25 Fevral 2026 08:50
293
Mədəniyyət
A- A+
Mansurovlar tarının sehri

Mansurovlar tarının sehri


Əsrlərə şahidlik edən, zaman-zaman insanlara mənəvi zövq verən muğamlarımızın kamil bilicisi və mahir ifaçısı, görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasından 115 il keçir. Dinlədikcə dinləmək istədiyimiz Azərbaycan muğamlarının həm qorunub saxlanmasında, həm də geniş təbliğ olunmasında böyük əmək sərf etmiş Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda dünyaya göz açmış, əsrlərdən bəri qədimliyini qoruyub saxlayan İçərişəhərdə boya-başa çatmışdı. 

İlk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alan Bəhram Mansurovun atası Məşədi Süleyman dövrünün görkəmli tarzənlərindən idi. O, musiqi, söz, sənət bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı, dövrünün savadlı şəxsiyyətlərindən biri kimi tanınırdı. Onların evi sözün həqiqi mənasında  muğam ocağı idi. Burada musiqişünas Baba Məşədi Məlik bəyin təşkilatçılığı ilə muğam gecələri keçirilir, Azərbaycanın hər yerindən xanəndələr, musiqisevərlər toplaşırdılar. 

Nəvəsi bəstəkar Eldar Mansurovun tərtib etdiyi "Xatirələr"də babası Məşədi Süleymanın nəsli haqqında verdiyi maraqlı məlumatlar da yer alıb: "Şəhərin bütün şair və musiqiçiləri, ziyalı və mülkədarları bizim evin qonağı olardı. Gələn qonaqlar atamı, sadəcə, Məşədi Məlik deyə çağırardılar. Mən bu insanlardan çox şey öyrənmişəm. Sənətə, sözə marağım elə uşaqlıqdan başlayıb. Atam Məşədi Məlik hərtərəfli musiqi bilicisi idi. Tarda, kamançada, cürə sazında, qavalda, yeddidilli qarmonda çalmağı bacarırdı".

Bəhram Mansurovun da qismətinə nəsildəki musiqi ənənələrini davam etdirmək düşdü. O, bu ənənəni uğurla davam etdirdi. Evdəki, ailədəki musiqi mihiti Bəhramın görkəmli tarzən kimi formalaşmasında əvəzsiz rol oynadı. Mənbələrdə deyildiyinə görə, onların evində çoxlu tar olub. Atası evdən bir yerə çıxanda balaca Bəhram onlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asarmış. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu bilər və "mənim tarıma kim toxunub? "- deyə soruşarmış. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" deyə soruşar, atası "tarın kökündən" deyə cavab verərmiş. Dövrünün mahir tarzəni olmuş atası Məşədi Süleyman oğlunun tara olan sevgisini, həvəsini görəndə deyib: "Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadı". Çox keçmədi ki, sənətkarın müşahidələri özünü doğrultdu. 

Təcrübəli sənətkar Bəhram Mansurov Bakıda Pedaqoji Texnikumda oxuduğu vaxtlardan tarzən kimi peşəkarlığına görə həmişə alqışlanarmış. O, hələ 12-13 yaşı olarkən ifaçılıq baxımından mürəkkəb hesab olunan "Rast", "Çahargah", "Bayatı-Şiraz", "Qatar" kimi muğamları solo ifa edirmiş. Bəhram Mansurovun  19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra Opera və Balet Teatrına solist dəvət edib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar tarzən kimi Azərbaycan Dövlət Filarmoniyasının solisti olan B.Mansurov Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyib. Tanınmış və bütün zamanlarda sevilən Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa müğənniləri müşayiət edib, bacarığı, peşəkarlığı ilə bu və ya digər sənətkarların rəğbətini qazanıb. 

Bəhram Mansurov 30 yaşı olanda konsert qrupunun tərkibində Moskvaya estrada artistlərinin festivalına yola düşüb. Amma qatar Rostova çatanda Almaniyanın SSRİ üzərinə hücuma keçdiyi məlum olub. Müharibənin başlaması haqqında xəbər ildırım sürəti ilə bütün ölkəyə yayılıb. Yaranmış fövqəladə vəziyyətlə əlaqədar tədbirlər ləğv edilib. Onlar geriyə qayıtmalı olublar. 

Görkəmli mədəniyyət işçisi olduğuna görə onu müharibəyə aparmayıblar, xüsusi təşviqat qruplarının sərəncamına göndəriblər. Həmin gündən sinəsinə basdığı tar süngüyə çevrilib. Bəhram Mansurov təşviqat qrupunun tərkibində dəfələrlə cəbhə xəttinə, hospitallara gedib, Sara Qədimova, Hüseyn Rəfi, Şirzad Hüseynov və başqaları ilə birlikdə döyüşçülər qarşısında çıxış edib. Bəhram Mansurov 416-cı Azərbaycan diviziyasının döyüşçüləri qarşısında da dəfələrlə məharətini göstərib. 

Peşəkarlığına, sənətkarlığına böyük dəyər verərək onu müəllim kimi Bakı Musiqi Texnikumuna dəvət ediblər. Bəhram Mansurov ömrünün sonuna qədər bu təhsil ocağında pedaqoji fəaliyyət göstərib. Görkəmli tarzən muğamın tədrisi prosesində atası Məşədi Süleymanın və əmisi Mirzə Mansurun üslubuna istinad edərək özünün orijinal sistemini yaradıb. 

