09 Avqust 2022 01:07
841
SİYASƏT
A- A+

Cənubi Qafqaza yenilik gətirən layihə

 

Dövlətimiz vətəndaşlarını daha rahat və təhlükəsiz həyatla təmin edir

 

İki ilə yaxındır ki, Azərbaycanın həyatında yeni bir dövr başlayıb.  İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Görülən işlərin miqyasına diqqət yetirdikdə Azərbaycanın iqtisadi imkanlarının aydın mənzərəsini göz önündə canlandırmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz bərqərar edildi və bu gün belə nəhəng layihələr həyata keçirilərək azad edilmiş torpaqların çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər görülür. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Mərhələ-mərhələ bütün hədəflərə nail olunur.

 

Böyük qayıdışın ilk ünvanı

 

İşğaldan azad olunmuş ərazilər "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulur. Ölkəmizin müstəqil iqtisadiyyatının gücü hesabına Böyük qayıdış prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına köçürülməsi baş tutub. Ötən il aprelin 19-da isə Azərbaycan Prezidenti "ağıllı şəhər" (smart sity) və "ağıllı kənd" (smart village) konsepsiyasının hazırlanması haqqında" sərəncam imzalayıb. Qeyd edək ki, Azərbaycanın artıq "ağıllı kənd" layihəsi ilə bağlı təcrübəsi mövcuddur. Belə ki, hələ 2018-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı Prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan "ağıllı kənd" layihəsi təqdim edilib.

Dövlət başçısı öz çıxışlarında dəfələrlə bildirib ki, azad olunmuş ərazilər "yaşıl enerji" zonasına çevriləcək. İşğaldan azad olunmuş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması həmin bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir.

 

Ağalı kəndində "ağıllı" texnologiyalar tətbiq olunur

 

İlk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçdi. İşğaldan azad olunmuş ərazilərə ilk məskunlaşma Ağalı "ağıllı kəndi"ndə baş tutdu. Regionda bu cür layihələr Azərbaycana dost ölkələr olan Türkiyə, İsrail, İtaliya və digər dövlətlərin şirkətlərinin iştirakı ilə sürətlə və yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi işlər bu konsepsiyanın tərkib hissələridir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşüb.  Beynəlxalq təcrübədə "smart village" dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür.  Ağalı kəndində 200 fərdi yaşayış evi, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə olunacaq. Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. İnsanların "ASAN" və ya DOST xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. Bundan başqa, kənd ərazisində yeni intensiv bağlar salınır. Yaşayış məntəqəsində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə dediyi kimi, "bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək". "Ağıllı kənd" texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. Bu cür layihələr dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsədi kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir.

 

Rəqəmsal dünyanın şəhəri

 

"Ağıllı şəhər" təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz şəhərə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından "ağıllı şəhər"lərdə istifadə olunur. Həmçinin "ağıllı şəhər" nəqliyyatın inkişaf etməsinə də imkan verir. Bu tip şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla təmin olunur. Bu ağıllı cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.

Bu layihələrin həyata keçirilməsi birinci növbədə ölkəmizin iqtisadi gücünün və potensialının nümayişidir. Bu layihə hər şeydən öncə həmin ərazilərdə müasir rəqəmsal texnologiyaların və innovasiyaların tətbiq olunması əsasında sosial-iqtisadi xidmət sferalarının qurulmasıdır. Ona görə bu qədər böyük tutuma malik olan layihənin həyata keçirilməsi dövlətdən böyük iqtisadi-maliyyə resursları tələb edir ki, Azərbaycan da buna qadirdir. Hər bir layihənin məqsədi orada yaşayan insanların iqtisadi gəlirlərinin artmasına daha səmərəli şərait yaratmaqdır. "Ağıllı kənd" layihəsi, əslində, bu istiqamətdə geniş imkanlar açır. Məsələn, bu gün ölkəmizdə kənd təsərrüfatı sistemində ən böyük problemlərdən biri istehsal olunan məhsulların satış bazarının təşkili ilə bağlıdır. Bu layihələrin reallaşması sözügedən problemlərin aradan qaldırılmasına da yardımçı olacaq.

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrinin həyata keçirilməsi dövrün tələbi və inkişafın göstəricisidir. İnsanın müasirləşən və yeniləşən həyat tərzini özündə əks etdirən bu tipli layihələr bilavasitə beş nəcib məqsədə - normal, mənalı yaşayışa, müasir, elmi əsaslarla idarə olunan istehsala, nümunəvi sosial xidmətlərə, ağıllı, düşünülmüş kənd təsərrüfatına, alternativ enerji mənbələrindən istifadəyə əsaslanır. Həmin mütərəqqi layihələrin hazırlanması və həyata keçirilməsi bilavasitə Azərbaycan vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasına, onların xoşbəxt həyatına hesablanmışdır və ölkənin inkişafına, tanınmasına xidmət edir.

 

Elşən YƏHYAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video