11 Iyun 2024 09:10
505
SİYASƏT
A- A+

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənir

 

Yaratdığı siyasi, sosial-iqtisadi reallıqlarla regionun lideri olan Azərbaycanın qlobal proseslərə təsir imkanları getdikcə genişlənir. Bir çox ölkələr dövlətimizlə münasibətlərin inkişafına maraq göstərir, mövcud perspektivlərdən birgə istifadə üçün qarşılıqlı addımların atılmasına çalışırlar. 
Azərbaycan dost ölkələrlə yaratdığı birgə dəyərlərlə müasir dünyamız üçün xoş nümunə formalaşdırır. Ölkələr arasında münasibətlərin inkişafının, müştərək layihələrin, əməkdaşlıqların qloballaşan dünyamızda nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir. Təkcə elə bu ilin mayında Bolqarıstanın, Belarusun və Tacikistanın dövlət rəhbərlərinin Azərbaycana rəsmi səfərləri, verilən birgə bəyanatlar, diqqətə çatdırılan perspektiv layihələr ölkəmizin yeni dünya düzənində nə qədər mühüm tərəfdaş kimi qəbul olunduğunu, necə böyük inam qazandığını bir daha nümayiş etdirdi.  

 

Qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr

 

Bolqarıstanla Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdır. İki ölkə arasında münasibətlərin başlanması isə müstəqilliyimizin ilk aylarına - 1992-ci ilin iyununa təsadüf edir. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri kimi nəzərə çarpır. Bu mənada Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ötən onilliklər ərzində iki ölkənin qarşılıqlı əlaqələri sürətlə və böyük uğurla inkişaf edib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq formalaşıb.
Azərbaycan və Bolqarıstan arasındakı fəal siyasi dialoq əlaqələrin bütün istiqamətlər üzrə genişlənərək dərinləşməsinə, yeni nəticələrin əldə edilməsinə imkan verir. Son illər ölkələrimiz arasındakı ticarət dövriyyəsi də bir neçə dəfə artıb. Enerji sektorundakı əməkdaşlıq burada mühüm rol oynayır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Qeyd edək ki, ötən il Bolqarıstana 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilib. 2022-ci illə müqayisədə bu, iki dəfədən də çox artım deməkdir. Təhlillər bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazının Bolqarıstana ixrac ediləcəyini göstərir ki, bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizi deməkdir. Hazırda Azərbaycan qazı bu ölkənin ərazisindən digər qonşu ölkələrə ixrac edilməkdədir və gələcəkdə onların sayının daha da artacağı gözlənilir. 

 

"Yaşıl enerji kabeli" layihəsi reallaşır

 

Ölkəmiz digər tərəfdaşları ilə olduğu kimi, Bolqarıstanla da "yaşıl enerji kabeli" layihəsi istiqamətində çox fəal iş aparır. Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın dövlət başçısı Rumen Radevin ölkəmizə rəsmi səfəri zamanı səsləndirdiyi birgə bəyanatında bu layihənin texniki-iqtisadi əsaslandırmasının bir neçə aydan sonra hazır olacağını bildirdi. Bütün bunlar Azərbaycanın Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda "yaşıl enerji" təchizatçısı kimi əhəmiyyətini, malik olduğu yüksək potensialı göstərir.
Nəqliyyat sahəsi də Azərbaycanla Bolqarıstan arasında çox önəmli əməkdaşlıq istiqamətlərindəndir. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün əvvəl modernləşdirilməsi başa çatdırılan və ötürmə qabiliyyəti bir neçə dəfə artırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu baxımdan çox geniş imkanlar yaradır. Vaxtilə Azərbaycanın təşəbbüs kimi irəli sürdüyü və reallaşdırılmasında həlledici rol oynadığı bu layihə hazırda Orta dəhlizin önəmli seqmentidir. Həm "Şərq-Qərb" istiqaməti, həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bu imkandan istifadə edəcək ölkələr sırasında olan Bolqarıstanla münasibətləri daha da genişləndirəcək. 
Qeyd edək ki, iki ölkə arasında müxtəlif illərdə 60-dan çox sənəd imzalanıb. Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı isə ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə də daxil olmaqla, aviasiya, texnoloji innovasiyalar, neft sektorunda investisiyalar və s. sahələrdə daha 8 sənədə imza atıldı.  

 

