11 May 2023 09:00
2062
SİYASƏT
A- A+

Azərbaycan elminin inkişafı Heydər Əliyev zəkasının təntənəsidir

 

Yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsində mümkün olur. Belə şəxsiyyətlər təkrarsız və bənzərsizdirlər.  Hətta demək olar ki, bu şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır,  yaradır, xalqına, dövlətinə, ümumilikdə isə bəşəriyyətə  əvəzsiz töhfələr verirlər.  Birmənalı şəkildə demək olar ki, dövlətimizin və xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.
Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qoyduğu yol bugünkü Azərbaycan təhsilinin özəyini təşkil edir.
Təhsil hər bir dövlətin inkişafının əsas özülü sayılır. Məhz güclü rəqabətin, qlobal inteqrasiyanın, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Azərbaycan da bu qlobal dünyanın bir üzvüdür. Bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində qurulması dövlətin başlıca prioritetlərindəndir. Azərbaycan təhsili sağlam, intellektual gənc nəslin formalaşdırılması məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar,  qəbul edilmiş qərarlar, təhsilin, elmin inkişafına ayrılan vəsaitlərin səviyyəsində də özünü göstərir.
Azərbaycan təhsilinin uğurlu inkişafı  da Ulu Öndərin adı ilə bağlıdır.
Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.
Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşanda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümumilli Lider ölkədə təhsil islahatları aparılmasının da zəruriliyini vurğulayaraq  hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Ulu Öndərin öz sözləri ilə desək: "Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir".
Həyata keçirilən islahatlar proqramına əsasən, fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.
Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək lazımdır. Bir faktı qeyd etmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu Öndər bu sahələrə xüsusi  həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Heydər Əliyev öz çıxışlarında dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də  ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil  sisteminə çox  diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox  həssas  olmalıdır".
Tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev SSRİ  dövründə, yəni Azərbaycan  Respublikasına rəhbərlik etdiyi  ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, təhsil sistemində ciddi  islahatlar həyata keçirmişdir.
Bir məsələni də qeyd etmək lazımdır ki, Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş ittifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların təhsil almasına  çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki,  bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.
Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, bu sahənin problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə rəhbəri bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır.
Gənclərimiz ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunur, onlara böyük etimad göstərilir. Gənclərə bu cür dövlət dəstəyi, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır.
1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti artırmaq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gəncləri "Azərbaycanın gələcəyi" adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən Ulu Öndər bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir-biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında Ulu Öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda "Gənclər Günü"nün elan oluması ilə bağlı fərman bu sahədə atılan növbəti addım oldu.
Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər, gəncliyin inkişafında mühüm əhəmiyyət kəsb etdi. 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirilməyə başlanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu. Ulu Öndər Heydər Əliyev hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünməli olduğunu vurğuladı. Forumda Ulu Öndər gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verdi.
Heydər Əliyevin imzaladığı "Dövlət gənclər siyasəti haqqında" fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu. Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır.
Heydər Əliyev bütün həyatı dövründə Azərbaycanın milli maraqlarını uca tutmuşdur.
Əslində, müstəqilliyimizin ilk günlərindən Azərbaycan xalqı bu dövlətin başında Heydər Əliyevin olmasını arzulayırdı. Azərbaycan xalqı öz canı, qanı bahasına müstəqillik qazandıqdan sonra çox zülmə, əzab-əziyyətlərə məruz qaldı. Əvvəl Ayaz Mütəllimov hakimiyyəti, daha sonra AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Azərbaycan dövləti parçalanmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Hakimiyyətin yuxarı kürsüsündə oturanların hər biri özünə silahlı dəstə yaratdı. Səriştəsiz, dövlət idarəçiliyindən xəbəri olmayan insanlar Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Respublikamızda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı.
Ermənistandan zorla öz yurd-yuvalarından qovulan azərbaycanlılar respublikamızın müxtəlif rayonlarına köçməyə məcbur oldular. Bu o zaman idi ki, Xankəndidə erməni millətçi və separatçıların fəallaşması və Qarabağın Azərbaycandan ayrılması tələbləri səslənirdi. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər.  Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını almaqda aciz idilər. Hakimiyyətdə olan AXC-Müsavat  cütlüyü özlərində cəsarət tapıb güclü və qətiyyətli siyasətçi, dövlət idarəçiliyini mükəmməl bilən, dahi şəxsiyyət olan Heydər Əliyevi hakimiyyətə dəvət etmədilər. Həmin dövrdə  Heydər Əliyev hakimiyyətdə olsaydı, ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilməzdi, xalqımız çıxılmaz vəziyyətə düşməzdi.  
Ümummilli Lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü.
Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki xaosu, anarxiyanı fürsət bilib ölkənin cənubunda "Talış Muğan Respublikasını", şimalında isə "Ləzgistan Respublikası" qurmaq istəyən separatçı, anti-Azərbaycan dairələrinin məkrli planlarının qarşısı alındı. Özü də məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və həmin bölgələrin insanlarının qətiyyəti, Azərbaycana bağlılığı, sevgisi sayəsində bu planlar iflasa uğradıldı, onları ssenariləşdirənlərin  arzuları birdəfəlik gözlərində qaldı.
Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada tanınmağa başladı, imzasını imzalar içində tanıtdı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı.
Həyatını  daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu Öndər özünün də qeyd etdiyi kimi, xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə Ümummilli Liderin ideyaları, siyasi kursu özünü göstərir.  Ümummilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin hədd-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır.
Xalqının xilaskarı olan Heydər Əliyev azərbaycanlıların yaddaşında əbədiyyətə kimi yaşayacaq. Heç təsadüfi deyil ki,  Azərbaycan xalqı Heydər Əliyevi özünün Ümummilli Lideri hesab etdi. Dünyada Heydər Əliyev kimi siyasətçilərə nadir hallarda rast gəlinir. Ulu Öndər güclü və cəsarətli siyasətçi olmaqla yanaşı, fenomenal yaddaşa, hərtərəfli biliyə, mükəmməl natiqlik qabiliyyətinə malik böyük şəxsiyyət idi. Dünya siyasətçiləri Ulu Öndəri "siyasət nəhəngi", "siyasət qrossmeysteri" adlandırırdılar. Heydər Əliyev eyni zamanda siyasi uzaqgörənliyi ilə də dünya siyasətçilərindən seçilirdi. Ulu Öndər apardığı siyasətin on  illərdən sonra hansı töhfələr verəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin ən böyük gücü onun dərin və unikal biliyə, tükənməz səbrə, müdrikliyə, ən əsası həmsöhbətinə təsiretmə gücünə malik olmasında idi. Heydər Əliyev  xarizmatik şəxsiyyət, nadir diplomat, güclü sərkərdə idi.
Ulu Öndər eyni zamanda öz xalqının tarixini gözəl bilən, onun adət-ənənələrinə hörmət edən və yaşadan dövlət başçısı idi. Milli ideologiyanın yaranması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyası tək Azərbaycanda yaşayan azərbaycanlıların deyil, bütün dünyada yaşayan həmyerlilərimizi bu ideologiya ətrafında birləşdirir. Bunun nəticəsidir ki, indi dünyada yaşayan bütün azərbaycanlılar harada doğulmaqlarından və yaşamalarından  asılı olmayaraq Azərbaycan dövlətini öz vətənləri hesab edirlər.
Ulu Öndərin dahiliyi ondadır ki, Azərbaycan kimi kiçik bir dövləti dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Beynəlxalq təşkilatlarda Azərbaycana hörmət etməklə yanaşı, ona ciddi diqqət yetirirlər. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər bütün çətinliklərə və qarşısına çəkilən sipərlərə baxmayaraq, uğurlu iqtisadi addımlar atmağı bacardı.
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkəmizdə və eləcə də dünyada iqtisadi inkişaf proqramı kimi qəbul edilən bu müdrik fikrin müəllifi Ümummilli Lider, tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm vermişdir. İqtisadiyyatın inkişafı bütün sahələrdə istənilən nəticənin əldə olunmasında əhəmiyyətli rol oynayır. Ən yeni dövrün reallıqları bunu bir daha sübut edir.
Hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər iqtisadiyyatda inqilab sayıla biləcək uğurlara imza atdı. O vaxta qədər Azərbaycana xammal bazası kimi baxıldığı halda Heydər Əliyevin dövründə respublikamız iqtisadi tərəqqi əldə etdi. Hətta Azərbaycanın digər respublikalardan iqtisadi asılılığı aradan qaldırıldı.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ölkəmizin iqtisadi və siyasi həyatında köklü dəyişikliklər baş verdi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artmağa başladı. Geostrateji məkanda yerləşməsi, zəngin karbohidrogen ehtiyatları ilə ölkəmiz hər zaman dünya birliyi üçün böyük maraq kəsb etmişdir. Son dövrlərdə Azərbaycan Respublikasının sürətlə inkişafa doğru irəliləyən iqtisadiyyatı, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi və bölgədə əsas söz sahibi olması bu marağı artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi qlobal enerji layihəsini reallaşdırmaqla dünya neft bazarına daxil olan Azərbaycanla artıq Cənubi Qafqazda yerləşən adi bir dövlət kimi deyil, strateji tərəfdaş kimi münasibətlər quruldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası da uğurla başa çatdırıldıqdan sonra Azərbaycan tək bölgədə deyil, dünyada əsas söz sahibi olan dövlətə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi isə bütün problemlərin həllinə təkan verdi.
