14 İyul 2026 08:45
415
CƏMİYYƏT
A- A+
Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı


Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ordumuzun cəsur zabit və əsgərləri erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdular. Hərbçilərimiz yağılara Aprel döyüşlərindəki, Günnüt əməliyyatlarındakı ağrı-acıları yenidən yaşatdılar. Düşmən təxribatının qarşısı qısa müddət ərzində qətiyyətlə alındı. Dəqiq atəşlə işğalçıların xeyli canlı qüvvəsi və zirehli texnikası, artilleriya qurğuları məhv edildi. Zabit və əsgərlərimizin igidliyi sayəsində yağıların işğalçılıq niyyəti, qəsbkarlıq planları alt-üst oldu. Ermənistan silahlı qüvvələrinin gücsüzlüyü Tovuz döyüşlərinin fonunda bir daha aydın göründü.

Təəssüflər olsun ki, Tovuz döyüşlərində hərbçilərimizi də itirdik. 2020-ci il iyulun 14-də eşitdiyimiz kədər yüklü xəbər qəlbimizi göyüm-göyüm göynətdi. Torpaq uğrunda şəhid olanların arasında general-mayor Polad Həşimov da var idi. Həmişə özünü Vətənin əsgəri hesab edən general qoynunda dünyaya göz açdığı torpaq uğrunda son nəfəsinədək vuruşdu. Ömrünün son anına qədər silahını yerə qoymadı, barmaqlarını tətikdən çəkmədi. Ölümü ilə həm ölümsüzlüyə, həm də düşmənə meydan oxudu, sonda hər ikisinə qalib gəldi. Cəsarəti və hünəri ilə Vətəni necə sevməyin, onun uğrunda necə vuruşmağın və necə şəhid olmağın düsturunu yaratdı. İgidliyi dildən-dilə düşdü, eldən-elə yayıldı.

Atalarımızın bu dəyərli sözünü tez-tez xatırlayıram: "İnsan var evdən gedir, insan da var eldən". Eldən gedənlərin ölümü daha ağrılı və dözülməz olur. Torpaq uğrunda şəhid olan general Polad Həşimov da eldən gedənlərdən idi. Əsgəri ilə çiyin-çiyinə vuruşan generalın ölümü onu tanıyanların da, tanımayanların da gözlərini nəmləndirdi. Belə cəsur bir hərbçini itirməyimizə hamı təəssüfləndi, hamı kədərləndi, hamı erməniləri lənətlədi. Amma nə qədər təəssüflənsən də, kədərlənsən də, heç nəyi geri qaytarmaq mümkün deyil. İndi generaldan geridə qalan yalnız həmişə yaddaşlarda yaşayacaq acılı-şirinli xatirələrdir. Üstündən illər, əsrlər ötsə də, bu xatirələr həmişə diri və canlı qalacaq. Ölümün əli nə qədər uzun olsa da, o xatirələrə çatmayacaq.

Müharibə, qanlı döyüşlər Polad Həşimov üçün yeni bir şey deyildi. O, ölüm-itimlə dolu olan belə qanlı-qadalı əməliyyatları çox görmüşdü. Hələ kursant olduğu vaxtlarda, Heydər Əliyev adına Hərbi İnstitutda oxuyarkən Birinci Qarabağ müharibəsində iştirak etmiş, düşmənlərlə Ağdam istiqamətində vuruşmuşdu. Qəsbkarlara gücünü, bacarığını göstərmişdi. Daşnakların vəhşiliyini, qəddarlığını yaxından görmüşdü. Yəni müharibənin qana, ölümə boyanmış sifəti ona yaxşı tanış idi. 

Çoxlarımız kimi general Polad Həşimov da adi bir ömür yolu keçmişdi. Amma o, bu adi həyatın içində bir qeyri-adilik, bənzərsizlik yarada bilmişdi. Qısa ömründə bunu bacarmışdı, çoxlarının edə bilmədiyini etmişdi. Polad Həşimov soyuq bir qış günündə - 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində dünyaya göz açmışdı. Orta məktəbi Sumqayıtda oxumuşdu, müəllimlərinin sevimli şagirdlərindən biri olmuşdu. Hələ kiçik yaşlarından hüquqşünas olmağı arzulamışdı. Amma ömrünün sonrakı illərində nədənsə bu fikrindən daşınmışdı. 

Gələcəyin generalı yetkinlik yaşına çatanda Qarabağ ətrafında qanlı hadisələr yenicə başlamışdı. Hər gün qapıları ağrı-acılarla yüklənmiş xəbərlər döyürdü. Birinci Qarabağ müharibəsində onun yaşadığı binadan da bir neçə vətənpərvər gənc çağırış vərəqi gözləmədən döyüşə yollanmışdı. Təssüflər olsun ki, onlardan ikisi - Yaqub İsmayılov və Aslan İsmayılov qanlı döyüşlərdə şəhid olmuşdular. Vətən yolunda canından keçmiş bu oğulların barelyeflərini bir vaxtlar yaşadıqları binaya vurmuşdular. Orta məktəb şagirdi olan Polad hər gün şəhidlərin şəkillərdən boylanan baxışlarına, qəhrəmanlıq yağan gözlərinə baxırdı. Baxdıqca da ürəyində ermənilərə  nifrəti yaranır, Vətənə sevgisi artırdı. Kim bilir, bəlkə də onun hərbçi olmaq arzusunun hüquqşünaslığı üstələməyinə bu amil təkan vermişdi. 

