02 Aprel 2023 00:26
1751
SİYASƏT
A- A+

Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi

 

Apreldən başlayan noyabr

 

"Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".
Bəli, 2020-ci ilin 10 dekabrında rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azadlıq meydanında Zəfər paradında bəyan etdiyi kimi, bu qələbə uğurlu başlanğıcını şanlı Aprel döyüşlərindən götürmüşdür. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinin azadlığı ilə uğurlu təməli qoyulan qələbə yolumuz 2020-ci il noyabrın 8-də çalınan Şuşa Zəfəri ilə məntiqi zirvəyə yüksəlmişdir. 

 

Bahar qüruru

 

2016-cı ilin Aprel zəfəri Azərbaycan xalqını illərdir susadığı qələbə xoşbəxtliyinə yetirdi. 
2016-cı ilin apreli onilliklərin həsrətindən sonra tarixi torpaqlarımıza yenidən sevinc gözyaşları içərisində qədəm basdığımız və minilliklərin o üzündə belə xalqımızın qürurla anacağı müqəddəs zamana çevrildi. 
2016-cı ilin aprelində qəhrəman Azərbaycan oğullarının canları, qanları ilə torpaqlarımızı azad etmələri sayəsində dədə-baba yurdlarımıza ilk qayıdış sevincini yaşadıq.
2016-cı ilin aprelində igidlərimiz döyüş meydanında torpaqlarımıza soxulan haramzadə ermənilərə divan tutaraq qarşılarında diz çökdürdülər, üçrəngli ay-ulduzlu Azərbaycan bayrağını Lələtəpə yüksəkliyində dalğalandıraraq xalqımıza tezliklə işğal altında qalan digər torpaqlarımızın da azad olunacağının müjdəsini çatdırdılar. 
Qəhrəman Azərbaycan oğulları 8 Noyabr Şuşa Zəfərinin başlanğıcını şanlı Aprel döyüşlərində qoydular. 

 

Qələbəyə uzanan yol

 

Ötən 30 illik zaman kəsimində, aprel qələbəsinə və ondan sonrakı noyabr zəfərinə qədərki dövrdə Azərbaycan xalqı, dövləti çox uzun, çətin və məsuliyyətli bir yol qət etdi. Bu yolun başlanğıcında çox ağrı-acılar yaşadıq, torpaqlarımızın bir hissəsi işğal olundu, yüz minlərlə vətəndaşımız öz tarixi torpaqlarından didərgin salınaraq məcburi köçkün vəziyyətində yaşamağa məhkum oldular. 
Müstəqilliyimizi itirmək kimi dəhşətli bir aqibətlə üz-üzə qaldıq, böhran yaşadıq, siyasi, iqtisadi, sosial çətinliklərlə qarşılaşdıq. Lakin xalqımız taleyinin həll edildiyi həmin çətin məqamlarda verdiyi düzgün qərar sayəsində - böyük siyasi xadim Heydər Əliyevi hakimiyyətə gətirməsi ilə yuvarlandığı uçurumdan qurtuluş yoluna çıxmağa müvəffəq oldu. Ulu Öndər Heydər Əliyevin şəxsi səyləri, apardığı mükəmməl daxili və xarici siyasət nəticəsində Azərbaycan müstəqil dövlət olaraq getdikcə hərtərəfli inkişaf etməyə, dünya səviyyəsində tanınan ölkəyə çevrilməyə başladı. Təbii ki, Ümummilli Liderin gündəliyində duran ümdə vəzifə torpaqlarımızın işğaldan azad edilməsi idi və görkəmli dövlət xadimi bu istiqamətdə həm daxildə, həm də beynəlxalq arenada mühüm işlər gördü. Vurğulayaq ki, 1994-cü ildə Heydər Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu uğurlu Horadiz əməliyyatı aparmış və həmin zaman azad edilən torpaqlarımıza doğma sakinlərinin qayıdışı həyata keçirilmişdi. Həmin il Heydər Əliyev Hayastanla atəşkəslə bağlı razılıq əldə edərək, həm ümumilikdə ölkəmizin inkişafı, həm də hərbi gücümüzün artması üçün mühüm işlər gerçəkləşdirməyə başladı. 
Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı böyük inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin prioriteti müasir ordu quruculuğu idi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hər ötən il Azərbaycan Ordusunun arsenalını ən modern silah və digər hərbi texnika ilə daha da zənginləşdirdi. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının məkrli xarici qüvvələrin xüsusi səyləri ilə uzadılması zaman ötdükcə münaqişənin güc yolu ilə həllindən başqa çıxış yolunun olmamasını zəruri edirdi. Hayastanın ölkəmizə qarşı təxribatları isə bu ehtimalı daha da qüvvətləndirirdi.

