22 Oktyabr 2023 09:00
4547
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV 31 illik nisgilimizə son qoydu

 

Prezidentin Xocavənd şəhərində bayrağımızı ucaltması qürur günü oldu

 

2 oktyabr 1992-ci il...
Azərbaycan tarixinə "Xocavənd süqutu" qara damğası kimi düşən bu tarix 28 il ərzində xocavəndlilərin müsibəti oldu. Son 3 ildə isə böyük nisgilinə, həsrətinə çevrildi...  
15 oktyabr 2023-ci il...
Müzəffər Ali Baş Komandan Xocavənd şəhər mərkəzində Azərbaycan bayrağını dalğalandırdı... 
"Xocavənd Azərbaycandır!" qürur hayqırtısını indi yalnız xocavəndlilər yox, bütün xalqımız sevinc göz yaşları ilə səsləndirir...

 

Bir qərinəlik ağrı-acının şirin məlhəmi

 

Onlar Birinci Qarabağ müharibəsində məşəqqətlərdən keçdilər. Dəhşətli faciələr yaşadılar, qətliamlara məruz qaldılar... 
Qaradağlı faciəsi tariximizin qanlı səhifələrindən biridir. Düşmən bu faciə zamanı onlara dəhşətli müsibətlər yaşatsa da, son anadək əliyalın savaşdılar. Amma köməksiz qaldıqları üçün yurdları işğal olundu, talan edildi, qətlə yetirilən körpələri, qocaları, hətta sağ olan yaralı döyüşçüləri quyularda, xəndəklərdə basdırıldı. Anaların, qız-gəlinlərin sinələrinə dağ çəkildi...
Düz 31 il bu ağrı-acılarla  nisgilli, həsrətli günlər yaşadılar. Səbir etdilər, dözdülər, ümidləri ölmədi. Çünki inandıqları, güvəndikləri lider var idi. O lider ki onlara bu ağrı-acıları, faciələri yaşadanlardan qisasın alınacağına, yenidən yurdlarına qayıdacaqlarına söz vermişdi. Və o vəd çox geçmədi ki, gerçəkləşdi. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən qüdrətli sərkərdə kimi verdiyi bütün vədlərə sadiq qalan İlham Əliyev onların ümid çıraqlarını yenidən yandırdı, arzularını çin edib, yaralarına məlhəm oldu.
Bu gün bütün keçmiş məcburi köçkünlər kimi onlar da böyük sevinclə yurda qayıdış gününü səbirsizliklə gözləyirlər. Tezliklə o xoş xəbər də yayılacaq  - Böyük qayıdışın yeni ünvanı - XOCAVƏND.

 

8 şəhər və rayonla həmsərhəd olan Xocavənd

 

Qısa arayış: 
Xocavənd rayonu  - ümumi sahəsi 1458 kvadratkilometrdir. Rayon 1 şəhər (Xocavənd şəhəri - rayon məkəzi), 2 qəsəbə (Hadrut və Qırmızı Bazar) və 81 kənddən ibarətdir. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
Xocavənd rayonu 1992-ci ilin oktyabr ayının 2-də işğala məruz qalıb, 7500 nəfərə yaxın əhalisi ölkənin 42-dən artıq rayon və şəhərində məcburi köçkün kimi məskunlaşıb.
Dövlətin davamlı diqqət və qayğısı nəticəsində öz evlərindən didərgin düşmüş insanların həyat və məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə Xocavənd rayonundan olan sakinlərin müvəqqəti məskunlaşması üçün  Beyləqan rayonu ərazisində "Yeni Tuğ", "Yeni Xocavənd", "500 evlik Xocavənd" və "320 evlik Xocavənd" qəsəbələri  inşa edilib. 2008-ci ildə inşa edilmiş "500 evlik Xocavənd" qəsəbəsinin açılışında Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Hazırda rayon əhalisinin xeyli hissəsi əsasən bu  qəsəbələrdə, Ağcabədi rayonunda, eyni zamanda Bakı şəhərində məskunlaşıblar. Bu gün rayonun ümumi əhalisinin sayı 13413 nəfər təşkil edir.
Birinci Qarabağ müharibəsində Xocavənd rayonu 148 nəfər şəhid verib, 30 nəfərdən çox insan əlil olub, 600 nəfərədək insan müharibə veteranı statusu alıb. 44 günlük İkinci Qarabağ müharibəsində isə rayondan ümumilikdə 221 nəfər iştirak edib, 9 nəfər şəhidlik zirvəsinə ucalıb, 7 nəfər əlil olub, 195 nəfər müharibə veteranıdır. Azərbaycanın suverenliyinin tam təmin olunmasını şərtləndirən 23 saatlıq antiterror tədbirlərində də Xocavəndin qəhrəman oğulları iştirak edib və bir nəfər şəhidlik zirvəsinə ucalıb. 