Ölməzlik zirvəsinə yüksələn generalımızla müxtəlif vaxtlarda olan görüşlərimiz haqqında söz açmaq, onu oxucularla bir az da yaxından tanış etmək istəyirik. Bu cəsur və bacarıqlı zabitlə ilk dəfə görüşüb tanış olanda o, general deyildi, polkovnik-leytenant rütbəsində idi. Ön xətdə yerləşən "N" hərbi hissəsinə komandirlik edirdi. Yaxşı xatırılayırıq ki, tanışlığımızın bəxtinə qarlı, şaxtalı bir gün düşmüşdü. 

Polad Həşimovun komandiri olduğu hərbi hissəyə səhər tezdən çatdıq. Növbətçinin müşayiəti ilə onun xidməti otağına daxil olduq. Hərbi salam verib görüşəndən sonra növbətçi otaqdan çıxdı. Polad Həşimovla üz-üzə, göz-gözə qaldıq. Adətən komandirlərin sifəti zəhmli və ciddi olur. Onun sifətindən isə işıq süzülür, nur yağırdı. Qısa tanışlıqdan sonra söhbət yavaş-yavaş ədəbiyyatın, sənətin üstünə gəlib çıxdı. İlk dəfə idi ki, bu qədər ədəbiyyat və sənət vuğunu olan hərbçi görürdük. Polkovnik-leytenant Polad Həşimov dünya və Azərbaycan ədəbiyyatından elə həvəslə, elə maraqla danışırdı ki, sanki hərbi məktəbi deyil, hansısa ali təhsil ocağının filologiya fakültəsini bitirmişdi. 

Tanışlığımız zamanı hiss etdik ki, Polad Həşimovun böyük ziyalılıq təfəkkürü, geniş dünyagörüşü var. Hər an hiss olunurdu ki, xidməti işləri nə qədər çox olsa da, mütaliəyə də vaxt tapır, kitabladan ayrılmır. Biliyini artırır, təfəkkürünü zənginləşdirir. Yeniliklə, müasirliklə nəfəs alır. Həyatla ayaqlaşmağa, zamanın ritmini tutmağa çalışır. Polad Həşimov yalnız özü oxumaqla da kifayətlənmirdi. Bunu zabit yoldaşlarına da, əsgərlərinə də tövsiyə edirdi. Deyirdi ki, nə vaxt şəhərə yolu düşürsə, geri dönəndə mütləq yeni kitablar alıb gətirir, oxumaları üçün zabit və əsgərlərə verir. "İstəyirəm ki, onlar savadlı, bilikli olsun. Qoy zabit və əsgərlərimiz həyatı dərindən düşünsünlər, yaşadıqları ömrün qədrini bilsinlər. Həmişə xeyirxah işlər görsünlər, mənalı günlər yaşasınlar, Vətənə layiqli övlad kimi böyüsünlər" deyirdi. 

Komandir yalnız hərbçi kimi deyil, ziyalılığı, biliyi, mütaliəsi ilə də şəxsi heyətə canlı nümunə olmağa çalışırdı. Həyat yoldaşının dediyinə görə generalın oxuyub bitirə bilmədiyi sonuncu əsəri romantik şairimiz H.Cavidin "İblis" dramı olub. Bəlkə də general bu əsəri oxumaqla iblislərin - ermənilərin murdar xislətini daha da dərindən öyrənmək istəyirmiş. Təəssüf ki, generalın ömrü kimi arzuları da yarımçıq qaldı. Yeganə təsəllimiz odur ki, bu gün onun şərəfli ömür yolunun davamçıları yüzlərlədir, minlərlədir. 

Sabahın generalı ilə ilk tanışlığımız yaddaqalan oldu, xatirələrimizin səhifələrində dərin izlər qoydu. Ordumuzda belə təcrübəli, vətənpərvər zabitlərin xidmət etmələrini görəndə ürəyimiz dağa döndü. Polad Həşimovla ikinci görüşümüz 2016-cı ilin Aprel döyüşlərində ola bilərdi. Amma gərgin əməliyyatlar və yaranmış mövcud şərait buna imkan vermədi. Görüşümüz baş tutmadı. Eyni istiqamətdə, eyni hərbi hissədə olsaq da, o günlərdə onunla görüşə bilmədik. Ön xətdən, qanlı döyüşlərdən geri qayıdan Vüsal adlı zabitdən öyrəndim ki, Polad Həşimov ən qaynar nöqtədəki yüksəklikdə düşmənlə üz-üzədir. Dörd gündür gecə-gündüz istirahətin nə olduğunu bilmədən erməni qəsbkarları ilə vuruşur, döyüşləri idarə edir. Zabit onu da dedi ki, yuxusuzluqdan onun gözləri qıpqırmızıdır. Amma buna baxmayaraq, yurdunun müdafiəsində dayanır, əldə silah vuruşur. 

