30 İyun 2026 08:15
229
SİYASƏT
A- A+
Bir əsr sonra yenidən Bakıda

Bir əsr sonra yenidən Bakıda


"Türk Dövlətləri Təşkilatının müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində I Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır".


Azərbaycan Prezidenti İlham Əliyevin "Türk Dünyası Həftəsi" iştirakçılarına müraciətindən


Əsrlərin sınağından keçərək bu gün geosiyasi və mədəni güc mərkəzinə çevrilən türk dünyası növbəti tarixi və taleyüklü zirvəsinə Bakıda imza atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli sərəncamı əsasında təşkil olunan "Türk Dünyası Həftəsi" (29 iyun - 3 iyul) paytaxtımızda möhtəşəm açılış mərasimi ilə işinə başladı. 

1926-cı ildə dünya türkologiya elminin simalarını bir araya gətirən I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan bu mötəbər humanitar platforma Altaylardan Balkanlara qədər uzanan nəhəng coğrafiyanın elmi, mədəni və mənəvi birliyinin növbəti rəmzi nümayişidir.

Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində dövlət rəsmiləri, qardaş türk respublikalarından gələn nazirlər, beynəlxalq təşkilatların rəhbərləri və dünyaşöhrətli alimlər iştirak edirlər. Tədbirdə Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı tarixi müraciət oxundu. Dövlətimizin başçısı öz müraciətində Türk Dövlətləri Təşkilatını "bizim ailəmiz" adlandıraraq ortaq humanitar məkanın formalaşmasında bir əsr əvvəl Bakıda atılan addımların bu gün qazanılan böyük geosiyasi uğurların təməl daşı olduğunu vurğulayıb. Müraciətdə oxuyuruq: "Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik".

1926-cı ildə keçirilmiş I Türkoloji Qurultay türk xalqlarını ilk dəfə vahid elmi platformada bir araya gətirmiş, ortaq dil, əlifba, tarix, təhsil və mədəniyyət məsələlərini sistemli şəkildə müzakirəyə çıxarmışdı. Bir əsr sonra həmin ideyaların yenidən Bakıda gündəmə gətirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın türk dünyasının intellektual, humanitar və strateji əməkdaşlıq mərkəzi kimi artan rolunun məntiqi nəticəsidir. 

Prezident İlham Əliyevin I Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamı da məhz bu tarixi missiyanın davam etdirilməsinə xidmət edir. Bu sərəncam əsasında keçirilən "Türk Dünyası Həftəsi" çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Dövlət Universiteti kimi nüfuzlu qurumların tərəfdaşlığı ilə keçirilən tədbirlər bütövlükdə türk dünyasının ortaq gələcəyinə hesablanmış genişmiqyaslı platforma yaradır.

100 il keçir və zamanın qırılan zənciri artıq bərpa olunur. Bakıda qoyulan o məfkurə toxumları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi və geostrateji baxışı sayəsində qlobal arenada söz sahibi olan Türk Dövlətləri Təşkilatına (TDT) çevrilmişdir. Dünən repressiya qorxusu ilə pıçıldayan bu dünya indi Qarabağ Zəfərinin yaratdığı yeni reallıq fonunda liderinin dili ilə beynəlxalq kürsülərdən gələcəyini diktə edir: "Bizim ailəmiz türk dünyasıdır". Bu mənada I Türkoloji Qurultaya müasir Türk Dövlətləri Təşkilatının hazırda reallaşdırdığı strateji layihələrin əsas ideoloji bünövrəsi kimi baxmaq lazımdır. Çünki tam bir əsr əvvəl əsası qoyulan ümumtürk idealları bu gün TDT-nin qərarları və konkret əməlləri ilə özünün ən parlaq dövrünü yaşayır.

Tədqiqatçıların araşdırmalarında göstərilir ki, qurultayda ilk dəfə olaraq türk dilləri ayrı-ayrı lokal problemlər kimi deyil, bir-biri ilə əlaqəli vahid sistem kimi qiymətləndirilmişdir. Bu müxtəlif türk xalqları arasında yazı fərqlərini azaltmış, elmi və mədəni ünsiyyəti asanlaşdırmışdır. Qurultay həm də türkologiya elminin institusionallaşmasına təkan vermişdir. Bir çox regiondan olan alimlərin Bakıda bir araya gəlməsi elmi şəbəkələşməni gücləndirmiş, ortaq tədqiqat mövzuları və metodoloji yanaşmalar formalaşdırmışdır. Bu proses türk xalqlarının tarixinin, mədəniyyətinin və dilinin paralel şəkildə öyrənilməsinə şərait yaratmışdır. Hazırda TDT həm də elmi bünövrəsini məhz belə bir siyasi müstəvidə tamamlayır.

