Müasir dövrdə rəqəmsal texnologiyalar dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, dünyada dördüncü sənaye inqilabının yaratdığı yeni reallıqlar ölkələri idarəetmədə daha çevik, şəffaf və innovativ həllər tətbiq etməyə sövq edir. Bu baxımdan rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya bir-biri ilə sıx bağlı istiqamətlər kimi çıxış edir və dövlətin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.
Süni intellekt yeni imkanlar yaradır
Rəqəmsallaşma təkcə mövcud xidmətlərin elektron formaya keçirilməsi demək deyil. Bu proses idarəetmə modelinin yenilənməsini, məlumatların rəqəmsal mühitdə təhlükəsiz idarə olunmasını, qərarların daha dəqiq və operativ qəbul edilməsini, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əhatə edir. Rəqəmsal transformasiya nəticəsində dövlət qurumları arasında məlumat mübadiləsi sürətlənir, bürokratik prosedurlar azalır və xidmətlər daha əlçatan olur. Son illərdə süni intellekt texnologiyalarının inkişafı rəqəmsal transformasiyaya yeni imkanlar qazandırıb. Böyük həcmdə məlumatların təhlili, avtomatlaşdırılmış qərar qəbuletmə sistemləri, ağıllı xidmətlər və fərdiləşdirilmiş həllər dövlət idarəçiliyində səmərəliliyin artırılmasına kömək edir. Süni intellekt səhiyyə, təhsil, nəqliyyat, maliyyə, kənd təsərrüfatı və təhlükəsizlik kimi sahələrdə də geniş tətbiq olunur və innovativ inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab edilir. İnnovasiya isə yeni texnologiyaların və yaradıcı həllərin iqtisadi, sosial inkişafa tətbiqini təmin edən əsas mexanizmdir. İnnovasiya mühitinin gücləndirilməsi startap ekosisteminin inkişafına, yüksək texnologiyalar sahəsində yeni bizneslərin yaranmasına, investisiyaların cəlb edilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına şərait yaradır.

Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin prioritetidir
Azərbaycanda da rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyev bu ilin fevralın 27-də Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılmasında məqsəd ölkədə rəqəmsal transformasiya proseslərinin daha sistemli şəkildə idarə olunmasını təmin etmək, dövlət qurumları arasında koordinasiyanı gücləndirmək və bu sahədə vahid siyasətin həyata keçirilməsinə nail olmaqdır.
Fərman rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya istiqamətlərində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiyaəsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların inkişafı, məlumat sistemlərinin inteqrasiyası və innovativ həllərin tətbiqi bu istiqamətdə həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, milli texnoloji potensialı gücləndirmək və rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməkdir.
Rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə yeni təşəbbüslər

İki gün əvvəl - iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın rəqəmsal inkişaf strategiyasında qarşıdakı üç il üçün prioritet istiqamətlər də müəyyənləşdirilib. Yol xəritəsində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı əsas hədəflər kimi ön plana çıxır. Bu çərçivədə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul olunan qərarların operativ və səmərəli icrası əsas vəzifələr sırasında yer alır. Rəqəmsal transformasiya yalnız texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda, iqtisadi inkişafın sürətləndirilməsini, innovasiya ekosisteminin formalaşdırılmasını, yerli və xarici investisiyaların cəlb edilməsini, startapların inkişafı üçün əlverişli mühitin yaradılmasını və dövlət idarəçiliyinin daha çevik və effektiv modelə keçidini nəzərdə tutur. Süni intellekt isə artıq gələcəyin texnologiyası deyil, müasir iqtisadiyyatın və dövlət idarəçiliyinin əsas inkişaf istiqamətlərindən biri hesab olunur. Dünyada bu sahədə müşahidə olunan sürətli inkişaf yeni imkanlarla yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bu səbəbdən rəqəmsal transformasiya ilə paralel olaraq kibermüdafiə imkanlarının gücləndirilməsi və kritik informasiya infrastrukturunun etibarlı qorunması da prioritet məsələlərdən biri kimi qiymətləndirilir.
58 təşəbbüsü əhatə edən Yol xəritəsi
"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb, onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirilir. "Mygov" platformasının xidmət dairəsi genişləndirilir, son üç ayda istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb.

Beləliklə, qlobal təcrübə göstərir ki, rəqəmsallaşmaya və innovasiyaya investisiya yatıran ölkələr iqtisadi artım, dövlət idarəçiliyi və ictimai rifah baxımından daha davamlı nəticələr əldə edirlər. Bu baxımdan rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrinin paralel inkişafı təkcə texnoloji yenilənmə deyil, həm də ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafını təmin edən strateji istiqamət kimi qiymətləndirilir.