Bu qədim diyar 2025-ci ildə bir yaş da gəncləşdi
Yaşını doğru-dürüst heç kim bilmir Lənkəranın. Qoynunda nə vaxtdan insan məskən saldığı da məlum deyil. Lakin o məlumdur ki, buradakı dağların, dərələrin, meşələrin, çayların, ləpələri ilə onlara layla çalan Xəzərin yaşı qədimdən qədimdir.
Bu yerdə yadıma lənkəranlı bir ağsaqqal ziyalıdan təxminən 15 il əvvəl eşitdiyim rəvayət düşür. Guya bir nəfər böyük Yaradanın yanına gedib ondan ailəsi və yaxın adamları ilə birlikdə yaşamaq üçün gözəl, səfalı yer istəyir. Ona çox yerlər göstərilsə də, heç birini bəyənmir. Çox gəzib dolandıqdan sonra, nəhayət, indiki Lənkəranın ərazisinə gəlib çıxır. Həmin adam hündür bir yerdən ətrafa göz gəzdirir. Dağlar, dərələr, meşələr, çaylar, mavigözlü Xəzər onu valeh edir. "Bura lap cənnətin özüdür!" deyib əbədi olaraq ailəsi və adamları ilə birlikdə bu torpaqlarda məskən salır.
Zamanın çarxı fırlandıqca nəsillər gəlib, nəsillər köçüb bu məkandan. Dünyaya göz açan hər yeni nəsil isə doğulub böyüdüyü, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu, vətən dediyi Lənkəran üçün bir iş görməyə, özündən sonra bir iz qoymağa çalışıb. Belə olub həmişə. İstər xanlıqlara qədər olan dövrdə, istərsə də sonra. O zamanların neçə-neçə abidəsi, yadigarı var bu yurdun sinəsində. Hər birinin də öz görkəmi, öz əzəməti.
Lənkəran vətənpərvər, istedadlı, zəhmətkeş insanların yurdudur. Onların sırasında Vətən yolunda canından keçən qəhrəmanlar, şair və yazıçılar, dövlət və incəsənət xadimləri, adlı-sanlı sadə əmək adamları bəs qədərdir. O qədər ki adlarını sadalamaqla qurtarmaz.
Bugünkü yaşlı nəslin yaddaşında izi qalan bir hadisə, bir tarix də var. Həmin tarix keçən əsrin 69-cu ilinin yayında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə bağlıdır. Həmin illər respublikamızda canlanma yarandı. Haqq-ədalət öz yerini tutmağa başladı. İqtisadiyyatın, mədəniyyətin, ictimai həyatın bütün sahələrində uğurlar əldə olundu. Keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında sonuncu olan Azərbaycan öncül sıralara çıxdı. Həmin vaxtlar Lənkəran da sürətlə inkişaf etməyə başladı. Ulu Öndər rayonun sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdi. Bu mühüm sənədlər əsasında qurulub-yaradılanların bir hissəsi bu gün də yaşamaqdadır.
SSRİ-nin çöküşü ilə əlaqədar hər yerdə olduğu kimi, Lənkəranda da xoşagəlməz hadisələr baş verdi. Çevrilişlə hakimiyyətə gələn və idarəetməni bacarmayan AXC-Müsavat cütlüyünün yol verdiyi səhvlər üzündən vəziyyət daha da qəlizləşdi. Xaos, özbaşınalıq, hərc-mərclik nəticəsində müstəqilliyini yenicə bərpa edən ölkə məhv olmaq təhlükəsi qarşısında qaldı. Lakin sanki Tanrı öz kölgəsini Azərbaycanın üstünə saldı. Xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Qısa vaxtda separatçı qüvvələr zərərsizləşdirildi, ermənilərlə atəşkəs əldə edildi, ölkədə sabitlik yarandı, çox mühüm islahatlar həyata keçirildi, xalqın sabaha inamı artdı.