Azərbaycana dost ölkələrdən biri

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu bir daha göstərdi. Belarusla Azərbaycan arasında illərin sınağından çıxmış dostluq münasibətləri var. İki ölkə arasında əlaqələr çoxşaxəlidir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyət kəsb edən sahələr də aiddir. Səfər zamanı gündəlikdə olan məsələlər, dövlət rəhbərimiz İlham Əliyevin də bəyan etdiyi kimi, kifayət qədər konkret xarakter daşıyırdı. İlk növbədə sənaye kooperasiyası, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış istehsal potensialının artırılması əsas müzakirə mövzularından idi. Maşınqayırma sektorunda olduğu kimi hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafına da nəzər salındı, əməkdaşlıq münasibətlərinin ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktik əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə etməsi imkanları dəyərləndirildi. Belarus şirkətləri ərazi bütövlüyümüzün bərpasından sonra bu gün yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka da dəvət olundular. Bu ölkənin şəhərsalma, müasir texnologiyalar və aqroşəhərciklərin tikintisi sahələrində malik olduğu yüksək təcrübəsi həmin şirkətlərin azad yurdlarımızın yenidən qurulmasında iştirakını faydalı edir. 
Bu səfər Aleksandr Lukaşenkonun Azərbaycan və dövlətimizin rəhbəri İlham Əliyev haqqında səsləndirdiyi xoş kəlmələrlə də yadda qaldı. Ali qonaq ölkəmizin başçısının Azərbaycanın torpaqlarını geri qaytarmağa müvəffəq olmasının və onu dirçəltməsinin əsrlər boyu yaddaşlarda qalacağını qeyd etdi. "Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik". Prezident A.Lukaşenko Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsinin Belarusun yerləşdiyi region üçün də çox vacib olduğunu diqqətə çatdırdı. 
 Azərbaycanla Belarus arasındakı münasibətlərin indiki yüksək səviyyəyə gəlməsində iki ölkənin dövlət rəhbərləri arasındakı dostluq münasibətlərinin, qarşılıqlı güvənin çox böyük rolu var. Yüksək etimada əsaslanan bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Belarus Prezidentinin Azərbaycana səfəri həmçinin müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutan yeni sənədlərin imzalanması ilə səmərəli oldu.
 

Ölkələrarası əlaqələri gücləndirən şəxsi münasibətlər

 

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri də ölkələrimizlə əlaqələrin inkişafında yeni səhifə açdı. Səfər zamanı sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihələrin reallaşdırılmasına dair konkret tapşırıqlar verildi. 
Bu gün Azərbaycanın Tacikistanla münasibətləri yüksək səviyyədədir. Təbii ki, bu münasibətlərin əsasında tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Eyni zamanda Prezident İlham Əliyevlə Prezident Emoməli Rəhmon arasındakı şəxsi dostluq münasibətləri Azərbaycan-Tacikistan əlaqələrində mühüm rol oynayır. Səmimi münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Təkcə bir faktı diqqətə çatdıraq: Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana indiyədək 6 dəfə səfər edib. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, təbii ki, birgə fəaliyyətin ən mühüm amilidir.
Tacikistan Prezidentinin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalandı. Bəyannamədə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olundu. Hazırda nəqliyyat sektoru üzrə əməkdaşlıq Azərbaycanla Tacikistanın ən çox diqqət  yetirdiyi məsələlərdəndir. Orta dəhliz və onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizi cəlbedici logistik layihə kimi Tacikistandan yükgöndərənlərin xüsusilə diqqətini çəkir. Azərbaycan bu sahədə də getdikcə artan potensiala malikdir. Belə ki, ölkəmiz öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb. Bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə tam hazırdır. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması perspektivləri ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, hazırda Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisində həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Tacikistan da, təbii ki, bütün başqa ölkələr kimi bu potensialdan faydalanmaqda maraqlıdır.
Bu ölkənin dövlət rəhbərinin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında imzalanmış 14 yeni sənəd münasibətlərimizin müqavilə-hüquq bazasını daha da möhkəmləndirir. 

 

Bakı Enerji Həftəsi

 

Ölkəmizin qlobal əhəmiyyətini göstərən mühüm tədbirlərdən biri də Azərbaycan Prezidentinin iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin açılışı oldu. Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında tarixə nəzər salaraq ölkəmizin bu möhtəşəm günlərə gəlib çatması üçün addım-addım həyata keçirdiyi hazırlıq işləri, reallaşdırılan uğurlu layihələr barədə danışdı. Xüsusi vurğulandı ki, 1994-cü ildən başlayaraq keçirilən Xəzər Neft və Qaz Sərgisi bu illər ərzində ölkəmizin enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində çox mühüm rol oynayıb. O vaxtdan bəri böyük bir tədbirə çevrilərək enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı, "yaşıl enerji"ni əhatə edən tədbir hazırda Bakı Enerji Həftəsi adlanır. 
Ölkənin potensialının ilk beynəlxalq təqdimatı olmuş bu tədbir ötən onilliklər ərzində nailiyyətlərimizi qiymətləndirmək üçün indikatora da çevrilib. Azərbaycan tədbirin keçirildiyi illər ərzində özünü etibarlı tərəfdaş kimi sübut edib, ölkəmizin neft-qaz sektoruna investisiya yatıran beynəlxalq şirkətlərlə birgə çox böyük nailiyyətlərə imza atıb. 
Azərbaycan Prezidenti çıxışında deyib: "Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq". Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan o zaman çox riskli bir ölkə idi, investorlar isə həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.
Üç il müddətində "Çıraq" platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. "Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı", - deyən Azərbaycan Prezidenti bu məqamları çıxışında xüsusi qeyd etdi.

 

Etibarlı tərəfdaş

 

Builki tədbir isə çox mühüm bir yeniliklə - Birləşmiş Ərəb Əmirliklərindən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də tarixilik qazandı. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi.
"Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik", - Azərbaycan Prezidenti bildirdi.
Dövlətimizin başçısı çıxışında iqlim dəyişikliyi məsələsinə də toxundu. Azərbaycanın bu məsələdə maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışdığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu il ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. "Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".
Bütün bunlar bir daha onu göstərir ki, strategiya düzgün seçiləndə, böyük hədəflərə doğru addımlar qətiyyətli və ardıcıl olanda uğur mütləqdir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video