23 May 2023 10:40
561
Mədəniyyət
A- A+
Əbədiyyət ömürlü alim

Əbədiyyət ömürlü alim

 

Görkəmli alim Bəkir Çobanzadənin məhkəməsi 20 dəqiqə çəkdi. Ömrü də qısa oldu - cəmi 44 illik bir həyat yaşadı. Amma ömür hekayəti xeyli uzundur…
Ədəbiyyatşünas, şair, dilçi, mətnşünas alim yaşadığı illərdə genişmiqyaslı elmi və bədii yaradıcılıq fəaliyyəti göstərib. 1920-ci ildə 27 yaşında ikən filologiya elmləri doktoru elmi dərəcəsini qazanıb, iki il sonra professor adına layiq görülüb, 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilib. Bu il alimin 130 illiyidir. O, Krımda, Tavrida vilayətinin Simferopol (Akməscit) qəzasının Qarasubazar şəhərində anadan olub. Milliyyətcə Krım tatarı olan atası Vahab cəsur, qorxmaz və qoçaq olduğuna görə el arasında ona "Qurd Vahab" deyirlərmiş. 
Çoban Vahab zirək, zəhmətkeş, çalışqan olsa da, maddi imkanı çox məhdud idi. Uşaqlarına Tanrı tərəfindən bolluca istedad payı verilsə də, ailə onları oxutdurmaq gücündə deyildi. Belə ki, Bəkir uşaq yaşlarında bir mollanın evində çalışırdı. Elə ilk savadını da burada qazanır: molladan ərəb dilini öyrənir. Sonra Quranı qiraət etməyə, Şərq klassiklərinin əsərlərini oxumağa başlayır. Odur ki, kənddəki rüşdiyyə məktəbinə daxil olanda artıq xeyli biliyi vardı.
Müəllimləri Bəkirin soyadını "Çobanzadə" yazırlar. Beləcə, o dövrün sayılıb-seçilən maarifçiləri öz tərifləri ilə çoban Vahabın balaca oğlunun böyük bir dünyaya - elm, idrak, zəka dünyasına addımlamasına "vəsiqə" verirlər.
Kənddə ibtidai təhsilini başa çatdırdıqdan sonra Müsəlman Xeyriyyə Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyinə - Sultaniyyəyə oxumağa göndərir. 1908-1918-ci illərdə burada oxuyur. Tələbəlik illərində ilk şeirlərini, "Anan harda?" poemasını yazır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini öyrənir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan Tələbə Cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən olur. 
Təhsilini başa vurduqdan sonra B.Çobanzadəni həyat yolları Budapeştə aparır. Doktorluq dissertasiyasını müdafiə edir. Bu illərdə Türkiyə, Krım, Orta Asiya və Rusiyanın dövri mətbuatında müxtəlif imzalarla ictimai-siyasi, elmi məqalələrini dərc etdirir. 
Çobanzadə vətəninə, yəni Krıma döndükdən sonra siyasi fəaliyyətlə məşğul olmağa başlayır. O, Krımda yaşadığı müddətdə var gücü ilə xalqının müstəqilliyi, gənclərin savadlı gələcəyi uğrunda çalışır. Eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışır. Krım Universitetinin yaradılmasında böyük rol oynayır. Həmin ali məktəbin Şərq fakültəsinin professoru kimi Krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyur. Krım Universitetinin rektoru olur. Bu dövrdə Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyət də göstərir. 
B.Çobanzadənin sonrakı taleyi bilavasitə Azərbaycanla bağlı olur. Bakıda yaşadığı illər Bəkir Çobanzadənin fəaliyyətinin ən qızğın və məhsuldar dövrü olur. 1925-1937-ci illərdə o burada yaşayarkən özünün qeyri-adi istedadını tam göstərir, tükənməz potensialından lazımınca istifadə edə bilir. 1924-1929-cu illərdə Azərbaycan Baş Elm İdarəsində Terminologiya Komitəsinə rəhbərlik edir. Paralel şəkildə ADU-nun (indi BDU) Şərqşünaslıq fakültəsində kafedra müdiri və sonra dekan olur. 1920-1926-cı illərdə onun gördüyü genişmiqyaslı, çoxsahəli işləri nəzərdən keçirəndə bir nəfərin bu qədər "yük"ü necə çəkdiyinə təəccüb etməmək olmur. Bakıda onu respublika rəhbərliyi, şəxsən Ruhulla Axundov özü himayə edirdi.
Belə ki, bu dövrdə görkəmli alim B.Çobanzadə Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdi. Orta Asiyada, Tatarıstanda, Bolqarıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar ciddi iş aparmışdı. Eyni zamanda Tavrid, Bakı, Daşkənd, Buxara ali məktəblərində türkologiyaya aid mühazirələr oxumuşdu. Bir faktı da qeyd edək ki, Bəkir Çobanzadə Azərbaycan dilçiliyinin əsasını qoyan alimlərdən biri olmuşdur.
Böyük Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini də alim bu illərdə hazırlamışdı. 1926-cı ildə I Ümumittifaq Türkologiya Qurultayının təşkilində fəal iştirak etmişdi. Bu qurultay Azərbaycanda keçirilmiş və dünyanın ən məşhur 24 türkoloq aliminin məruzəsi dinlənilmişdi. Qurultay türk dünyasının həyatında ən əhəmiyyətli addım kimi səciyyələndirilmişdir.
