Ulu Öndərin illər öncə dediyi bu fikirlər artıq reallığa çevrilib. Müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunda, iqisadiyyatın, mədəniyyətin, incəsənətin, siyasi həyatın, bir sözlə, yaşadığımız və yaşada biləcəyimiz, inkişaf etdirəcəyimiz bu ölkənin bütün sahələrində dövrün yetirmələrinin səsi ən mötəbər kürsülərdən eşidilir. Bu gün Ulu Öndərin ideyalarından bəhrələnən gənclik millətin inkişafının təməl daşına çevrilib.
Dünyaşöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gəncliyin elmli, təhsilli, vətənpərvər və milli ruhda böyüməsinə xüsusi diqqət və qayğı göstərilib. Bu böyük şəxsiyyətin təşəbbüsü ilə o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılıb. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri yenə də gənclərlə iş olub.
Zəngin idarəetmə təcrübəsinə malik Heydər Əliyev hesab edirdi ki, ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən keçir. Bu siyasətin bariz nümunəsi olan 2 Fevral Gənclər Gününün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzalamışdı. Bu tarix həmin vaxtdan MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdı.
Tarixə nəzər yetirəndə məlum olur ki, Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişməsi sahəsində çox əhəmiyyətli işlər görmüşdür. Gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Heydər Əliyev onların milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə sonsuz inam bəsləyirdi.
Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, onların hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdı. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə general, yüksəkrütbəli zabit hərbi liseyin məzunlarıdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr yeniləndikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Uzaqgörən dövlət başçısı gənc nəslin mütəşəkkil zəmində yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin icrasına başlanıldı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi, fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Heydər Əliyevin sərəncamına əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində onların hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq keçirilir. İkinci forum 1999-cu ildə oldu. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev forumda çıxış edərək: “Siz Azərbaycanın bugünü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu sözlərlə böyüməkdə olan nəslə etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.
Görülən işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan gənclərinin III Forumu ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirdi, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrinin səfərbər edilməsi ilə yadda qaldı.
Ulu Öndərin gənclərə etimadı hər kəsdə rəğbət yaratdı.
İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclik Ümummilli Liderin etimadına sədaqətlik nümunəsi göstərməyə hazır olduğunu bildirdi.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır.
Dövlət başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramları xüsusi qeyd edilməlidir. Deməli, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artırılmasına da olduqca müsbət təsir göstərir.
2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır.
Gəncliyimiz azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Burada məqsəd yeni düşüncəli, dövlət idarəçiliyini yüksəkixtisaslı kadrlarla təmin etməkdir.
Ölkəmizdə gənclərin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.
Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi bu təbəqəyə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin daha bir sübutudur. Ulu Öndər deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir. Onlar burada təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənir, bir sözlə, Azərbaycanın təhlükəsizliyi naminə qüvvələrini əsirgəmirlər. Aprel döyüşlərində, eləcə də ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində düşmən qüvvələrinin qətiyyətli şəkildə məhv edilərək işğal altında olan ərazilərimizin azad olunması, Azərbaycan əsgərinin son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəlməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir. Onlar Ali Baş Komandanın rəhbərliyi altında istənilən vaxt erməni təxribatının qarşısını almağa qadirdirlər.
Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Dövlət qayğısını öz üzərlərində hiss edən gənclər nailiyyətləri ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Prezident İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın işıqlı gələcəyinin təminatçısı olan gənclər Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan dövlət başçısının etimadını ləyaqətlə doğrultmalı, Ali Baş Komandanın verəcəyi əmrə hər an hazır olmalıdırlar.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclərə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir. Bu siyasət həm də onu deməyə əsas verir ki, Azərbaycan gəncləri firavan gələcəyin əsl qayğıkeşləri olmalıdırlar.
Rəhman SALMANLI,
“Azərbaycan”