AÇG bizə indi də təbii qaz vəd edir
Bu gün bir çox ölkələr qaza olan yüksək tələbat və enerji böhranı şəraitində yeni imkanlar axtarır. Nəticədə Azərbaycan qazına ehtiyac artır və onun ixracı coğrafiyası getdikcə genişlənir.
Məlumdur ki, Azərbaycandan 2006-cı ildən başlayaraq Gürcüstana Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə qaz ixrac edilir. Türkiyəyə qaz 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri, 2018-ci ildən isə TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) çatdırılır. 2020-ci il dekabrın 31-dən isə Azərbaycanın mavi yanacağı TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) Avropaya da nəql olunur. TAP "Cənub qaz dəhlizi"nin sonuncu hissəsidir, o, İtaliya torpağınadək çatır və bu ölkənin qaz şəbəkəsinə qovuşur.
Keçən il istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. "Bulqarqaz EAD" dövlət şirkəti ilə "Şahdəniz" konsorsiumu arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana illik 3 milyard, daha sonra 5 milyard kubmetr qaz ötürüləcək. IGB-nin açılışı zamanı bildirilmişdir ki, Bolqarıstandan başqa, Avropanın daha üç ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz almaq və nəql etmək istəyirlər. Bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını digər ölkələrə də göndərmək mümkündür.
İmzalanmış sənədlərə əsasən, Rumıniya artıq bu ilin yanvarından Azərbaycandan qaz almağa başlayıb. Azərbaycan qazının Balkan ölkələrinə nəql olunması üçün isə İon-Adriatik qaz kəmərinin tikintisi nəzərdə tutulub. Bu, TAP-ın davamı olacaq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdıracaq. Kəmərin tikintisinin yaxın illərdə başa çatacağı gözlənilir.
Qaz ixracının artırılmasının bir sıra şərtləri var ki, onların da sırasında hasilatın çoxalması önəmli yer tutur. Hazırda ölkəmizin əsas mavi yanacaq ixracı mənbəyi "Şahdəniz" yatağıdır. Lakin üzümüzə gələn illərdə "Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və digər yataqlardan da hasilat əldə olunacaq.
Prezident İlham Əliyev qaz ehtiyatlarımız və onlara artan tələbat məsələsinə bir çox çıxışlarında toxunmuşdur. İlkin hesablamalara görə, təkcə "Şahdəniz"in 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı var. Təsdiq edilmiş qaz ehtiyatlarımız isə 2,6 trilyon kubmetrdir. Başqa sözlə, bu sahədəki mövcud potensial hələ bir əsr bundan sonra bizi mavi yanacaqla təmin edə, eləcə də bir sıra digər ölkələrin qaz təminatına mühüm dəstək verə bilər.
Ölkəmizin daxilində qaza tələbatın ödənilməsinə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının böyük töhfəsi var. Təbiət xalqımıza elə zəngin bir sərvət bəxş edib ki, neft yataqlarından eyni zamanda səmt qazı, qaz yataqlarından isə yüksəkkeyfiyyətli neftə bərabər olan kondensat da çıxarılır. Məsələn, nəhəng AÇG blokundan neftlə yanaşı, həmçinin xeyli səmt qazı əldə edilir. Bunun böyük hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir. Belə ki, AÇG-nin səmt qazı Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə "Azəriqaz" sisteminə ötürülür. Qazın qalan hissəsi isə yataqlarda təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Təkcə 2022-ci il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,6 milyard kubmetr səmt qazı təhvil verilmişdir.
Lakin AÇG-nin mavi yanacaq ehtiyatları yalnız səmt qazından ibarət deyil. Blokun dərin qazının olduğu ehtimalı da var. Odur ki, buradakı dərin qaz laylarında qiymətləndirmə işlərinə başlanıb. Strukturda hazırda istismarda olan neft yataqlarının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlara start verilib.
Bu barədə AÇG layihəsinin əməliyyatçısı olan bp şirkəti hələ cari ilin əvvəlində məlumat yaymışdır. Bildirilmişdir ki, "A22z" adlanan bu quyu "Çıraq" platformasından qazılacaq və mövcud "A22" injektor quyusundan yan lülə vasitəsilə strukturun cənub cinahı ərazisindəki dərin qaz laylarına daxil olacaq. Quyunun ümumi dərinliyinin 4500 metrədək olacağı planlaşdırılır.
Strukturda istismarda olan neft yataqlarının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusunun qazılması üçün əməliyyatlar aparıldığını fevral ayında jurnalistlər üçün keçirdiyi brifinqdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da vurğulamışdır. Bildirmişdir ki, əgər bütün işlər uğurlu olarsa, quyudan əldə ediləcək məlumat həmin ərazinin strukturu və dərin laylardakı təzyiqlər haqqında anlayışların genişlənməsinə imkan verəcək. Qazma təqribən bir neçə ay çəkəcək. Bundan sonra quyuda geniş karotaj proqramı və təzyiq məlumatlarını qeydə almaq üçün ölçmə cihazlarının quraşdırılması da nəzərdə tutulub.
Azərbaycan qazına böyük tələbatın yarandığı, ixracın artmasının və şaxələndirilməsinin gündəmə gəldiyi bir zamanda AÇG-də gedən bu işlər mühüm əhəmiyyət kəsb edir.
Flora SADIQLI,
"Azərbaycan"