03 Dekabr 2023 09:30
776
SİYASƏT
A- A+

Azərbaycan-BƏƏ: həmrəyliyə və etimada əsaslanan tərəfdaşlıq

 

Bu gün Azərbaycanın xarici siyasətində müxtəlif qitələrdən olan, müxtəlif dinə və inanca, irqə malik olan böyüklü-kiçikli dövlətlərlə əlaqələrə xüsusi önəm verilir. Onların arasında elə ölkələr var ki, Azərbaycanla daha sıx əməkdaşlığa malikdirlər və birgə layihələri, inkişaf planlarını uğurla həyata keçirirlər. 
Üstəlik ölkənin ərazisinə, iqtisadi infrastrukturuna, əhalisinin sayına və qonaqpərvərliyinə görə Azərbaycana daha yaxın ölkə də var. Belə bir gözəl diyar ərəb dünyasının parlaq günəşi, dünya turistlərinin can atdığı Birləşmiş Ərəb Əmirliyidir. Vaxtilə dəvə karvanlarının, balıqçı qayıqlarının gözə dəydiyi bu məmləkətdə indi başqa bir mənzərə, qaynar həyat canlanır. Ərəblər Tanrının lütfü ilə onlara bəxş edilmiş zəngin yeraltı sərvətləri qısa zaman kəsiyində mənəvi və maddi kapitala, resurslara çevirə bildilər. 
Bu ölkə beynəlxalq hava və su yollarının kəsişməsində, mühüm logistika marşrutlarının üzərində yerləşdiyinə gərə də xüsusi əhəmiyyət kəsb edir. Bu gün son texnoloji nailiyyətləri şaxələndirilmiş iqtisadiyyat sahələrinə tətbiq etməyə çalışan BƏƏ bu sahədə böyük uğurlar qazanmışdır. Son illər Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliyi mühüm uğurlara imza atmış, ciddi texnoloji nailiyyətlər əldə etmişdir.
Bununla belə BƏƏ iqtisadiyyatı dövlət gəlirlərinin əksəriyyətini və demək olar ki, bütün valyuta gəlirlərini, habelə ticarət və təkrar ixracı təmin edən xam neft və qazın istehsalı və ixracına əsaslanır. Neft hasilatı sutkada təqribən 2,2 milyon barel səviyyəsində qiymətləndirilir ki, onun da böyük hissəsi Əbu-Dabi əmirliyində hasil edilir.
2022-ci ilin məlumatına görə, BƏƏ  ümumi daxili məhsulun həcminə (503,9 milyard dollar) görə dünyada 32-ci, adambaşına düşən ümumi daxili məhsulun miqdarına (47,793 dollar) görə isə dünyada 20-ci yerdədir. 
Əmirliyin İqtisadiyyat Nazirliyinin məlumatına görə,  2023-cü ilin birinci rübündə BƏƏ-də iqtisadi artım 3,8 faiz təşkil edib və ümumi daxili məhsul 113,9 milyard dollara yüksəlmişdir.
Bu ilin ilk altı ayında BƏƏ ümumi daxili məhsulda 3,7 faiz artım əldə edib ki, bu da Körfəz ölkələrində bu sahədə ən yüksək artım sürəti deməkdir.  Bu, iqtisadiyyatın qeyri-neft sektorunda 5,9 faizə çatan əhəmiyyətli artım templəri ilə əlaqədardır.
BƏƏ iqtisadiyyatında qeyri-neft sektorunun payı təqribən 70 faizdir ki, bu da hökumətin iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərinin uğurunun sübutudur. BƏƏ-nin turizm sektorunun davamlı artımı və 300 milyardlıq sənaye strategiyası və Əbu-Dabi Sənaye Strategiyası kimi təşəbbüslər vasitəsilə ölkənin sənaye bazasının inkişafı qeyri-neft sektorunun yüksək sürətlə böyüməyə davam etməsini təmin etmişdir.
Nəqliyyat və depolar, anbar bölmələri iqtisadiyyata 21,8 milyard dirhəm töhfə verərək ən yüksək faiz artımını təmin etdi. Bu, illik hesablamada təxminən 11 faiz çoxdur. 2023-cü ilin birinci yarısında Dubay iqtisadiyyatı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artıb.
BƏƏ-nin hazırkı iqtisadi göstəriciləri artan regional və qlobal gərginliyə baxmayaraq, ölkə iqtisadiyyatının yeni sektorlarına investisiyalar sayəsində gözləntiləri üstələyib. Məlumata görə, ərəb dünyasının ikinci ən böyük iqtisadiyyatı olan BƏƏ davamlı inkişafa və qlobal miqyasda iqlimə nəzarət edəcək və ölkənin gələcək inkişafını müəyyən edəcək əsas sənaye sahələrinin inkişafına sərmayə qoymağa davam edəcək.
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, 1992-ci il sentyabrın 1-də ölkəmizlə diplomatik münasibətlər qurmuşdur. İki ölkə arasında əlaqələrin inkişafında dövlət liderlərinin şəxsi münasibətlərinin və qarşılıqlı səfərlərinin böyük rolu olmuşdur. Məhz Ümummilli Lider Heydər Əliyev və Şeyx Zayed bin Sultan Al Nəhyan tərəfindən əsası qoyulmuş BƏƏ-Azərbaycan ikitərəfli əlaqələri ildən-ilə inkişaf edir.
Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı münasibətləri davam etdirdi və onu keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan "Bakı Prosesi" müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildənbir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bütövlükdə bu proses çərçivəsində də ərəb dünyası ilə, xüsusilə BƏƏ ilə münasibətlər daha müntəzəm və faydalı hal almışdır. 
Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafından razı qaldığını vurğulamışdır. O, cari ilin martında Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvünü qəbul edən zaman da qarşılıqlı əməkdaşlığın müsbət məcrada inkifafını vurğulamışdı.