 

Haylara Aprel dərsi

 

Hayastanın 2016-cı ilin yazındakı növbəti təxribatları isə ona baha başa gəldi. 2016-cı il aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun güclü zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.
Dördgünlük Aprel döyüşləri zamanı düşmən Azərbaycan Ordusunun gücünü döyüş meydanında əyani şəkildə daddı və tezliklə daha böyük zərbə alacağını, külünün göyə sovrulacağını anladı. Hələ Aprel döyüşləri zamanı Hayastan ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyinin  real vahiməsini yaşadı, onsuz da qorxaq olan canına üşütmə düşdü. 
Aprel zəfəri Hayastanı təşvişə saldı, düşmənə tezliklə məğlubiyyətlər böhranında çapalayacaqlarının anonsunu verdi. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar torpağının azad edilməsi isə Böyük Zəfərin ayaq səslərinin lap yaxından gəldiyinin göstəricisi idi. 
2016-cı ilin Aprel döyüşlərində də, 2018-ci ilin Günnüt əməliyyatı zamanı da xalqımızın bütün üzvləri dilindən, dinindən, millətindən asılı olmayaraq Ali Baş Komandanın ətrafında sıx birləşərək milli həmrəylik sərgilədilər. Torpaqlarımızın işğaldan azad olunması üçün yeniyetmələrimizdən tutmuş ahıllarımıza qədər hər kəs silaha sarılmağa hazır olduğunu və Ali Baş Komandanın "İrəli" əmrinə müntəzir dayandığını bildirdi. 
Bütün bunlar Aprel zəfərinin xalqımızın qəlbində alovlandırdığı qələbə atəşinin qığılcımları idi və çox qısa zamandan sonra parlaq Şuşa zəfərinə çevrildi. 
Aprel qələbəsi illərdir Hayastanın öz ordusu haqqında uydurduğu "məğlubedilməz"lik mifini tar-mar etdi, qaranlıq gələcəyini düşünməyə vadar etdi. 
2017-ci il martın 31-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü zamanı da vurğuladığı kimi, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: "Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Lələtəpə yüksəkliyindən Şuşa zirvəsinə 

Aprel zəfərindən bir il sonra - 2017-ci il iyulun 14-də Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfər edərək öz yurd-yuvalarına qayıdan xoşbəxt sakinlərlə görüşən dövlət başçısı İlham Əliyev xalqımızın ürəyində qələbə atəşi alovlandıran, düşmənlərimizi isə tərs şillə kimi tutan bu bəyanatı verdi: "Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək, bizim bayrağımız Şuşada dalğalanacaq". 
Yağı tapdağından azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdi. Bu müqəddəs ocağın inşası ilə Hayastana və ona havadarlıq edən qüvvələrə həm də rəmzi mesaj verilmişdi ki, gün gələcək, Şuşadakı məscid də bərpa ediləcək və oradan ucalan azan səsi xalqımızın ruhuna mənəvi rahatlıq şölələri saçacaq. 
2020-ci ildə o böyük gün oldu. Azərbaycan Silahlı Qüvvələri 2016-cı ildə keçdiyi 4 günlük dərsin üzərindən 4 il keçdikdən sonra, cəmi 44 gün ərzində Hayastanı torpaqlarımızdan birdəfəlik qovaraq, düşmən ordusunu məhvə məhkum etdi. 
Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edən qəhrəmanlarımız qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar, bu 44 günün hər birində ön cəbhədən xalqımıza qələbə müjdəsi ərməğan etdilər.
Bu qələbə ürəklərimizdəki bir qərinəlik yurd həsrətini dindirdi, yüz minlərlə məcburi köçkünü vətəndə qəribçilikdən qurtardı. 
Bu zəfər torpaqlarımızın azadlığı uğrunda sinəsini düşmən gülləsinə sipər edən qəhrəman şəhidlərimizin də ruhunu şad etdi.  
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində 2016-cı ildə Aprel döyüşləri ilə təməli qoyulan şanlı zəfər bizi qalib, başıuca xalq etdi. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video