 

Prezidentin Xocavənddə dalğalandırdığı bayraq ürəyimizi dağa döndərdi

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xocavənd şəhərində  üçrəngli bayrağımızı dalğalandırması xocavəndlilərin ürəyini dağa döndərdi. Bu, 31 ildən sonra yaşanan gerçəklik idi. Bütün vədlərinə sadiq Prezident kimi İlham Əliyev 2008-ci ildə Beyləqanda "500 evlik Xocavənd" qəsəbəsinin açılışında xocavəndlilərə də verdiyi sözü reallaşdırmış oldu.    
Bu gün həmin "500 evlik Xocavənd" qəsəbəsində bayram əhval ruhiyyəsi hökm sürür. Bu xoş ovqatlı anlara şahidlik etmək, onların sevincli anlarını, hisslərini paylaşmaları üçün yolumuzu qəsəbədən saldıq. 
Burada Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına savaşaraq şəhid olan igidlərimizin valideynləri, illər öncə əsirlikdə olmazın dəhşətlərini yaşayan şəxslər və qazilərimizlə həmsöhbət olub fikirlərini, arzularını dinlədik. 
Söhbət etdiyimiz ilk şəxs ikinci qrup müharibə əlili, Qarabağ müharibəsində əsirlik həyatı yaşamış Şamxal Şirinov hələ də o dəhşətli günlərin ağrı-acılarını unutmadığını deyir. Qaradağlı kənd sakini 15 yaşından doğma yurdunun müdafiəsi üçün silaha sarılıb. Özünümüdafiə dəstəsində xidmət edib: "1992-ci ilin fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri-bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Lakin gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, KamAZ-a yığıb Xankəndi istiqamətində apardılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb bir çoxlarını güllələdilər. Sağ qalanları yenidən maşına yığıb Xankəndiyə gətirdilər. Ağrılı-acılı günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Aprel ayının 1-də əsirlikdən azad edildik". Əsirlikdən qayıdandan sonra orduya yazılaraq Füzuli rayonunun 22 yaşayış məntəqəsinin azad edilməsində iştirak edən Şamxal Şirinov bu gün Qarabağın xilaskarı Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr etdiyini, qürur duyduğunu deyir: "Allaha min şükürlər olsun ki, Prezidentimiz İlham Əliyev bizi Xocavəndimizə qaytarır. Qayıdacağıq, yenidən quracağıq və Ali Baş Komandanımızın ətrafında sıx birləşərək düşmənə, onun havadarlarına gözdağı verəcəyik".

 

"İlham oğlum evimizdə qonaq olanda söz verdi ki, oğullarının qisası alınacaq"

 