2003-cü ilin oktyabr ayında İlham Əliyev səs çoxluğu ilə Prezident seçildi. Ulu Öndərin təşəbbüsü və gərgin fəaliyyəti sayəsində imzalanan neft müqavilələrindən gələn gəlirlər ilk növbədə sosial-iqtisadi, o cümlədən regional inkişafa yönəldildi. Bu məqsədlə 2004-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul edildi və həmin sənədlərdə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirildi. Bu işlər Lənkəranın da yenidən dirçəlməsinə səbəb oldu.
Görülən quruculuq işlərinin siyahısına qısaca da olsa nəzər salaq. Meyvə-tərəvəz emalı ilə məşğul olan "Lənkəran Konserv" MMC, "Lənkəran Konserv" ASC, süd və dondurma emalı ilə məşğul olan "Pal Food" MMC, şirniyyat məhsulları istehsal edən "Qənnadı məhsulları fabriki", "Azərxalça" ASC-nin Lənkəran filialı, çay emal edən "Beta", "Yaşıl Çay" FT, "Gilan Tea", "Sun Tea", çəltik emal edən "Green Fast", "Cənub Aqro", "Faran" MMC-ləri, çörək zavodu, müasir tələblərə cavab verən ət kəsimi məntəqələri, plastik məmulatların buraxılması ilə məşğul olan "LP" MMC, dam örtükləri hazırlayan "NUK" müəssisəsi, suqızdırıcı qazanlar istehsal edən müəssisələr, avtomobillər üçün antifiriz istehsalı müəssisəsi, "Lənkəran Kərpic" ASC, avtoservis sexləri və digər irili-xırdalı müəssisələr son illər istifadəyə verilən istehsal və xidmət obyektlərinin kiçik siyahısıdır.
Bu illər ərzində rayonun kənd təsərrüfatı da dinamik inkişaf etmişdir. 2018-2025-ci illər üçün respublikada çəltikçiliyin və sitrus meyvəçiliyinin, 2018-2027-ci illər üçün çayçılığın inkişaf etdirilməsinə dair qəbul olunan dövlət proqramları ənənəvi sahələrdə əsaslı dönüş yaratmış, fermerlərdə torpağa yeni münasibət formalaşdırmışdır. Kənd təsərrüfatında istehsal edilən ümumi məhsulun həcmi 2024-cü ildə 2003-cü, yəni 21 il əvvəlkindən 4,4 dəfə çox olmuşdur. Bu dinamika 2025-ci ildə də davam edib. 11 ayda rayon üzrə 396 ton yaşıl çay yarpağı istehsal olunub, yığımı isə davam edir. Bu il həmçinin Lənkəranda 5700 tondan çox feyxoa, 2800 tona yaxın çəltik istehsal edilib.
"Yollar iqtisadiyyatın qan damarlarıdır" deyirlər. Ölkənin hər yerində olduğu kimi, Lənkəranda da yerli əhəmiyyətli, habelə kəndarası avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri istiqamətində genişmiqyaslı işlər görülüb. 40 min əhalinin yaşadığı 40 kilometrlik Lənkəran-Vilvan-Osaküçə-Türkəncil, 28 min əhalinin yaşadığı 12 kilometrlik Şürük-Vel-Qamışovka, 47 minlik əhalinin yaşadığı 18 kilometrlik Vilvan-Zövlə-Liman, 10 min əhalinin yaşadığı 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar, 13 min əhalinin yaşadığı 10,2 kilometrlik Aşağı Nüvədi- Kənarmeşə-Şürük, 7 min əhalinin yaşadığı 22 kilometrlik Hirkan-Daştatük-Biləsər, 11 min əhalinin yaşadığı 7 kilometrlik Hirkan-Mamusta-Siyavar, 33 min əhalinin yaşadığı 38,6 kilometrlik Səpnəkəran-Şürük-Sütəmurdov-Velədi-Gərmətük-Bala Şürük-Kosalar-Kərgəlan-Lüvəsər-Bəlləbur-Qurunba avtomobil yolları yenidən qurulub. Həmçinin dağ kəndlərinə gedən yollar da əsaslı və cari təmir edilib.