1926-cı ildə irəli sürülən ortaq imla və vahid əlifba hədəfi sovet repressiyaları ilə yarımçıq qalır. Lakin TDT nəzdində fəaliyyət göstərən Ortaq Əlifba Komissiyası Bakıda keçirilən iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası layihəsi üzərində tam razılıq əldə edir. Bununla da 100 il əvvəl alimlərin başladığı mədəni unifikasiya dövlət başçılarının siyasi iradəsi ilə rəsmi sənədə çevrilir. Gəlin unutmayaq ki, ortaq türk əlifbasının yaradılması sahəsində görülən işlər zamanın çağırışıdır. Müraciətdə xüsusi vurğulanır: "Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır".


Ortaq gələcəyə birgə baxış


"Türk Dünyası Həftəsi"nin proqramına nəzər saldıqda aydın görünür ki, məqsəd yalnız tarixi hadisəni yad etmək deyil. Beynəlxalq konqreslər, elmi panel müzakirələri, kitabxana əməkdaşlığı, muzey sərgiləri, teatr tamaşaları, konsert proqramları, film nümayişləri, Xankəndidəki Qarabağ Universitetində keçiriləcək elmi sessiyalar, yeni strateji sənədin qəbul edilməsi - bütün bunlar bir-birindən ayrı tədbirlər olmayıb ortaq strateji məqsədin müxtəlif istiqamətlərini təşkil edir. Bu məqsəd isə türk dünyasının humanitar inteqrasiyasının daha sistemli və davamlı şəkildə həyata keçirilməsidir. 

Əgər XX əsrin əvvəllərində türk xalqları qarşısındakı əsas çağırış ortaq əlifba, milli təhsil və elmi terminologiya idisə, XXI əsrdə prioritetlər rəqəmsal humanitar elmlər, süni intellekt dövründə dilin inkişafı, ortaq elmi platformalar, gənclərin əməkdaşlığı və vahid informasiya məkanının formalaşdırılmasıdır. Bu baxımdan, "Türk Dünyası Həftəsi" tarixlə gələcək arasında körpü rolunu oynayır. Obrazlı desək, Azərbaycan, Bakı, Qarabağ yenidən türk dünyasının görüş yeridir. 

Bir daha vurğulanmalıdır ki, 1926-cı ildə I Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi təsadüfi deyildi. Həmin dövrdə Bakı Qafqazın ən böyük iqtisadi, mədəni və intellektual mərkəzlərindən biri idi. Burada formalaşmış ziyalı mühiti, inkişaf etmiş mətbuat, maarifçilik ənənələri və kosmopolit şəhər mühiti türkoloji fikrin inkişafı üçün əlverişli zəmin yaratmışdı, dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı. Bu gün də oxşar mənzərə müşahidə olunur. Azərbaycan son illərdə COP29, WUF-13, beynəlxalq iqtisadi forumlar, İslam Əməkdaşlıq Təşkilatının tədbirləri, Türk Dövlətləri Təşkilatının müxtəlif platformaları kimi qlobal və regional tədbirlərə uğurla evsahibliyi etməklə beynəlxalq dialoq məkanına çevrilib. "Türk Dünyası Həftəsi" də həmin ardıcıl siyasətin davamıdır.

Bakı artıq yalnız siyasi diplomatiyanın deyil, humanitar diplomatiyanın da əsas mərkəzlərindən biri kimi çıxış edir. Türkdilli ölkələr arasında inteqrasiyanın əsas dayağı da məhz humanitar əməkdaşlıqdır. 

Fəaliyyətində və güclənməsində Azərbaycanın mühüm rol oynadığı TDT-nin fəaliyyəti son illər nəzərəçarpacaq dərəcədə genişlənib. Əgər təşkilatın fəaliyyətinin ilk illərində diqqət əsasən siyasi-iqtisadi əməkdaşlığa yönəlirdisə, hazırda elm, təhsil, mədəniyyət, media, gənclər siyasəti əsas prioritetlər sırasındadır və bu, təsadüfi deyil. Dünya təcrübəsi göstərir ki, uzunmüddətli inteqrasiyanın əsasını hökumətlərarası müqavilələrdən çox, xalqlar arasında formalaşan ortaq dəyərlər təşkil edir. Birgə universitet proqramları, alimlərin əməkdaşlığı, ortaq dərsliklər, mədəni layihələr, kitabxanalar şəbəkəsi, muzey əməkdaşlığı, ortaq tarixi araşdırmalar gələcək siyasi və iqtisadi əməkdaşlığın ən etibarlı təməlidir. "Türk Dünyası Həftəsi" də məhz bu humanitar bazanın genişlənməsinə xidmət göstərir. 

Diqqətçəkən məqamlardan biri də beynəlxalq tədbir iştirakçılarının Ağdam, Şuşa və Xankəndiyə gözlənilən səfəridir. Bu səfər Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa siyasətinin, mədəni irsin dirçəldilməsinin və Qarabağın yenidən beynəlxalq elmi-mədəni dövriyyəyə daxil edilməsinin nümayişi olacaq. Bu baxımdan, Qarabağ Universitetində keçiriləcək panel müzakirələri də xüsusi rəmzi məna daşıyır. Beləliklə, türk dünyasının elmi ictimaiyyəti Azərbaycanın yeni inkişaf reallıqları ilə yerində tanış olmaq imkanı qazanacaq.


