Aktyorluq fəaliyyətinə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında başlasa da, tamaşaçılar onu daha çox rejissor Rövşən İsaqın çəkdiyi "Vicdan haqqı" serialındakı Fuad obrazı ilə tanıyıblar. Aktyor özü bu barədə belə deyir:
- İnsan aktyorluq sənətini nə üçün seçir? Məşhur, populyar olmaq üçün. Bütün aktyorların içində bir populyar olmaq arzusu var. Mən də aktyor sənətini seçmişəm, çox şadam ki, aktyor kimi populyaram. Bu gün hara getsəm hamı mənə hörmətlə yanaşır, məni tərifləyir, evinə qonaq dəvət edir. Deməli, mən dürüst həyat yaşayıram ki, insanlar məni evinə dəvət edib, ailəsinə təqdim etmək istəyir. Sevinirəm ki, düzgün yoldayam. Bir fikir verin. Olur ki, yolda yüngül qayda pozuram. Məni yol polisi saxlayıb deyir ki, sizə böyük hörmətimiz var. Məni tanıyandan sonra məndən sənədlərimi yox, çəkildiyim serialdakı hadisənin axırının necə olacağını soruşurlar. Bütün bunları görəndə özümə sual verirəm: Elşad, 37 yaşlı aktyor üçün başqa nə olmalıdır? Hörməti, diqqəti pul ilə, vəzifə ilə qazanmaq mümkün deyil. Yaxşı sənətkar olmaq üçün istedaddan başqa, insanda yaxşı əxlaq olmalıdır. Bu məqamda rejissor Rovşən İsaqın adını xüsusi olaraq qeyd etmək istəyirəm. Allahımdan çox razıyam ki, mənim qarşıma belə bir rejissor çıxardı. Bu hər aktyora qismət olan xoşbəxtlik deyil. "Vicdan haqqı" serialına dəvət etdi. Sonra ardı gəldi, "Yuxu kimi" serialına çəkildim. Sonra Rüfət Şahbazovun çəkdiyi Xəzər TV-də yayımlanan "Bir ailəm var mənim" seriallarına çəkildim.
Həmsöhbətimiz Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Elşad Süleymandır. O, 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2007-ci il sentyabrın 1-dən indi işlədiyi teatrda çalışır. Deyir ki, bu yaxınlarda Şəkiyə getmişdim: "Adamlar məni görən kimi başıma yığılıb məni söhbətə tutdular. Şəkil çəkdirdilər. Mənə dedilər ki, biz səni teatrda oynadığın tamaşalarla tanıyırıq. Hətta mənim yaratdığım obrazların adını çəkdilər. Teatrda oynadığım rollara görə tamaşaçıların məni tanımasına çox sevindim".
Xatırladaq ki, Elşad Süleyman çalışdığı teatrın səhnəsində 35-dən çox rəngarəng obraza səhnə həyatı verib. Aktyorla onun ömür yolunun geridə qalan səhifələrini vərəqləyirik:
- Tələbəlik illərində Gənc Tamaşaçılar Teatrına dəvət aldım. Böyük səhnədə ilk debütüm orada oldu. "Nənəmin kələyi" tamaşasında Namiq obrazını, "Tık-Tık xanımın nağılı"nda siçan bəyi oynadım. Teatra dəvət almağımla teatrın təmirə dayanması bir oldu. Nə məni ştata götürdülər, nə də maaşım oldu. Xoşbəxtlikdən çox gözləmədim, Rus Dövlət Dram Teatrından dəvət aldım. Orta məktəbi rus dilində oxumuşdum. İncəsənət Universitetində də Azərbaycan bölməsi olmadığı üçün ali təhsilimi rus dilində davam etdirirdim. Dil ilə bağlı bir problem olmayacağını düşünüb dəvəti qəbul etdim. Belə deyək ki, bununla da mənim səhnə həyatım başladı. 19 ildir ki, teatrda 12-ci kateqoriyalı aktyoram.