Qaradağlı kənd sakini, 76 yaşlı ağbirçək ana Sevil Əzizovanın da sinəsinə dağlar çəkilib. İki oğlu Qaradağlıda şəhid olan ananın müsibəti ürək dağlayır: "İki gül balam şəhid oldu Qaradağlıda. Biri Alov idi. biri Atəş. Adları kimi də oğul idilər. Hər ikisi tələbə idi. Kəndimizin müdafiəsi uğrunda şəhid oldular. Köməksiz qaldıqları üçün bizim balalarımız şəhid oldular. Onları ermənilər Silos quyusunda basdırıb". 
2008-ci ildə məskunlaşdıqları qəsəbənin açılışında iştirak edən Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Əzizovlar ailəsinin qonağı olublar. Dərdli ananın başına gələn müsibətlərini dinləyən dövlət başçısı ona söz verib: "Sağ olsun Prezidentimiz. 2008-ci ildə qəsəbəmizin açılışı zamanı bizim evdə qonaq oldu. Ona başımıza gələn müsibətləri danışdım. İlham oğlum söz verdi ki, mütləq oğullarının qisası alınacaq. Həqiqətən aldı da. Alovumun, Atəşimin qisasını aldı. Ona mənim canım qurban. O ki sözünün üstündə durdu, torpaqlarımızı aldı, şəhidlərimizin ruhlarını şad elədi, bizi arzumuza çatdırdı, ona nə qədər alqış etsək azdır. Allah Prezidentimizi başımızın üstündən əskik eləməsin. Bütün xocavəndlilər İlham oğluma ömür boyu alqış edəcək". 
Ağbirçək ananın bir arzusu isə erməni cinayətkarları tərəfindən Silos quyusuna basdırılmış insanların xatirəsinin əbədiləşdirilməsidir: "Ay oğul, bunu ona görə istəyirəm ki, Silos quyusunun yanında, ya Qaradağlıda başqa yerdə həmin insanların xatirəsinə bir abidə ucalsın, bu faciə yaddan çıxmasın. Gələcək nəsillər həmişə abidəyə baxsınlar, erməni vəhşiliyini unutmasınlar". 

 

"Ali Baş Komandan şəhid atamın, qardaşımın, oğlumun ruhunu şad etdi"

 

Şəhid qızı, şəhid bacısı və şəhid anası Məlahət Tağıyeva da Qaradağlı sakinidir. Birinci Qarabağ müharibəsində atası Dəmir Hüseynovu, qardaşı Zülfüqar Hüseynovu, qardaşı oğlu Fədail Zülfüqaroğlunu itirən Mələhət xanımın illər sonra 44 günlük İkinci Qarabağ müharibəsində oğlu Elzamin də şəhidlik zirvəsinə ucalıb. Dərdli ananın yaşadığı faciələr dözülməzdir: "Atamı, qardaşımı, onun oğlunu Qaradağlıda şəhid vermişdim. Bu ağrı-acı ilə illərlə yanıb-yaxıldım. Sən demə, bu, hələ son deyilmiş. 44 günlük Vətən müharibəsində yeganə oğul övladım da Vətən yolunda canından keçdi. Həyatın ən dəhşətli faciələrini yaşadım".
1992-ci ildə anadan olan Elzamin Moskada ali təhsil alıb. Ailənin yeganə oğul övladı olan Elzamin qəsəbədə, Xocavənd rayonunun Mərkəzi Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılıb: "Mən oğlumu əsl vətənpərvər kimi böyütmüşdüm. Əli qələm tutanda ilk olaraq Azərbaycan bayrağının şəklini çəkmişdi. İndi də o bayrağın şəklini saxlayıram. Deyirdi ki, böyüyüb babamın, dayımın qisasını alacam. Aldı da..."