İkinci Dünya müharibəsindən sonra Bəhram Mansurov müxtəlif ölkələrə qastrol səfərlərinə gedib. UNESCO-da Azərbaycan muğamlarını ilk dəfə təmsil edən musiqiçi məhz o olub. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Bəhram Mansurovun ifasını bəyənərək onunla  əməkdaşlığa başlayıblar. Bu beynəlxalq təşkilatın xətti ilə məşhur tarzənin ifasında 2 val və CD diski yazılaraq dünyanın hər tərəfinə yayılıb. Azərbaycan musiqisinin tədrisindəki, inkişafındakı və təbliğindəki xidmətlərinə görə, Bəhram Mansurov 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

İstedadlı tarzən görkəmli bəstəkar Fikrət Əmirovla yaxın dost olub. Onun adının UNESCO-nun siyahısına düşmə xəbərini də Bəhram Mansurova ilk dəfə Firkət Əmirov verib. Bu gün də bəstələri böyük sevgi ilə dinlənilən Fikrət Əmirov "Şur" və "Kürd-ovşarı" simfonik muğamlarını yazarkən tanınmış musiqiçilər Seyid Şuşinski və Qurban Pirimovla məsləhətləşərdi. Sonuncu simfonik muğamı olan "Gülüstan-Bayatı-Şiraz"ını isə Bəhram Mansurovun ifası əsasında bəstələyib.

Bəhram Mansurov bənzərsiz ifası ilə Azərbaycan musiqi tarixində pozulmayan izlər qoyub. Onun ifasında "Çahargah" və "Rast" muğamları ilk dəfə nota alınıb. "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd" və "Çahargah" muğamları isə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılaraq dünyanın hər yerində təbliğ olunub. Görkəmli sənətkar 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən beynəlxalq muğam simpoziumlarında Azərbaycanı uğurla təmsil edib. Tarzən nə az, nə çox - düz 54 il Opera və Balet Teatrında işləyib. Bu müddət ərzində muğam operalarında görkəmli xanəndələri müşayiət edib. Onun ifa etdiyi muğam və musiqi nümunələri oğlu, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən nota köçürülüb. 1971-ci ildə sevilən sənətkara həsr olunmuş "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi ekranlara çıxıb. 

Dünyaşöhrətli bəstəkar Fikrət Əmirov görkəmli tarzən Bəhram Mansurov sənətindən söz açarkən demişdir: "O, muğamların ən gözəl ustadlarından biri sayılır. Azərbaycanda demək olar ki, heç kəs özünü Azərbaycan muğamları ilə bu qədər üzvi vəhdətdə bilmir. O, zəngin musiqi folklorumuzu olduqca dərindən, ən kiçik detallarına qədər bilir. Haqlı olaraq onu tarda müasir tipli üslubda çalmağın atası sayılan görkəmli Sadıqcanın ləyaqətli ardıcılı hesab edirlər".

Ölümündən iki həftə əvvəl həkimlər ona təcili əməliyyat olunmasının vacibliyini deyiblər. Evindən sonuncu dəfə çıxanda bir anlıq geri qayıdaraq yarım saata qədər tar çalıb. Sonra böyük sevgi ilə sinəsinə sıxdığı tarı divardan asaraq deyib: "İllərin dostu, bir də səninlə iki həftədən sonra görüşəcəyik".

Amma nə edəsən ki, Bəhram Mansurov əməliyyatdan sağ çıxsa da, sonradan vəziyyəti pisləşib. Həkimlər nə qədər cəhd göstərsələr də, onun həyatını xilas edə bilməyiblər. Böyük sənətkar 14 may 1985-ci ildə dünyasını dəyişib. 

Bəhram Mansurovun oğulları da nəslin musiqi ənənələrini uğurla davam etdirirlər. Böyük oğlu Eldar bəstəkar, ortancıl oğlu Aydın xor drijoru, kiçik oğlu Elxan isə atasının yolu ilə gedir. 

Bəstəkar Eldar Mansurov  2004-cü ildə yaratdığı "Bəhramnamə"  əsərini atasının xatirəsinə həsr edir. Bu əsər muğamla müasir musiqi növlərinin sintezindən ibarət musiqi albomudur. Bəstəkar əsərdə atasının vaxtilə böyük ustalıqla ifa etdiyi Azərbaycan muğamlarının lent yazılarından da istifadə edib. Dinləyicilərin böyük maraqla qarşıladıqları bu əsərdə muğam hissələri Bəhram Mansurova, digər musiqi parçaları isə Eldar Mansurova aiddir. 

Sənət heç vaxt unudulmur, sənətkar heç vaxt ölmür. İfası ilə böyük şöhrət qazanmış, yaddaşlarda dərin iz qoymuş Bəhram Mansurovun adı musiqi  tariximizdə əbədi olaraq qalacaq. Onun zəngin irsi Azərbaycan muğam məktəbinin inkişafına bundan sonra da böyük təkan verəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Tramp arasında telefon danışığı olub  

00:23
26 Fevral

Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb  

23:26
25 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib

22:55
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb YENİLƏNİB

22:45
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

22:21
25 Fevral

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olunub

22:13
25 Fevral

Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib  

21:33
25 Fevral

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb 

21:08
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

20:57
25 Fevral

Səfir: Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır

20:01
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:50
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:49
25 Fevral

Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

19:43
25 Fevral

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Ərəb mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub

18:42
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb  

18:41
25 Fevral

ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib  

18:39
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!