Söhbət zamanı Elşad Süleyman çox maraqlı bir məqama toxundu: "Qəribədir, bu gün istedadı olmayan, cəmiyyətdə öz yerini tuta, sənəti, peşəsi ilə nüfuz, mövqe qazana bilməyən insanlar problem axtarırlar. Özlərini hər şeyi bilən, bacaran, üzərilərinə düşən hər işin öhdəsindən gələn adamlar kimi göstərib yaxşı-pis hər nə var tənqid etməyə çalışırlar. İnanın, işləmək, özünü təsdiq etmək, istedadını büruzə vermək üçün bu gün ən gözəl məkan Azərbaycandır. Öz işini bilən savadlı kadrlara hər yerdə ehtiyac var. O cümlədən yaxşı aktyora da. Yaxşı aktyor yorğanına bürünüb evdə yatmır. Yaxşı aktyor tək maaşla dolanmır. Yaxşı aktyorun dublyajı var, serialı var, filmi var, tədbirləri var, aparıcı kimi fəaliyyət göstərir. Çox şükür, qazanmışam, ev almışam, evlənmişəm. Mən teatra gəldiyim iki il idi, teatrımız təmirə bağlandı. Biz Dənizçilər Mədəniyyət Evində oynayırdıq. Mən universitetə qəbul olan ili müstəqilliyimizin 14-cü ili idi. Universiteti qırmızı diplomla bitirmişəm. 90 manat tələbə təqaüdü, eyni zamanda teatrda da işləyib 80 manata yaxın oradan maaş alırdım. Tələbə üçün daha nə lazım idi? Bu hamısı Prezidentin bizim mədəniyyətimizə, təhsilimizə, gənclərə olan diqqətinin nəticəsində mümkün olmuşdu. Tələbə təqaüdü, maaşlar qalxmışdı. 2008-ci ildə bizim üçün tam təmir olunmuş yüksək standartlara cavab verən teatr binası hədiyyə olundu. Aktyor kimi düzgün səhnəyə çıxıb nəfəs almaq şəraitimiz var. Düzgün işıq var, istilik var. İsti olanda düzgün sərinlik sistemi var. Belə şeylər bayaqdan yox idi. Bizim teatrda belə şeylər olmayıb. Bu gün bizim üçün bu şərait yaradılıb. Bir sözlə, həyatımdan çox razıyam. Nə yaxşı ki, bu ölkədə doğulmuşam. Nə yaxşı ki, mən bu sənəti seçmişəm.
Sənətdə olan problemlərdən söz açan aktyor deyir: "Bu gün Azərbaycanda yaxşı aktyor çoxdur. Bu gün daha çox yaxşı rejissorlara ehtiyac var. Oxumaqla yaxşı rejissor olmaq mümkün deyil. Yaxşı rejissor olmaq üçün anadan rejissor doğulmaq lazımdır. Rejissorun yaxşı fantaziyası, düzgün əsər seçmək qabiliyyəti olmalı, düzgün quruluş verməyi bacarmalıdır. Anlamaq lazımdır ki, teatrda təsadüf olmur. Teatr, kollektiv sənətdir. Yaxşı, peşəkar bir aktyorun və ya aktyorların olması ilə teatr uğur qazana bilməz. Ona görə də bəzi seriallar uğursuz alınır, tamaşalar uğursuz olub yaddan çıxır. Bunun üçün yaxşı rejissora ehtiyac var. Yaxşı rejissor yaxşı da prodüsserdir. Rejissor yaxşı, aktual əsəri də tapır, gündəmi də tuta bilir. Tamaşaçıya nə lazımdır, nəyə ehtiyacı var, tamaşaçı nə istəyir onu bilən, hiss edən rejissora ehtiyac var. Bu gün bizim sənətkarlarımız mövzu kasadlığından əziyyət çəkirlər. Mövzu olmalıdır. Yaxşı rejissor mövzunu tapmalıdır. Mən aktyor kimi gedib rejissora deməli deyiləm ki, bu mövzunu götür, bu yaxşıdır".
2020-ci ildə Vətən müharibəsindəki qələbəmizin səhnə təcəssümündən danışarkən Elşad Süleyman dedi: "44 günlük müharibə bizim şərəf, ləyaqət savaşımızdır. Zəfər bizə başucalığı gətirdi. Bu, bizim dövlət başçısının uğurlu siyasəti, Ali Baş Komandan kimi vaxtında qəti qərar qəbul etməsi nəticəsində mümkün oldu. 27 sentyabra kimi bizim ağlımızdan belə keçməzdi ki, biz noyabrın 8-də torpaqlarımızın azad olmasını bayram edəcəyik. Amma müharibə çətin mövzudur, onun dərinliklərini bilmək, duymaq lazımdır. Biz müstəqillik dövrünün qəhrəmanlıq filmlərini çəkməyin əlifbasını bilmirik. Onu bilmədiyimizə görə də qələbəni bədiiləşdirib, qəhrəmanlarımızın bədii obrazını səhnələşdirə bilmirik. Bu o demək deyil ki, mövzu yoxdur, çəkən yoxdur. O deməkdir ki, mövzunu yaxşı öyrənmək, yaxşı bilmək lazımdır. Bunun mütəxəssisi olmalıdır. Deyəndə ki, bizim ölkədə rejissor kasadçılığı var, elə mən həm də bunu nəzərdə tutub deyirdim. Yaxşı rejissor üçün çətin mövzu olmur. Bu, ağır işdir. Hə getdik, avtomat götürək icarəyə, filan yerdə paltar tikdirək, gedək o, ordan atsın, bu buradan. Ermənini dəli kimi, gücsüz göstərək... Var da, çəkiblər... Ermənini zəif, ağılsız kimi göstəriblər. Belə çıxır ki, biz 30 il ağılsız, sadəlövh bir düşmənlə mübarizə aparırdıq? Təbii ki, yox. Erməni hiyləgərdir, gücsüzün ağası, güclünün quludur. Ona görə də bunun əlifbasını bilməyən adam yaxşı əsər yazıb ərsəyə gətirə bilməz. Problemin kökü budur".
Elşən QƏNİYEV,
"Azərbaycan"