Güclənən mənəvi yaddaş


I Türkoloji Qurultayda müzakirə olunan mövzuların əksəriyyəti bu gün də aktuallığını qoruyur. Sadəcə, onların məzmunu dəyişib. O vaxt məqsəd savadsızlığın aradan qaldırılması idi, bu gün isə əsas məqsəd süni intellekt dövrünə uyğun elmi bilik istehsalıdır. Qurultayın keçirildiyi zamanda vahid elmi platforma yaradılırdı, bu gün isə ortaq rəqəmsal elmi məkan formalaşdırılır. Məhz buna görə I Türkoloji Qurultayın irsi yalnız tarixi mahiyyət daşımır, bu irs, müasir türk inteqrasiyasının intellektual əsaslarından biri, "yumşaq güc" siyasətinin mühüm elementidir.

Müasir beynəlxalq münasibətlər sistemində elm, mədəniyyət, təhsil, tarix də dövlətlərin "yumşaq güc" potensialının mühüm tərkib hissəsinə çevrilib və dövlətlərin nüfuzunun möhkəmlənməsində iqtisadi və hərbi imkanlarla birgə iştirak edir. "Türk Dünyası Həftəsi" bu baxımdan da xüsusi əhəmiyyət daşıyır.

Bu platforma vasitəsilə ortaq mədəni yaddaş güclənir, türk dünyasının beynəlxalq imici formalaşır, yeni elmi əməkdaşlıqlar yaranır və gələcək nəsillər arasında qarşılıqlı bağlılıq artır. Belə tədbirlər regionun geosiyasi sabitliyinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və türk dövlətlərinin beynəlxalq nüfuzunun yüksəlməsinə də töhfə verir.

I Türkoloji Qurultay türk xalqlarının elmi inteqrasiyasının başlanğıcı olmuşdur. Bir əsr sonra keçirilən "Türk Dünyası Həftəsi" isə həmin ideyaların müasir şəraitdə davam etdirilməsinin göstəricisidir. Əgər 1926-cı il qurultayı ortaq düşüncənin təməlini qoymuşdusa, 2026-cı ildə keçirilən "Türk Dünyası Həftəsi" həmin təməl üzərində yeni əməkdaşlıq modelinin qurulduğunu nümayiş etdirir.

TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev "Türk Dünyası Həftəsi"nin açılış mərasimindəki çıxışında deyib: "I Türkoloji Qurultayın ideyaları bu gün də türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır". Baş katib qeyd edib ki, Qəbələ Sammitində qəbul olunan bəyannamələrdə və "Türk Dünyası - 2040" Vizyonunda əksini tapan hədəflər türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. 

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti səsləndirilib. Xüsusi vurğulanıb ki, qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün türk dünyasının ortaq məsuliyyətidir. Onun sözlərinə görə, türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə isə vurğulanır: "Türk dünyası nümayəndələri ilə birlikdə bu forumun keçirilməsini türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiramın təzahürü kimi qiymətləndiririk. Bu, türk xalqları arasında dostluq və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi addım olacaq".

Qırğızıstan Prezidenti Sadır Japarovun, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin müraciətlərində də I Türkoloji Qurultayın əhəmiyyətli tarixi hadisə olduğu xüsusi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən bu tədbir bir daha göstərir ki, ölkəmiz artıq yalnız türk dünyasının coğrafi mərkəzlərindən biri deyil, həm də onun intellektual, humanitar və strateji inkişaf istiqamətlərini müəyyənləşdirən aparıcı platformalardan biri statusunda çıxış edir. Məhz buna görə "Türk Dünyası Həftəsi"ni sadəcə yubiley tədbiri kimi yox, XXI əsrdə türk dünyasının yeni inteqrasiya mərhələsinin başlanğıcını simvolizə edən mühüm siyasi, elmi və mədəni hadisə kimi qiymətləndirmək daha doğru olardı.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

14:13
30 İyun

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq

14:07
30 İyun

Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib

14:03
30 İyun

Qanunda dəyişiklik: Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

14:01
30 İyun

Komitə sədri: Şuşada təməli qoyulan əməkdaşlıq platforması Türk dünyasının ortaq gələcəyinə xidmət edəcək  

13:56
30 İyun

NİİM sürücülərə növbəti dəfə müraciət edib 

13:49
30 İyun

Ermənistanın ədliyyə naziri parlament seçkilərinin nəticələrindən danışıb

13:39
30 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər edilir

13:32
30 İyun

DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub  

13:23
30 İyun

Ramin Məmmədov: TDT regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas amilə çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir  

13:16
30 İyun

Qazaxıstanlı mütəxəssis: Bakıda Birinci Türkoloji Qurultayda səslənən ideyalar bu gün gerçəyə çevrilir 

12:58
30 İyun

Ötən gün 51 cinayətin açılması təmin olunub

12:48
30 İyun

Tahir Budaqov: Azərbaycan süni intellekt ekosisteminin inkişafını prioritet hesab edir  

12:43
30 İyun

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

12:39
30 İyun

Maliyyə naziri: Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

12:31
30 İyun

Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib  

12:28
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!