25 Sentyabr 2022 01:09
639
SİYASƏT
A- A+

Azərbaycanın şərtləri dəyişməzdir

 

Sülh müqaviləsinin imzalanması regionda yeni eranın başlanğıcı olacaq

 

Ermənistan sülh sazişini, sərhədlərin delimitasiya və demarkasiya prosesini uzatmaq üçün hər vəchlə əlindən gələni edir. Bu istiqamətdə normallaşma prosesinə əngəl törədən ermənilər təxribatlar törədir, bunun qarşılığını layiqincə aldıqda isə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Təbii ki, delimitasiyadan yayınan işğalçı ölkənin səsləndirdiyi fikirlər uydurmadan başqa bir şey deyil. 
Prezident İlham Əliyevin də Laçın şəhərində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan əsgəri öz torpaqlarını qoruyur. 

 

Delimitasiya və demarkasiya müəyyənləşmədiyi üçün sərhəd xətti yoxdur

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qəzetimizin əməkdaşına açıqlamasında bildirib ki, Azərbaycan xalqının həyatında dönüş nöqtəsi, milli birlik və bütövlük günü olan, 30 il işğal altında qalan torpaqların qurtuluşu üçün başladılan böyük milli hərəkatın ildönümü ərəfəsindəyik. Bu dövr Prezident İlham Əliyevin Laçına səfəri, son əməliyyatlar fonunda, ondan əvvəl Laçın dəhlizi və bunun ətrafında qurulan müxtəlif planlar, hərbi əməliyyatlarda Azərbaycan dövlətinin siyasi, hərbi gücü ilə qələbə çalması, eyni zamanda Ali Baş Komandanın Laçında Azərbaycan bayrağını qaldırması ilə əlamətdar oldu. 
Zahid Orucun sözlərinə görə, Şərq aləmində, eləcə də Qərb dünyasında birinci şəxs amili o qədər güclüdür ki, onun verdiyi hərbi-siyasi qiymətləndirmələr, açıqlamalar milli əhvali-ruhiyyəni, xalqın düşüncəsini təyin edir və formalaşdırır. Ölkəmizin rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində çıxışı və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardakı qiymətləndirmələrdən sonra, həm də Laçın yüksəkliyindəki açıqlaması dünyanın bu regionla maraqlanan qüvvələri ilə aparılan bir dialoq idi. 44 günlük müharibə dövründə də ölkə rəhbəri informasiya müharibəsinin önündə idi. 
Komitə sədri deyir ki, çox xalqlar işğala, təcavüzə, soyqırımlara məruz qalıb, ancaq ayağa qalxaraq qalib gəldikdən sonra məğlub etdiyi düşmənə sülh təklif etmirlər. Amma Azərbaycan şanlı qələbəsindən sonra sülh gündəliyini formalaşdırdı: "Biz regionda yalnız azərbaycanlılar və ermənilər üçün deyil, bütövlükdə qafqazlılar üçün elə bir gələcək formalaşdırmaq istəyirik ki, tarixdə hər zaman ağrı ilə qeyd etdiyimiz bu toqquşmalar, nəhayət, aradan qalxsın". 
Zahid Oruc bildirir ki, Ermənistan 1990-ci illərdəki müvəqqəti "qələbə"lərindən sonra Qarabağdan önə, 7 rayon üzrə irəli gələrək özləri üçün bir xəritə formalaşdırmışdılar. "Ohanyan xətti" sanki Ermənistanın sərhədi idi. Azərbaycan Ordusunun Kəlbəcərin Basarkeçər ərazisindən başlayaraq Zod, Gorus və Qafana qədər, oradan da  Zəngilan boyunca yeni qazanılmış 600 kilometrlik sərhəd xətti ermənilərin mina müharibəsini sərhəd xətlərinə keçirərək yeni təmas bölgəsi yaratmaq, yeni Ohanyan istehkamları qurmaq üçün atdığı addımlara verdiyi cavab zərbələridir: "İlk dəfədir ki, hətta 44 günlük müharibədə tətbiq olunmamış yeni hərbi nailiyyətlər özünü göstərdi. Həm Hərbi Hava Qüvvələri, həm yeni formalaşdırılan və regionun böyük gücünə çevrilən komandolar, həm də xalqın böyük rəğbətini qazanan xüsusi təyinatlıların birgə əməliyyatı nəticəsində Azərbaycan 57-dən artıq hərbi mövqe, 48-ə yaxın strateji yüksəkliyi nəzarətə götürüb". 
Deputatın fikrincə, nə qədər ki, delimitasiya və demarkasiya müəyyənləşməyib, deməli sərhəd yoxdur. O vurğulayır ki, Ermənistan müxtəlif  beynəlxalq təşkilatlara şikayət edir, xarici aləmi Azərbaycanı mühakimə etməyə çağırır, eyni zamanda bizi aqressiyada ittiham etməyə çalışır: "Həqiqətən, sərhədlər mövcuddursa, göstərsinlər. Yox, bunu edə bilmirlərsə, reallıqla  razılaşsınlar. Bizdə üç dövrün xəritələri var. Azərbaycana seçim qoymadıqlarından, sülh və siyasi danışıqlara gəlmədiklərindən Ali Baş Komandanın liderliyi altında silahlı qüvvələr sərhəd xəttini müəyyən edir, o sərhədlər şəhidlərimizin qanıyla çəkilir". 
Deputat düşünür ki, Prezidentin açıqlaması təkcə coğrafi yüksəklikdən deyil, mənəvi, siyasi yüksəklikdən verilirdi. Bu, müxtəlif məsələlər üzrə parçalanma, fikir ayrılıqları, hətta bir sıra hallarda fikir ziddiyyətləri yaratmağa çalışan qüvvələrə böyük zərbə oldu. Son günlərdə xüsusən səfirlik, diplomatik korpus nümayəndəliklərinin üzərinə yeriyənlərə, dünya erməniçiliyini təşkilatlandırıb üzərimizə qaldırmağa çalışanlara "soyuq duş" effekti yaratdı. Unutmamalıyıq ki, biz zamanında ədalətin, haqqın tərəfində, həm də güclü olduğumuza görə qalib gəldik. 
Zahid Oruc bildirir ki, 2020-ci il 10 noyabr razılaşmasına əsasən, erməni hərbi birləşmələri hələ də Azərbaycan ərazisindən çıxmayıb. Nə qədər ki, erməni hərbi qüvvələri bizim ərazimizdədir, Azərbaycan Ordusunun müəyyən hərbi birləşmələrinin də gələcəkdə Ermənistan ərazisində olmağa haqqı var: "Burada hansısa hücum əməliyyatından söhbət getmir. Nə qədər ki,  Azərbaycan ərazisinə status adı ilə iddialar, seperatizm üçün cəhdlər olacaqsa, müharibənin Ermənistana doğru keçməsi də ədalətli sayılacaq. Axırıncı əməliyyatlardan sonra delimitasiya və demarkasiya danışıqları gerçək məzmun daşıyacaqsa, bu istiqamətdə addımlar atılacaqsa, həmçinin Zəngəzur dəhlizi açılacaqsa onda Azərbaycan və Ermənistan arasında irəli sürülmüş 5 şərt üzrə sülh müqaviləsi imzalanacaq. Şübhəsiz ki, artıq Vətən müharibəsindəki qələbəmiz siyasi masada da qanuniləşmiş olacaq. 
Bununla da regionda yeni bir era başlayacaq və Azərbaycan da bunda maraqlıdır. Azərbaycan xalqı da, ilk növbədə bu prosesi aparan, millətin önündə gedən Prezident İlham Əliyev də sülh istəyir. 

