Uzun müddətdir Erməni Apostol Kilsəsi ilə Ermənistan hakimiyyəti arasında yaranmış qarşıdurma səngimir. Hakimiyyət bütün ermənilərin katolikosu II Qareginin dərhal istefa verməsini tələb edir. Erməni cəmiyyətində sabitlik yaratmaqda qətiyyətli görünən Nikol Paşinyan bu günlər əvvəlki tələbini təkrarlayaraq yenə də II Qarageni istefaya çağırıb. Baş nazir mətbuata açıqlamasında artıq katolikosun islahat prosesində iştirak etmək üçün bütün imkanlarını tükəndirdiyini, Eçmiədzin ana taxtını azad etməli olduğunu bildirib.
Kilsə və hakimiyyət qarşıdurmasına görə siyasi gərginlik cəmiyyətə də keçib. Bu, hakimiyyət ilə kilsə arasındakı qarşıdurmanın yeni mərhələsi deməkdir. Baş nazirin kilsə rəhbərliyini açıq şəkildə ittiham etməsi, onu antidövlət qüvvəsinə çevrilməkdə günahlandırması və bir neçə yüksəkrütbəli din xadiminin həbs olunması cəmiyyətdə müəyyən fikir ayrılıqlarına gətirib çıxarıb. Ermənistanda gərginlik yaradan, Azərbaycan-Ermənistan arasında sülhün yaradılmasını istəməyən, revanşistlərlə əməkdaşlıq edən kilsənin tərəfində olanlar hökuməti dini institutlara müdaxilə etməkdə günahlandırırlar. Bütün bunlar isə Ermənistan siyasi hakimiyyəti ilə kilsə arasında sabitliyin pozulmasına yol açır.
Bəzi müşahidəçilər 2026-cı il parlament seçkilərində Paşinyana əsas rəqib kilsə olacağını bildirirlər. Gözlənilən odur ki, kilsənin dəstəklədiyi revanşistlər hakimiyyətə gələ bilər. Məhz buna görə, N.Paşinyan cəmiyyətdə sabitlik yaratmaq məqsədilə Ermənistanı yeni müharibələrə sürükləmək istəyən qüvvələri dəstəkləyən kilsəni neytrallaşdırmağa çalışır. Müharibə tərəfdarı olan kilsə isə mövqeyindən geri addım atmaq istəmir.
Məlumdur ki, "dənizdən dənizə Böyük Ermənistan" ideyası uzun illər kilsə tərəfindən irəli sürülüb və erməni millətinin şüuruna kök atıb. Paşinyanın da əsas məqsədi erməni xalqını utopiyalardan uzaqlaşdırmaqdır. Baş nazir hələ oktyabr ayında bəyan etmişdi ki, Eçmiədzinin azad edilməsi gündəliyi çoxdan yetişib. Paşinyanın sözlərinə görə, bu gün hər bir Ermənistan Apostol Kilsəsi nümayəndəsi və eləcə də ruhanilər seçim etməlidirlər. Kilsənin bu cür dirəniş göstərməsi, ruhanilərin seçim etməməsi onu göstərir ki, erməni xalqının beynini zəhərləmiş bu sərsəm ideologiyanı dəyişməyə xeyli zaman lazım olacaq.
Cəmiyyətdə gərginlik artdıqca Ermənistandakı bəzi din xadimləri II Qaregenin hakimiyyətə qarşı çıxmağını, xalq arasında qarşıdurma yaratdığını qəbul etmirlər. Buna görə də bütün ermənilərin patriarxı II Qareginin xüsusən son dövrlər apardığı revanşist, dağıdıcı, kilsənin kanonik qaydaları ilə bir araya sığmayan idarəçiliyinə qarşı çıxan, konstruktiv mövqe nümayiş etdirən 10 yepiskop dekabrın 17-də birgə bəyanat yayıb. Yepiskoplar "Haykakan Jamanak" qəzetində dərc olunan həmin bəyanatda inanclı insanları Eçmiədzin ana taxtında II Qareginin istefasını tələb etməyə çağırıblar. Bəyanatda kilsə ətrafında cərəyan edən hadisələrin kilsəyə, dövlətə və inanclı xalqa bərpası mümkün olmayan zərər vura biləcəyi qeyd edilib. Din xadimləri vurğulayıblar ki, bu narahatlıqlarını həm bütün ermənilərin katolikosu ilə şəxsi görüşlərdə, həm də ictimai müstəvidə dəfələrlə ifadə ediblər. Bəyanatda deyilir: "Ermənistandakı və diaspordakı inanclı şəxslərə müraciət edərək vahid iradə nümayiş etdirməyə, bizə qoşulmağa və kilsənin nüfuzunun və reputasiyasının qəsdən məhv edilməsinə səbəb olan, erməni kilsəsini xarici maraqlar üçün istismar etmək cəhdlərini və səylərini tamamilə rədd edən bu dağıdıcı, antikanonik prosesə qarşı ədalətli etiraz səslərini ucaltmağa çağırırıq. Dekabrın 18-də saat 17:00-da bütün ermənilərin ruhani mərkəzi olan Eçmiədzin ana taxtında bütün ermənilərin katolikosu Qareginin istefa verməsi üçün haqlı bir tələblə bizə qoşulun. Çünki bu, artıq təcili zərurətə çevrilib".
