Bir göz qırpımında dünyaya dəhşətli bəla kimi yayılan koronavirus pandemiyası bitmək bilmir. Görünən odur ki, virus hələ uzun müddət bəşəriyyətin yaxasını buraxmayacaq.
Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı dəfələrlə artıb. Epidemioloji vəziyyətin ən ağır olduğu ölkələr ABŞ, Braziliya və Almaniyadır. Son həftədə bu ölkələrdə virusa yoluxmada kəskin artım müşahidə olunub.
Ölkəmizdə yeni ştamların aşkarlanmaması, Azərbaycanın epidemioloji vəziyyətin ağır olduğu ölkələr sırasından kənarda qalması sevindirici haldır. Lakin son zamanlar qripəbənzər kəskin respirator virus infeksiyasının yayılması bu ehtimalı və əhali arasında narahatlığı artırır.
COVID-19 daha bir neçə il xüsusi diqqət tələb edəcək
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə edilən artım, əsasən, "Omikron"un mutasiya olunmuş yeni subvariantları hesabına baş verib. Yeni ştamların xüsusiyyətləri tam müəyyən edilməsə də, bu ştamlar digərlərindən daha az öldürücü olsalar da, yoluxma sürətinə görə öndədirlər.
Mütəxəssislər proqnozlaşdırırlar ki, dünyada yoluxma hallarının sayının kifayət qədər yüksək olduğunu nəzərə alsaq, koronavirus daha bir neçə il gündəmdə qalacaq.
ÜST-nin baş katibi Tedros Adhanom Gebreyesus da COVID-19 pandemiyasının hər an yenidən alovlana biləcəyini qeyd edir: "Pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər. 2019-cu ildə də belə oldu".
Son bir həftədə 95 yeni yoluxma faktı qeydə alınıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda 23-29 oktyabr tarixlərində COVID-19 infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb.
Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 milyon 969 min 897 olub.
İndiyədək ölkədə ümumilikdə 834 min 50 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 min 588 nəfər müalicə olunaraq sağalıb, hazırda 106 aktiv xəstə var. Bu günə qədər 10 min 356 nəfər vəfat edib.
Azərbaycanda epidemioloji vəziyyət stabil olsa, yeni ştamlara yoluxma halı aşkarlanmasa da, son zamanlar qripəbənzər kəskin respirator virus infeksiyasının yayılması bu ehtimalı və əhali arasında narahatlığı artırır. Mütəxəssislər dünya ölkələrində, o cümlədən Azərbaycanda yoluxma sayındakı artımı payız-qış mövsümü ilə əlaqələndirirlər. Belə ki, havaların soyuması ilə kəskin respirator infeksiyalar aktivləşir.
Mütəxəssislər vurğulayırlar ki, COVID-19 uzun zaman həyatımızdan çıxmayacaq. Baş verənlər təbii prosesdir, hər il payız mövsümündə belə alovlanmalar müşahidə ediləcək.
Ölkəmizdə əhali arasında kollektiv immunitet formalaşıb. Bu da xəstəliyin daha yüngül keçməsinə şərait yaradır. Beləliklə, səhiyyə sistemi, xəstəxanalar yüklənmir, insanlar ev şəraitində müalicə olunurlar. Bu uğurlu nəticədə peyvəndin rolu danılmazdır. İnsanların zamanında vaksinasiyadan keçməsi xəstələrdə simptomların ağırlaşmamasının, habelə ölüm hallarının kəskin azalmasının səbəbidir.
Epidemioloji vəziyyətin qəlizləşməməsi üçün ehtiyat tədbirlərini də əldən verməməli, sanitar-gigiyenik qaydalara riayət etməliyik. Virusdan qorunma yolları isə dəyişməz olaraq qalır. Soyuq havalarda daha çox istifadə etdiyimiz qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni gözləmək vacibdir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"