Aprelin 3-də səhər iş elə alındı ki, ön xəttə getməli olduq. Əgər Talış kəndi istiqamətinə getsəydik, mütləq Polad Həşimovla görüşəcək, ondan müsahibə alacaqdıq. Təəssüflər olsun ki, bir az qabağa gedəndən sonra komandanlıqdan zəng vurub geri dönməyimizi əmr etdilər. Hərbi hissəyə qayıdanda məlum oldu ki, erməni snayperlər keçəcəyimiz yola nəzarət edir. İşğalçılar bir az əvvəl həmin istiqamətdə hərəkətdə olan iki maşını atəşə tutmuşdular. Əgər biz də bu təhlükəli sahədən keçsəydik,  işğalçıların hədəfinə tuş gələ bilərdik. Yaranmış şərait və vəziyyətə görə Polad Həşimovla görüşmək imkanı əlimizdən çıxdı.

Demə, qismətimizdə yenə də görüşmək var imiş. 2017-ci ilin xoş  günlərinin birində qəhrəmanımızla Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində görüşdük. Yüksəkrütbəli zabitlər hansısa zəruri bir toplantıya qatılmışdılar. Artıq onda Polad Həşimov polkovnik idi. Çiyinlərindəki paqonlar, paqonlarındakı ulduzlar ona çox yaraşırdı. Nurlu çöhrəsindəki təbəssüm də yerindəydi. Ovqatı da yaxşı idi. Üzü də, gözləri də gülürdü. Nahar fasiləsi olduğuna görə beş-on dəqiqə söhbət etdik, Aprel döyüşlərindən danışdıq. Həmin gün görüşə bilmədiyimizə görə çox təəssüfləndik. Bir azdan nahar fasiləsi başa çatdı, polkovnik toplantıya getdi. Tələm-tələsik görüşüb ayrıldıq. Bu, Polad Həşimovla son görüşümüz oldu. 

Onun Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olduğunu eşidəndə sarsıldıq, təəssüfləndik. Əsəbdən, qəzəbdən özümüzə yer tapa bilmədik. Nə yaşamışdı ki! Cəmi 45 il! General sanki bu 45 ilin içinə səksən, doxsan ili sığışdırmışdı. Bu illər ərzində insan nəyi edə bilərsə, Polad Həşimov ondan artığını etmişdi. Bu anlarda xatırladıq ki, türk generalı Ənvər Paşa da 45 yaşında həlak olmuşdu. Onu 20-ci əsrdə ermənilər öldürmüşdü. Polad Həşimovu da 21-ci əsrdə ermənilər öldürdü. Bir əsr vaxt keçsə də, düşmən həminki idi, ermənilər idi. Zaman heç nəyi dəyişməmişdi. Ənvər Paşanı öldürənlərin nəvələri, nəticələri isti bir yay günündə general Polad Həşimova da güllə atdılar.  

...Generalın dəfni izdihamlı keçdi. Xalq Hərbi Memorial Məzarlığa - şərəfli, şanlı ordusunda xidmət edən generalının dəfninə elliklə gəlmişdi. Qürur hissi keçirirdik ki, onu son mənzilə yola salanların sırasındaydıq. Bu, xalqın döyüşçüsünə, əsgərinə, generalına olan sonsuz ehtiramının ifadəsi idi. Generalı tanıyan da, tanımayan da ağlayıb göz yaşları axıdırdı. Hamının gözlərindən qisas və intiqam hissi oxunurdu. 

Onun ailəsində üç övladı böyüyür. Övladlarından biri qız, ikisi oğlandır. Onlar ataları ilə fəxr edib öyünürlər. Polad Həşimov kimi vətənpərvər generalların övladları da elə ataları kimi cəsur olacaq, xalqa, dövlətə layiqli vətəndaş kimi böyüyəcəklər. Xalqımız general Polad Həşimov kimi qəhrəman oğullarını heç vaxt unutmayacaq.

Bir payız günündə generalın şəhid olduğu posta getmişdik. Həmin anlarda qəribə hisslər keçirdik. Sanki qulağımıza generalın səsi gəlirdi. Əraziyə kəndir çəkilmişdi, torpağın üstünə gül-çiçək qoyulmuşdu. Generalın qanı tökülmüş torpağa ayağımızı qoymaq istəmədik. Sanki burada zaman donub qalmışdı. Torpağın da, daşın da gözü nəmli idi.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!