2003-2025-ci illər arasında rayon əhalisinin elektrik enerjisinə, təbii qaza, içməli suya, rabitə, habelə poçt xidmətlərinə olan ehtiyaclarının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Abonentləri davamlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenidən qurulub. Çoxlu sayda elektrik dirəkləri təzələnib, xətlər, məftillər SİP kabellə əvəzlənib, transformatorlar və başqa avadanlıqlar yenilənib.
Təbii qazla təminata gəldikdə, 2003- 2025-ci illər ərzində rayonun 93 yaşayış məntəqəsindən 73-ü tam olaraq qazlaşdırılıb, əhali abunəçilərinin sayı 48,7 minə, qeyri-əhalininki 582-yə çatdırılıb. Hazırda isə Daştatük, Moloja, Aşağı Apu kəndlərinə qaz çəkilir.
İçməli su və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Lənkəran şəhərinə, Şiləvar, Digah, Sütəmurdov, Velədi kəndlərinə yeni içməli su xətləri çəkilib, sakinlərin fasiləsiz və təmiz içməli su təchizatı yaxşılaşdırılıb.
Yeni tikilən binalar, yaşıllıqların, park və xiyabanların salınması Lənkəran şəhərinin gözəlliyinə başqa bir çalar qatır. Heydər Əliyev və "Sahil" istirahət parkları, beynəlxalq hava limanı, Bayraq meydanı, "Xocalı soyqırımı" abidə kompleksi, təzəlikcə inşa edilmiş 7 mərtəbəli 14 yaşayış binası, Gənclər Mərkəzi, Əsgər Əliyev parkı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən yaşayış evləri, sosial əhəmiyyətli obyektlər bu sıradandır.
Xalqımızın böyük oğlu Heydər Əliyev hər bir sahənin inkişafını, millətin gələcəyini təhsildə görürdü. Bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyev Ulu Öndərin təhsilə bu yanaşmasını da prioritet götürərək təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Lənkəranda da yeni məktəblərin tikilməsi, köhnələrinin əsaslı şəkildə təmir edilməsi, lazımi avadanlıqlarla təchiz edilməsi ön plana çəkilmişdir. 2003-2025-ci illər ərzində 1076 şagirdlik Lənkəran şəhər 7 saylı, Gəgiran kəndində 264 şagirdlik, Şıxəkəran kəndində 432 şagirdlik tam orta məktəblərin binaları tikilib istifadəyə verilib. Heydər Əliyev Fondunun vəsaiti ilə 632 şagirdlik Haftoni kənd, 420 şagirdlik Nərimanabad qəsəbə və 360 şagirdlik Viravul kənd 2 saylı tam orta məktəbləri üçün yeni binalar inşa olunub. Əlizərin kəndində 20, Köhnəgəgir kəndində 40, Æidi kəndində 96, Türkəncil kəndində 80, Kosalar kəndində 96 şagirdlik modul tipli binalar quraşdırılıb. Heydər Əliyev Fondunun vəsaiti ilə inteqrasiya təlimli internat tipli gimnaziya əsaslı şəkildə yenidən qurulub. Ümumilikdə rayon üzrə 55 məktəb tikilib və ya əsaslı şəkildə təmir olunub. Hazırda Lənkəran peşə liseyi üçün tədris, yataqxana və laboratoriya binaları inşa olunur.
Lənkəran gənclərin ali, orta və peşə təhsili üzrə müxtəlif sənətlərə yiyələndikləri bir məkandır. Təlim və tərbiyənin yüksək səviyyədə qurulması məqsədilə Lənkəran Dövlət Universitetinin yeni korpusu, yataqxanası və 1-ci tədris korpusu üçün əlavə dördmərtəbəli bina inşa olunub, 2-ci korpusda inşaat işləri başa çatdırılıb. Universitetin Elmi Kitabxanası üçün bina tikilib. Hazırda universitet üçün klinika binası tikilir.