Sentyabrın 27-dən döyüşlərə atılan Elzamin oktyabrın 11-də yaralanıb hospitala gedir. Amma 12 gün orada qaldıqdan sonra yenidən cəbhəyə qayıdır. Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edir. Oradan Daşaltı istiqamətində gedən döyüşlərə qatılır. Şuşa uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərir: "Qəhrəman balam əsl cəngavər kimi savaşıb. Son döyüşün son şəhidi olub. Şuşanın azadlığından sonra müharibə dayandı. Qarabağ geri qaytarıldı, amma oğlum qayıtmadı. Vətən uğrunda babası kimi, dayısı kimi şəhidlik zirvəsinə ucaldı".
Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlara görə Elzamin Tağıyev, Ali Baş Komandan tərəfindən Şuşanın, Füzulinin, Qubadlının azadlığı uğrunda, "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 
Məlahət Tağıyeva deyir ki, Prezident İlham Əliyev Xankəndidə, Xocavənddə bayrağımızı qaldırmaqla bütün şəhidlərimizin ruhunu şad edib. Çünki Vətən uğrunda canlarından keçən oğullarımızın bir amalı olub - Qarabağı azad görmək: "Bu gün atamın da, qardaşımın da, oğlumun da ruhu şaddır. Onların qisası alındı, qanları yerdə qalmadı Var olsun Ali Baş Komandanımız!"
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qara Balakişiyevin anası valideynləri Əmirxan Balakişiyev və Nazimə Balakişiyeva da oğul itkisi ilə barışa bilməsələr də, qürurludurlar. İllərlə vətən həsrəti ilə alışıb-yanan Balakişiyevlərin bu gün baş tacı olan şəhid övladları qayıdacaqları torpağı qanı ilə yoğuraraq onlar üçün daha da müqəddəsləşdirib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi ordumuzda xidmət edən Qara 2016-cı ildə Aprel döyüşlərində də böyük qəhrəmanlıq göstərib. 
Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə, Rüzgar dağında şəhidlik zirvəsinə ucalan Qara göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "İgidliyə görə" və Füzuli, Cəbrayılın azadlığına görə medallarla təltif edilib.
Xocavəndin Əmirallar kəndindən olan Əmirxan Balakişiyev deyir ki, Vətən müharibəsində 3 övladı iştirak edib: "Dörd övladımın 3-ü müharibədə iştirak edib. Qara şəhidlik zirvəsinə ucaldı. Digər iki oğlumun biri qazı, digəri isə müharibə veteranı statusu alıb. Nə qədər ağır olsa da, fəxr edirəm ki, Vətənə sədaqətli, vətənpərvər oğulların valideyniyəm. Onlar bizə Xocavəndimizi, Qarabağımızı canları bahasına qaytardılar". 
44 günlük Vətən müharibəsində şəhadət zirvəsinə ucalan qəhrəmanlarımız - şəhid Emin Mirzəyevin atası  Əvəz Mirzəyev, şəhid Xəyal Namazovun atası Xudaverdi Namazov, şəhid Tural Abdullayevin atası Bəylər Abdullayev də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən övladlarının igidliklərindən söz açdılar. İşğal altında olan qədim yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə Elmin, Tural, Xəyal kimi oğullar əsl igidlik göstərərək şəhadət şərbətini içiblər. Göstərdikləri şücaətə görə Ali Baş Komandan tərəfindən bir çox orden və medalla təltif ediliblər.