Bu il oktyabrın 28-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib müəyyən məsələləri müzakirə etməsi də qarşılıqlı əlaqələrin qaynarlığından xəbər verir. Xüsusilə bu danışıqlar zamanı investisiyalar, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdu.
BƏƏ həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində də Azərbaycanla əməkdaşlıq edir və digər beynəlxalq kürsülərdən xalqımızın haqq işinin müdafiə olunmasında istifadə edir. Xüsusilə BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə BƏƏ-nin Azərbaycana dəstəyi təqdirəlayiq haldır. 
Son illər ərzində Azərbaycan ilə BƏƏ arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlığın həyata keçirilməsi müsbət haldır. Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəsinin 2023-cü il üzrə rəsmi açılış mərasiminə dəvət edilməsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycanın dövlət başçısına etimadın yüksək təzahürüdür.  Xatırladaq ki, ötən il keçirilmiş Əbu-Dabi Davamlılıq Həftəsində150 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri iştirak etmişdi.
Qeyd etmək lazımdır ki, Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyət göstərməsi qarşılıqlı ticarət dövriyyəsinin artmasına münbit zəmin yaradır. Eyni zamanda Azərbaycan Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu oynayır. Qiymətləndirmələr göstərir ki, Ticarət Evinin fəaliyyəti BƏƏ-yə qeyri-neft ixracatını artıracaq.  Burada 600-dən artıq Azərbaycan məhsulu mövcuddur. Əlavə edək ki, bizim ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarından biridir. Azərbaycanın iqtisadi həyatında 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir.
Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqram tamamilə fərqli gündəliyə malikdir. Əməkdaşlığımızın möhkəm hüquqi bazası vardır. Bu günədək iki ölkə arasında 40-dan çox sənəd və saziş imzalanmışdır. Bu sənədlər əməkdaşlıq üçün yeni imkanlar açır.
Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.
Ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarından biridir.
BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard dollarlıq investisiyanın 1,3 milyard dolları neft sektoruna, 806 milyon dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-yə 330 milyon dollar sərmayə yatırılıb. Hazırda Azərbaycanda 300-ə yaxn BƏƏ şirkəti fəaliyyət göstərir".
Azərbaycan BƏƏ-yə əsasən meyvə, meyvə şirələri, qoz-fındıq, qida və metal məhsullar ixrac edir. BƏƏ isə Azərbaycana əsasən elektronika, yüksək texnologiya məhsulları, tikinti materialları və sənaye məhsulları, o cümlədən polietilen polimer, mebel, maşın hissələri ixrac edir.  
Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarının Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanması onları sənaye zonalarına investisiya yatırmağa sövq edir. Xoş haldır ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı  Mərkəzləri şəbəkəsinə qoşulması da bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.
Dövlətimizin başçısı Qaradağ Günəş-Elektrik Stansiyasının Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa olunmasının önəmini qeyd edib. 230 meqavat gücündə olan stansiya regionda ən böyük günəş-elektrik stansiyası və Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyasıdır. Həmçinin Qaradağ Günəş-Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı "yaşıl enerji"nin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi. Bütün bu sahələrdə səmərəli fəaliyyət üçün etibarlı tərəfdaş ölkələrə böyük ehtiyac yaranır. Belə ölkələrdən biri BƏƏ-dir. 
İki ölkə arasında hərbi sahədə də əməkdaşlıq inkişaf edir. Bu ilin fevralında Əbu-Dabidə keçirilmiş "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgisi və Konfransında Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak etdi. Turizm sahəsində də əlaqələr durmadan davam edir. Azərbaycana ən çox turistin gəldiyi ölkələrdən biri də məhz BƏƏ-dir. Azərbaycanda da əsas səfər istiqamətlərindən biri kimi Dubay hələ də öz populyarlığını saxlayır.
Əminliklə demək olar ki, Azərbaycanın BƏƏ ilə münasibətləri qarşılıqlı etimada və maraqlara əsaslanır. Bu münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksələrək strateji sahələri də əhatə edir. İnanırıq ki, bu iki müsəlman, dost ölkənin münasibətləri digər ölkələr üçün də nümunə olacaqdır.  

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video