İsmayıllıda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Dünənə qədər rayonun təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarında, sosial sektorda və ictimai-iaşə, ticarət obyektlərində çalışanların əksər hissəsi hər iki dozanı qəbul edərək vaksinasiyadan keçib. Eləcə də rayonun digər müəssisə və təşkilatlarında çalışanlar, habelə rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Fikrət Osmanov AZƏRTAC-a bildirib ki, rayonda təşkil edilən vaksinasiya məntəqələrində sakinlərə dünənədək 61575 doza peyvənd vurulub. 28878 nəfər isə hər iki dozanı qəbul edib.
Əhalini daha aktiv olmağa səsləyən şöbə müdiri deyib ki, vaksin insanları immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qoruyur, infeksiyanın ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır və nəticədə səhiyyə sisteminə düşən yük azalır.
Yanvar ayında birinci, daha sonra ikinci dozanı qəbul edən İsmayıllı sakini Təranə Məmmədova bildirib ki, peyvənd olunduqdan sonra səhhətində hər hansı narahatlıq yaranmayıb. Hər iki dozanı qəbul etdiyi üçün özünü COVID-19 bəlasından sığortalı hesab edən Təranə Məmmədova hər kəsi vaksinasiya prosesində aktiv olmağa səsləyib.
Yaşlı nəslin nümayəndəsi olan 70 yaşlı Rəhilə Cəbiyeva da vaksinasiya prosesində iştirak etmək üçün xəstəxanaya üz tutan rayon sakinlərindən biridir. İkinci dozanı qəbul edərək fikirlərini bizimlə bölüşən Rəhilə nənə də bu bəladan xilas olmağın yeganə yolunun peyvənd vurdurmaq olduğunu söyləyib.
Xatırladaq ki, dünənə qədər rayonda 3010 nəfərin COVID-19 diaqnozu pozitiv çıxıb. Hazırda rayonda aktiv xəstələrin sayı 323 nəfərdir. Həkimlərin səyi nəticəsində dünənə qədər COVID-19-dan 2615 nəfər sağalsa da, təəssüf ki, 72 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Vaksinasiya prosesində iştirak etmək istəyən sakinlər randevu.its.gov.az saytında qeydiyyata düşə və səhər saat 9-dan 18-dək rayon mərkəzi xəstəxanasında ayrılmış xüsusi vaksin otaqlarında peyvənd oluna bilərlər. Eyni zamanda, hərəkət məhdudiyyəti olan vətəndaşlara evlərində səyyar vaksinasiya xidməti göstərilir.
Qeyd edək ki, peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksinindən istifadə olunur.