 

Niyyətimiz sərhədlərin delimitasiyasının tezləşməsidir

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev tərəfindən ermənilərın əsassız ittihamlarına kifayət qədər dəqiq aydınlıq gətirildi. Deputat qeyd edir ki, Azərbaycanın Ermənistan ərazisinə daxil olması ilə bağlı Qərb və Şərqdə mənasız danışıqlar gedirdi: "Prezident aydın şəkildə açıqladı ki, biz sərhədləri tanımaq istəyirik, bütün torpaqların dəqiq xəritələr üzrə müəyyənləşməsini, sərhədlərin dəqiqləşməsini nəzərdə tuturuq. Əgər Ermənistanın sərhədi ora idisə, sərhəd xətti çəkib bunu göstərərdi". 
Fazil Mustafa deyir ki, Azərbaycan Ordusu mümkün sərhədlərdə yerləşərək öz hüdudlarını qorumağa məcburdur, çünki işğalçı qüvvə ilə üz-üzədir. Bu qüvvə 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb: "Niyyətimiz odur ki, sərhədlərin delimitasiyası tezləşdirilsin və bu proses nəticəsində iki dövlət arasında xəritələr əsasında sərhədlər müəyyənləşsin". 
Deputat Prezidentin Laçın şəhərində iqtisadi, logistik layihələrlə bağlı açıqlamalarının cəmiyyətdə müsbət aura yaratdığını vurğulayır. Ümidverici addımlardan biri də dövlət başçısının gələn ilin sonuna Laçına bir qrup əhalinin qayıtması perspektivindən danışmasıdır. Bu da vətəndaşlar üçün olduqca aydın izah idi. Ölkə Prezidentinin Laçına səfərinə həm də mənəvi cəhətdən müəyyən sıxıntı, əzab çəkmiş Azərbaycan insanının ümidinin yenidən dirçəldilməsi kimi baxılmalıdır. Çünki Laçın da bizim üçün Şuşa qədər bir simvol idi. Laçın ilkin dövrdə itirdiyimiz əsas ərazilərimizdən biri idi və  ermənilər oradan Qarabağla daha intensiv əlaqə saxlaya bilirdilər. Ermənilərin əsas yolu Laçından keçirdi. İndi Laçının Azərbaycanın nəzarətində olmasını Prezident əyani addımları, qətiyyətli duruşu ilə göstərdi. Bu, böyük hadisə idi.  

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video