Vətəndaşların sağlamlığı da dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə 2003-2025-ci illər ərzində Lənkəran Mərkəzi Xəstəxanası əsaslı təmir edilib, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası, 8 həkim ambulatoriyası, 7 feldşer-mama məntəqəsi tikilib istifadəyə verilib. Lənkəran Regional Diaqnostika Mərkəzinin təyinatı dəyişdirilərək 70 çarpayılıq regional mərkəzə çevrilib. Rayonlararası Onkoloji Xəstəxanasında, Ağciyər Xəstəlikləri Dispanserində və Uşaq poliklinikasında təmir işləri həyata keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə TƏBİB-in tabeliyində olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbin müasir tələblərinə cavab verən kardiologiya üzrə ürək-damar cərrahiyyə şöbəsi açılıb, Liman Şəhər Ailə və Sağlamlıq Mərkəzində təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, həmçinin Lənkəran şəhərində Süd Vəzi Diaqnostika Mərkəzi və Çin Təbabət Klinikası istifadəyə verilib.
Son 22 ildə Lənkəran rayonunda mədəniyyət ocaqlarının əsaslı təmiri və tikintisi, tarixi mədəniyyət abidələrinin bərpası və konservasiyası istiqamətində uğurlu işlər həyata keçirilib. 2004-cü ildə N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı əsaslı şəkildə yenidən qurulub, 2006-cı ildə Xalq sənətkarlığı şəhərciyi, 2008-ci ildə Heydər Əliyev Muzeyi, 2015-ci ildə Lənkəran Tarix Diyarşünaslıq Muzeyi (Xan evi) və Lənkəran Şəhər Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib. Dairəvi qalada əsaslı təmir işləri başa çatıb.
Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, diqqət və qayğı Lənkəranda da özünü göstərir. Burada "Zirvə" İdman Sağlamlıq Mərkəzi, futbol stadionu, Regional Boks Təlim Mərkəzi, Olimpiya İdman Kompleksi gənclərin istifadəsindədir.
Lənkəranın təbii gözəllikləri onun turizm məkanına çevrilməsinə səbəb olub. Burada "Palıdlı sahil" və "Bəşəru" istirahət mərkəzləri, "Qafqaz" Turizm İstirahət Mərkəzi fəaliyyət göstərir. Ekoturizmin inkişaf etdirilməsi üçün Lənkəranın bir neçə kəndinə, çay plantasiyalarına, sitrus meyvə bağlarına səyahətlər olunur. Bu məqsədlə İstisu qəsəbəsindəki "Yaşıl Çay" Fermer Təsərrüfatında 22 nəfərlik "Nilado" hoteli və hotel tipli kənd evləri tikilib. Həmçinin Lənkəranda "Salyut" hoteli, "Riva Hill Resort Lankaran", "Dəniz Hotel" adlı hotel-restoran kompleksləri fəaliyyət göstərir.
Həyata keçirilən layihələr yeni iş yerlərinin açılmasına vəsilə olmuşdur. 2003- 2025-ci illər ərzində rayonda 54 mindən çox yeni iş yeri açılıb. Cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 402 ictimai iş yeri yaradılıb.
Lənkəranda quruculuq işləri davam edir. Hər dəfə buraya yolun düşəndə neçə-neçə yeniliklə tanış olursan. Şəhərə daxil olanda yeni tikilən və inşası başa çatdırılan çoxmərtəbəli yaşayış binaları diqqəti özünə çəkir. Görülən işlər, həyata keçirilən tədbirlər hər bir lənkəranlının ürəyincədir. Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov deyir ki, dünyanın hər üzünü görüb, sovetlər vaxtı müxtəlif vəzifələrdə işləyib, Lənkəranın yaxşı və çətin günlərinin şahidi olub: "Keçən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Lənkəran sürətlə inkişaf edir və sorağı keçmiş SSRİ-nin hər tərəfindən eşidilirdi. Rayon Moskvanın və ovaxtkı Leninqradın tərəvəz bazası hesab olunurdu. Azərbaycana gələn hörmətli adamların demək olar ki, hamısı Lənkərana qonaq gəlirdi. O zamanlar da burada böyük quruculuq işləri aparılırdı. Həmin ənənə xalqın sevimlisinə çevrilən Prezident İlham Əliyev tərəfindən bu gün də davam edir. Hələ o vaxtlar "Cənub mirvarisi" sayılan Lənkəran indi sovet dövründə olduğundan qat-qat sürətlə inkişaf edir. Şəhərimiz tikinti meydançasını xatırladır. Yeni çoxmərtəbəli yaşayış evləri, sosial təyinatlı obyektlər bir-birinin ardınca tikilib istifadəyə verilir. Şəhərimiz durmadan abadlaşır, qəsəbə və kəndlərə yollar çəkilir. Rayonda çayçılıq, çəltikçilik, sitrus meyvəçiliyi Prezidentin imzaladığı sərəncamlar sayəsində dirçəlib. Əhalinin işığa, təbii qaza, içməli suya olan tələbatı yüksək səviyyədə ödənilir".
