Noyabrın 16-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda akademik Cəlal Əliyev qiraətləri keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda Ümummilli Lideri Heydər Əliyevin və akademik Cəlal Əliyevin məzarlarını ziyarət edib, abidələri önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə biologiya elminin yeni istiqamətlərinin təşəkkülündə və inkişafında akademik Cəlal Əliyevin misilsiz xidmətləri olub. Görkəmli alim məşğul olduğu bütün sahələrdə yüksək nailiyyətlər əldə edib və elmə, ictimai mühitə, insanlara daim ciddi münasibət bəsləyib.
Ölkəmizdə bioinformatika, molekulyar biologiya, fotosintez kimi elm sahələrinin akademik Cəlal Əliyevin adı ilə bağlı olduğunu deyən AMEA prezidenti vurğulayıb ki, görkəmli alimin mühüm xidmətlərindən biri də bioloji məhsuldarlığın praktik fəaliyyətdən yüksək elmi tətbiqi səviyyəyə qaldırılması olub: “Akademik Cəlal Əliyevin elmi ideyaları, nəzəriyyələri öz sağlığında xalqa xidmət edən bir sərvətə çevrilib. Azərbaycanın böyük əkin sahələrində Cəlal Əliyevin rəhbərliyi altında əldə olunmuş mühüm elmi nailiyyətlərin praktik sınağı həyata keçirilib, yüksək məhsuldarlıq alınıb”.
Akademik Cəlal Əliyevin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində mühüm xidmətləri olduğunu deyən AMEA rəhbəri alimin yaratdığı elmi məktəbin yetirmələrinin bu gün həmin müəssisələrdə uğurla çalışaraq Azərbaycan elminin inkişafına xidmət etdiklərini söyləyib.
Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “Akademik Cəlal Əliyevin fotosintez elminə verdiyi töhfələr: fundamental prinsiplərdən məhsuldarlıq proseslərinin idarə olunmasına qədər” mövzusunda məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində yeni elmi nəzəriyyənin formalaşdırılması akademik Cəlal Əliyevin mühüm xidmətlərindəndir və o, ilk dəfə təcrübi yolla yeni intensiv tipli sortların yaradılmasına və tətbiqinə imkan verən fundamental elmlə sahə tədqiqatlarının yeni formada vəhdətini, inteqrasiyasını yaradıb.
İ.Hüseynova vurğulayıb ki, qiymətli fotosintez əlamətlərinin irsən keçməsinin və ümumiyyətlə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası “ideal” tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin kompleks şəkildə həyata keçirilməsi onun adı ilə sıx bağlıdır. Cəlal Əliyevin təşəbbüsü ilə ölkəmizdə biologiyanın yeni istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatika sahələrinin inkişaf etdiyini deyən məruzəçi alimin yetirmələrinin bu gün dünyanın aparıcı universitetlərində çalışdıqlarını söyləyib.
Daha sonra professor Gyozo Qarab akademik Cəlal Əliyevə ithaf etdiyi “Yer üzərində bütün həyatın və bəşəriyyətin gələcəyinin asılı olduğu fotosintezin füsunkar dünyası” mövzusunda məruzə ilə çıxış edib.
Açılış mərasimindən sonra tədbir müzakirələrlə davam edib.