Ölkəmizdə qadınların siyasi arenaya inteqrasiyası da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət siyasətdə qadın hərəkatının inkişafına, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında yer almalarına böyük önəm verirdi. Bu gün Ulu Öndərin siyasi ideologiyasından dərs alan,  bu siyasi kursun davamçıları olan Azərbaycan xanımları istər siyasətdə, istərsə ictimai həyatda çox önəmli yer tuturlar. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı bütün fərman və sərəncamlar qadın hüquqlarının reallaşmasına xidmət etmişdir.
Zaman keçdikcə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu dərindən öyrənib bu dahi şəxsiyyətin öz xalqına və dövlətinə göstərdiyi xidmətə görə hər zaman ona ehtiram göstərəcək. Azərbaycan xalqı yaşadıqca Heydər Əliyevin ölməz ideyaları da onunla yaşayacaq.
Azərbaycançılıq, soykökümüz, milli-mənəvi dəyərlərimizə bağlılıq, xalqa olan sonsuz məhəbbət hissləri həmişə Ulu Öndərin  ürəyində olub. Onu da qeyd etmək lazımdır ki, ana dilimiz olan Azərbaycan dilinin saf, təmiz şəkildə qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan dilini sevən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider hər zaman ana dilinə münasibəti ilə hər kəsə örnək oldu.
Sovet dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə layiqli dəyəri göstərdi. Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ rəhbərliyi respublikalarda milli dillərin sıxışdırılması üçün bütün təzyiq vasitələrindən istifadə edirdi. Belə bir şəraitdə Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və ən əsası milli ideologiya səviyyəsinə çatdırmaq böyük cəsarət tələb edirdi.
Ulu Öndər 1978-ci ildə Azərbaycan xalqının qarşısında ən böyük tarixi xidmətlərindən birinə imza atdı. "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir"  müddəası Əsas Qanunda təsbit olundu. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Ulu öndər  Heydər Əliyev ziyalıları, yazıçı və şairləri Azərbaycan dilinin qorunması üçün onları səfərbər olmağa çağırırdı. Ulu Öndər Heydər Əliyev dilçi alimlərimizə böyük qayğı göstərər, ədiblərimizə ana dilində yazılan kitabların saylarının çoxaldılmasını tövsiyə edirdi. Bütün bunlar Azərbaycan dilinin inkişafına və qorunub saxlanılmasına xidmət edirdi.
Rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən Ulu Öndər Heydər Əliyev praktik olaraq ana dilinin mövqeyinin yüksəlməsinə təsir göstərib və başqalarına nümunə olub. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti, dövlət quruculuğu siyasətinin tərkib hissəsi idi.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyəgəlməzdir. Heydər Əliyev bu gün ən yüksək bir zirvədə, əlçatmaz bir yüksəklikdə dayanmışdır. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev də qəlbimizdə, ürəyimizdə yaşayacaq.
Ulu Öndərin daha bir xidməti ondan ibarətdir ki, bugünkü güclü Azərbaycan Ordusunun əsası onun tərəfindən qoyulmuşdur. 1971-ci ildə Heydər Əliyev Çəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlanıldı. 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Heydər Əliyev tərəfindən imzalanmış fərman hərbi zabitlərin yetişdirilməsində böyük addım oldu.
Təbii ki, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır. Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, Ümummilli Lider ömrünü xalqının azadlığı, istiqlalı, vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübadiləsini zəfərlə başa çatdırdı.
Azərbaycan Respublikasının müasir inkişaf tarixi də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.
Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü. O, tarixə düşməklə yanaşı, həm də şərəfli bir tarix yolu açdı. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı. Şərəfli, mənalı ömür yolu keçdi. Bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi. O, təkcə Azərbaycanda deyil, bütün dünyada insanlara ən böyük dəyər verən şəxsiyyət kimi tarixə düşdü. Humanist,  qayğıkeş, hər kəsə layiq olduğu qiyməti verməyi bacaran insan kimi tanındı.
"Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm", - deyən Ulu Öndər Heydər Əliyev dediyi sözə əməl etdi. Ulu Öndərə həm də ona görə minnətdarıq ki, o böyük zəhmətlər hesabına qurduğu, müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək İlham Əliyev kimi güclü bir siyasətçi yetişdirdi. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı.
Bugünkü azad, demokratik, güclü və qüdrətli Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillərə əvəzsiz nümunədir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında, qəlbində yaşayacaq.

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video