Tofiq Hüseynov Lənkəran Dövlət Universitetinin müəllimidir. Bildirir ki, bu qədim diyar respublikamızın elm-təhsil mərkəzlərindən biridir: "Burada ali məktəb, orta ixtisas təhsili verən kolleclər, peşə təhsili liseyi, Azərbaycan Elmlər Akademiyasının Cənub Regional Mərkəzi və s. fəaliyyət göstərir. Universitetdə yüzlərlə tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır, onların təlim-tərbiyəsi ilə neçə-neçə elmlər doktoru, ayrı-ayrı sahələr üzrə fəlsəfə doktorları məşğul olurlar. Tələbələrin seçdikləri ixtisaslara mükəmməl yiyələnməsi üçün universitetimizdə son illər yeni korpuslar tikilib istifadəyə verilib. Lənkəranda yaşamaq, işləmək, hansısa təhsil ocağında təhsil almaq, mən deyərdim ki, xoşbəxtlikdir. Ölkənin müxtəlif rayonlarından olan yüzlərlə gənc seçdikləri ixtisasa yiyələnməklə yanaşı, tələbəlik həyatını mənalı yaşayırlar. Lənkəranın zəngin tarixi, görməli yerləri, turizm imkanları, təbiəti hər kəsdə xoş hisslər oyadır. Təhsil almaqla bərabər, tələbələrin mədəni istirahəti, asudə vaxtlarını səmərəli keçirməsi üçün Lənkəranda hər bir şərait vardır. Lənkəran Dövlət Dram Teatrı, Gənclər Evi, Olimpiya İdman Kompleksi tələbələrin sevimli yerləridir. Bütün bu şərait müstəqilliyimiz dövründə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində yaradılıb. Lənkəran bu gün də inkişaf yolundadır. Şəhər rəhbərliyi Lənkəranın abad olması, yeni iş yerlərinin açılması, həyat şəraitinin yaxşılaşması üçün əlindən gələni əsirgəmir.
Belə bir deyim var: "Gözəllik ondur, doqquzu dondur". Böyük Yaradan Lənkəran torpağına nə desən verib. Vüqarlı dağlar, ən nadir ağaclarla örtülü zümrüd donlu meşələr, bol sulu çaylar, mavi dəniz. Subtropik iqlim şəraitinə malik olan Lənkəran ətirli çayı, limonu, naringisi, portağalı, feyxoası və digər nemətləri ilə məşhurdur. Çöl quşlarından, kütüm balığından bişirilən ləvəngi, müxtəlif növ plovlar onun vizit kartıdır. Bir də insanlarının səmimiyyəti, qonaqpərvərliyi və yaşamaq həvəsi. Bunlar təbiətlə cəmiyyətin ayrılmaz olduğunu, həmahəng səsləndiyini, bir-birini tamamladığını göstərir və o zaman susmaq mümkün olmur:
Əsrlər ötsə də başının üstdən,
Ruhuna, hüsnünə gəlir təzə can.
Elə buna görə deyirəm ki, mən,
Zamanın yaşıdı qoca Lənkəran,
Maşallah, yamanca cavanlaşırsan.
Seyran CAVADOV,
"Azərbaycan"