Xəbər verildiyi kimi, Bakı vaxtilə dünən səhər saat 4-də İsrail İrana hücum edib. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və ölkənin digər iri şəhərlərindəki hərbi obyektlərə zərbələr endirib.
Əməliyyatda 200-dən çox təyyarə iştirak edib, 100-dən çox hədəf vurulub. Hədəflər İran silahlı qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi, həmçinin nüvə proqramı üzərində çalışan alimlər olub. İslam Respublikasının dini rəhbərliyinin çoxlu nümayəndələrinin yaşadığı Quma da zərbələr endirilib.
İranın dövlət xəbər agentliyi xəbər verir ki, İsrailin zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri, bir sıra digər SEPAH zabitləri və nüvə alimləri, o cümədən fizik-alim Məhəmməd Mehdi Tehrançi həlak olublar.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Efi Defrin bunun qabaqlayıcı hücum olduğunu deyib. Çünki İran "nüvə silahı əldə etməyə həmişəkindən daha yaxındır və İsrail dövlətini məhv etmək istəyən bir rejimin kütləvi qırğın silahlarına sahib olmasına icazə verməyəcək".
İsrailin Baş naziri Benyamin Netanyahu israillilərə ivritcə, amerikalılara isə ingiliscə mesajlar verib. O, İrana qarşı əməliyyatın "Şir kimi xalq" adlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, İran 9 nüvə bombası üçün kifayət qədər uran toplayıb və 3 il ərzində 10 min ballistik raket istehsal etmək niyyətindədir.
İran İsrailin hücumuna cavab verəcəyini vəd edir. Müdafiə nazirliyi bildirir ki, İran İsrailə 100-dən çox pilotsuz uçuş aparatı göndərib və İsrail tərəfinin bildirdiyinə görə, onların hamısı vurulub. Buna baxmayaraq, İsraildə fövqəladə vəziyyət elan edilib. Məktəblər, uşaq bağçaları, universitetlər və vacib obyektlər istisna olmaqla, bütün müəssisələr qapanıb. Ölkənin hava məkanı bağlanıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail İrana "tək" hücum edib. Xatırladaq ki, Dövlət Departamenti hücumdan bir gün əvvəl Yaxın Şərqdəki amerikalıları həddindən artıq ehtiyatlı olmağa çağırmışdı. Köməkçi personala Amerika səfirliklərini və bölgədəki hərbi bazalarını tərk etmək əmri verilmişdi.
Adı açıqlanmayan iranlı politoloq və keçmiş SEPAH zabiti "Euronews Persian"a deyib ki, İsrailin səhər hücumu həftələrlə davam edə biləcək bir sıra hərbi və kəşfiyyat hərəkətlərinin başlanğıcıdır: "İsrailin əməliyyatı göstərir ki, İranın ayrı-ayrı şəxsləri, nüvə, raket və hərbi obyektlərinə qarşı kompleks tədbirlər həyata keçirilir, o cümlədən hava hücumları, yerüstü kəşfiyyat əməliyyatları və hətta xüsusi təyinatlı qüvvələrin əməliyyatları həftələrlə davam edə bilər".
İsrailin hücumunun nüvə obyektlərinə, raket buraxılış qurğularına, hərbi komandanlığa və elmi potensiala nə qədər ziyan vurduğunu dəqiq qiymətləndirmək hazırda mümkün deyil. Mümkün olansa odur ki, yerli Qızıl Aypara Cəmiyyətinin dünən gündüz saatlarına olan məlumatına görə, İsrailin İranın 12 vilayətinə endirdiyi zərbələr nəticəsində azı 95 nəfər yaralanıb. Xilasedicilərdən birinin həlak olduğu da bildirilib.
"Mehr" xəbər agentliyinin məlumatına görə, dünən günorta İranın şimal-qərbində yerləşən Təbriz hava limanına hücum edilib. Öz növbəsində, "Ynet" portalı İsrail aviasiyasının bombardmanı nəticəsində Təbrizdəki aeroportun məhv edildiyini bildirir. İran dövlət mediasının məlumatına görə isə, İsrailin hava hücumlarının ikinci dalğası İranın cənub-qərbində yerləşən Şiraz şəhərini vuraraq hərbi raket istehsalı müəssisəsini məhv edib. Həmçinin Natanz nüvə obyektinə zərbələr dünən günortadan yenidən başlayıb. İsrail Natanza ciddi ziyan vurduğunu, o cümlədən yeraltı sentrifuqanın dağıdılmasını iddia etsə də, İran uranın zənginləşdirilməsi zavoduna dəymiş ziyanın böyük hissəsinin yalnız "səthi" olduğunu bildirir.
"Tasnim" xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir. İran rəsmiləri BMT Təhlükəsizlik Şurasının sədrinə göndərdikləri məktubda təşkilatdan "İsrail rejiminin cinayətkar və təxribatçı hücumlarına cavab olaraq qəti addımlar atmağı" tələb ediblər. İran missiyası İsrailin hücumunu BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması kimi pisləyib və bildirib ki, bunun nəticələri regional və beynəlxalq sülhü təhdid edir.
Bu arada "The Wall Street Æournal" qəzeti yüksək rütbəli İsrail rəsmisinə istinadən yazır ki, İsrail yaxın 14 gün ərzində İrana hücum edəcək: "İsrailin baş naziri Benyamin Netanyahu hərbi əməliyyatın "nə qədər lazımdırsa" davam edəcəyini deyərək növbəti zərbələrə eyham vurub. Hədəflər İranın nüvə proqramı, hərbi rəhbərliyi və raket arsenalı olacaq. Bu yolla İsrail cavab zərbəsi ehtimalını məhdudlaşdırmaq istəyir". Eyni zamanda İsrail rəsmisi bildirib ki, hazırkı münaqişə də danışıqlar yolu ilə başa çata bilər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"