Eçmiədzin ana taxtı da ləngimədən bəyanat yayaraq 10 yepiskopun son açıqlaması ilə bağlı dərin narahatlığını bildirib: "Ana taxt təhlükəli toplantının təşəbbüsünü öz üzərinə götürən müqəddəs ataları sayıq olmağa çağırır. Onlar xalqı fəlakətli emosiyalardan qorumaq üçün məsuliyyət nümayiş etdirməli və yalnız kilsənin kanonik prosedurlarına uyğun hərəkət etməlidirlər. Xalqın hisslərindən sui-istifadə etməyə və məlum yalançı gündəmlə kilsənin dindar övladları arasında nifaq salmağa, erməni mənəvi mərkəzinin sülhünü və dua mühitini pozmağa ehtiyac yoxdur".
Baş nazir isə məsələyə münasibətini açıqlayarkən 10 yepiskopun hərəkətlərinə rəhbərlik etmədiyini, lakin onları alqışladığını və dəstəklədiyini bildirib. N.Paşinyan Eçmiədzin taxt-tacının yeposkoplara, yepiskopların isə Eçmiədzin taxt-tacına məxsus olduqlarını bildirib: "Buna görə də onların toplantı çağırışı qanunidir. Mən 10 yepiskopla yalnız kilsənin bərpası gündəliyi ilə bağlıyam və bizdə belə bir fikir birliyi var ki, bu gündəm Ktriç Nersisyanın ana taxtdan uzaqlaşdırılması olmadan həyata keçirilə bilməz".
Hadisələrin gedişi onu göstərir ki, kilsə daxilində narazılıqların artması artıq gizli mərhələni keçib. Müxtəlif ruhani qruplar, kilsəyə yaxın ictimai fəallar və bəzi millətçi çevrələr II Qaregini kilsəni zəiflətməkdə, onun tarixi və ideoloji mövqelərindən geri çəkilməkdə ittiham edirlər.
Siyasi şərhçilərin fikrincə, etirazçılardan sonra II Qaregin istefa verməsə də, kilsə daxilində parçalanmanı daha da dərinləşdirəcək. Növbəti etiraz dalğalarında ya katolikosun mövqelərinin zəifləməsi, ya da kilsənin tam şəkildə siyasi proseslərdən sıxışdırılması ehtimalı güclənəcək. Eçmiədzindəki etirazlar təkcə bir dini rəhbərə qarşı narazılıq deyil, Ermənistan cəmiyyətində köhnə ideoloji divarların dağılması prosesinin növbəti mərhələsidir. Güman etmək olar ki, alovlanan bu etirazlar nəticəsində yalnız kilsənin deyil, həmçinin ölkənin ictimai-siyasi həyatındakı proseslərin axarı dəyişə bilər.
Rəsmi İrəvan etiraz dalğasınım gedişinə hər hansı bir vasitə ilə müdaxilə etmədiyini bildirsə də, görünən odur ki, kilsə ətrafında baş verən proseslər Paşinyan hökumətinin maraqları ilə üst-üstə düşür. Hakimiyyət düşərgəsi üçün kilsənin zəifləməsi, onun siyasi təsir imkanlarının azalması strateji baxımdan əlverişlidir. Buna görə də bəzi müşahidəçilər yeni başlanan aksiyanın yalnız "kilsədaxili narazılıq" deyil, həm də köhnə sistemin son dayaqlarından birinin sarsıdılması prosesi olduğunu dilə gətirirlər. Son qərarı isə erməni xalqı verəcək. Ümid etmək olar ki, veriləcək qərar revanşistlərin hakimiyyətə gedən yollarını bağlayacaq, regionda sülhə, əmin-amanlığa xidmət edəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"