 

Prezidentimizin gerçəkləşməyən vədi qalmadı

 

İkinci Qarabağ müharibəsinin iştirakçısı və qazisi - iki qardaş, şəhid oğulları Hafiz və Ruslan Mirzəyevlər əslən Xocavəndin Kuropatkino kəndindəndirlər. Ruslan Vətən müharibəsində kəşfiyyatçı kimi əsl qəhrəmanlıqlar göstərib. İxtisasca kəşfiyyatçı olan çavuş Cəbrayıl isiqamətində düşmənin ilk eşalonunun yarılmasında xüsusi xidmətləri ilə seçilib. 
Xocavəndli qəhrəman elə öz doğma yurdu uğrunda - Hadrut döyüşlərində, qəsəbənin mərkəzində yaralanıb. Oktyabrın 14-də kəllə-beyin travması alan Ruslan hospitala yerləşdirilib: "Özümdə deyildim. Tam 3 ay 20 gün danışıq qabiliyyətimi itirdim. Sonra həkimlərin böyük səyi nəticəsində yavaş-yavaş danışmağa başladım".
Göstərdiyi şücaətə görə Ruslan Şuşanın, Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə və "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. 
Şəhid oğlu Hafiz Mirzəyev isə ehtiyatda olan polkovnik-leytenantdır, hazırda Xocavənd Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır. Vətən müharibəsində briqada komandirinin müavini kimi iştirak edən Hafiz Mirzəyev deyir ki, özü ilə yanaşı, 4 qardaşı da düşmənə qarşı savaşda qəhrəmanlıq göstərib: "Mən hərbçi idim. Digər qardaşlarım da bu müqəddəs peşədə Vətənə xidmət edirdilər. Bu peşəyə gəlməyimin yeganə səbəbi atamın qisasını düşməndən almaq idi. Çünki ermənilər atamı 1992-ci il oktyabrın 2-də gözümün qarşısında qətlə yetirdilər. Həmin zaman ermənilər bizi də güllələyə bilərdilər. Amma Xocavənd özünümüdafiə taborunun komandiri Eyvaz Hüseynov (indiki Xocavənd rayonunun icra hakimiyyətinin başçısı) bizi ölümdən qurtardı. Uşaq olsam da, hamısı gözümün önündədir. Bizi o qanlı meydandan şəxsən Eyvaz Hüseynov çıxardı. Özünümüdafiə taboru xeyli sayda insanın əsir düşməsinə imkan vermədi".     
Böyüdükdən sonra Hafiz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alaraq zabit kimi hərbi xidmətə başlayıb. Vətən müharibəsi başlayarkən hərbi hissə komandirinin müavini kimi döyüşlərdə iştirak edib: "Bir çox mühüm döyüş tapşırıqlarının yerinə yetirilməsində aldığımız tapşırıqları uğurla icra edə bildik. Xüsusən Daşaltının düşməndən təmizlənməsi əməliyyatını bizim hərbi hissə müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 5-də Daşaltıda ağır yaralandım. Qəlpə yarası və ağır beyin travması alsam da, Şuşa döyüşlərində iştirak etdim. Bu, həyatımın silinməz anları və ömrümün ən xoşbəxt zamanı idi. Mən həm atamın, həm də digər bütün şəhidlərimizin qisasını aldım. Ali Baş Komandan tərəfindən medallarla təltif olunmuşam. Bu gün çox qürurluyam. Ona görə ki, bu zəfərin memarı olan Ali Baş Komandanımız İlham Əliyevin "Dəmir yumruq" əməliyyatının yerinə yetirilməsində mən də tarix yazanlardan biriyəm. Azərbaycan son 200 ildə ancaq torpaq itirmişdi. Amma Müzəffər Ali Baş Komandanımız İlham Əliyev 2 əsrdən sonra itirilən torpaqları geri qaytaran qüdrətli  sərkərdə kimi adını tariximizə yazdırdı. Antiterror tədbirlərində də bir daha bəşəriyyət Azərbaycanın Ali Baş Komandanının qətiyyətinin şahidi oldu. Prezidentimizin gerçəkləşməyən vədi qalmadı. Xankəndidə, Xocalıda dalğalanan bayrağın sevinc hissini hələ də yaşamaqdayıq".   

 

Tanrı bizə illər sonra əsl xilaskar komandan yetirdi

 

"21 yaşımda atam gözümüm qarşısında minaya düşərək şəhid oldu. Silaha sarılıb torpağımızı müdafiə edirdik. Bir neçə dəfə yaralandım, amma yenə də geri çəkilmədim. Komandirimiz Eyvaz Hüseynovun o zaman yaratdığı Xocavənd özünümüdafiə taboru kəndlərimizi layiqincə qoruyurdu. Amma ozamankı rəhbərliyin bizə kömək göstərməməsi səbəbindən işğala məruz qaldıq. Düşmənin zirehli texnikaları qarşısında yüngül silahlarla duruş gətirmək qeyri-mümkün idi. Komandirimiz günlərlə bizə kömək göstərilməsi üçün müraciətlər etsə də, nəticəsiz qaldı". 
Bu fikirləri isə rayonun Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili Müşfiq Hüseynov söylədi. 
Müharibə əlili deyir ki, həmin dövrdə silahlı qüvvələrin başında vahid komandanlığın olmaması faciələrimizlə nəticələnib. Amma Tanrı Azərbaycan xalqına illər sonra əsl xilaskar komandan yetirib. Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli ordu yaradaraq Azərbaycanın suverenliyini tam təmin edən sərkərdə kimi xalqının qəlbində əbədi heykəlini ucaldıb: "Antiterror tədbirlərindən sonra baş verən proseslər, Ali Baş Komandanın Xankəndidə, Xocalıda və ən nəhayət, bizim yurdumuz Xocavənd şəhərinin mərkəzində bayrağımızı dalğalandırması bəlkə də çoxlarına yuxu kimi gəldi. Bu gün böyük zəfərimizin təntənəsini yaşayırıq. Var olsun Ali Baş Komandanımız!"
Onu da qeyd etməliyik ki, sentyabrın 19-da Ali Baş Komandanın hazırladığı mükəmməl plan əsasında həyata keçirilən birgünlük antiterror tədbirlərində Xocavəndin igid qəhrəmanları da iştirak ediblər. Onlardan biri Yusif Əhmədovdur. 44 günlük Vətən müharibəsində də iştirak edən Yusif son illərdə həmlə taborunda MAXE kimi xidmət edirmiş. Antiterror tədbirlərində qəhrəmancasına savaşan igidimiz şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilib. 

