
Dövrünün qaydalarına və zamanın diktəsinə boyun əyməyə məcbur olan Sona Mehmandarova ona doğma olmayan Sankt-Peterburqun mərkəzində dəbdəbəli mülk alır. Yavaş-yavaş vərdiş etmədiyi, alışmadığı şəhərin kübar mühitində özünə və tituluna layiq yer tutur. Amma bütün bunlar qadın üçün zəruri olan ailə həyatını, ailə rahatlığını əvəz etmirdi. Təəssüflər olsun ki, mövcud olan qaydalara görə, gözəllik müsabiqələrinin qalibləri bir il ərzində ailə qura bilməzdilər. Bütün bunlar dünya gözəlinin qarşısına divar çəkmişdi. Sona xanım da bu səbəbdən gənc, yaraşıqlı, varlı, əsil-nəcabətli pərəstişkarlarının təkliflərindən imtina etməli olurdu.
Ailə həyatı Sona xanıma xoşbəxtlik gətirmədi
Birinci Dünya müharibəsinin başlanması hər şeyi alt-üst elədi. Həmin illərdə üz-üzə qaldığı həyatın çətinlikləri qarşısında çıxış yolu axtaran Sona xanım axır ki, 1913-cü ildə taleyini onu sevənlərdən biri olan əslən dağıstanlı, varlı-dövlətli Uruzovla bağladı. Bundan xəbər tutan doğmaları etirazlarını bildirsələr də, Sona xanım istəyindən dönmədi. Düzdür, Uruzovla ailə həyatı dünya gözəlini xeyli arxayınlaşdırsa da, ona gözlədiyi xoşbəxtliyi verə bilmədi. Əksinə, qapılarını bədbəxtlik döydü. Ailə həyatı qurmalarından xeyli keçsə də, övladları olmadı. 1917-ci ildə baş verən çevriliş nəticəsində isə ailə müflisləşdi, həyatına çətin günlər ayaq açdı.
Azərbaycan Demokratik Cümhuriyyəti qurulandan, əmisi Səməd bəy Mehmandarov hərbi nazir olandan sonra da Sona xanım vətənə qayıtmadı. Nə qədər çətin olsa da, Rusiyada qalmağa qərar verdi. Görünür, doğmalarının etirazına baxmayaraq, Uruzovla ailə həyatı qurması onların arasında keçilməz uçurum yaratmışdı.
Araşdırmalardan aydın olur ki, Sona Mehmandarova ötən əsrin 20-ci illərindən Moskvada yaşayıb. Güman edilir ki, yaşayış yerini dəyişməsində ona 1929-cu ilədək RSFSR-in maarif naziri işləmiş Anatoli Lunaçarski kömək göstərib. Çünki Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra "qara siyahı"ya düşmüş Mehmandarovlar soyuna mənsub olmaq həmin dövr ciddi təhlükə idi. Hətta 30-cu illərin sonlarında Çəmbərəkənd qəbiristanlığı söküləndə qorxudan Səməd bəy Mehmandarovun qəbrinin köçürülməsində kimsə iştirak etməmişdi. Həmin dövr Sona xanımın ana tərəfi olan Talışinskilər də eyni acıları yaşamışlar. Qohumlarının şəhadətinə görə, o illər Sona xanım sənədlərini və fotoşəkillərini yandırdığından, onun həyatının sovet dövrü barədə ətraflı doğru-dürüst məlumat vermək mümkün deyil. Necə deyərlər, hələlik bu barədə tarix susur...
Hər dövrün, hər zamanın öz hökmü, öz fərmanı var. Bu hökmlərin, fərmanların qarşısını heç kim və heç nə ala bilməz. Bir vaxtlar gözəlliyi ilə dünyanı heyran etmiş Sona Mehmandarova 1966-cı ildə Bakıya getdiyi vaxtdan yarım əsr sonra yaşlı, üzgün və xəstə vəziyyətdə qayıtdı. Çöhrəsində gənclik gözəlliyindən əsər-əlamət qalmamışdı. Necə deyərlər, zaman öz işini görmüş, yağışını yağdırmışdı. Gənc Sona xanımdan qalan yalnız səsinin təravəti idi. Bir də kübarlığını qoruyub saxlamışdı. Deyirlər, günlərin birində Sona xanımın halı pisləşir. Qohumları təcili yardım çağırırlar. Ağrı-acılar içində olsa da, qadın həkimlərin qarşısına səliqəli görkəmdə çıxmaq üçün yaxınlarından güzgü və kosmetika istəyir.
Sona xanım Bakıya qayıdandan bir neçə il sonra dünyasını dəyişir. Yaxınları onu şəhərdəki qəbiristanlıqların birində dəfn edirlər. Təəssüflər olsun ki, bu gün onun məzarının yerini kimsə bilmir. XX əsrin əvvəlində gözəlliyi ilə dünyanı heyran qoyan Sona Mehmandarova beləcə naməlum bir məzarda uyuyur.
Bu da insan taleyinin acılarla dolu gözlənilməz sonluğudur. İllərin, əsrlərin sınağından çıxmış həqiqət budur ki, şahə qalxan, kükrəyən dalğalar gec-tez sahildə ram olub sakitləşir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"