Türk xalqlarının yeni əlifbaya keçməsi uğrunda fəal mübarizə aparan alim 1928-ci ildə Moskvada təlimatçı kurslarında mühazirələr də oxumuşdu.
Sovet Şərqində ilk professor və ilk dəfə öz sahəsi üzrə universitet kurslarını işləyib hazırlayan B.Çobanzadə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü seçilmişdi. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmişdi. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdu. Avropanın bir sıra elm xadimləri onun tədqiqatlarına istinad etmişlər. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli olan alimin sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqi və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, 1932-ci ildə "Türk dilinin metodikası", "Elmi qramerin əsasları" kitablarını digər müəlliflərlə birlikdə tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. 
B.Çobanzadəyə təzyiqlər 1930-cu ildə başlandı. Onun barəsində "İnqilab və mədəniyyət" jurnalında tənqidi məqalələr çap olundu. Bu iş kampaniya xarakteri aldı. Əslində isə, onun araşdırılmasına bir qədər də əvvəl - 1928-ci ildə başlanmışdı. Lakin heç bir tutarlı dəlil-sübutun tapılmaması bədxahlarını daha da əsəbiləşdirmişdi. 
Bəkir Çobanzadənin təqibi uzun çəkir. Nə az, nə çox - 7 il onu izləyir, şərləməyə çalışırlar. 1935-ci ilin sonlarında Azərbaycan SSR-in daxili işlər üzrə xalq komissarı olan Y.D.Sumbatov-Topuridze Moskvaya hesabat verir və B.Çobanzadəni həbs etmək üçün heç bir sübutun olmadığını bildirir.
Bədxahlarının əlləri hər yerdən üzüldükdən sonra, 1937-ci ildə Bəkir Çobanzadənin Ruhulla Axundovla dostluğunu bəhanə gətirirlər. 
1937-ci ilin yanvar ayının sonunda onu Kislovodskda, dincəldiyi "Qornyak" ("Mədən fəhləsi") sanatoriyasında həbs edirlər. Əvvəlcə Pyatiqorsk həbsxanasında saxlayır, sonra Bakıya gətirirlər.
Bəs Çobanzadəni nədə ittiham edirdilər? Guya, o 1924-cü ildən sonra, yəni Bakıda yaşadığı dövrdə əks-inqilabi-millətçi fəaliyyətdə olub. Əvvəla, 1926-cı ildə Krım Milli Firqəsinin Mərkəzi Komitəsi adından "Müsavat" partiyasının Mərkəzi Komitəsi ilə birgə iş barədə danışıqlar aparıb. İkincisi, Ruhulla Axundov, guya, Çobanzadə ilə sovet hökumətinə qarşı blokda əks-inqilabi-trotskiçi təşkilatla birgə işin planları barədə sövdələşiblər. Üçüncüsü isə, demə, Çobanzadə özünün ədəbi əsərlərində və mülahizələrində əks-inqilabi-millətçi ideologiyanı geniş yayıb.
Qısası, bütün bunlardan çox-çox uzaq olan alim Cinayət Məcəlləsinin 72-73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilmişdi. Həbsə qərar yanvarın 26-da verilmiş, iki gün sonra, yəni ayın 28-də onu tutmuşdular.
1937-ci il sentyabrın 1-də Bəkir Çobanzadə sonuncu dəfə (o bu müddətdə 32 dəfə dindirilmişdi) istintaq edilir. Burada o etiraf edir ki, verilən ittihamlarla bağlı günahkardır. Növbəti gün Çobanzadəyə verilən əlavə ittihamlar üzrə qərar çıxarılır. Beləliklə, guya, Çobanzadənin praktik olaraq özünün əks-inqilabi fəaliyyətində SSRİ-yə qarşı silahlı üsyana hazırlıqla bağlı fəal iş apardığı, xarici dövlətlərin kəşfiyyat orqanları ilə əlaqədə olduğu və onlara öz ölkəsi barədə vaxtaşırı məlumatlar verdiyi, Sovet İttifaqına qarşı üsyan qaldırılacağı halda terror mövqeyində dayanacağı yəqin edilmişdi. O, Azərbaycan SSR Cinayət Məcəlləsinin 21-64, 68, 70-ci maddələrində nəzərdə tutulmuş cinayətlərdə təqsirləndirilmişdi. Elə sentyabrın 2-də də Cinayət Məcəlləsinin 64, 69-1, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə B.V.Çobanzadənin təqsirləndirilməsi ilə bağlı sonuncu ittihamnamə tərtib olunmuşdu.
Sentyabrın 21-də Çobanzadə respublikanın xalq daxili işlər komissarı Sumbatov-Topuridzenin adına ərizə yazır. Bu ərizədə özünün əks-inqilabi-millətçi fəaliyyətini vurğulayır və xahiş edir ki, elmdə qazandığı nailiyyətləri nəzərə alaraq onu bağışlasınlar.  Xahiş rədd edilir.
1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası keçirilir. Müttəhim son sözündə yenə də güzəşt istəyir. Lakin bütün bunlara məhəl qoyulmur, oktyabrın 12-də güllələnməyə məhkum edilir. Bu ən ağır cəzanın növbəti gün icra olunması barədə məhkumun işinə arayış da tikilir. Bununla da görkəmli alim Bəkir Çobanzadənin hekayəti beləcə bitir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!