 

Prezident İlham Əliyev Azərbaycanın əsas hədəflərini gerçəkləşdirdi, bütün hədəflərimizin reallaşmasına isə çox az qalıb

 

Qarabağ müharibəsi əlili ilə söhbətləşərkən vətəndaşlarla səyyar görüşdən qayıdan Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov içəri daxil oldu. Bir anlıq otaqda ab-hava dəyişdi. Maraqlısı isə o idi ki, onların hamısı Eyvaz Hüseynova icra başçısı yox, komandir deyə müraciət edirdilər. 
Birinci Qarabağ müharibəsində düşmənə sinə gərən Xocavənd özünümüdafiə taborunun yaradıcısı dəfələrlə yaralanmasına baxmayaraq, bir an belə tabeliyində olanları başsız qoymayan Eyvaz Hüseynov əzəldən qəhrəman, vətənə canları, qanları ilə bağlı olan ailədə böyüyüb. Tək Azərbaycan xalqının deyil, türk dünyasının "kəşfiyyatçı İbad" kimi tanıdığı, Birinci Qarabağ müharibəsində igidliyi, qəhrəmanlığı ilə düşmənə gözdağı verən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun, torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə qəhrəmanlıqlar göstərən "Azərbaycan bayrağı" ordenli İlyas Hüseynovun, Əbülfət Hüseynovun, qardaşı Eyvaz Hüseynovun övladları Babək və Cavidan Hüseynlilər də II Qarabağ müharibəsində iştirak ediblər. Göstərdikləri qəhrəmanlıqlara görə Ali Baş Komandan tərəfindən medallarla təltif  olunublar. 
Eyvaz Hüseynov deyir ki, bu gün təkcə qarabağlılar, şərqi zəngəzurlular deyil, bütün dünya azərbaycanlıları fəxarət, qürur hissi keçirirlər. Çünki tariximizdə heç zaman belə sevincli, vüqarlı günlərimiz olmayıb. Bütün bunların memarı əlbəttə ki, Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, 200 illik erməni xülyasına birdəfəlik son qoyan cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir: "2008-ci ildə yerləşdiyimiz bu qəsəbədə olarkən cənab Prezident xocavəndlilərə dedi ki, bu qəsəbə sizin yaxşı yaşamağınız üçün müvəqqəti tikilib. Tezliklə sizlər öz yurdunuza qayıdacaqsınız. Cəmi 12 il ötdü və sözü imzası qədər keçərli olan liderimiz bu vədini də gerçəkləşdirdi. 2021-ci ilin oktyabrında bizimlə Xocavənddə görüşdü və böyük zəfərin sevincini bölüşdü. Oktyabrın 15-də, məhz cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməyinin 20-ci ili, Ulu Öndərin 100 illik yubileyində Xocavənd şəhərinin mərkəzində bayrağımızın dalğalanması təkcə xocavəndliləri deyil, bütün həmvətənlərimizi heç vaxt olmadığı kimi qürurlandırdı. Həyatımızın ən sevincli, qürurlu anlarını bizlərə yaşadan cənab Prezidentimizə ömür boyu minnətdar olacağıq. Hər zaman Müzəffər Ali Baş Komandanımızın müsəlləh əsgəri kimi onun əmrindəyik. Prezident İlham Əliyev Azərbaycanın əsas hədəflərini gerçəkləşdirdi, bütün hədəflərimizin reallaşmasına isə çox az qalıb..."

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan"

Bakı-Xocavənd-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video