19 Aprel 2025 08:10
896
İQTİSADİYYAT
A- A+
İnnovativ, effektiv və təhlükəsiz

İnnovativ, effektiv və təhlükəsiz


"Ağıllı" şəhər və kənd konsepsiyası  ölkəmizdə uğurla tətbiq olunur


Qlobal tendensiyalara adekvat cavab verən Azərbaycanda rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun formalaşdırılması istiqamətində fəal iş aparılır. Müxtəlif layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə mühüm önəm verilir. 

Dünyanın inkişaf etmiş ölkələrində ciddi uğur qazanan "ağıllı" şəhər və kənd layihələrinin Azərbaycanda ilk dəfə məhz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi də olduqca əhəmiyyətlidir. 

2021-ci il aprelin 19-da Prezident İlham Əliyev "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. Sərəmcamda qeyd edilir ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu konsepsiyalar müasir texnologiyaların, süni intellektin, genişzolaqlı internetin və avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə idarəetmənin və yaşayışın daha effektiv və təhlükəsiz şəkildə təşkili məqsədini daşıyır.


Bu layihələr resurslara qənaət etməyə səbəb olur


"Ağıllı" şəhər və kənd konsepsiyasının üstünlükləri, eləcə də ölkəmizdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda belə bir layihənin necə tətbiq olunması ilə bağlı qəzetimizə ətraflı məlumat verən Azərbaycan Elm və Təhsil Nazirliyinin İnformasiya texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərovun sözlərinə görə, bu, ölkəmizdə rəqəmsal cəmiyyətin formalaşdırılması istiqamətində mühüm bir mərhələdir. O bildirib ki, "ağıllı şəhər" konsepsiyası şəhər mühitində nəqliyyatın, enerji sistemlərinin, ictimai təhlükəsizliyin, kommunal xidmətlərin və digər sahələrin "ağıllı" texnologiyalar vasitəsilə idarə olunmasını nəzərdə tutur. Bu yanaşma ekoloji davamlılığın qorunmasına, insanlara daha rahat və təhlükəsiz yaşam şəraitinin yaradılmasına xidmət edir. Küçə işıqları avtomatik sistemlərlə idarə olunur, enerji itkiləri minimuma endirilir. Eyni zamanda insanlar bələdiyyə xidmətlərindən onlayn formada istifadə edə bilir, vaxt itkisinin qarşısı alınır. Şəhərin havası, suları və tullantıları üzərində daimi elektron nəzarət qurulur ki, bu da ətraf mühitin qorunmasına böyük töhfə verir. Dünyada bu modeldən uğurla istifadə edən ölkələr arasında Sinqapur, Cənubi Koreya, Hollandiya, Danimarka və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər var.

Oqtay Ələkbərov deyib ki,  "ağıllı kənd" konsepsiyası isə, əsasən, kənd təsərrüfatının rəqəmsallaşdırılması, dayanıqlı infrastrukturun qurulması, təhsil, səhiyyə və digər sosial xidmətlərin innovativ həllər üzərində təşkili ilə kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsinə yönəlib. Bu, kəndlərin boşalmasının qarşısını alır, eyni zamanda kənd təsərrüfatı məhsuldarlığını artırır və kənd icmalarını gücləndirir. "Ağıllı kənd" modeli kəndlərdə yaşayan insanların həyatını asanlaşdırmaq və kənd təsərrüfatını daha məhsuldar etmək üçün tətbiq olunur. Bu kəndlərdə əkin sahələrinin vəziyyəti dronlar və peyk vasitəsilə izlənilir, suvarma sistemi torpağın ehtiyacına uyğun olaraq avtomatik işləyir. Bütün bunlar məhsuldarlığın artmasına və resurslara qənaət edilməsinə səbəb olur. Kəndlərdə günəş və külək enerjisindən istifadə olunur ki, bu da həm müasir, həm də ekoloji cəhətdən təhlükəsiz enerji mənbəyi sayılır. Kənd əhalisi artıq uzaq məsafələr qət etmədən elektron səhiyyə və təhsil xidmətlərindən istifadə edə bilir. Yerli məhsullar isə internet vasitəsilə satışa çıxarılır ki, bu da kəndlərə əlavə gəlir qazandırır.        


"Ağıllı" şəhər və kənd konsepsiyası digər ərazilərimizdə də tətbiq ediləcək


"Ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqinin Azərbaycanda rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birinə çevrildiyini qeyd edən Oqtay Ələkbərov bildirib ki, bu konsepsiyalar ölkəmizin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində də öz əksini tapıb. Dövlət tərəfindən informasiya texnologiyalarına böyük sərmayələr qoyulur, "e-hökumət" platforması təkmilləşdirilir, süni intellektin tətbiqi üzrə strateji yol xəritələri hazırlanır. Layihələrin həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Aqrar Siyasət üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") və digər qurumlar arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu yanaşma sayəsində həm şəhərlərdə, həm də kəndlərdə resurslardan səmərəli istifadə, şəffaf idarəetmə, ekoloji tarazlıq və yüksək həyat keyfiyyəti təmin edilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri çərçivəsində bu konsepsiyalar praktiki olaraq tətbiq edilir. Bununla Azərbaycan regionda texnoloji inkişafa əsaslanan modern kənd və şəhər modellərinin formalaşdırılması baxımından nümunəvi bir yanaşma sərgiləyir. Artıq Zəngilan rayonunda ilk "ağıllı kənd" layihəsi uğurla reallaşdırılıb. Həmçinin Şuşa, Füzuli, Cəbrayıl, Laçın və Qubadlı kimi şəhər və rayonlarda da "ağıllı şəhər" konsepsiyası çərçivəsində işlər aparılır.

"İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bu müasir idarəetmə modelinin gələcəkdə ölkənin bütün regionlarında genişlənməsi planlaşdırılır. Aran və Mil Muğan zonaları uzun illər ərzində kənd təsərrüfatının ənənəvi mərkəzləri olub. Burada rəqəmsal suvarma sistemləri torpaqdan və sudan daha səmərəli istifadəni təmin edəcək, "ağıllı" istixanalar il boyu məhsul istehsalına şərait yaradacaq. Alternativ enerji - günəş və külək stansiyaları - fermerlərə ucuz və ekoloji təmiz elektrik enerjisi təqdim edəcək, məhsuldarlıq isə kompüter alqoritmləri ilə proqnozlaşdırılacaq. Nəticədə kənd yerlərində həyat səviyyəsi yüksələcək, gənclər torpaqda qalmaq üçün stimul əldə edəcəklər. Gəncə, Şəki, Mingəçevir və Zaqatala kimi region mərkəzləri "ağıllı şəhər" texnologiyalarının növbəti ünvanıdır. Bu ərazilərdə şəhər nəqliyyatının idarə olunmasında sensorlar və süni intellektdən istifadə ediləcək, dayanacaqların doluluğu real vaxtda mobil tətbiqlərdə əks olunacaq. İctimai xidmətlər - kommunal ödənişlərdən tutmuş bələdiyyə icazələrinə qədər - vahid elektron portal üzərindən göstəriləcək, prosedurlar daha şəffaf və qısa zamanda yerinə yetiriləcək. Yaşıllıq sahələrində suvarma sistemləri torpaq rütubətinə görə avtomatik işlədiləcək, küçə işıqlandırması isə gün batandan sonra sensorlara əsasən aktivləşəcək. Bakı ətrafı, xüsusilə Abşeron yarımadası, artıq ölkənin texnoloji infrastrukturunun mərkəzlərindən birinə çevrilib. Genişlənən şəhərciklər - Masazır, Məhəmmədi, Saray və Hövsan - "ağıllı" məhəllə konsepsiyası ilə planlaşdırılacaq. Burada suvarma, tullantıların idarə olunması, küçə izləmə kameraları və hava monitorinq sistemləri vahid platformada birləşdiriləcək. Eyni zamanda avtomobil parklarının idarə edilməsi, elektrik dolum stansiyaları və ictimai nəqliyyat marşrutları "ağıllı" alqoritmlərlə optimallaşdırılacaq ki, yeni Abşeron yaşamaq üçün model zonaya çevrilsin. Naxçıvan Muxtar Respublikası isə coğrafi və enerji müstəqilliyi xüsusiyyətlərini nəzərə alaraq "ağıllı kənd" və "ağıllı şəhər" modellərinin pilot zonası kimi nəzərdən keçirilir. Burada dağlıq və sərhəd ərazilərdə suvarma sistemlərinin idarə olunmasında peyk monitorinqi, kiçik külək və günəş elektrik stansiyalarının inteqrasiyası, həmçinin onlayn təhsil və məsafədən səhiyyə xidmətləri tətbiq olunacaq. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının ölkə üzrə yayılması yalnız texnoloji yenilik deyil, eyni zamanda sosial ədalət, yerli inkişaf və ekoloji davamlılıq baxımından da milli prioritetdir. Bu yanaşma Azərbaycanda həm regionlararası sosial-iqtisadi fərqləri azaldacaq, həm də vətəndaşlara daha yüksək xidmət standartları təqdim edəcək", - deyə mütəxəssis qeyd edib.


Azərbaycanın spesifik özəllikləri nəzərə alınır


Prezident İlham Əliyevin sərəncamı ilə əsası qoyulan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının işğaldan azad edilmiş ərazilərdə uğurla tətbiq edildiyini  qeyd edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ilk "ağıllı kənd" pilot layihəsi artıq Zəngilan rayonunun Ağalı kəndində uğurla reallaşdırılıb: "Ağalı kəndində tikinti və infrastruktur tamamilə yeni, innovativ yanaşmalar əsasında qurulub və vətəndaşlarımız artıq burada məskunlaşıblar. Ağalıda günəş panelləri və alternativ enerji mənbələri, "ağıllı" suvarma və su idarəetmə sistemləri, rəqəmsal təhsil və səhiyyə xidmətləri, sensorlarla təchiz olunmuş nəzarət sistemləri tətbiq olunub. Növbəti "ağıllı" kənddə məskunlaşma təməlqoyma mərasimi həyata keçirilən Füzuli rayonunun Dövlətyarlı kəndində olacaq".

Deputat deyib ki, "ağıllı" şəhər və kənd modelinin respublikamızın daha çox bölgəsini əhatə etməsi dövlət siyasətinin prioritet məsələlərindəndir: "Təbii ki, bu layihələr reallaşdırılarkən həm Azərbaycanın spesifik özəllikləri, həm də qlobal çağırışlar, beynəlxalq təsirlər nəzərə alınır və ona uyğun qərarlar verilir. Bu kontekstdən qeyd etmək lazımdır ki, həm Şərqi Zəngəzur, həm də Qarabağda "ağıllı kənd"lərin inşa edilməsi əsas istiqamətlərdəndir".

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəfin və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinin təsdiq edilməsi haqqında

04:01
13 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması məqsədilə valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılması mövzusunda maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

04:00
13 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (3 aylıq tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

03:59
13 Noyabr

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

23:01
12 Noyabr

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!